Страницы

26.12.2010

Nazirin 161 yaşlı dəstəkçisi kimdir?

deyerler.org

Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Pedoqogika” nəşriyyatının direktoru, riyaziyyat-fəlsəfə doktoru Əlövsət Osmanlıya qarşı iş üzrə hazırlıq iclası keçirildi. Bu iclasa da Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri olan iddiaçılardan Arif Hüseynov və deputatlar Musa Qasımlı, Nizami Cəfərov qatılmamışdı. 
Qeyd edək Yasamal Rayon Məhkəməsi şikayətçilərin iddiasını təmin etmədiklərindən onlar apelyasiya şikayətini veriblər. Amma iddiaçılar Əlövsət Osmanlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb etsələr də, məhkəmə prosesinə qatılmadıqlarından iddia rədd edilmişdi. İclasda məlum oldu ki, bundan əvvəl keçirilən 3 iclasa da iddiaçılar tam tərkibdə qatılmayıblar. Hakim deyib ki, qanunun tələbinə görə xüsusi ittiham kollektiv şəkildə verildiyi təqdirdə bütün ittihamçıların iclasda tam şəkildə iştirak etməlidir. Ona görə də S.Mirzəyev onların iclasa qatılmamasının səbəbini xəbər alıb:
- Niyə gəlməyiblər?
Professor Validə Məmmədova:

- Bizdən niyə soruşursuz? Biz bilmirik.

- Siz şikayəti tam şəkildə vermisiz, ona görə sizdən soruşmuşuq.

- Kak v şkole, mı uçeniki cto li?

- Deməli məlumatsızsız? 
- ...
Vəkil Elçin Sadıqov iddiaçıların tam şəkildə məhkəmədə iştiraklarını vacib olduğunu vurğuladı. O, 161 yaşlı iddiaçının məhkəməyə hansı yolla müraciət etməsini sual etdi:
- Nizami Cəfərovun xüsusi ittiham qaydasında verdiyi şikayətdə təvəllüdü 1859-cu il göstərilib. Əgər şəxsin həmin ildə anadan olmasına inanırsınızsa, iclası keçirin.
Ə.Osmanlı:
- Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətin 1-ci abzasını oxuyanda dəhşətə gəlirsən. Öz adlarını belə balaca hərflərlə yazıblar. Hətta soyadını yarı kiril, yarı latın əlifbasında yazanlar da var. Bundan başqa müəllifi olduğum “Mərdanovun qaraguruhçuları” yazım yanvarın 22-də dərc olunub, amma ərizədə 4 fevralda dərc olunduğu göstərilir. Bu adamlar professorlar, elmlər namizədləri, dosentlərdir. Ya bunların savadlarında problemləri var, ya da xüsusi ittiham qaydasında verilmiş şikayətdən xəbərləri yoxdur.
İddiaçı H.Zərbəliyev isə israrla dedi ki, ərizəni birgə tərtib ediblər və tələb etdi ki, iclas digər xüsusi ittihamçıların iştirakı olmadan keçirilsin. 
Ə.Osmanlı isə onun fikirləri ilə razılaşmadı:
- Deyir yumurtlamadı, yumurtlamadı, bəs falı necə oldu? İştirak etməyiblər, nə özləri, nə də nümayəndələri. Bilirsiniz ki, tarixi Nürnberq prosesi 10 ay 10 gün davam edib. Həddindən artıq böyük bir proses olub. Bu gün hazırki iddia ilə bağlı məhkəmə çəkişmələrinin 10 ay 10 günü tamam olur. Ümumiyyətlə mən hesab edirəm ki, bu məsələ məhkəmə müstəvisində deyil, elmi-polemik müstəvidə keçirilməlidir. Xahiş edirəm iddiaları təmin olunmasın. E.Sadıqov da eyni xahişlə məhkəməyə müraciət etdi. Müşavirə otağına yollanan məhkəmə kollegiyası qayıdandan sonra Yasamal Rayon Məhkəməsinin iş üzrə çıxardığı qərarının ləğv olunduğunu və Ə.Osmanlıya qarşı iddiaya yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qartarılması barədə qərarını elan etdi.

                                                                                                  Bizim Yol

Комментариев нет:

Отправить комментарий