Страницы

27.01.2011

Bayrağa dönmüş əsgər

                                                         Sabutay Nağı

1-ci şəkil

Qaçqınların məskunlaşdığı sərhəd kəndi. İlk dəfə cəbhə xəttinə çıxacaq əsgərlər kəndin içindən keçirlər. Maraqla bu mənzərəyə baxan balaca uşaqlar, əsgərlərin ardınca qaçarkən qollarını sinələrinə sıxmış kənd qadınları kövrələrək köks ötürürlər.
1-ci qadın: Torpağımız yağı əlində, bayaquşlar ulayır
2-ci qadın: Şəhid ruhlar inləyir, vətən qan ağlayır
3-cü qadın: Əsir düşən qadınlar düşmən zindanında

Dəstənin başında gedən gizir dayanır . Əsgərlər də yerində durur.
 
Gizir: Əsgərlər! Mən bu müraciətimi biz cəbhəyə yerləşəndə edəcəkdim. Amma müharibənin acısını dadmış qadınların çağrışları məni sızıldatdı. Mən də sizin kimi əsgər olaraq illərlə ermənilərlə üz-üzə dayandım. Hər gecə işğaldakı torpaqdan şəhid olmuşlarımızın qızaran qanını gördüm, hər gecə əsir qadınlarımızın imdadını eşitdim. Vətənimizin nə ilə üz-üzə qaldığını hər birimiz bilməliyik. Bilməliyik ki, döyüşə hazır olaq. İnsanı insan edən qandır, o qan isə bu gün bayrağımızdır. Bu bayraq arxalı köpəklərin doluşduğu torpaqlarımızda yenidən dalğalanacaq. Və sizlər hamınız bir bayraqsınız, məhz orada-o doğma yurd yerində qalibiyyətlə dalğalanacaq bayraq. Mən bu bayrağın rənglərinə şəhid qanımı qatana qədər səngərdəyəm.
Unutmayın ki, sülh dolu sabahlar …
ƏSGƏRLƏR (Cümləni tamamlayırlar) Vətən üçündür.
Gizir: Ümid dolu həyat.
ƏSGƏRLƏR Vətən üçündür.
Gizir: Bu torpaqlar üçün şəhid olmaq.
ƏSGƏRLƏR Vətən üçündür.
Gizir: (Daha da coşğun) Üç rəngli bayraqda parlayan ulduz olmaq
Gizir: (Daha da yüksək səslə) Vətən olmaqdır.
Gizir: Bu coşquyla min adamla biz bir adam heç göz qırpmadan döyüşər və heç göz qırpmadan ölərik. (Əsgəri salam verərək dayanır)
Mənzərəni qadınlar davam etdirir.
Əsgərlərə su və sair verirlər.

2-ci Şəkil
Maşından bu mənzərəni seyr edən çavuş hələ də dolxsunmuş və əzəmətli dayanmış gizirə yaxınlaşır.
Çavuş: Səni xidmətinin ilk günlərindən tanıyıram, düşmənlə üz-üzə dayanmağa həmişə sevinclə gedibsən. Amma indi qəmli görünürsən.
Gizir: Çünki yoldaşlarımın qanının yerdə qalmayacağı, düşmənin bu vətənə etdiyinin cəzasını almalı olduğu fikri ilə cəbhəyə can atdım. Üzüm buna görə gülürdü.
Çavuş: Yaxşı, nədir bəs indiki qəmli olmağının səbəbi? Sən ki, yenə də könüllü olaraq cəbhəyə qayıdırsan.
Gizir: Analarımızın göz yaşı... (Üzülür)
Çavuş: O düşmən o anaların gözündən axan gözyaşının da hesabını verəcək sən ki, bilirsən bunu. Əsgərlərini cəbhəyə çatdırmağın vaxtıdır.
Gizir: Sağ olun. Bir xahişim var, mənə bir şey olsa,evə məktub yazmışam, bunu ilk imkanda evimizə, anama verin.
( Hər ikisi qucaqlaşır)
Bu vaxt bir qız uşağı gizirə yaxınlaşır və ona bir dəsmal uzadır.
Qız: Əsgər əmi, bibim deyir ki, atamı ermənilər yaralayıb, ona görə hələ gələ bilmir. Onu görsən bunu ver, yarasını bağlayıb gəlsin.
Çavuş (dolxusunur, kənara): Bu da bir şəhid övladı. Atalarının bir gün gələcəyi haqqında nağıllı təsəlli.
Gizir dəsmalı alaraq, döş cibinə qoyur, oradan isə bir kiçik bloknot çıxarır. Nəsə yazır. Sonra qıza əsgər salamı verir
Gizir : Oldu. Mütləq atana bunu çatdıraram. Bu isə bloknotdur. Məndən hədiyyə götür. Bax, burda yazdım ki, məndən əsgər qızına hədiyyə. Oxuya bilirsən?
Qız:(Bloknotu alır) Mən hərfləri bilirəm. Axı, birinci sinifdə oxuyuram. Mü..Ba..Riz.. Sağ ol, Mübariz əmi, dəsmalımı atama verməyi unutma.
Qız geri çevrilib bibisinə sarı qaçır.
Çavuş: İrəli gizir, cəbhə səni gözləyir.
Çavuş (komanda verərək, çoşğuyla) İrəli əsgərlər, səngərlər bizi gözləyir!
Marş sədaları altında hərəkət davam edir.

3-cü Şəkil
Gecə qaranlığında güllə səsləri artaraq eşidilir.
1-ci düşmən əsgəri: Gəldilər, bu nədir, yəqin tam bir ordu
2-ci düşmən əsgəri: Axı bizim başqasının torpağında nə işimiz vardı. Bu torpaqlarda qəbir olacağıq.
3-cü əsgər: Hər yan meyitlərimizlə dolur…
Gizir əlindəki silahla düşmən üzərinə gedir. Başı üzərində şəhid ruhları, qulaqlarında xocalıda inləyən körpələrin səsi... Qəfildən, öldüyünü zənn etdiyi erməni əsgərinin namərd gülləsi açılır.
Düşmən əsgəri: Bu ki, təkmiş…Təkliyi ilə bir batalyonu qırdı..
Gizir dönür, onun üzərinə xəncərlə atılır
Gizir: Siz bizi həmişə xaincəsinə kürəyimizdən vurdunuz…
Düşmən əsgəri bir tərəfə, qəhrəman Azərbaycan giziri digər tərəfə yıxılır

4-cü şəkil
Balaca qız bloknota yazır.
Qız: Bibim deyir ki, sən dəsmalı atama veribsən. Hə, bir də deyrlər ki, sən Vətən olmusan, bayraq olmusan. Mən məktəbimizdəki bayrağa baxıram həmişə səni görürəm. Xocalıda uşaqları öldürən 100-dən çox pis adamı təkbaşına öldürübsən. Müəllimimiz bu gün sənin anana yazdığın məktubu bizə oxudu. Mənim yadımda qalıb istəyirsən sənin üçün yazım…
Burada Milli Qəhrəman Mübarzi İbrahimovun məktubu oxunur.
Sabahsa biz məktəbdə hamımız sənin anana məktub yazacağıq. Dünyanın ən əziz və mehriban anasına…Biz indi heç nədən qorxmuruq. Axı, sən bayraq olub bizi qoruyursan…Müəllimimiz deyir ki, sən elə bir bayrağa çevrilibsən ki, biz həmişə səni görəcəyik. Bu, bayraq həmişə dalğalanacaq.

Комментариев нет:

Отправить комментарий