Страницы

13.03.2011

Bu dünyada körpə təbəssümündən saf heç nə yoxdur...

Şəhanə Cəfərova                   yuva.az

İstənilən yaşda insana uşaqlığı ilə bağlı sual verdikdə üzünə təbəssüm qonur. Çünki hər kəsin özünəməxsus uşaqlıq xatirələri var. Bu xatirələrin biri o birisindən şirin, biri o birisindən doğma və əzizdir. Rəsul Rza şeirlərinin birində “bu dünyada körpə təbəssümündən saf heç nə yoxdur” - deyir. Yaşadığımız gərgin iş həyatının stressindən uzaqlaşmaq üçün, sadəcə o müqəddəs illərə xəyalən səyahət etmək kifayətdir. Bu günlərdə təzəcə nəşrdən çıxan “Yuva” jurnalının ilk sayını əldə etdim və öz uşaqlıq xatirələrimə qayıtdım.
Mənim uşaqlığım da mənə çox əzizdir. Etiraf edim ki, son dərəcə dəcəl, çoxlu və ən müxtəlif suallar verən, anamın təbirincə desək, “od-alov” olmuşam. Əlifbanın ilk hərflərini tanıyandan cürbəcür macəra və fantastik əsərlər oxuduğumdan iləri gəlir bəlkə də. Bilmirəm... bircə onu bilirəm ki, o illəri yaşadığım ömrün ən saf çağı hesab edirəm.
Bibimgilin ailəsi ilə birgə Ağdamın Gülablısında dincəlirdik. Günorta bizi yatmaq üçün çarpayıya uzadanda yalnız böyüklər yuxuya gedənə qədər yerimizdə səssiz uzanmağa hövsələmiz çatırdı. Elə ki, hamı yatdı, biz o cırcırama istidə ya Qoşa bulağa enər, ya da bibim oğlunun “haydı, dəlilərim haydı” çağırışı ilə meşəyə çırpı yığmağa gedərdik. Məmnuniyyətlə o çırpıları qolumuz, dizimiz cızıla-cızıla yığar, gətirərdik.
Uşaqlığımı göz önümdə canlandıranda qonşu Rəxşəndə xalanın başına eyvandan “təsadüfən” əlimdən saldığım vedrənin qırılması və qorxumdan qaçıb nənəm işdən qayıdıb məni xilas edənədək onun çarpayısının altında gizləndiyim yadıma düşür...
Bir dəfə anamgil bacılarımı mənə etibar edib qonaq getmişdilər. Dəqiq xatırlamıram, ancaq hansısa bölüşə bilmədiyimiz oyuncağın üstündə ağlayan qızların başını yastıqla sıxdığım yadıma düşür. Guya bununla onların ağlamaqları kəsmək istəyirdim. Elə səslərini təzəcə kəsmişdilər ki, qapı açıldı və uşaqları xilas etdilər. Mark Tvenin “Tom Soyyerin macəraları”, N.Nossovun “Bilməzin macəraları”, bütün keçmiş SSR ölkələrinin xalq nağıllarını əzbər bilirdik. Nənəmgilin evlərinin yanında yerləşən pambıq tarlası ilə sahənin tam ortasında yerləşən qoca və əzəmətli çinar ağacına doğru addımlayanda özümüzü məhz həmin əsərlərin qorxmaz qəhrəmanları kimi hiss edirdik. Tozluq olsa da o çinara çatıb gövdəsinə adlarımızı yazar və xatirə əlaməti olaraq cürbəcür əşyalar gətirərdik; çinar yarpağı, budaq, rəngli şüşə qırığı, pambıq qozası və s. Əldə etdiyimiz qənimətlərdən isə böyük zövq alardıq.
Eeh, uşaqlıq illəri... Sanki bir göz qırpımında yaşanıb və bitib. Sanki stolun üstündə nələrin olduğunu bir an əvvəl görmək üçün “nə vaxt boyum uzanacaq?!” deyə düşünən və ürəyində vaxtın keçməməsindən şikayətlənən həmin o körpə qızcığaz mən olmamışam. Hələ əlifbanın öyrənmədiyim hərflərinə baxa-baxa “axı, nə vaxt sərbəst oxuya, yaza biləcəm?!” – deyə düşünən də mən deyildim sanki...
Uşaqlıq dövründə vaxt yaman gec keçirdi. Ətrafımızda olan hər şey maraq doğururdu. Hər şey ecazkar və möcüzəli görünürdü. Sən demə, qarşıda böyük bir həyat imtahanı gözləyirmiş bizi... Güllə səsləri, atışma, doğulduğum evi tərk etmək və bir daha ora dönməyin mümkün olub-olmayacağını bilməmək qorxusu körpə beynimdə fırlanırdı. Böyüklər neçə illərdir yaşadıqları evi, əkib-becərdikləri torpağı düşünürdülərsə, mən sahib çıxa bilmədiyim oyuncaqlarımı düşünürdüm. Hər yay istirahətdən qayıdanda valideynlərimin bizə gətirdiyi hədiyyələrlə bir vaxtlar qonşu uşaqlarının yanımda öyünürdüm, mənim gözəl gəlinciklərim... onları da yağı düşmənə əsir verdim sanıram. Axı, niyə Nərgiz xalanın qızı İradəyə, Vüsaləyə vermirdim oynasınlar?! Bunları düşündükcə qəhər boğur məni. İndi çox uşağa nəsib olan oyuncaq arxivi məndə yoxdur. Oyuncaqlarım məndən elə o vaxtdan inciyib yəqin...
Biraz qəmli oldu bəlkə, amma keçmişini unudan bu günü və gələcəyinin dəyərini bilməz!
İlk sinif rəhbərim Şəlalə müəllimənin mehriban davranışını hələ də unuda bilmirəm. Onu dünyanın ən gözəl varlığı qəbul edirdim. Evimizə telefon çəkiləndə də ilk ona zəng etsəm də dəstək qulağımda susub qalmışdım. Həyəcandan deməyə söz tapmamışdım... Çox təəssüf edirəm ki, müharibə çox sevdiyim Şəlalə müəlliməmə də həsrət qoydu məni. Ayrı düşdük...
Yazdıqlarım acılı-şirinli uşaqlıq illərimin sadəcə bir qismidir. Onları “Yuva” ilə bölüşdüm. Yuvasız qalan bizlərə sahib çıxdığı üçün. “Yuva” oxucuları ilə Qarabağda qoyub gəldiyim uşaqlıq illərimi paylaşdım. Ən qısa zamanda “Yuva”nın növbəti saylarını qaytaracağımız Qarabağ torpaqlarında oxumaq diləyi ilə...

Комментариев нет:

Отправить комментарий