Страницы

06.12.2010

"ARTIQ, OLMAYAN ŞAHZADƏYƏ"

Hekayə

HARUKİ MURAKAMİ


Valideyn məhəbbəti ilə əhatə olunmuş son dərəcə şıltaq və ərköyün, həm də gözəl bir qız başqalarının əhvalını korlamaqda xüsusi istedada malikdir. 
O vaxt mən cavan oğlan idim (iyirmi bir - iyirmi iki yaşım olardı). Onun bu xasiyyəti mənim qanımı bərk qaraldırdı. İllər keçdikcə düşünürsən: o, adəti üzrə başqalarını incidəndə, yəqin ki, özünü də incidirmiş. Bəlkə də özünü idarə edə bilmirdi. Əgər ondan daha güclü, ayaqlarını yerə daha möhkəm basan biri olsaydı, onu yerində oturdub faş edər, “eqo”sunu açıb-tökər, köpünü alardı. Diqqətlə fikir versək, onun da köməyə möhtac olduğunu anlayardıq.
Amma onun ətrafında ondan güclüsü yox idi. Mənsə - mən... Cavanlıqda belə şeylərə əhəmiyyət vermirsən. Sadəcə bu xoşuma gəlmirdi – vəssalam.
O, hansısa səbəbdən – cox vaxt da səbəbsiz – kimisə sancmağı qərara alsaydı, buna öz qoşununu başına toplamış kral da mane ola bilməzdi. Onun zəhəri daimi idi – camaatın gözü qarşısında öz qurbanını ustalıqla küncə soxub divara dirəyir, sonra da kürəyini yerə vurub yaxşıca qaynadılmış kartof kimi əzirdi. 

Qalıqlar papiros kağızından da nazik olardı. Bunları xatırlayaraq, hətta bu gün, mən onun istedadını şübhəsiz etiraf edirəm.
Yox o, mahir və yüksək dərəcəli natiq deyildi, - sadəcə insanın ən zəif yerlərini bir andaca hiss edirdi. Əlverişli anı gözləyərək qurbanının qarnına həmlə etməyə fürsət axtaran vəhşi heyvan kimi, o da bu an gəldikdə yırtıb dağıtmaq üçün qurbanının yumşaq boynundan yapışırdı. Çox vaxt o məharətlə söz oynadaraq kələkbazlıq edirdi – ona görə də istər sındırılmış bədbəxt, istərsə də biz müşahidəçilər uduzulmuş döyüşü sonradan götür-qoy edəndə boynumuzun ardını qaşıya-qaşıya qalırdıq. Amma ən əsası bu idi ki, o həssas nöqtələri tutur və rəqibi əl-qol açmağa qoymurdu. Boksda bu “ayaqların dayanması” adlanır – belə vəziyyətdə yerə yıxılıb təslim olmaqdan başqa çarə qalmır. Xoşbəxtlikdən mənim özümə bir dəfə də olsun, divan tutulmayıb, amma belə səhnələri dəfələrlə görmüşəm. Bunu mübahisə, qovğa, söyüşmə də adlandırmaq olmaz. Bu sadəcə vəhşicəsinə törədilən qanlı qətl idi – amma qeyri-fiziki olaraq.
Belə anlarda ondan zəhləm gedirdi, onun ətrafında fırlanan oğlanlar isə elə bu səbəbdən onu yüksək qiymətləndirirdilər. “Səfeh deyil, qabiliyyətli, bacarıqlı qızdır” – onlar düşünür və beləcə onun vərdişinə haqq qazandırırdılar. Çıxılmaz vəziyyət yaranırdı. Zənci balası haqqında olan nağıldakı kimi, üç pələng palma ağacının ətrafına dolanaraq bir-birinin ardınca əriyib yox olana qədər qaçırdı.
Dəstəmizdə başqa qızlar da vardı, amma onlar onun haqqında nə düşünüb nə danışırdılar, təəssüf ki, mənə məlum deyil. Mən onların mühitinə yad idim, “qonaq” statusundaydım – kimləsə elə sıx ünsiyyətdə deyildim ki, bu qızların gizli fikirlərindən baş aça bilim.
Onları əsasən dağ xizəyi birləşdirirdi. Bu qeyri-adi kompaniya üç universitetin dağ xizəkçilərindən yığılmışdı. Qış tətillərində onlar uzun müddətə toplaşır, başqa vaxtlar məşqlərdə, içki məclislərində və dəniz səyahətinə çıxanda bir araya gəlirdilər. İyirmi iki nəfər idilər, bəlkə də iyirmi iki üç – hamısı da suyu şirin uşaqlardı. Çox xoşagəlimli və xeyirxah. Amma indi onlardan heç olmasa bircəciyini xatırlamaq istəsəm də bunu bacarmıram. Onlar hamısı ərimiş şokolad kimi beynimdə bir-birinə qarışıblar, heç kimi ayırmaq, fərqləndirmək mümkün deyil. Qız isə möhtəşəm malikanə kimi tək dayanıb.
Xizək sürmək məni demək olar ki, qətiyyən maraqlandırmırdı. Amma məktəb dostlarımdan biri bu uşaqlarla yaxın idi – mənsə bəzi səbəblərdən tam bir ay onun mənzilində müftə yaşadım, bu uşaqlarla tanış oldum, onlar da məni dərhal özlərinki hesab etdilər. Düşünürəm ki, burda mənim maconq oyununun xallarını hesablaya bilməyim də rol oynamışdı. Ya belə ya elə, onlar mənə çox mehriban münasibət göstərdilər və hətta özləri ilə xizək sürməyə də dəvət etdilər. Mən imtina edib deyirdim ki, döşəməyə sıxılıb-qalxmaqdan başqa məni heç nə maraqlandırmır. Bu günsə fikirləşirəm, nahaq belə demişəm. Onlar həqiqətən mehriban insanlar idi. Mən hətta doğrudan da döşəməyə sıxılıb-qalxmağı xizəksürmədən üstün tutsaydım, belə demək lazım deyildi.
Evində yaşadığım dostum o qızdan sarı dəli-divanə olmuşdu – lap əvvəldən tutmuş xatırlaya bildiyim son ana qədər. O, doğrudan da o tiplərə aid idi ki, əksər kişilərin ağlını əlindən alır. Mən belə azca başqa vəziyyətdə onunla görüşsəydim, ilk baxışdan ona vurula bilərdim. Onun cazibədarlığının səbəbini kağızda göstərmək o qədər də çətin deyil. Tam təsəvvür yaratmaqdan ötrü üç cəhəti qeyd etmək kifəyətdir: a) ağıl, b) həddən artıq həyat eşqi və c) işvəkarlıq, naz-qəmzə satmaq.
O arıq, qısaboylu idi, gözəl boy-buxunu vardı, enerjisi isə aşıb-daşırdı. Gözləri parıldayırdı. Ağzı sanki inadcıl düz xətlə kəsilmişdi. Üzündə adətən narazı ifadə olardı, amma hərdənbir mehribanca gülümsəyərdi – belədə hətta onun ətrafındakı hava da yumşalardı, sanki hansısa möcüzə baş verərdi. Mən onun xarici görkəmindən heç bir hiss duymaq fikrində deyildim, amma onun təbəssümü xoşuma gəlirdi. Ona görə də, hansı şəraitdə olur-olsun ona vurulmayacağımı iddia etmək olmazdı. Lap çoxdan, məktəbli olduğum vaxtlarda, ingilis dili dərsliyində belə bir cümlə görmüşəm: “yazın qamarladığı” (arrested in a sprigtime) – bax bu, onun təbəssümünə aid ifadədir. Kimsə ilıq yaz gününü söyə bilərmi?
Onun öz oğlanı yox idi, amma kompaniyadan üç nəfər - əlbəttə ki, mənim də dostum onların içində - ona olan ehtiraslarından alışıb yanırdılar. O isə onların heç birinə fərq qoymurdu, şəraitdən asılı olaraq üçü ilə də bacarıqla oynaşırdı. Elə bu üç nəfər də bir-birinin ayağını tapdalamırdı, özlərini nəzakətli aparır və şən görünürdülər. Mən bu mənzərəyə öyrəşə bilmədim, amma sonunda bunlar mənə dəxli olmayan, özgə problemlər idi. Hara gəldi öz burnumu soxanlardan deyiləm.
İlk baxışdan o mənim qətiyyən xoşuma gəlmədi. Əxlaq məsələlərində böyük nüfuz sahibiydim, bu səbəbdən onun nə dərəcədə pozulduğunu təyin etmək mənim üçün çətin deyildi. Onu həm ərköyün böyütmüş, həm tərifləyib göylərə qaldırmış, həm başının üstündə əsmiş, həm də hədiyyə, bəxşeyiş selinə tutmuşdular – həm də artıqlamasilə. Amma problem bununla bitmirdi. Uşağın pozulmağında müxtəlif güzəştlər, göz yummalar və cib xərcliyi üçün verilmiş pullar həlledici amil deyil. Əsas odur ki, uşağın əhatəsindəki böyüklərdə yaranan deformasiyaya uğramış müxtəlif emosiyalardan onu qorumaqda kim məsuliyyət daşıyır. Əgər hamı bu məsuliyyətdən boyun qaçırıbsa və uşaq ətrafında yalnız yaltaq simalar görürsə, onda belə uşaq mütləq pozulacaq. Bu, yay vaxtı çimərlikdə çılpaq bədəni yandıran güclü ultrabənövşəyi şüalar kimidir – yeni doğulmuş zərif “eqo”ya düzəlməz zərər vurulur. Bax, əsas problem budur. O ki qaldı, uşağı ərköyün böyütmək və ona çoxlu pul vermək - bunlar ikinci dərəcəli elementlərdir. 
Onunla ilk dəfə görüşüb bir-iki kəlmə söz kəsdikdən sonra arxasınca baxıb müşahidə etdikdə - açığını desəm ürəyim bulandı. Qoy, səbəb onun özündə yox, lap başqasında olsun, düşündüm, fərqi yoxdur, özünü belə aparmaq lazım deyil. Hətta insan “eqo”su prinsipcə tez dağılan və eybəcər olsa belə, yenə də o səy göstərməliydi. Buna görə də mən o vaxt ondan qaçmasam da, lazım olduğundan artıq yaxınlaşmamağıma qərar verdim.
Bir adamla söhbətdən öyrəndim ki, onun ailəsi Tokuqavanın dövründən indiyə qədər İsiqava prefekturasında ya da o tərəflərdə yerləşən birinci dərəcəli məşhur mehmanxananın sahibidir. Onun qardaşı yaşca çox böyük idi, buna görə də onu yeganə uşaq kimi üfürə-üfürə böyüdüb tərbiyə etmişdilər. Əlaçı, həm də gözəl, müəllimlərin sevimlisi və sinif yoldaşlarının diqqət obyekti – bax, məktəbdə onun həyatı belə idi. Mən bu söhbəti onun özündən eşitməmişdim, ona görə də burda həqiqət hardadır – aydın deyil, amma hər şey kifayət qədər həqiqətə uyğundur. Bundan başqa, hələ uşaqkən o, fortepianoda çalmağı öyrənmiş və bu sahədəki bacarığını yaxşı səviyyəyə çatdırmışdı. Yalnız bircə dəfə, o da hansısa qonaqlıqda onun necə çaldığını eşitmişdim. Musiqidən o qədər də başım çıxmır və emosional ifadan savayı nəyəsə qiymət vermək mənlik deyil. O, klavişlərə rəqs edirmiş kimi aramla toxunur və heç bir notda azacıq da olsun səhvə yol vermirdi. 
Əlbəttə, ətrafındakı insanlar onun konservatoriyaya girəcəyini və professional pianoçu olacağını zənn etsələr də, birdən o, hamının istəyinə zidd gedərək peşmançılıq çəkmədən fortepianonu atmış və incəsənət institutuna daxil olmuşdu. Burda dizayn və kimono naxışlarını öyrənməyə başlamışdı. Bu, onun üçün tamamilə naməlum bir sahə idi, amma uşaqlıqdan formalaşdırdığı intuisiyası onun karına gəldi – axı o, qədim pal-paltarın əhatəsində böyümüşdü. Bu sahədə də onun üzə çıxan istedadını hamı gördü. Qısası, nəylə məşğul olur-olsun, o bunu başqalarından daha yaxşı bacarırdı. Xizəksürmə, üzgüçülük, yelkənli qayıq sürmək – hamısında birinci o idi.
Və bu səbəbdən də onun ətrafındakılardan heç kim barmağını döyəcləyib deyə bilməzdi ki, onun zəif yeri budur. Onun səbirsizliyini aristik temperamentə malik olması ilə izah edir, isterik tutmalarını isə aşırı sensibilliyinin ayağına yazırdılar. Beləcə o, kompaniyada kraliçaya çevrildi. O, vergilərlə mübarizə aparan atasının Nedzuda çoxmənzilli binada guya iş üçün kirayə etdiyi dördotaqlı mənzildə yaşayırdı. Kefi olanda fortepianoda da çalardı; şkaf isə yeni geyimlərlə doluydu. Əlini əlinə vursaydı (əlbəttə ki, məcazi mənada desək) pərəstişkarları dərhal kömək etmək üçün yan-yörəsini kəsdirərdi. Əksəriyyət onun gələcəkdə öz ixtisası sahəsində bir çox uğurlara imza atacağına inanırdı. O vaxt bizə elə gəlirdi ki, onun irəliyə doğru getməsinə mane olacaq heç bir şey yoxdur. “O vaxt” – yəni, təxminən yetmiş ya yetmiş birinci ildə. 
Bir dəfə qəribə şəraitdə olsa da, mən onu qucaqladım. Bu o demək deyil ki, onunla sekslə məşğul olmuşdum – yox, sadəcə fiziki olaraq qucaqlamışdım, vəssalam, bundan artığı yox. İş belə olmuşdu: biz hamımız içkidən sərxoş olaraq yan-yana yatmışdıq, o isə düz mənim yanıma düşmüşdü. Çox adi vəziyyətdir. Buna baxmayaraq təəccüblü olsa da, mən indi də hər şeyi aydın şəkildə xatırlayıram.

Mən gecə saat üçdə yuxudan ayılıb gördüm ki, biz bir ədyal altında yan-yana şirin-şirin yatmışıq. İyunun əvvəlləri idi, yan-yana yatmağın əsil vaxtıydı – amma döşək olmadığından tataminin üstündəcə yatdığımızdan gənc olmağımıza baxmayaraq oynaqlarımız sızıldayırdı. Həm də mənim sol əlimi o, balış əvəzi başının altına qoymuşdu – onu azca da olsun, tərpədə bilmirdim. Dəhşətli dərəcədə susamışdım, amma onun başını əlimin üstündən götürməyə imkan yox idi. Yavaş-yavaş onun boynunu qucaqlayıb, başını qaldırdıqdan sonra əlimi çəkməyim də mümkün deyildi. Bu işin ən qızğın yerində o, yuxudan oyanıb mənim hərəkətlərimi düzgün yozmaya da bilərdi – mən buna dözə bilərdimmi?
Nə isə, bir az düşündükdən sonra, mən heç bir şey etməməyi və vəziyyət dəyişənə qədər gözləməyi qərara aldım. Birdən o çevrilmək istədi? Onda mən fürsət tapıb əlimi çıxararam və su içməyə gedərəm. Lakin o, hətta qımıldanmırdı da. Üzünü mənə sarı çevirib ahənglə nəfəs alırdı. Onun isti nəfəsi köynəyimin qolunu nəmləndirdiyindən elə bil məni qıdıqlayırdılar.
Beləcə mən on beş- iyirmi dəqiqə gözlədim. O tərpənmirdi, nəhayət mən, su içməyin mümkün olmayacağı ilə barışdım. Susuzluğa dözmək çətin idi, amma ölüm təhlükəsi də hələlik yox idi. Var gücümlə sol əlimi tərpətməməyə çalışaraq başımı çevirdim və kiminsə döşəməyə atılıb qalan siqaret və alışqanını gördüm. Sağ əlimi onlara tərəf uzatdım. Susuzluğumun daha da güclənəcəyini anlamağıma baxmayaraq siqareti yandırdım. 
Amma siqareti çəkib kötüyünü yaxınıqdakı boş pivə bankasında söndürdükdən sonra möcüzə baş verdi – susuzluğum bir az azaldı. Dərindən nəfəs alıb gözlərimi qapadım və yenidən yuxuya getməyə çalışdım. Mənzilin yanından şosse yolu keçirdi; yük maşınlarının yastılanmış təkərlərinin səsi pəncərənin nazik şüşəsindən keçib otaqdakıların xorultusuna qarışmışdı. Gecənin yarısı yad evdə yuxudan oyanmış adamın başına gələn fikir məndən də yan keçmədi: “Bəs, mən burda nə edirəm?”. Doğrudan da heç bir mənası yox idi, sadəcə əhəmiyyətsiz bir şey.
Qız dostumla münasibəti korladıqdan sonra küçəyə atıldım və yaşamağa tanışımın evinə gəldim. Xizək sürməyi bacarmadığıma baxmayaraq, xizəksürənlərin kompaniyasına düşdüm. İndi isə, hər şey bitdikdən sonra, mənim əlimin xoşuma gəlməyən bir qızın başının altında balış rolunu oynayır. Bu haqda düşünəndə ruhdan düşürsən. Fikirləşirsən: indi bununla məşğul olmağın vaxtıdır? Amma iş nə ilə məşğul olmaq lazımdır sualına çatnca, heç bir cavab tapa bilmirsən.
Mən yuxuya getmək fikrindən vaz keçdim, gözlərimi açıb tavandan asılmış lampaya baxdım. Bu vaxt o, mənim sol əlimin üstündə çevrildi. Lakin əlimi buraxmadı, əksinə mənə sarı sürüşüb bərk-bərk mənə sıxıldı. Onun qulağı burnumun ucuna toxunurdu; odekolona qarışmış tər qoxusunu hiss edirdim. Ayaqlarını yığıb ombamın üstünə qoymuşdu. Əvvəlki kimi sakit-sakit nəfəs alırdı. Isti nəfəs boğazıma dəyir, böyrümə sıxılmış yumşaq sinəsi isə ahənglə yatıb-qalxırdı. Toxunma ipəkdən yüngül köynəyini yubkasına salmışdı, mən onun bədəninin bütün cizgilərini hiss edirdim.
Vəziyyət son dərəcə qəribə idi. Yanımdakı başqa qız olsaydı, bu halıma sevinməzmiydim? Amma onunla olduğumdan iztirab çəkirdim. Düzünü desəm, belə vəziyyətlərdə nə etmək lazım olduğunu bilmirdim. Həm də ki, burda heç nə kömək edə bilməzdi – çox axmaq hadisəyə tuş gəlmişdim. Onun ayağına toxunan həcəmətim yavaş-yavaş bərkidiyindən vəziyyət daha da tündləşirdi.
O yenə əvvəlki kimi fısıldayaraq nəfəs alırdı – axı o, penisimin böyüdüyünü yaxşı anlamalıdı, deyə düşünürdüm. Az sonra o, yuxudan ayılmadan əlini uzadıb kürəyimi qucaqladı, sonra yerində qurcalandı. Indi onun döşləri məmin sinəmə sıxılmışdı, həcəmətim isə qarnının aşağısındakı yumşaq yerə dirənmişdi. Vəziyyət daha da pisləşmişdi. 
Bu hala düşməyimin günahını əlbəttə ki, onda görürdüm – amma bununla yanaşı gözəl qadını qucaqlamaq kişidə həyat eşqini artırır və bu hiss getdikcə bütün bədənimi çulğalayırdı. Artıq heç yerə qaça bilməzdim. O, mənim əhvalımı lap əla hiss edirdi, bundan lap qəzəblənmişdim – amma böyümüş həcəmətimin yaratdığı müdhiş disbalansın qarşısında bu qəzəb öz mənasını itirirdi. Hər şeyə tüpürüb boş əlimi onun kürəyinə atdım. Indi bizim qucaqlaşmağımız tamamilə aydın idi. 
Amma bundan sonra da biz özümüzü elə aparırdıq ki, guya yatmışıq. Mən sinəmdə onun döşlərini, o isə göbəyindən bir az aşağı mənim bərkimiş penisimi hiss edirdi – biz tərpənmədən uzun müddət beləcə uzandıq. Mən onun kiçik qulağına və yumşaq saçlarına baxırdım, o isə gözlərini boğazımdan çəkmirdi. Özümüzü yuxululuğa qoyaraq eyni şey haqda fikirləşirdik. Mən barmaqlarımın onun yubkasına doğru hərəkət etdiyini, o isə şalvarımın qabağını açıb isti və bərkimiş həcəmətimə toxunduğunu təsəvvür edirdik. Biz möcüzəli şəkildə bir-birimizin fikrini oxuyurduq. Bu çox qəribə hiss idi. O mənim penisim haqqında düşünürdü və mənə elə gəlirdi ki, mənim penisim mənim deyil, başqa birinin, özgəsinindir. Lakin nə olur-olsun, bu mənim penisim idi. Mən isə onun yubkasının altındakı nazik trususu və onun örtdüyü qızmış vagina haqqında düşünürdüm. Bəlkə o da, mən həcəmətimi hiss etdiyim kimi, öz şülləsini hiss edirdi. Amma kim bilir – bəlkə qızlar öz vaginasını biz penisimizi hiss etiyimizdən tamam fərqli şəkildə hiss edirlər? Belə şeylərdən çox da başım çıxmır.
Amma uzun tərəddüddən sonra mən barmaqlarımı onun yubkasının altına soxmadım, o da şalvarımın qabağını açmadı. Özümüzü bundan saxlamağımız o vaxt qeyri-təbii görünürdü, amma son halda düşünürəm ki, biz düz hərəkət etdik. Qorxurdum ki, vəziyyətin inkişafına təkan versək, onda ehtiraslar labirintində azıb qalardıq. Mənim bundan qorxduğumu o hiss edirdi.
Bir-birimizi qucaqlayaraq yarım saat uzandıq, sübh şəfəqi otağa düşəndə isə hərəmiz bir tərəfə çevrildik. Amma bundan sonra da onun dərisinin iyini hiss edirdim.

O vaxtdan mən onunla bir dəfə də olsun görüşməmişəm. O, şəhər kənarında mənzil tapıb ora köçdü və bu qəribə kompaniyadan uzaqlaşdı. Mən deyərdim ki, bu çox qəribə yoldaşlıq idi – amma mənim fikrimcə; yəqin ki, onlar özləri belə hesab etmirdilər. Onların gözündə, mən də çox qəribə görünürdüm.
Bu hadisədən sonra mənə yaşamağa sığınacaq verən xeyirxah dostumla bir neçə dəfə görüşdüm, biz əlbəttə ki, o qızın haqqında da söhbət etdik – amma nə danışdığımızı xatırlaya bilmirəm. Yəqin ki, boş-boş danışıb çərənçilik etmişik. Dostum universiteti bitirib Kanseyə, evlərinə getdi və biz daha görüşə bilmədik. Bunun üstündən on iki ya on üç il keçdi, mən də düz bu qədər yaşlaşdım.
Yaşa dolmağın bir üstünlüyü var: maraq dairən getdikcə azalır, hər şeylə maraqlana bilmirsən. Bax elə mənim də qəribə insanlarla ünsiyyətdə olmağım tamam azalmışdı. Hərdən, ani bir səbəbdən əvvəllər rastlaşdığım bu insanları xatırlayıram, amma bu yaddaşımın ucuna ilişmiş mənzərənin xırda bir parçası olmaqdan o yana getmir və məndə heç bir canlanma, heç bir hissiyyat yaratmır. 
Bir neçə il bundan əvvəl onun ərilə təsadüfən rastlaşdım. O da mən yaşda idi və plastinka ticarəti ilə məşğul olan firmada direktor işləyirdi. Ucaboylu, sakit insan idi, pis adama oxşamırdı. Saçları stadion qazonu kimi səliqə ilə vurulmuşdu. Mən onunla işlə əlaqədar görüşdüm, amma işgüzar söhbət bitəndən sonra, dedi ki, onun arvadı əvvəllər məni tanıyırmış. Sonra onun qızlıq familiyasını dedi. Bu familiyanı heç cür xatırlaya bilmirdim, amma o, universitetin adını və qızın fortepiano çaldığını dedikdə, nəhayət kimdən söhbət getdiyini anladım.
- Hə, xatırlayıram, - dedim.
Beləliklə onun izləri üzə çıxdı.
- Cənab Murakami, o deyir ki, sizin fotoşəklinizi hansısa jurnalda görüb və dərhal tanıyıb. Çox sevinirdi.
- Məm də şadam, - dedim. Əslində isə, onun məni xatırlaması sevincdən çox, təəccüb doğururdu. Axı biz çox qısa zaman kəsiyində bir-birimizi görmüşdük və bir kəlmə də kəsməmişdik. Öz köhnə kölgənlə qəfil qarşılaşmaq çox təəccüblüdür. Qəhvədən içdim, onun yumşaq döşləri, saçının qoxusu, bərkimiş həcəmətim yadıma düşdü.
- O, çox gözəl idi, - dedim. – İndi işləri necədir, yaxşıdırmı?
- Belə də... babatdır. – O, sözləri seçərək asta-asta danışırdı.
- Nəsə olub? – maraqlandım.
- Yox, demək olmaz ki, sağlamlığı çox pisdir. Amma hər şeyin qaydasında olduğunu da, iddia etmək olmaz.
Mən ona hansı məqamlara qədər sual verməyi bilmirdim, qorxurdum ki, sərhədi keçəm, ona görə də başımı tərpətməklə kifayətləndim. Düzünü desəm, onun sonrakı həyatını öyrənməyə həvəsim də yox idi.
- Deyəsən, mətləbdən kənara çıxdım, hə? – O, könülsüz-könülsüz gülümsədi. – Bu haqda hər şeyi olduğu kimi danışmaq çox çətindir. İndi bir az yaxşılaşıb. Əvvəllər lap pis idi.
Qəhvənin qalanını da içdim, söhbətdən çaşıb qalmışdım, amma yenə də sual verməyi qərara aldım:
- Bağışlayın, bəlkə də mən incə məsələyə toxunuram – onun başına nəsə iş gəlib? Sizə qulaq asıram, ancaq hər şeyi anlamıram.
O, şalvarının cibindən qırmızı “Malboro” qutusunu çıxartdı və siqaret yandırdı. Siqaret hərislərində olduğu kimi, sağ əlinin şəhadət barmağı ilə orta barmağının dırnaqları sapsarı idi. Bir müddət o, barmaqlarına baxdı.
- Yaxşı, - dedi. – Mən bunu camaatdan gizlətmirəm, bir də ki, hər şey çox pis də deyil. Sadəcə bədbəxt hadisə baş verib. Bəlkə, bunu başqa yerdə danışaq? Necə fikirləşirsiz?
Biz qəlyanaltıdan çıxdıq, küçə ilə bir az gedib metro stansiyasının yaxınlığındakı kiçik bara girdik. Görünür, o burda tez-tez olurdu deyə, dərhal piştaxtanın arxasında oturub böyük stəkanda ikiqat şotland viskisi – “on ze rok” və fransız sodası sifariş verdi. Mən pivə istədim. O, sodadan bir az “on ze rok”a qarışdırıb bir içimdə yarım stəkanı boşaltdı. Mən pivədən qurtumlayıb, parçdakı köpükləri müşahidə edə-edə söhbətin dalısını gözləyirdim. Viskinin qida borusu ilə aşağı getdiyinə və mədəyə çatdığığına əmin olduqdan sonra o, söhbətə başladı:
- On ildir ki, evlənmişəm. Xizəksürmə kurortunda tanış olmuşduq. Mən artıq iki il idi ki, bu firmada işləyirdim, o isə universiteti bitirib işsiz-işsiz avaralanırdı. Restoranda hərdənbir fortepiano çalırdı. Nə isə, evləndik. Bunda problemimiz olmadı. Onun da, mənim də ailəm nigahımızı bəyəndilər. O, çox gözəl idi və bu gözəllik mənim ağlımı almışdı. Qısası, hamının başına gələn bayağı bir hadisə.
O siqaret yandırdı. Mənsə pivədən qurtumladım.
- Bayağı evlilik idi. Amma məni təmin edirdi. Bilirdim ki, nigaha qədər onun çoxlu aşnası olub, amma bu mənim üçün əhəmiyyətli deyildi. Mən böyük realistəm – bəlkə də, onun həyatında keçmişdə nəsə olmuşdu, amma bundan heç bir ziyan yoxdursa, onda mənim üçün də fərqi yoxdur. Ümumiyyətlə hesab edirəm ki, həyat özü bayağıdır. Iş, ailə, ev - əgər bunlara maraq varsa, bu bayağı maraqdır. Mən belə düşünürəm. Amma o belə düşünmürdü. Ona görə də hər şey yolundan çıxmağa başladı. Əlbəttə, mən onun halını başa düşürdüm. O, hələ gənc və gözəl idi, enerjisi aşıb-daşırdı. Qısası, başqalarına verib-almağa alışmışdı. Amma mən ona nə verə bildiyim çox məhdud idi, yəni nədən nə qədər məsələsi.
O yenə “on ze rok” sifariş verdi. Mənsə pivəmin ancaq yarısını içmişdim.
- Evlənməyimizdən üç il sonra uşaq doğuldu. Qız uşağı. Tərifləmək mənim üçün çətindir, amma çox gözəl uşaq idi. Yaşasaydı, indi məktəbə gedərdi.
- Ölübmü, yoxsa? – soruşdum.
- Hə, - dedi. – Doğulduqdan beş ay sonra öldü. Belə hallar tez-tez olur. Körpə yuxudaykən çevrilib ağzı balışa yapışır və boğulur. Heç kim günahkar deyil. Sadəcə bədbəxt hadisədir. Əgər bəxtimiz gətirsəydi belə olmazdı ya da qarşısını alardıq. Amma belə çıxır ki, bəxtimiz gətirməyib. Heç kimi də günahlandırmaq olmur. Körpəni tək qoyub mağazaya getdiyi üçün bəziləri onu günahlandırırdı, elə o özü də günahı özündə görürdü. Amma bu taledir, alın yazısıdır. Belə vəziyyətdə körpəyə mənim ya da sizin baxdığınızın fərdi yoxdur – onsuz da bədbəxt hadisə baş verəcəkdi. Mən belə fikirləşirəm. Razısınızmı?
- Hə, yəqin ki.
- Sizə bayaq dediyim kimi, mən böyük realistəm. Əgər kimsə ölürsə, mən az müddət ərzində buna alışmağı bacarıram. Nədənsə mənim nəslimdə bədbəxt hadisələrdən ölən çox olub, başımıza həmişə nə isə gəlir. Ona gördə, körpənin valideynlərdən əvvəl ölməsi mənim üçün nadir hal deyil. Valideynlər üçün isə körpəni itirməkdən pis şey yoxdur. Başına gəlməyən bunu anlamaz. Amma bu zaman ən ciddi şey sağ qalanların məsələsidir. Mən indi həmişə belə düşünürəm. Yəni, problem mənim yox, onun narahatçılığındadır. O belə emosional sınağa heç zaman tuş gəlməmişdi. Axı, siz onu tanıyırsız, eləmi?
- Tanıyıram, - dedim.
- Ölüm – çox xüsusi hadisədir. Bəzən mənə elə gəlir ki, insan ömrünü başqa insanların ölümündən yaranan çox böyük enerji yığnağı müəyyən edir. Bunu itki hissi ya da başqa cür adlandırmaq olar. Amma bu hissin qarşısını alacaq hansısa bir müdafiə onda yox idi. Yəni, - o, əllərini cütləyərək dedi, - o, ancaq özünə ciddi surətdə yanaşmağa alışıb. Ona görə də itkidən başqa insanın nə çəkdiyini o heç təsəvvür də etmir.
Mən susaraq başımı tərpətdim.
- Axı mən... Bilmirəm bunu necə deyim... mən onu sevirdim. O, hətta özünə, mənə və ətrafımızdakı insanlara acı çəkdirsə də ondan ayrılmaq fikrim yox idi. Ailə ailədir. Uşaq öldükdən sonrakı il başdan-başa qalmaqalla, dedi-qoduyla keçdi. Bundan qurtulmağa heç bir ümid yox idi. Əsəblərimiz korlanmışdı, gələcəyə heç bir perspektiv yox idi. Nəhayət, bu ili biz bir təhər başa vurduq. Körpəni yadımıza salan hər şeyi yandırdıq və təzə mənzilə köçdük.
O, ikinci “on ze roku” da içdi və dərindən nəfəs alıb yüngülləşdi.
- İndi düşünürəm: əgər siz indi mənim arvadımla görüşsəniz – fərqi yaxşı hiss edərsiniz, deyilmi? – o, gözlərini qarşı tərəfdəki divardan çəkməyərək dedi.
Mən sakitcə pivəmi içib boşqabdakı araxisdən götürdüm.
- Hə, bir də sizə özəl olaraq onu demək istəyirəm ki, o, ində mənim daha çox xoşuma gəlir, - o dedi.
- Bəs, uşaq dünyaya gətirmək haqqında daha fikirləşmirsiniz? – soruşdum.
O başını yırğaladı:
- Yəqin ki, yox. Mən bəlkə də istəyərdim, amma arvadım bu halda deyil. Onsuz da mənim üçün elə də fərqi yoxdur.
Barmen ona yenə viski təklif etdi. O, istəmədi.
- Mənim arvadıma zəng edin. Düşünürəm ki, bu onun xeyrinə olacaq, fikrini dağıdacaq. Axı, hələ ömrümüz qabaqdadır. Siz necə fikirləşirsiniz?
Vizit kartının əks tərəfində diyircəkli qələmlə telefon nömrəsini yazıb mənə verdi. Koda baxıb, onların mənimlə eyni rayonda yaşadığını öyrənib təəccübləndim. Bu haqda ona heç nə demədim.
O, hesabı verdi, metro stansiyanın yanında biz ayrıldıq. Yenidən işə qayıtdı, mənsə qatara minib evə gəldim.
O vaxtdan mən ona zəng etməmişəm. Mən hələ də onun nəfəsini, dərisinin istiliyini, yumşaq döşlərinin toxunuşunu hiss edirəm və bütün bunlar on dörd əvvəlki gecədə olduğu kimi indi də mənə əzab verir.

Комментариев нет:

Отправить комментарий