Страницы

30.01.2011

Cənublu islamçılar və onlardan tapılan silah-sursat

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və onun yaxın qohumlarının həbsindən sonra bir sıra din xadimlərinin kütləvi saxlanılmasına başlanıldı. Şimaldan-Qubadan başlanan bu həbsetmələr sonradan Gəncəyə, oradan da cənub bölgəsinə ayaq açdı

Bu il yanvar ayının 21-də İslam Partiyasının Astara Rayon Komitəsinin sədri Ruhulla Axundzadənin evində axtarış aparılıb. Bakıdan Astara şəhərinə yollanan Respublika Prokurorluğu istintaq qrupunun üzvləri evin həyətyanı sahəsindəki köməkçi tikililərin birində silah-sursat aşkarlayıb. Ruhulla Axundzadəyə məxsus evdə avtomat silah, qumbara, güllə və daraqlar tapılıb. Sonrakı gün isə Ruhulla Axundzadə Bakıya aparılıb.
Bu barədə “Yeni müsavat” qəzetinə AİP Baş Məclisinin üzvü Natiq Kərimov məlumat verdi. Qeyd edək ki, hazırda Azərbaycan İslam Partiyasının sədri, sədr müavini, eləcə də sədrin iki yaxın qohumu və Astara təşkilatının sədri R.Axundzadə həbs olunublar. Evindən silah-sursat tapılan AİP Gəncə təşkilatının sədri isə İraqda olduğundan saxlanılmayıb.
Eyni zamanda son iki həftə ərzində saxlanılan 4 ruhani barəsində həbs-qətimkan tədbiri seçilib. Bunlardan ilahiyyatçı Zülfüqar Mikayılzadəyə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb və onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O cümlədən, Gəncədən olan dindarlar Azər Cəbiyev və Fəxri İlyasov barəsində də Cinayət Məcəlləsinin 221.3 (qrup halında xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Həbslərin ilk günlərindən saxlanılan AİP mətbuat katibi Akif Heydərli haqqında isə heç bir məlumat yoxdur.
Beləliklə, ölkədə həbslərin başladığı iki həftə ərzində saxlanılan 4 AİP üzvü və 4 ruhaniyə qarşı ittiham irəli sürülüb. Eləcə də, daha 2 AİP üzvü həbs olunub, 1 nəfər isə axtarışdadır. Yanvar ayının 24-də isə bu siyahıya daha bir nəfər- Masallı rayonunun Xıl kənd sakini, kəndin Axundu Fəramiz Abbasov da əlavə edildi.
Ölkə televiziyası ilə yayılan rəsmi məlumatdan aydın olur ki, Fəramiz Abbasovun həyətində 2 bağlama aşkarlanıb. Bağlamaların birində 20 ədəd F-1 əl qumbarası, həmin qumbaralar üçün nəzərdə tutulan 20 ədəd alışqan, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tirotil şaşka aşkarlanıb. Digər bağlamada isə 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silah üçün ümumilikdə içərisində 70 patron olan 3 ədəd sandıqça və bir də “Naqan” tipli tapança aşkar edilərək götürülüb.
Həmin gün Fəramiz Abbasovun həbs edilməsinə etiraz əlaməti olaraq Xıl kəndinin 100-dən artıq sakini Masallı Rayon Polis Şöbəsinin qarşısına toplaşıb. Axşamüstü həmin etirazçıların dəstəsi polis tərəfindən zorakılıqla dağıdılıb.
Olayla bağlı Fəramiz Abbasovun oğlu Əmin Abbasov bizə aşağıdakıları bildirib:
- Yanvar ayının 24-də bacım tövlənin banından inəklər üçün yem götürmək istəyərkən orada avtomat silah və qara çanta görüb. Tez anasına xəbər verib. Onlar həmin avtomat silahı və silah-sursat dolu torbanı gətirib həyətin ortasındakı qumun üstünə atıblar. Bacım və anam nə edəcəklərini bilmədiklərindən bunu qonum-qonşuya xəbər verir və gözləyirlər ki, Boradigah qəsəbəsində hüzr məclisində olan ev sahibi gəlsin və müvafiq orqanlara xəbər versin. Elə bu vaxt onlarla polis işçisi həyətə doluşub, birbaşa tövləyə doğru gediblər. Bu vaxta qədər isə Fəramiz Abbasov Boradigahdakı hüzr məclisindən çıxardılaraq polis şöbəsinə aparılmış və oradan qolu qandallı öz həyətinə gətirilmişdir.
Əmin Abbasov bunu atasına qarşı təxribat sayır. O bizimlə söhbətində daha sonra bildirib ki, biz silah saxlayan olsa idik, onu çıxardıb həyətin ortasına qoymazdıq. Niyə polislər həyətə girən kimi birbaşa tövləyə doğru getdilər. Bütün kənd danışır ki, hadisənin baş verdiyi gündən əvvəlki gecə evimizin ətrafında şübhəli maşınlar və şəxslər dolaşırmışlar. Konkret şahidlər var. Onlar görüb ki, bu şübhəli şəxslər yerli sakinləri görəndə idman papaqlarını üzlərinə çəkib, sifətlərini kənara çeviriblər. Əvvəl bu silah-sursatı evimizə atmaq fikrində olublar. Bu alınmayanda tövləyə üz tutublar. Onu da bildirim ki, polislər bizimlə çox nalayiq hərəkət etdilər. Söyür, təhqir edir, bir çoxumuzu döyürdülər. Hətta yaşlı bibimi də döyüb təhqir etməkdən çəkinmədilər. Allahşükür adlı polis işçisi daha çox fəallıq edirdi. Hansı ki, atam vaxtı ilə ona çox hörmət etmişdi. Bizi döyüb təhqir edən digər polisləri də tanıyıram və onları bu əməlinə görə məhkəməyə verəcəyəm. Onu da bildirim ki, bizim tövləmizdən tapdığımız silah-sursat televiziyada göstəriləndə bir neçə dəfə şişirdilib. Biz bu işdə öyrədilmiş adamların izinə düşmüşük və yaxın vaxtda onların əməllərini detalları ilə açıqlayacağıq.
Həmçinin müxtəlif mənbələrdən öyrənə bildik ki, Fəramiz Abbasovun 56 yaşı var. 5 oğul və 3 qız atasıdır. Bir oğlu həyat yoldaşı ilə birgə İranda yaşayır və Qum şəhərindəki İmam-Xomeyni Universitetində təhsil alırlar. Fəramiz Abbasov son vaxtlar İranın Səhər-2 kanalında bir neçə dəfə kəskin çıxışlar edib. Həmçinin o, radikal çıxışları ilə seçilirmiş. Fəramiz Abbasovun müdafiəsi üçün vəkil tutulub. Onun müdafiəsi ilə bağlı imza toplandığı bildirilir. Hazırda haqqında cinayət işi açılan Fəramiz Abbasov Bakıya aparılıb.
Elə həmin gün İslam Partiyasının Masallı RayonTəşkilatının sədri Hacı Elnur da polis tərəfindən saxlanılıb və qısa müddətdən sonra azad edilib.


                                                        cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий