Страницы

12.02.2011

“ƏN YENİ ƏDƏBİYYAT” SERİYASINDAN 4 KİTABIN TƏQDİMATI

“Qanun” nəşriyyatının  “Ən yeni ədəbiyyat”  seriyasından nəşr etdiyi kitabların sırasına 4-ü də əlavə olundu. Bunlar  Samir Sarının  “X günü”, Kənan Hacının “Yağ kimi” romanları, Sevinc Çılğının  “Alaçarpa”, Sevinc Pərvanənin “Qadağan saatları” poeziya kitablarıdır.

Fevral ayının 12-də “Əli və Nino” kitab mağazasında adı çəkilən kitabların təqdimat mərasimi keçirildi. Tədbirə hamıdan əvvəl millət vəkili, yazıçı Aqil Abbas gəlmişdi. Sonra yavaş-yavaş ədəbiyyatımızın, jurnalistikamızın  tanınmış isimləri görünməyə başladı. Rafiq Tağı, Pərviz Cəbrayıl,  Zahir Əzəmət, Şərif Ağayar, Firudin Allahverdi, İradə İsaq, Elxan Zal, Əlabbas, Nəriman Əbdülrəhmanlı, Fəxri Uğurlu, Faiq Balabəyli, Tahir Kazımlı, Zakir Abbas və daha kimlər, kimlər... 

Mərasimi giriş sözüylə  “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu açaraq bu layihənin müasir ədəbiyyatımızdakı əhəmiyyətindən danışdı. Naşir qeyd etdi ki,  “Ən yeni ədəbiyyat” seriyasına daxil olan əsərlər seçilən, ən yeni ədəbiyyatın standartlarına cavab verən  əsərlərdir. Fakt göz qabağındadır, bu layihə nə qədər yeni yazarların meydana çıxmasına, tanınmasına, kitablarının nəşrinə səbəb oldu. Məsələn, Kənan Hacının romanı “Ən yeni ədəbiyyat” layihəsinin yaranmasından sonra ərsəyə gəldi.  Mən bir naşir olaraq bu yazarlara minnətdaram ki, bizə inandılar, öz əsərlərini nəşriyyata təqdim etdilər və mən də onları çap etdim və bu kitabların da arxasında öz vicdanımla durmuşam.”

Sonra söz  “X günü” kitabının müəllifi Samir Sarıya verildi. Yazar kitabının araya-ərsəyə gəlməsi haqqında danışdı və sonda onu da dedi ki, bir il keçməz, sizi yenə də sevindirərəm.

Sevinc Çılğın da öz çıxışında “Qanun” nəşriyyatına təşəkkürünü bildirərək bu layihənin davam etməsi arzusunda olduğunu bildirdi.

“Yağ kimi” romanının müəllifi Kənan Hacı bu əsərin ideyasının onda çoxdan yarandığını, amma  “Ən yeni ədəbiyyat” layihəsi yarandıqdan sonra əsəri yazmağa başladığını bildirdi. Yazar  “Qanun” nəşriyyatına, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğluna kitabın çapına görə minnətdarlığını bildirdi.

Sonra  bu seriyada artıq ikinci kitabı nəşr olunmuş Sevinc Pərvanə  çıxış etdi və  “Qadağan saatları” kitabından bir şeirini oxudu.

Havanın soyuq olmasına baxmayaraq, “Əli və Nino” kitab mağazasının qarşısında əməlli-başlı qələbəlik vardı. Opera və Balet Teatrının arxası səmtdə dayananlar  “müxalifət yenə piket keçirir” deyərək oradan uzaqlaşmağa üstünlük verirdi. Gənc yazarlar həmişə olduğu kimi yenə də Aqil Abbasın başına yığışmışdılar.  

Aydın Xan şəkil çəkməkdə məşhur fotoqraf Şahinlə əməlli-başlı yarışa girmişdi; bir-birindən maraqlı anları lentə köçürürdü.

Tədbirin lap sonunda Əvəz Zeynallı öz dəstəsiylə gəlib çıxdı. O da gileyləndi ki, biz gənc yazarları bu qədər təbliğ edirik, kitablarını reklam edirik, hələ üstəlik kitablarına da pul veririk. Siz bizə pul verməlisiniz ey. Bunu  deməyinə baxmayaraq, özünə və dostlarına xeyli təzə kitab aldı. Sağ olsun! 
Beləcə, daha bir Kitab bayramı arxada qaldı. Yazarlarımıza uğurlar arzulayır, davamı olsun, deyirik!

Комментариев нет:

Отправить комментарий