Страницы

22.11.2010

Amerikanın türk dünyasının düşməni olduğu üzə çıxdı!

Vüqar Ağazadə
Professional Oxucu Liqası


Birləşmiş Ştatlar Türkiyəyə «sarı vərəqə» göstərir
 
 Zamanın çarxı elə bir süzgəcdir ki, hər şeyi yerbəyer edir. Yalanlar üzərində qurulan qalalar, ucaldılan bütlər bir gün mütləq yerlə yeksan olur. Hər nəslin payına da belə hadisələrdən bir qism düşür. Kimi Stalin mifinin qeybə çəkilməsinə şahidlik edir, kimi SSRİ kimi imperiyanın süqutu zamanı bu dünyada mövcudluğunu sürür, kimi də dünya xəritəsində yeni sərhədlərin cızılmasında iştirak edir. Sonradan bu hadisələr tarix kitablarında öz əksini tapır. Amma həmin dövrdə yaşayan nəsil üçün- bu reallıqdır.
 ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı ilə bağlı qətnaməsi sözsüz ki, tarix səhifələrinə yazılacaq. Amma bu hadisəni kim və necə yazacaq? 2010-cu il martın 4-də okeanın o tayında baş verən hadisələrə müxtəlif rəylər vermək olar. Lakin hər necə də olursa olsun, Xarici Əlaqələr Komitəsinin qərarı dünyada müəyyən qüvvələr tərəfindən yaradılmış mifin- «Amerika demokratiyanın beşiyi və himayədarıdır» mifinin çöküşü prosesində növbəti mərhələdir. Əlbəttə, Komitənin belə bir qətnaməyə imza atması hələ ABŞ-ın rəsmən bu qondarma soyqırımı qəbul etməsi anlamına gəlmir. Bunun üçün Nümayəndələr Palatasının tam tərkibdə məsələyə münasibət bildirməsi lazımdır. Lakin hər halda Konqresdən qaynaqlanan bu təşəbbüs bir çox mətləblərdən xəbər verir. Və bu mətləblər ABŞ-ın demokratik ölkə olmasının sübutu yox, daha çox dünyada çirkli siyasətini yeritməkdə və mənafelərini qorumaqda maraqlı olmasına bir dəlildir. İdman dili ilə desək, Birləşmiş Ştatlar Türkiyəyə «sarı vərəqə» göstərir. Yalnız sadəlöhv insan düşünə bilər ki, Konqresin Komitəsi qızğın müzakirələrdən sonra müstəqil qərar qəbul edib. Əsla! Komitə əvvəlcədən düşünülmüş ssenari üzrə hərəkət etdi. ABŞ prezidenti Barak Obamanın da, dövlət katibi Hillari Klintonun da, Amerikanın digər rəsmi şəxslərinin də Komitənin qərarını qınaması bu ssenarinin tərkib hissəsidir. Bir qədər də irəli getsək belə bir proqnoz vermək olar: Nümayəndələr Palatası qondarma erməni soyqırımı qarşısında «qırmızı işıq» yandıracaq. ABŞ bu «kozırı» daim ehtiyatda saxlayır. Və zamanı yetişdikdə masa üzərinə atır. Axı son zamanlar Türkiyə həddindən artıq müstəqil siyasət yeritməyə başladı. Xüsusən də İsraili layiq olduğu tərzdə aşağılaması ABŞ-ı hiddətləndirdi. Sionistləri fələstinlilərə qarşı soyqırım siyasəti yeritməkdə ittiham edən rəsmi Ankara Amerikanın çəkdiyi «qırmızı xətti» keçdi. Bunu isə Vaşinqton heç kimə bağışlamır. Çünki sionist qurum ABŞ-ın Yaxın Şərq filialıdır. Qondarma erməni soyqırımı isə Türkiyə üzərində asılmış «Damokl qılıncıdır».
 Ağ Evdə prezidentlər dəyişsə də, siyasət eyni qalıb. 1981-ci il aprelin 22-dəki çıxışı zamanı Ronald Reyqan belə demişdi: «Erməni və kambocalıların soyqırımı kimi kütləvi qətllərin, həmçinin bir sıra digər xalqların təqibə məruz qalmasının dərsləri heç vaxt unudulmamalıdır». Ata Corc Buş da Reyqandan fərqli mövqedə deyildi: «Biz bütün dünya ermənilərinin yanındayıq, çünki Osmanlı imperiyası tərəfindən 1917-1923-cü illərdə qətlə yetirilənləri xatırlayırıq». Və nəhayət Ağ Evin hazırki sahibi, Barak Obama, 2009-cu ilin aprelində ermənipərəst mövqeyini gizlətməyərək demişdi: «94 il əvvəl dünyanın ən vəhşi hadisələrindən biri başladı. Hər il biz mövcudluğunun son günlərində Osmanlı imperiyası tərəfindən qətlə yetirilən 1,5 milyon ermənini yad edirik. Bu gün mən bütün dünya ermənilərinin yanında dostluq, həmrəylik və dərin hörmət hissi ilə dayanmışam». Bax, belə. Amerika prezidentləri biri-birini əvəzləsələr də, qondarma erməni soyqırımı kartını əldən vermirlər. Cəmi bir il əvvəl erməni soyqırımının həqiqətən də olmasını dilə gətirən Obama, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin də eyni mövqeyini pisləyir. Görəsən, Obama nə vaxt yalan danışıb, ikiüzlülük edib?
 Xarici Əlaqələr Komitəsinin qərarından sonra Türkiyə rəsmiləri ABŞ-ın ünvanına çox sərt mesajlar səsləndirdilər. İslami dəyərlərə sarılan Ərdoğan-Gül komandasının prinsiplərinə zidd addım atmayacaqları bəllidir. İstənilən təzyiqə rəğmən, rəsmi Ankara İsrailin fələstin qırğınlarına artıq çəpik çalmayacaq, göz yummayacaq. ABŞ isə… Artıq qeyd etdiyimiz kimi, Barak Obamanın administrasiyası isə «sarı vərəqə»nin ardından Türkiyəyə «qırmızı vərəqə» göstərməyə çətin ki, cürət etsin. Belə bir strateji əhəmiyyətli müttəfiqi itirmək ABŞ-ın yeritdiyi «parçala və hökm et» siyasətinə çox ciddi zərbə vura bilər. Əfqanıstan və İraq bataqlığında batan, Pakistanda pat vəziyyətinə düşən, İran qarşısında aciz qalan amerkialılara Türkiyə böhranı qəti lazım deyil. Bir sözlə, Xarici Əlaqələr Komitəsinin qərarı havaya atılmış saxta güllədir. Səsi gəlsə də, təsiri yoxdur!
 Sonda isə sözügedən qərara Azərbaycan maraqları prizmasından nəzər salaq. Türkiyənin Qərbin təzyiqi altında Ermənistanla bir masa arxasında əyləşməsi əvvəlcə Azərbaycanda müəyyən narazılıqlar yaratsa da, sonradan hamıya aydın oldu ki, Qarabağ problemi həllini tapmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qərarı isə bu əminliyi bir qədər də möhkəmlətdi. Azərbaycan prezidenti İlham Əliyev bu qərarı pislədi. Azərbaycan Parlamentindəki çıxışlarda da mövqelər üst-üstə düşdü.
 Bütün bunlar bir daha sübut etdi: Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın dostudur. Azərbaycanın bəzi rəsmi dairələrinin İsraillə süni şəkildə yaratmaq istədikləri dostluqdan fərqli olaraq, bu dostluq tarixin, əsrlərin sınağından keçib. Dost yaman gündə tanınar. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qərarı Amerikanın heç vaxt Türkiyəyə dost olmadığını və olmayacağını bir daha sübut etdi. Nə Azərbaycan, nə də Türkiyə ABŞ-İsrail cütlüyünün komandasaında oynamır. Hər xalqın, hər millətin öz yolu var. Zamanın çarxı da bu yolları biri-birindən ayırır, yolunu azanları düzgün yola yönəldir.

Комментариев нет:

Отправить комментарий