Страницы

04.06.2014

Hakimiyyətdə kadr dəyişikliyi gözlənilir

Gözlənilən kadr islahatlarının iki əsas xətti: Hakimiyyəti "köhnə qvardiya”-dan xilas etmək və təmizləmək; 2015-ci il parlament seçkilərinə yeni etibarlı komanda ilə getmək 

Ötən sayımızda məlumat vermişdik ki, hakimiyyət daxilindən "Yeni Cümhuriyyət”ə daxil olan məlumata görə İlham Əliyev seçkilərdən dərhal sonra ciddi kadr dəyişiklikləri aparmaq istəyib. Bununla o həm köhnə qvardiya ilə vidalaşmaq, həm də gözdən və nüfuzdan düşmüş məmurlardan qurtulmaqla xalqın, eləcə də beynəlxalq ictimiayyətin az da olsa etimadını qazanmaq istəyib. Onun bu istəyinin reallaşması nəinki mümkün olmayıb, əksinə hakimiyyət və ailə daxilində qarşıdurma yaradıb.
Hələ aylar öncə yazmışdıq ki, hakimiyyətdə söz sahibi olan bir sıra qruplar kardinal kadr dəyişikliyi məsələsində yekdil rəyə gələ bilməyib. O zaman İlham Əliyev hakimiyyətdaxili balansı pozmamaq, hökümətiçi kövrək birliyi dağıtmamaq üçün köhnə komanda ilə müvəqqəti işləməyə məcbur olub. Verilən məlumatlara görə vəziyyət o qədər ciddi olub ki, hətta Paşayevlərin irəli sürdüyü bir sıra namizədləri belə İlham Əliyev vəzifəyə təyin edə bilməyib. Bu səbəbdən də hakimiyyət daxilində hökümətin yeni tərkibi ilə bağlı ciddi narazılıq və gərginlik hiss olunur. Xeyli sayda vəzifə gözləyən, bu hakimiyyət üçün necə deyərlər külüng çalan bir çox iddiaçılar narazı durumdadır.  Verilən məlumata görə hakimiyyət içində olan vəzifə qovğası istənilən an açıq qarşıdurmaya çevrilə bilər ki, bu hakimiyyətin ən çox qorxuduğu və ehtiyyat etdiyi varinatdır. Hətta bu qarşıdurmanı İlham Əliyev höküməti Milli Şuradan və beynəlxalq təzyiqdən də qorxulu hesab edir. Hakimiyyət içindən gələn məlumatlar artıq rəsmi təsdiqini tapmaqdadır.

İlham Əliyevin təşkilatı hökumətdə yeni istefaların anonsunu verdi

"Bu il iyunun sonuna qədər Azərbaycan hökumətində yeni yerdəyişmələr olacaq”. Bu sensasion bəyanatı "Caspian European Club”un (CEİBC) icraçı direktoru Telman Əliyev verib. O, bu bəyanatla öz facebook səhifəsində çıxış edib. Yada salaq ki, CEİBC yarandığı gündən etibarən bu günədək onun sədri Azərbaycan prezidenti İlham Əliyevdir. 
2002-ci ildə yaradılan və regional təşkilat olan CEİBC öz sıralarında 50-dək ölkədən olan 500-dən çox şirkət və təşkilatı birləşdirir. CEİBC öz fəaliyyətini əsasən Xəzər və Qara dəniz hövzələrində və Baltik dənizi regionunda həyata keçirir. "Caspian Energy İnternational Media Group” və Xəzər və Qara dəniz hövzəsi ölkələrində çalışan iri neft-qaz şirkətləri də ona bu işdə fəal dəstək verir. Telman Əliyevin sözlərinə görə, "cənab prezident yaxın vaxtlarda daha bir neçə naziri dəyişəcək və yenilərini təyin edəcək”.
İcraçı direktorun sözlərinə görə, artıq bir neçə nazir "Caspian European Club”un üzvləri olan şirkətlərin rəhbərləri ilə görüşməkdən bu il iyunun sonuna qədər imtina edib, səbəb onların taleyinin artıq həll olunmasıdır.
Rəhbəri prezident İlham Əliyev olan nüfuzlu bir təşkilatın icraçı direktorunun - Telman Əliyevin bu bəyanatı mahiyyət etibarilə sensasion sayıla bilər. Çünki burada söhbət hökumətə bağlı ciddi bir qurumun rəhbərliyindəki şəxsin bəyanatından gedir. Ekspertlər Telman Əliyevi hakimiyyətin yuxarı eşelonlarına çox yaxın və kifayət qədər məlumatlı şəxs kimi səciyyələndirirlər. Bununla belə Telman Əliyev öz bəyanatında təfərrüatlara varmayıb və söhbətin konkret olaraq "taleyi artıq həll olunmuş” hansı nazirlərdən getdiyini dəqiqləşdirməyib.

Paşayevlərin planı

Məlum açıqlama ilə bağlı hakimiyyət içindəki mənbədən aldığımız məlumata görə mümkün kadr dəyişikliklərində əsas söz sahibinin Paşayevlər olacağı gözlənilir. Verilən məlumatlara və apardığımız araşdırmalara görə Paşayevlər qrupuna məxsus kadrların yüksək vəzifələrə təyin olunması 2 ciddi narahatlıqdan qaynaqlanır:
1. Hakimiyyəti "köhnə qvardiya”- dan xilas etmək və təmizləmək. Çünki hakimiyyət daxilində eninə- uzununa kök salmış köhnələr kifayət qədər özlərinə təsir imkanları, dəstək və varidat qazanıblar. Həm də onlar biri- birlərinə o qədər bağlanıblar ki. əksəriyyəti qohum olublar. Qız verib qız alıblar. Güclənmiş ixtiyarların istənilən zaman hakimiyyət üçün həm də real təhlükə mənbəyidir.
2. 2015- ci il parlament seçkilərinə yeni etibarlı komanda ilə getmək. Ailə komandası çox gözəl anlayır ki, Heydər Əliyevdən qalmış köhnə komanda ilə çox irəli getmək mümkün deyil. Onlara tam inanmaq, bel bağlamaq Paşayevləri yarı yolda qoya bilər. Məhz ona görə də 2015- ci il parlament seçkilərinə Hedyər Əliyevdən qalmış köhnə komanda ilə deyil, birbaşa ailəyə bağlı komanda ilə getmək daha doğru olardı. Əslində Paşayevlər hakimiyyət daxilində onlara sadiq insanlar hesabına güclü və etibarlı komanda formalaşdırmaqla həlledici söz sahib olmaq istəyirlər.

Yeni vəzifə kadrları...

Hakimiyyətdaxili mübarizə ilə bağlı "Yeni Cumhuriyyət”i məlumatlandıran mənbənin verdiyi məlumata görə Paşayevlər qrupunun birbaşa kadrları olan bir sıra vəzifəli şəxslər daha yüksək vəzifəyə təyin olunacaqlar. Bunlar aşağıdakılardır:
Əli Əhmədov- Baş nazirin birinci müavini vəzifəsindən Baş nazir vəzifəsinə gətiriləcək. Hakimiyyət iyerxayasında heç bir iddiası olmayan, yeganə amacı və vəzifəsi hakim ailəyə xidmət etməli olan bu şəxs öncəki illərdə Yeni Azərbaycan Partiyasının İcraçı katib vəzifəsini tutmaqla Milli Məclisin deputatı olub. Son prezident seçkilərindən sonra baş nazırın 1- ci müvaini vəzifəsinə gətirilib. Hazırda onun hakim ailənin namizədi olaraq baş nazir gətirilməsi gündəmdədir.
Əli Əsədov- Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunacağı gözlənilir. O, 1956- cı ildə Bakı şəhərində anadan olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib. Yeri gəlmişkən qeyd edək ki, Əli Əsədov Paşayevlər qrupunun digər kadrı Milli Təhlüksəzilik naziri Eldar Mahmudovun da yaxın qohumudur.
Cavid Qurbanov- Paşayevlər qrupunun üzvü olan Cavid Qurbanovun Nəqliyyat naziri Ziya Məmmədovun yerinə nazir təyin oluncağı gözlənilir. O, 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışmışdır. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədridir, Milli Məclisinin deputatıdır. Ziya Məmmədovun "vurulması” ilə bağlı məlumatlar yeni olmasa da görünür bu addımın atılmasının da zamana ehtiyacı var imiş.
Mikayıl İsmayılov -  hakim ailənin yaxın qohumu, ARDNŞ-in vitse- prezidenti. M.İsmayılov faktiki olaraq, Rövnəq Abdullayevdən sonra ARDNŞ-in ikinci şəxsi hesab olunur. Hətta bəzi məlumatlara görə, M.İsmayılov bir sıra məsələlərdə ARDN-də əsas söz sahibidir. Əslən Ağsu rayonundan olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın dostlarından biridir və məhz onun sayəsində belə yüksək vəzifəyə təyin olunub. Yaxından tanıyanlar M.İsmayılovu son dərəcə hiyləgər şəxs kimi təqdim edirlər. ARDNŞ-dəki mənbələr deyir ki, M.İsmayılov həm də şirkətin "qara kassası” hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı şirkətdə korrupsiyanın ən çox yayıldığı təchizat işi də M.İsmayılovun nəzarəti altındadır. ARDNŞ-dəki bütün təchizat rəisləri M.İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, M.İsmayılov son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir. M.İsmayılovun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirrlər durur. Bizə daxil olan məlumata görə  M.İsmayılov "Paşayevlər” klanının ARDNŞ-dəki əsas dayağıdır. Qarşıdakı aylarda Paşayevlərin ARDNŞ prezidnetinə qarşı növbəti hücumlarının şahidi olacağıq. Bizə daxil olan məlumata görə kadr dəyişiklikləri dalğasında onun ARDNŞ-ə rəhbər təyin olunacağı qərarlaçılıb.
Bu sırada Paşayevlərin hakimiyyət daxilində köhnə qvardiyaya məxsus Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Rövnəq Abdullayev, Vasif Talıbov, hətta Ramil Usubovu da əvəzləmə planları və onların yerinə təyin olunacaq kadrları var. Hakim ailənin şok planlarının davamı barədə növbəti saylarımızda ətraflı bilgi verəcəyik.

Elçin Əmirov           cumhuriyyet.tv

Комментариев нет:

Отправить комментарий