Страницы

22.11.2010

Yerfi silsiləsi

Rövşən Yerfi
rovshenyerfi.wordpress.com

Azərbaycanımın Avropa hissəsində, Baş Qafqaz sıra dağlarından şimalda – Baba çayı ilə Cimi çayın qovuşduğu ərazidə, yan-yana cərgələnmiş baxdıqca göz oxşayan uca dağ zirvələri sanki, qonaqları, gələnləri qarşılayır, gedənləri yola salır. Buradan, Çayqovuşandan başlayaraq üzüyuxarı yüksələn xəttlə, iyirmi üç kilometrdən çox şimal qərbə tərəf uzanan bu silsilə dağlar – Yerfi silsiləsi adlanır. Quba şəhərindən cənuba yol alanda uzaqdan silsilənin zirvələri əzəməti ilə üfüqlərə yaraşıq verir. Hündürlüyü dəniz səviyyəsindən min yüz metrdən – iki min üç yüz metrədək yüksəklikdə dəyişən kiçik dağ silsiləsi, tarixinin min ilə yaxın yaşı olan kəndimin adını daşıdığına görə mənim üçün digər dağlardan daha artıq böyük iftixar mənbəyidir.
İllər, əsrlər ötüb, dövrlər, zamanlar dəyişsə belə heç vaxt qürurunu itirməyən,nə şaha, nə gədaya baş əyməyən, göylərə, buludlara ucalan, başı dumanlı, çiskinli, həm də vüqarlı – Yerfi silsiləsi…
Gözəlliyi şöhrətli Yerfi xalçalarının naxışlarına köçən, qoynundakı yaylaqları səfalı, sərin havalı, ətəyindən axan suları dumduru, şəfalı, uşaqlıq illərimin cah-cəlalı, dağları səngərli – qalalı, elinə vəfalı – Yerfi silsiləsi…
Mən də qonağam, gələnlərdən biriyəm.Bir gün ətəyindən keçib gedəcəyəm. Gələnlər gedəcək, amma, sən qalacaqsan, dünya durduqca duracaqsan sıralanan möhtəşəm zirvələrinlə ey, Yerfi dağları – Yerfi silsiləsi…

Комментариев нет:

Отправить комментарий