Страницы

27.01.2011

"Telekanala məktub"

Bəxtiyar Hidayət


Hörmətli telekanal. Indi sizin əsas diqqətiniz iki şeyə yönəlib-bunu bilirəm. Şouproqlamlara və möcüzələrə. Bu məktubla şouproqlamlara aid heç nə deyə bilmərəm. Çün siz bu məsələləri məndən yüz dəfə yaxşı bilirsiniz. Sizlərə möcüzələr mövzusunda mövzu vermək istəyirəm. Belə ki bilirəm, sizin möcüzələrinizin təxmini obyektlərini. Ya itnən pişiyin dostluğu, ya ördəknən toyuğun sevişməsi və ya camışın ağ bala doğmsaı və sair bu kimi məsələlər. O boyda yolu gəlib iki dəqiqəlik veriliş çəkib gedirsiniz. Bilirəm arada burulub hökumət adamları ilə də görüşürsünüz. Amma mən bu barədə də danışmaq istəmirəm. Hələ heç sizə demirəm də ki ölkədə problemmi yoxdu çəkməyə?
Ay olaydı kəndimizin vaxtı, mən sizə elə möcüzə çəkdirərdim ki. Kəndçimiz Kərim kişi bir sıpa almışdı. O qış sıpanı saxladı qoyunlarla bir yerdə. Sıpa əməlli-başlı öyrəşdi qoyunlara. Yazda qoşuldu qoyun sürüsünə. Nobata gedən gənc çobanların ilk qazancı oldu o sıpa. Və siz bu barədə bir şey çəkə bilsəniz dünyaca məhşur olardınız. Allah erməninin evini yıxsın. Sızin də əlinizdən bu fürsəti aldı bizim kəndi almaqları ilə. Elə o sıpa da kənddə qaldı. Yəqin indi də erməninin sürüsündə gəc çobanların ilk qazancı olur. Çoban çobandı- nə ermənisi, müsəlmanı. Hamısının qazancı birdi.
Amma mən sizə yenə də bir mövzu verə bilərəm. Daha özünüzü öldürməzsiniz mövzu deyə. O nəydi o gün 500 km yol qət eləyib bir dağ kəndinə getmişdiniz- nədi nədi canavar bir qoyun yeyib. A balam, canavar gedib bazardan nisyə ət alası deyil ki..
Bilirəm, bizim canavarxislət məmurlar sizi maliyyələşdirir deyə onların adam yeməyini çəkə bilməzsiniz.
Bir sozlə məndə elə bir möcüzə fakt var ki sizi istədiyimdən verirəm o mövzunu sizə. Yoxsa başqa kanallar ölsə də onlara kömək etmərəm. Nəysə quşum qonub ee sizə. Amma nə meyxanaya görədi bunlar, nə falçılara görədi və nə də şouxanaya görə. Heç özüm də bilmirəm nəyə görədi.
Mənim mövzum itnən eşşəyin dostluğu barədədi. Inanın bu barədə bir şey çəksəniz reytinqiniz qalxacaq it ulartısı qalxan yüksəkliklərdən də uzağa. Qısası -danışıram bu barədə.
Ermənilərin lap burnunun ucunda(burunları ilə məhşurdu kopayuşağı onsuz da) yerləşən Yəhər qayanın altında bizim ot yerimiz var. Atamı nə qədər çəkindirmək istəsək də bu yerdən əl çəkmədi ki əl çəkmədi. Guya oranın otu meşə otudu və meşə otu da heyvandan ötrü can dərmanıdı. Daha kəpəyə -zada ehtiyac yoxdu. Axır məcbur olub bu il də Yəhər qayanın altındakı ot yerimizi biçəsi olduq. 10 km yolu altan yuxarı qalxmaq həqiqətən zülümdür. Nəhayət atam qocalığı boynuna aldı-
-Yeriyib getmək olmur. Get Malikdən eşşəyi al. Denən yaxşı palannasın.
Əmoğlu Malik etiraz etmədi-
-Günorta gərmə yandırın eşşəyin yanında. Yazıqdı, göyöyün öldürməsin.
Sən demə əmoğlunun iti də eşşəyə öyrəşibmiş. Nə qədər elədik eşşəkdən əl çəkmədi.
- Orda saldatların cırımdartan itlərini görüb qaçar bu tula qırığı-dedi atam.
Atam əsgərlər üçün də 8-9 qutu “Astra” götürdü. Mən də əsgərlər üçün bir araq, bir az da kolbasa götürdüm.
Yola düzəldik.
\\\\\\\\\\\\\\\\
Məkana çatıb bir az yorğunluğumuzu aldıqdan sonra işə başladıq. Bir az keçmişdi ki yanlarında da iki cırımdartan it dörd əsgər gəldi. Salam-kəlamdan əvvəl siqaret istədilər. Siqaret qutularını görüb çox sevindilər. Sonra dartıb kərəntiləri əlimizdən aldılar. Az qala yeri yarı elədilər. Uzaqdan bir səs onları çağırdı ki komandir posta qalxasıdı. Əsgərlərin getdiyini görüb mən də arağı və kolbasanı zorla verdim onlara-Mən də əsgər olmuşam. Bilirəm bunlar nə deməkdi.
Əsgərlər gedə-gedə-
-Dayı, istəyirsiz heç yığmağa gəlməyin. Boş adamlarıq onsuz da. Komandir də ki buralarda olmur. Yığarıq özümüz.
Atam razı olmadı-
-Elə biz də boşluqdan gəlirik . İş yox, güc yox.
Əsgərlər getdi
Atam-
-Gördün, Malikin iti nətəri əkildi aradan?
-Həə o yekə itləri görən kimi sirillaha çəkildi.
-İndi Maliki dindir, deyəcək ki ola bilməz. Guya bunun iti it yox, pələngdi.
Bizdən bir qədər aralıda Nəsrəddin ot biçirdi. O kəndin yerli sakini idi. Bu neçə gündə günorta yeməyinə bir süfrə başında oturardıq.
Günorta yeməyinin vaxtı gələndə atam onu çağırdı-
-Gəl ay Nosu, abedin vaxtı keçdi
-Gəlirəm , ocağı yaxşı qalayın. Közdə kartof bişirərik.
-Yaxşı, tez gəl.
Bir də onu gördük ki Nəsrəddin qatığı tökülmüş qarı kimi donquldana-donquldana gəlir-
-A kişi, sənə neçə dəfə demişəm bu kopayuşağı saldatlara üz vermə. Yenə tüstülədə-tüstülədə gedirdilər.
-Yazıqdılar a Nosu, görmürsən nə gündədilər?
Mən lap acıqlandım-
-İt haravanın kölgəsində yatır elə bilir öz hünəridi. Burda onların səbəbinə durmuşuq.
-Əə bir sən kiri. Onun hamısı hörümçəkdən can alır. Sabah erməni gəlsə sənnən-mənnən qabaq qaçacaqlar. Komandirləri bütün günü bazlıqdadı. Nə yeməkləri ilə maraqlanır nə də geyməkləri ilə. Özbaşına şeylərdi. Komandirləri kiminsə adamıdı. Bir az burda komandirlik eləyib gedəsidi qabağa. Deyəsən deptat oğludu. O gün atasını göstərirdilər. Deyirdi mənim oğlum erməniynən 40 metrə məsafədədir. Yalansa oğlun meydini tapa bilməsin sənin.
Atam da hirslənmişdi-
-Əə mən nə hərrəyirəm kimandir kimin adamıdı. O saldatlara yazığım gəldi. Vəssalam. Səni cıran nədi?
-Dayı. Köpəkuşağı yemək torbasını oğurlayıb.
-Ay Nosu, insaf da yaxşı şeydi. Onalar heç sən tərəfə hərlənmədilər ki.
-Yəqin iki dəstəyə bölünüblər. Acından qırılır hamısı. Televizorda göstərdikləri ayrı şeydi, bunlar ayrı.
Nosu az qala bizi də inandıracaqdı. Hətta əsgərlərdən bu qədər incik düşməsinin səbəbinio də açıqladı. Ötən il sərgidən qalın paltarlarını oğrlayıbmışlar. Komandirlər də lap qudurub. Fahişələrin nırxını qaldırıb kənddə zabitlər. Nosu qalıb əli boşda.
-Ay Nosu dedim-burdan gedib kənddən paltar oğurlamaz əsgərlər.
-Bunlar olmasın kənddəkilər olsun.
Atam birdən əmoğlunun tapşırığını xatırladı-
-Gör gərmə tapa bilirsənmi? Eşşəyi göyöyün öldürdü indi. Biz də ona qədər süfrə açarıq.
Mən gərmə yığmaq üçün aşağı endim.
Birdən bir zingilti səsi eşitdim. Elə bildim əsgərlərin itini Nosu daşla vurdu. Amma atamın dedikləri mənim zənnimdə yanıldığımı göstərirdi-
-Səni mərətə qalasan. Malik də deyir itim var.
Və atam bununla da itin bizim it olmadığını Nosuya dolayısıyla qandırmaq istəyirdi
Nosu da deyinirdi-
-A kişi Malikə de gəlsin ona elə küçük verim ki, bu haranın salaxantasıdı saxlayır.
Mən də yuxarı qalxdım. Əmoğlunun itinin boğazına keçmışdi Nosunun torbası.
Indi hörmətli redaksiya neçə gündü əmoğlu da iti salıb gözümçıxdıya. Əlinnən xata da çıxa bilər. Bunun da maddəsi yox, polisdən qorxmağı yox. vurdu-vurdu. Itin başına bir iş gəlməmiş özünüzü yetirin biz tərəflərə. It və eşşəyin dostluğunu çəkin tarixin yaddaşına. Bəlkə itnən eşşəyin səbəbinə biz də tarixə düşək.
Aygünnün, Elzanın səbəbinə it, pişik tarixə düşür. Biz də tərsinə-itin, eşşəyin səbəbinə tarixə düşək. Gələsi olsanız əvvəlcədən zəng edərsiniz. Sizi itin də eşşəyin də adına layıq qarşılayarıq.
Hörmətlə xalq müəllimi Bəxtiyar Həsənov.
Ünvan zərfin üstündədir. Telefon -055 624 40 37

Комментариев нет:

Отправить комментарий