Страницы

09.12.2010

Gələcəyə hesablanıb

Baxıcı

Hüsamə bin Sərxan
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi


 Dünən bir yasdaydıq. Fikir vermisinizmi, bəzən adamın cızdağını çıxaran bir söz deyir, məsəl çəkirlər, sonra da deyirlər, məsəli səndən uzaq. Daha bunun harası uzaq oldu ki, ay Hacı? Sözün var, birbaşa de, məsəl çəkib adama niyə iki dəfə od vurursan? Siz Allahınız, düz demirəm? Amma bir məsəl də var, deyir, arifə bir işarə sazdı, nadana zurna-balaban piləsən də azdı... İndi baxın daa, arif kimdi, nadan kim...
 Şotland dilini bilmədiyim üçün (o dəqiqə çoxbilmişlik eləyib şotlandlar ingilis dilində danışır deməyin, mən heç ingilis dilini də bilmirəm axı) Con Şerard Barronun yaxınlarına başsağlığı da verə bilmədim.Tanımadınız? O pensiyalarınızı, maaşlarınızı, hesabınızda olan pulları almaq üçün saatlarla növbəyə durduğunuz, pul olmayanda dilxor olub getdiyiniz bankomatların yaradıcısını deyirəm ey, Yadulla kişi! Hə, 84 yaşında öldü. Yaxşı aparat icad eləyib, amma heyf ki, bəzən idarə edilməsini məsuliyyətsiz adamlara həvalə eləyirlər. Rayonda 2-3 yerə qoyulub, yay-qış qabağında qırğındı. Kəndimizə də qoyulmuşdu, kassirlər qurtdalayıb xarab elədilər. Nöşün ki sərf eləmir. Mani-mani əldən çıxır. Onları da qınamalı deyil, kürdlərin aylıq töycüsü getməsə, başlarına oyun açarlar.

 Respublikamıza səpələnmiş bu bankomatlarda 30 günün 28-də ya pul olmur, ya da ekranında yazılır ki, "müvəqqəti olaraq xidmət göstərmir". Pul olanda da yaxınlıqda yaşayıb bir-birini tanıyan adamlar növbə üstündə bir-birini qırırlar, cənab nazir, olurlar qanlı-bıçaq düşmən. Qocalar da deyirlər ki, kassir olanda yaxşıydı, bir-iki manat saxlayırdısa da, yenə vaxtında ala bilirdik... Mənsə deyirəm gərək bizim kassirlərimiz, buxalterlərimiz hamısı ruslardan və farslardan qoyula. Özümüzkülər pis öyrəşiblər. Özümüzkülər qayda-qanun hərləmirlər.
 Bakını da yaman günə qoydular, Bakıda Bakılıq qalmadı. Amfiteatr forması pozulub, əvvəl külək Bakının bu tərəfindən girib o tərəfindən çıxırdı. Hər yeri sərin idi. Indi boğunuqdu. O qədər göydələn tikiblər ki, küləyin yolu kəsilib, hava yoxdu. Dünən dağdan düşüb gələn nə bilir axı amfiteatrı qorumaq nədi...
 Bir tərəfdən də elə hey mətbuat yazır ki, o binalar ucuz “stroymaterial”dan tikilib, 2-3 bal gücündə zəlzələ olan kimi hamısı aşıb-dağılacaq yerə. Elə bir dövrana gəlib çıxdıq ki, tikinti işləri də mənasız olub. Olsun. Di gəl ki buna bir ətək pul tökülür axı. O biri ağzıgöyçəklər də deyir, elə ona görə təmir eləyirlər ki, binalar uçub tökülsün. Gələcəyə hesablanıb. Yəni həm cəmiyyətin ziyalı, ari təbəqəsi orda qırılsın, həm də pul yesinlər. Həm ziyarət, həm ticarət. Düzdü, mən bizdə belə şeylərin olacağına inanmıram, amma deyənlərin ağzını da bağlamaq olmur axı..
 İndi söyləyəcəyim xəbərin adı məlum olan etnosun gözündən-qulağından uzaq olması məsləhətdi. Yoxsa, məsəli onlardan uzaq, dəlinin yadına daş salmış olaram. Eşidən kimi təşəbbüs qaldıracaqlar ki, bizdə də ondan olsun. Ona görə də bu xəbəri pıçıltı ilə yazıram: Litvanın Kaunas şəhərində "Olialia Sunset Sand-2010" adlı qum heykəllər festivalı keçirilib. Kaunaslılar və şəhərin qonaqları adi qumun sənətkarlar tərəfindən gözəl incəsənət əsərinə çevrilməsinin şahidi olublar. Kaunasda hündürlüyü 2-6 metr olan 15 nadir incəsənət nümunəsi yaradılıb. Onların hazırlanmasına 500 tondan çox və ya 10 dəmiryol vaqonu qum sərf ediləcək.  Qumdan Azadlıq Heykəli, Litvanın Trakay qəsrinin modeli, Eyfel və Pizan qüllələri, "Şrek" animasiya filminin qəhrəmanlarının, dinozavrların fiqurları, tanınmış adamların heykəlləri yaradılıb, Hacı.
 Mən bu xəbərdən niyə qorxdum? Əgər qum heykəl festivalını Bakıda keçirsələr, əvvəla, qumun qiyməti çıxacaq kəlləçarxa. Camaat qalar gil-palşıq ümüdünə. Onsuzda "torpağını torba ilə daşımaq" ifadəsi qum-çınqıl məsələsində reallaşıb, daha dəniz sahilində də qum tapılmır. İkincisi də, Bakı küləklər şəhəridi, bu festival təşkilatçılarına milyonlarla pul sildirəcək.
Deyəcəksiniz ki, küləyin festivala nə dəxli var? Var, atam balası, var. Bir də gördün bir məmur doluxsuna-doluxsuna ekrandan deyir ki, 400 ton qum, 2 hektar çadır, 600 bel, 800 tişə 75 nəfər usta gətirib "Qız qalası"nın qumdan heykəlini düzəltmişdik, külək apardı... İndi də istəyirik ki, Nuhun türbəsini qumdan qayıraq, görək cibi..., bağışlayın, başımıza nə gəlir... Ağlınıza başqa şey gəlməsin, sırf estetik cəhətdən yapacaqlar. Qəti bilirəm ki, bizdə belə şeylər ola bilməz. Ona görə də ürəklə deyirəm ki, məsəli bizimkilərdən yeddi ağac uzaq!..
 Londonda "Sülh uğrunda hərəkat"ın fəalları, qadınlar küçələrə çıxaraq öz hökumətlərinə "Əfqanıstandan qoşunları çıxarın!" şüarı ilə müraciət edərək mitinq keçiriblər. "Malades" ingilis arvadları deməyə tələsməyin. Dərd burasındadı ki, arvadlar mitinqə lüt çıxıblar (İman Abdullanın yeri məlum!). Xəbəri oxuyanda qətiyyən təəccüblənmədim, bu yaxınlarda fransız xanımları da lütlənib heyvanları müdafiə eləyirdilər. Mən Avropadan siyasi sığınacaq istəyən mühacirət həvəskarlarını yavaş-yavaş başa düşürəm. Belə yerdə kim yaşamaz?.. Sonra deyirlər ki, kürdlər bizi yaşamağa qoymurlar. Get Avropada yaşa dəəə…

Комментариев нет:

Отправить комментарий