Страницы

23.11.2010

Rəşad Babalının bloq yazısı üzərinə

Dilqəm Əhməd
dilqemehmed.wordpress.com

Sayğılı Rəşad bəy! Bloq yazınızı oxudum və fikirlərinizə bəzi əlavələrimi etmək məcburiyyətinin yarandığını düşündüm. Qeyd etdiyiniz xəstə təfəkkürlü, natamamlıq kompleksindən əziyyət çəkən, həyatda özü bir şey qazanmayıb, qazananlara nəsə öyrətmək istəyənlər, əslində öz gedonist istəklərini siyasi mübarizə, idealizm adı ilə gizlədənlər və hətta tənqid etdikləri insanlardan pul istəməyi belə özlərinə sığışdıranlar yetərincədir. Facebookda siyasi görüşünə AXCP və ya Müsavat yazmaqla özlərini əsl mübariz və kişi hesab edən və zərrə qədər də liberal dəyərlərə sahib olmayan zatlar özlərini öndər hesab edirlər. Mənim ANS-də işləyən kifayət qədər milli duyğulara sahib olan və işinin imkanları daxilində bu dövlət üçün, ən azından bir fərdin həyatını dəyişməyə cəhd edən dostlarım var. Doğru qeyd edirsiniz ki, çox insanın özü, atası, anası, qardaşı və ya qohumu bu və ya digər şəkildə istər dövlətə aid, istərsə də hökumətlə sıcak münasibətləri olan QHT-də çalışırlar. Keçənlərdə biri mənə facebookda yazır ki, sənin əsas işin pul qazanmaq deyil, ərazindəki deputatı tanımaqdır. Burada artıq həm siyasi təfəkkürün yoxluğu, həm də ki insanlığın mahiyyətinin başa düşülməməsi ortalığa çıxır. Doğru buyurursunuz, bəzi şeylər var ki, hansısa dostun xatirinə yaza bilmirsən. Sizə o sözləri deyən insanların arasında pulu qurtardığında hansısa tənqid etdikləri yazıçıdan, şairdən pul xahiş edəcək qədər ikiüzlülər var. Onlar bədbəxtdirlər. Özləri özlərini tərifləməklə bir zad olduqlarını düşünürlər. Universitet rektorlarının qapısında dilənənlər, siyasi xadimin süfrəsinin artığı ilə qidalananlar kifayət qədərdir.
Şəxsən mənim əsas işim təhsil aldığım ixtisasım üzrədir və dəyişməyə çalışdığım xüsusi qayğıya ehtiyacı olan bir uşaq qat-qat pafoslu cümlələrdən, köşələrdə inqilab yaratmaqdan dəyərlidir. Mən həyata doğru ideallarla yaşamağına yardımçı olduğum bir uşağın doğru olan bir arzusunun həyata keçməsində duyduğum zövqü heç nəyə dəyişmərəm.
Bəy, əsas olan bilirsinizmi nədir? İstər ən qatı demokrat olsun, istərsə də ən qəddar tiran olsun, kimsənin siyasi alverinə qurban getməyəsən. Siyasi mübarizənin önündə olmaq şərəfdir. Amma bu şərəfi gedonistlər, oppurtinistlər daşıyır bu ölkədə.  İnsan halal yaşamalıdır, demokratik rejimlərdə halal yaşamaq və çirklənməmək asandır. Mövcud rejimdə isə halal yaşamaq, kimsənin qapısında dilənməmək hər kəsin bacardığı iş deyil.

Комментариев нет:

Отправить комментарий