Страницы

16.11.2010

"ÖLÜM ZİRVƏSİ" ROMANINDA DİQQƏTÇƏKƏN MƏQAMLAR

Cəlil Cavanşir Yurdsevən

Yazmağa çalışdığım bu yazıda zamanın fövqündə duran bir şəxsiyyət haqqında yazılmış tarixi və qiymətli bir romana güzgü tutmağa çalışacam.
 Etiraf edim ki, “Meydan” hərəkatından yaddaşıma siyasi lider imicində həkk olan Sabir Rüstəmxanlının yaradıcılığı məni cəlb edirdi. Sabir bəyi daha çox siyasi lider kimi tanıyırdım və izləyirdim. Çocuqkən oxuduğum “Ömür kitabı” mənə Azərbaycanı qarış-qarış tanıtmış, türk kimliyimi dərk etdirmişdi. Uşaq olarkən əzbərlədiyim “Vətən” şeiri indi də yaddaşımın bir köşəsindədir:


Bir əlçim buluddu, 
Bir ömür umuddu, 
Bir içim sudu. 
Yandıqca odlanan ocaqdı, 
Daddıqca dadlanan arzudu, 
Bir dərə bahar leysanıdı, 
21 Azərin qanıdı, 
Cavad xanın qətl yeridi, 
Sabirin «Fəxriyyə» şeiridi, 
Dağları dumanda itən – 
Vətən…Vətən!


 Çox sonralar dərk elədim ki, Sabir Rüstəmxanlının “Ömür kitabı” vətənpərvərlik publisistikamız qarşısında geniş üfüqlər açıb. Ümumiyyətlə, Sabir Rüstəmxanlının poeziyası da publisistik poeziyamızın ən gözəl nümunələrindəndir.
 Sabir Rüstəmxanlı “Meydan” dönəmində də, indi də xalqla birgə olan şəxsiyyətdir. Məqsədim Sabir Rüstəmxanlının şəxsiyyətinə işıq tutmaq deyil, əgər böyük qələm sahibləri məzur tutarsa Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı haqqında bir neçə kəlmə fikirlərimi bölüşəcəyəm.
 Öncə onu deyim ki, roman Sabir Rüstəmxanlı yaradıcılığının məntiqi davamıdır. Daha doğrusu Sabir bəydən gözlənilən bir romandır. Tarixi tam əks etdirməyə çalışan Sabir bəy dövrün hadisələrini, şəxsiyyətlərini öz yaradıcı süzgəcindən keçirərək təqdim edir. Əsərdə diqqətimi cəlb edən maraqlı məqamlar var ki, hərəsi haqqında ayrıca yazmağa çalışacam.

  Nadir Şah məqamı

 Romanın birinci hisəsi “Muğan qurultayı və ya sonun başlanğıcı” Nadir şah Əfşarın bir hökmdar kimi uğurlarını və qüsurlarını, strateji səhvlərini, qisasçılığını oxucuya aydın dillə izah edir. Nadir xanın şahlığı ələ keçirmək üçün seçdiyi taktika, min illərdir haqqı olmayanı ələ keçirən şahların sınanılmış taktikasıdır. Dildə “müharibələrdən bezdiyini, ibadətlə məşğul olmaq istədiyini” deyən Nadir xan əslində, dəli bir ehtirasla hakimiyyəti tam şəkildə ələ keçirmək istəyir. “Xalqın yalvarışıyla və dövləti bəladan qurtarmaq üçün” hakimiyyəti ələ keçirmək əslində çağımızda da dəbdə olan bir siyasətdir. Özünə Təhmasibqulu adını götürən Nadirin əsas məqsədi Səfəvi xanədanı yıxmaqla daha güclü bir türk dövləti yaratmaqdır. Nadirin tarixi şəxsiyyət kimi faciəsi də məhz burdan başlanır. Əsərdə bir o qədər də nəzərə çarpmayan Nadir şah diktatorluğu çağımızın diktatorları ilə Nadir şah arasında gizli bir bağlılıq yaradır. Nadir şahın saxta zarafatçıllığı da əslində tərəfdaşlarının simasını açmaqda ona yardımçıdır. Yenə də çağımızın siyasi liderlərinin yalançı zarafatçıllıq obrazı göz önünə gəlir. Ümumiyyətlə, Sabir Rüstəmxanlının yaratdığı Nadir şah obarazı bütövlükdə dövrümüzlə səsləşən bir obrazdır.
 Öz siyasi xəttində Osmanlı dövlətinə yaxınlaşmaq istəyən Nadir şah, öz fikirləri ilə Turançılıq ideolojisinin labüdlüyünü və gerçəkliyini dilə gətirir. “Mən Osmanlı padşahına da məktub yazacağam, başa salacağam ki, biz dil tapmalıyıq.”
 Sabir Rüstəxanlı bu məqamda bəlkə də bu böyük birlik ideyalarını Nadirin dili ilə cəmiyyətə idealizə edir. Nadirin qələmə alınmış məhz bu xüsusiyyəti onu türk oxucusuna sevdirir, həm də əsərə ikinci bir ruh gətirir.
Nadir şahın müsbət tərəflərini qələmə alan müəllif ustalıqla onun səhvlərini də oxucuya çatdırmağa çalışır. Öz şəxsi mühafizəsində həlak olan bir gürcü knyazına görə Azərbaycanın böyük bir hissəsini Baqrationlara hədiyyə verən Nadir şah, öz gücünə olan əminlikdən, zamanın çarxının türklərin xeyrinə fırlanmadığını dərk etmir. Hansısa bir qadına görə tarixi torpaqları pay vermək, qisasçılıqdan doğan qurbanvermə siyasəti Nadir şahın səhvlərinin çağımızda necə böyük bəlalara səbəb olduğunu göz önünə çəkir. Qadına və şəxsi sədaqətə görə elin qurban verilməsi tariximizdə sağalmaz bir yaraya çevrilib. Nə Nadir şah, nə də varisləri bu faciəni dərk etmək iqtidarında deyildilər. Nadir şahın Ziyadxanoğullarından qisas almaq üçün atdığı bu addım, bəlkə də Nadir şahın yenə də türk özünəəminliyindən yaranıb. 
 Nadir şah surəti Sabir Rüstəmxanlının bu romanda yaratdığı ən rəngarəng surətlərdəndir. Nadir türkdür və bu türklüyündən qürur duyan bir sərkərdədir. Həm folklora, həm tarixi mənbələrə istinadən yaradılmış Nadir şah surəti çağımızla səsləşən, üzərində düşünməyə dəyən bir hökmdar surətidir.

 “Gəncə Amazonkaları” və ya əsərdəki Azərbaycan qadını məqamı

 Sabir Rüstəmxanlının uğurlarından biri də ondadır ki, Azərbaycan qadınını sevir və ona qiymət verməkdə xəsislik eləmir. Əsərdəki Azərbaycan qadınlarının obrazı o qədər maraqlıdır ki, bu barədə yazmaq da yerinə düşərdi. Şükufə xanım, Mələknisə xanım, bacısı Tutibikə, Şeyx Yusifin qızı Afaq, çoban qızı, xalçaçı Gülcamal kimi qadın surətləri Azərbaycan xanımının sadiqliyinin simvollarıdır. Şükufə xanımın dar məqamlarda Cavad xana ağıllı məsləhətlər verməsi, Mələknisənin, Afaqın, Gülcamalın çətin anlarda döyüşə atılmaları və şəhid olmaları müəllifi riqqətə gətirdiyi üçün, müəllif çəkinmədən onları “Gəncə amazonkaları” adlandırır.
 Şükufə xanım sadə bir kəndçi qızı olsa da evin birinci xanımıdır. Dövlət işlərində xanın məsləhətçisi, xanın ev təsərrüfatın idarəedicisidir. Mələknisə xanım xan nəslindən olmasına baxmayaraq, Şükufə xanımı bacı kimi qəbul edir və onun məsləhətlərini qəbul edir. Qalada döyüşlər gedəndə də Şükufə xanımdan icazə alıb döyüşlərə atılır.
 Xalçaçı Gülcamal sadə bir çoban qızıdır. Cavad xanı sevsə də bu sevgisi ugursuz sonuclanır. Başqası tərəfindən qaçırılsa da, Cavad xanı sevməkdə davam edir. Xanın sarayını əvəzsiz əl işləri ilə bəzəyir. Qadınların da şəhərin müdafiəsinə qalxmasını məhz o təşkil edir. Cavad xanla mükalimələrində hələ də onu sevdiyini bildirir. Məhz Gülcamal surəti Azərbaycan qadının təmənnasız da sevə bildiyini, vətən üçün də sevməyin şirinliyini oxucuya anladır.

 Sabir Rüstəmxanlının əsərdə yaratdığı qadın obrazları canlı və həyatidir. Düşünürəm ki, Azərbaycan xanımının parlaq obrazları, fahişə qadın obrazı yaradan yazarlarımıza da örnək olacaq.

 Azərbaycan xanları , Ugurlu aga və Hüseyinqulu aga məqamı

Dövrün qarmaqarışıqlığı və xanların bir-birini didməsi əsərin ruhuna necə lazımdırsa hopub. İbrahimxəlil xandan qaçıb Cavad xana sığınan ermənilərin yer-yurd alması, İbrahimxəlil xanın Gəncəyə hücum çəkməsi, xanlarin görüşü bu problemlərin kökünün çox dərində olmasını göstərir. Xanların qılınc savaşı, çağımızdakı partiya liderlərinin söz savaşını xatırladır. Yenə də xarici təsirlər bir-biriylə qohum olan xanları birləşməyə qoymur. Ümumimilli məsələlərdə birləşə bilməmək dərdi yüz illərdir evimizi yıxır. Xanların mənəmliyi partiya liderlərinin mənəmliyinin eynisidir. O zaman Gəncə əldən getmişdi, indi də Qarabağ gedir. Yenə də mənəmlik. O vaxt xristian təsirləri evimizi yıxıb, indi də. Cavad xanın barışdırıcılıq ideyaları iflasa uğrayır. Son anda erməni məkri öz işini görür. Bu yerdə Sabir bəyin öz baxışı çox maraqlıdır. Əsərin son bölümü “Həmin gün”ü oxuyarkən içimə axan göz yaşını hiss etdim:
 “Həmin gün Qubada Şıxəli xan Şamaxılı Mustafa xanı yıxıb yerinə Qasım xanı qoymaq üçün tədarük görürdü.... Bakıda Hüseyinqulu xan kasibliqdan can qurtarmaq üçün Şamaxılı Mustafa xandan daha çox pul qoparmağın yollarını düşünürdü. ... ona kömək edəcəyini vəd edirdi. Lənkəranda Mir Mustafa xan qardaşını rusların yanına göndərməyə çalışırdı. Şəkidə Səlim xan Kor qardaşı Məhəmmədhəsəni bir də kor etmək istəyidi. Şuşada İbrahimxəlil xan xanəndələrə qulaq asa-asa: “Ah, ötən günlər!”deyib cavanlığın həsrətini çəkirdi. İrəvanda Məhəmməd xan naxıçıvanlı dostu Kəlbəli xanla qəlyan çəkə-çəkə fikirləşirdilər ki, ermənilərin pasxası yaxınlaşır. Eçmiədzinə elə bir hədiyyə alaq ki, keşişlərin könlü xoş olsun. ... ”
 Məncə xanlar barədə daha danışmasaq da olar. Sonucda əzilən kişilərimiz idi. Bakılı Hüseyinqulu xan gec də olsa Cavad xanın qisasını ala bilir. Sisianovu Bakıda öldürür.
 Sabir bəyin əsərdə tarixi məqamları qabartması onun müraciət etdiyi mənbələrin çoxluğunu və zənginliyini göstərir.
 Əziz oxucu! Yaradıcı ehtirasla, tarixə xidmət amacıyla yazılan “Ölüm zirvəsi” romanı haqqında son söz yenə də sənindir. Mən sadəcə bir qələm adamı kimi sizlərlə fikrimi bölüşdüm.
 Tanrı Türkü Qorusun!

Комментариев нет:

Отправить комментарий