Страницы

11.02.2011

Vəhylər gəlir pomadalı dodaqlardan

Azərbaycanın istedadlı şairi Rasim Qaraca yeni şeirlərini “Qafqazinfo”nun “Kitab evi”nə təqdim edib. Oxuyun, zövq alın... 

Üzümə tökülmüş qadın saçlarının arasından görürəm günəşi,
Xəzər dənizini, tərləmiş limonad şüşəsini, siqaretin burulan tüstüsünü,
sarı-mavi brezenti, BP-nin neft buruqlarını, insanların kölgəsiylə kəsilən zamanı...

Bu mənzərədə mənə ən yaxın olan qadın qulağını görürəm
istidən pörtmüş yanaqları, ağ çanaqlı gözlüyü, gümüşü dırnaq boyasını,
insan dərisinə yapışan qum dənələrini...

Üzümə tökülmüş... qadın saçlarının arasından eşidirəm dənizin xışıltısını,
dişlərim arasında qumların xırçıtısını, fotoaparatın şıqqıltısını...

Hiss edirəm kainatın necə döyündüyünü
vəhylər gəlir qulağıma pomadalı dodaqlardan...

Yanaşı uzandığım bu varlıq həqiqətin özüdür ki var
indi mən əsl həqiqəti tapmış kimiyəm...

Hiss edirəm günəşin,
dənizin,
qumun və
qadının qoxusunu...


Sevgilinin itə çevrilməsi

Ölüm adi şeydir, hər kəs öləcək,
eləcə də sevgililər...

Bax, onun da sevgilisi ölmüş. Orada,
hər zaman paltar yuduğu o kötüyün yanında,
gecənin qaranlığında heç kimsə görməsin deyə diz üstə çöküb ağlayır...

Bir az keçəcək, bir neçə gün
bu ağlamaq səsi kimsəsiz, tənha, yaralı bir itin zingiltisinə bənzəyəcək,
hər gecə ağlayıb zingildəyəcək o qadın,
hər gecə ağlayıb zingildəyəcək...

Beləcə
gənc yaşlarında bir qadın
öz göz yaşlarında əriyib
kimsəsiz,
tənha
və yaralı bir itə çevriləcək...

Keşlə, Keşlə...

Yadıma düşəndə o başdanxarab
Keşlədə, sevgilisinin evində
qapı döyülən zaman
pəncərədən qonşu evin damına
oradan birbaşa qatara sıçrayan o cavan oğlan,
deyirəm keşkə, keşkə...
geri qayıdaydı bir də
qorxu dolu o günlər


Bozarmış qutuların içində sən

Səni unutmamışam...,
yaddaşımdakı rəngli qutulardan birində,
heç kəsin əl çatmadığı
çox dərin bir yerdəsən...
Sadəcə zaman keçib,
qutuların rəngi bozarıb,
onları açmaq da müşkülə dönüb,
üzərində rəsmin belə yox...
Sevgilim, sən bu qutuların hansındasan?

Qaranlıq

Günəbaxanlar,
ey günəbaxanlar,
nə gözəl həyatınız var sizin -
hər zaman günəşə baxarsınız,
nə əcaib, sap-sarı, işıqlı varlıqlarsınız...
Ancaq nədən
yetirdiyiniz meyvələr
sanki günəşlə deyil
qaranlığın özüylə bəsləniblər.


İnsan və dəniz

İnsan dənizə yaxınlaşır
sanki orada qovğalar bitir,
orada yalnız
balıqların səssizcə ağzını açıb yummaları,
tilova düşərkən bəyaz çırpınmaları var,
pis insanlar
öz qarmaqlarını bura da gətiriblər.

Dənizin kənarında sözsüz pıçıltılar var,
bəlkə hələ yalnız baxışlarıyla biri-birinə tutunmuş
gənc sevgililər buna görə sahilə can atar -
dəniz hələ sevginin pıçıltı dönəmindədir.

İnsan dənizə yaxın olmaq istəyir,
bir az daha yaxın,
suya girmək,
pıçıltı olmaq,
və pıçıl-pıçıl olmaq istəyir insan...

Nar

Uçuq divаr kölgəsində
İki könül bir оlаcаq
Yаrı sınıq bu ürəkdə
Yаrı аçıq sir оlаcаq

Zаmаn çəksə pərdəsini
Öl qəbirə gir оlаcаq,
О dünyаyа yаrı könül
Səfər еtmək zоr оlаcаq

Аğlаsаn dа uzаq bаşı
Gözün аltı mоr оlаcаq,
Nəmli həyаt mənzərəsi
Gündüz çаğı tоr оlаcаq.

Sеvgi dоlu bu ürəyə
Yеrin аltı dаr оlаcаq,
Mərmər üstə qаrа şеir
Buz tutаcаq qаr оlаcаq.

Biz gеtsək də bu dаş, divаr
Hələ bir аz vаr оlаcаq,
Yоlа dаşаn budаqlаrdа
Qıp-qırmızı nаr оlаcаq.

Комментариев нет:

Отправить комментарий