Страницы

17.02.2011

Azərbaycan xatirələri - IV Yazı

Əfşar Süleymani

Dediyim kimi 1992-93-cü illərdə Heydər Əliyev iki dəfə İranda səfərdə olub. Bu səfərlər əsnasında prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti və Müstəzəflər Fondunun sədri Mohun Rəfiqdust ilə görüşərək müzakirələr aparıb. Əlbəttə ki, bu danışıqlarda əsas mövzu Naxçıvan əhalisinin problemlərinin həlli idi. Birinci səfərin yekununda Heydər Əliyev və Əli Əkbər Vilayəti tərəfindən protokol imzalandı. O sənəddə İran öz öhdəsinə götürdü ki, Naxçıvanın işıq, yanacaq, ərzaq və İrana rahat gəlib qayıtmalarının, eləcə də Naxçıvan əhalisinin İran ərazisi vasitəsilə Bakıya gediş-gəlişlərinə və Naxçıvanda İranın Baş Konsulluğunun açılmasına şərait yaratsın.

Ardıcıl olaraq sənəddə dərc olunan bütün məsələlər öz həllini tapdı. Heydər Əliyev və İrandan gələn məsul şəxslərin iştirakı ilə keçirilən “İrandan Naxçıvana gün ərzində 40 megvat işığın ötürülməsi” və “Poldəşt- şahtəxti müvəqqət korpusu”nun açılış mərasimində iştirak etdim. Dəfələrlə AzTV kanalı Azərbaycan və Heydər Əliyevlə bağlı göstərdiyi materiallarda bu tədbirlərin də filmlərini nümayiş etdirib.

Heydər Əliyev müzakirələrdə çox səmimi və doğma kimi iranlılarla yanaşırdı. Xatırlayıram ki, o, Mousun Rəfiqdustla görüşəndə zarafatla “Məndə olan məlumata görə keçmiş Şahin və onun həyat yoldaşının əmlakı sənin fondunun əhatəsindədir. Mən gəlmişəm Tehrana sizə deyəm ki o əmlak təbii ki, İran millətinindir və tarixə əsaslansaq Azərbaycan milləti və Naxçıvan əhalisi də İran milləti ilə bir olublar və bu səbəbdən də siz Şahin qoyduğu sərvətdən Naxçıvan əhalisinin payını qaytarmalısınız”-dedi. Bu anda 2 tərəfin müzakirədə iştirak edənləri, o cümlədən Heydər Əliyev və Rəfiqdust güldülər.

Rəfiqdust isə Heydər Əliyevin ortaya qoyduğu məsələ ilə bağlı zarafatcasına dedi ki, sizin dediyiniz tarixi fakt düzdür, amma təəssüf ki, şah İrandan qaçanda naxçıvanlıların payını özü ilə aparıb. Amma mən çalışacam Naxçıvan əhalisinin problemlərinin həlli üçün əlimdən gələni əsirgəməyəm. Ancaq Rəfiqdustun sədrlik etdiyi fond Naxçıvan məsələlərinə zəif yanaşdı və ona görə də gücün çoxu bizim və şərqi Azərbaycan valisinin, o cümlədən Əbdüləlizadə və həmkarlarının üzərinə düşdü.

Azərbaycanın XİN-i Xalq Cəbhəsi hakimiyyəti zamanı Heydər Əliyevin Tehrana birinci səfərindən sonra İran səfirliyinə etiraz notası verdi və xatırlatdı ki, Tehranın Heydər Əliyevlə əlaqələri və onu İrana rəsmi səfərə dəvət edilməsi düzgün deyil. İran tərəfi də cavab olaraq xatırlatdı ki, Azərbaycanın daxili işlərinə qarışmır və Bakı Naxçıvanla məsələsini özü həll etsin.

Bundan iki üç ay sonra Milli Məclisin sədr müavini və Azərbaycan-İran müştərək komissiyasının sədri Afiyəddin Cəlilov İran-Azərbaycan müştərək komissiyasının sədri, İranın korporativ naziri Gülmriza Şafeyidən görüşməyi və Naxçıvanla bağlı müzakirə aparmağı xahiş etdi.

O ərəfədə mən Bakıda idim. XİN məndən Təbriz şəhərində keçiriləcək görüşdə iştirak etməyimi istədi. Bakıdan Naxçıvana uçdum. Orada Heydər Əliyevlə görüşdüm, oradan da Təbrizə getdim. Azərbaycanın Tehrandakı sabiq səfiri Abbasəli Həsənov o vaxtlar İranın Bakıdakı səfirliyində tərcüməçi işləyirdi və oda bu görüşdə bizimlə idi.

Mən Afiyyədin müəllimin təkapusundan şübhələndim və Şafeiyə dedim ki, Bakı çalışır Naxçıvan məsələsini İranla özü birbaşa həll etsin və xalqa göstərsin ki, Xalq Cəbhəsi bu məsələləri həll etməyə çalışır, beləliklə də Heydər Əliyevin rolunu kəm rəng eləmək istəyir.

Mən şübhəmin düz olmağını o zaman bildim ki, Afiyyədin Cəlilov israr etdi ki, Naxçıvanla bağlı Şafeyilə bir sənəd imzalasın. Mən təklif etdim ki, bu sənəd imzalansa mütləq neçə ay öncə Heydər Əliyevlə Əli Əkbər Vilayəti tərəfindən imzalanan sənədə də işarə etməliyik. Afiyyədin bəy bu təklifi qəbul etmirdi. Mən Şafeyidən XİN nümayəndəsi kimi xahiş etdim ki, əgər bizim təklifimiz qəbul olunmasa sənəd imzalanmasın. Şafeyi də bunu qəbul etdi. Nəhayət Afiyyədin müəllim məcburiyyət qarşısında bizim təkliflə razılaşdı və sənəddə dediyim amil əsas qoyuldu.

Mən iclasdan sonra Təbrizdən Naxçıvana qayıtdım və imzalanmış sənədin bir surətini də Heydər Əliyevlə təkbətək görüşdə təqdim etdim, Afiyyədin bəyin hərəkətlərindən də danışdım. O, rəhmətlik də dedi ki, Afiyyəddini yaxşı tanıyır... Beləliklə, bu görüş və danışıqlarda Heydər Əliyevlə aramda dostluq yarandı. Ukraynanın paytaxtı Kiyevdəki görüşümüzdə isə məni “köhnə dost” adı ilə səslədi...

Комментариев нет:

Отправить комментарий