Страницы

16.01.2011

Ədəbiyyatın gətirəcəyi azadlıq, ya azadlığın gətirəcəyi ədəbiyyat!

Sabutay
"Çərçivəsiz" ədəbi qrupu

Azadlıq radiosu bu yaxınlarda yaxşı bir disskusiyanın bizlərə təqdim etdi. Bu söhbət “Türkiyəli naşir Azərbaycan yazıçılarını professional saymır?” nidasında təqdim edilsədə əslində söhbətin ana xətti “Bu yazar, bu da bazar...” mövsusunda müzakirənin açılması idi. Müzakirədə yazıçılar Fəxri Uğurlu və Pərviz Cəbrayıl, Bakıdakı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və Türkiyənin "Kaknüs yayınları" nəşriyyatının sahibi Muhammed Çiftçi iştirak ediblər.
Söhbət kitabdan gedirsə niyə də bu diskussiya geniş şəkildə davam etməsin? Şəxsən məni bu diskussiyada səsləndirilən nə kitab bazarının formalaşmaması, nə nəşriyyat problemləri, nə yazıçı-qonarar məsələləri ən azı indi maraqlandırmır. Və mənim istədiyim bir qədər fərqli baxış bucağına kiçicik nəzər yetirməkdir. Fikirləşirəm ki, diskussiyalar davam edərsə tam başqa fikirlər də üzə çıxa bilər. Hələliksə qayıdaq diskussiyaya.
Girişdəcə Fəxri Uğurlu deyir ki, kitab bazarı hələ formalaşmayıb. Tam düz. Amma formalaşacaqmı, bu nə vaxt olacaq? Nə üçün formalaşmır? Bəlkə onun formalaşmasından əvvəl formalaşmalı dövlət lazımdır? Son 10 ildə paytaxtda cəmi on kitab satış mərkəzi təşəkkül tapmağa İCAZƏ alınıbsa ölkənin qalan hissəsində kitab təsərrüfatı yaratmaq neçə əsr tələb edəcək?
Kitaba dövlət nəzarəti yox, dövlət dəstəyi olmalidir. Bunu Şahbaz bəy deyir. Dövlətin dəstəy verəcəyinə kimsə inanırmı? İnanmırsa bunları illərlə söyləyib gerçək yoldan niyə sapınaq?
“ Bəs Azərbaycanda o 100 milyon nəyə ayrılır? Bəlkə də kitabın oxunmamasına ayrılır.” Pərvizin bu fikri söyləmək istədiklərimi daha aydın ortaya qoyur. Amma bir az da aydınlaşdırım, əgər ədəbiyyat güclü bir silaha çevrilmək halına gəlsə o zaman onun yayımçılarını rüşeyimindəcə sıradan çıxarmayacaqlarmı. O silah ki, gəncliyin beynində intibah marşını səsləndirəcək, cəmiyyətə impuls verəcək gücə malik ola bilər. Mən heç də sovetlərin ədəbiyyata ideoloji tərifini təkrarlamıram. Amma elə bir vaxt gəlir ki, Bethoven ağır əsərlərini kənara qoyub inqilab şeypuru üçün not yazır, Üzeyr bəy operalarını saxlayıb marş sədalarını səsləndirir. Elə bir vaxt gəlməkdədir ki, “Əlvida, silah” demək yox həmin vaxtı qarşılayacaq, gəlişini sürətləndirəcək ədəbiyyatın yaradılmasını fikirləşmək lazımdır.
Məhz azadlıq missiyasında verə biləcəyi gücünə görə ədəbiyyat bizdə həmişə inzibati rıçaqlar tərəfindən zorlanıb. Bir azda irəli getsəm deyə bilərəm ki, ədəbiyyat üzərində rəsmi basqıdan əlavə 3-4 mühitcığazın monopoliyası da mövcuddur. Dost-tanış qrupları hələ də yerini fikir ədəbiyyatına verməyib. Azərbaycandakı bütün sahələri əhatə edən qrupbazlıq ədəbiyyatdan da yan keçməyib. Müəyyən tarixi dönəmlərdə müxtəlif ölkələrdə meydana gələn və ədəbi intibaha səbəb olan ədəbi dərnəklər fikir və öz fəlsəfi bazaları ilə nəinki öz ölkələrinin, hətta digər ölkələrin ədəbi qalxınmasına səbəb olurdu. Ölkənin yazarları öz baxış bucaqları və ədəbiyyata yanaşma baxımından feodaldırsa feodal cəmiyyəti necə ifşa edə bilər. Adi bir misal. Bizdə sayt yaranırsa onun sahibi haqqında elə həmin saytda mütləq onun adı çəkilən yazılar peyda olur. Məsələn bir vaxtlar Samir Sədaqətoğlu cəmiyyətimizdə yazıçı kimi ad hallanması ilə müşayət olunurdu. Kimsə ona yazı itihaf edirdi, adı tez-tez çəkilirdi. Bu vaxtlarda o, yaxşı bir ədəbi qəzetin redaktoru idi. Vaxt ötdü, ədəbi aparıcılıq başqalarına keçdi, Samirin yazıçı olaraq xatırlanması dayandı. Yəni, bizdə mövcud xırda-xırda yazar qrupları üzərində milçəy olan kafe masası arxasına yığışmış adamlardan ibarətdir.
Fəxri bəyin dediyi kimi, ümumiyyətlə bizdə bazar iqtisadiyyatı yoxdursa kitab bazarından danışmaq vaxt itkisi deyilmi? Bəlkə diqqəti ona cəlb edək ki, mən sadə azərbaycanlıya bu dövrdə Makedoniyalı İskəndərdən bəhs edən hekayə yox, məhz mənim öz həyatımın ədəbiyyatı maraqlıdır? Dedektiv əsərləri, fəlsəfi-psixoloji mətnləri, lap elə sevgi romanlarını da mən dünyadan tapıb oxuya bilərəm, zira azərbaycanlının həyatı burada yaranır və eləcə də dünya bu həyatı bizim yazıçımızın qələmindən oxuya bilər. Necə ki, “Əli və Nino” bizim həyatımızın göstəricisidir və dünyanın oxunan romanıdır. Belə götürəndə sadə bir roman, sadəlik üzərində əslində dünyanın siyasi düzəninə də toxunan və başlıca ideyanı-azadlığı göstərən bir əsər. Qafqaz, Rusiya və İran, neft, Qarabağ, mili münasibətlər və yeni dövlətlərin azadlıq nəğmələri….Məgər indi də dünyadan bu sözlər bizə yönəlikdə tez-tez eşidilmirmi? Məgər bu sözlərdən qurulu səngərlər arasında yaşamırıqmı? Məgər bu səngərlərdə indi də güllənən, həyatı məhv edilənlər yoxdurmu... Əlbəttə, əsərdə bu sözləri qışqıraraq yazmaqdan yox, bu səngərlər içindəki real həyatımızı göstərəcək mətndən söhbət gedir. Qısası, kitab oxunmamasını heç də pulsuzluğa bağlamamalıyıq. Cəmiyyətə və insanımıza yaxın əsər bazar-mağaza olmasın, lap elə samzdat olsun, mütləq axtarılacaq və qiymətləndiriləcək. Siqaret qədər, çörək qədər ədəbiyyatımız insanımıza yaxın deyilsə onu meyxanaya qulaq asmaqda günahlandırmaq lazım deyil. Bundan əvvəlsə 20 ildir lord kimi parlamentdə oturmuş deputatdan bəhs etmək daha yaxşı olardı.
Ən yaxşı və ən gərəkli ideyaların yayıcısı ədəbiyyat olub. Indi ötən əsrin 80-ci illərinə baş vuraq. İlk mübarizə illəri başlayanda samizdat qəzetlər və kitabçalar, milli problemlərimizlə bağlı , ədəbiyyata dair çoxsaylı nəşrlər yüksək tirajla alınır və əldə edilirdi. Bunun bircə səbəbi var idi. Insanlar ictimai həyatdan kənara atılmamışdı, bu nəşrlər onun həyatına yaxın idi. İnsanlar sabahın onun öz əlində olduğuna inanırdı. Səhf etmirəmsə “Gənclik” jurnalının tirajı 100 min idi. Nə üçün? Çünki insanlar azadlığı duymaq istəyirdilər. Sovet hakimiyyətinin pambıqlı-üzümlü baş kəsdiyi vaxtlarda belə ən sadə kənd adamı da güclə çatan dalğalarda xarici radoları dinləyirdi. Öz ölkəsində baş verən həqiqətləri həmin nəfəslikdən bilmək üçün. Elə sadə azərbaycanlı yenə də həmin nəfəslik qədərində olacaq belə azadlığı ədəbiyyatımızdan ala bilər.
Bu baxımdan ən yeni ədəbiyyatın manifiesti sadə azərbaycanlıya gülən və ya reallığı virtuallığa yuvarladan və ya da gender-mender problemi deyil, məhz azadlıq ideallarıdır. Axundovu sevməyə haqlıyıq, məhz ona sevgi alt xəttdədə olsa da, əsərlərindən azadlıq ideallarının keçməsindən yaranır, xalqın hansısa məişət məsələsinə gülməkdən yox. Çünki o dövrdə ən böyük problemlər məhz milli dövlətçiliyin olmamasından doğurdu. Və indi azərbaycanlı sadə insanın bisavadlığından doğan Novruzəliliyinə gülmək yox, onun savadlı və şüurlu həyatına qənim kəsilən təhsil terrorunu hədəf etmək lazımdır. Rusiyanı inqilaba hazırlayan ədəbiyyatdan, böyük ziyalı ordusunu bu ölkəyə bəxş edən ədəbiyyatın missiyasından danışmaq istəmirəm. Amma ən azı bircə Turgenevi xatırladaq. “Atalar və oğullar”. Bizim ədəbiyyatda atalar və oğulların qarşıdurması sayılacaq və ya yaradılacaq mətn yoxdur. Cəmiyyətimizdə oğullar elə hey estafeti atalarından alıb eyni missiya ilə davam edir. Heç olmasa bu missiya ədəbiyyatımızda dayandırılmır. Halbuki bizim bu dəqiqə atalar və oğulların çarpışmasına ciddi ehtiyacımız var. Bu çarpışmanı ədəbiyyat gətirməliydi. Əlbəttə, mən Təhminənin üstündə atasına qarşı çıxan meşşan oğul Zaurun mübarizəsindən danışmıram. İdealların və ideyaların çarpışmasından bəhs edirəm. Söhbətə şərh yazmaqdan kənara çıxdığımın fərqinə vardığımdan buradaca nöqtə qoymaqdayam, baxmayaraq ki, disskusiyada səslənən digər fikirlərə də toxunmaq olardı. Amma yekun belədir. Mübarizələrdən, çarpışmalardan keçsə də qarşıdan mütləq gələcək və görünən bir intibahımızın ilk sədaları eşidilməkdədir. Bu intibah bizə yaxşı nə varsa onu yaratmağa imkan verəcək. Bu diskussiyada səslənən qiymətli fikirlər də əslində o vaxt həllini tapacaq. Amma o intibahı yaxınlaşdırmaq üçün tələbə ədəbiyyatı, gənclik ədəbiyyatı, bir sözlə azadlıq ədəbiyyatının yaranması yaxşı olardı. Intibah onsuz da bizə xaricə çıxacaq, özünüifadə edəcək peşəkar yazarlarımızı, oxucu kütləsini, kitab bazarını da verəcək. Gerçəkdən ən yeni ədəbiyyatın yaranmasına ciddi ehtiyac var.
Ya azadlığın işığını ədəbiyyatımız gətirəcək ya da azadlıq ədəbiyyatımızın problemlərini həll edəcək. Amma bu gün ədəbiyyatın tarixi yolu konseptual olaraq mütləq diqqətə gətirilməlidir.

Комментариев нет:

Отправить комментарий