Страницы

29.03.2011

«Masallı Mamed» öldü, yoxsa öldürüldü?!


Penitensiar xidmətin rəisi Mədət Quliyev vurulur, yoxsa vurur?!
Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, “Masallı Mamed” kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib. Bu barədə “Masallı Mamed”in yaxınları məlumat veriblər. Onların dediklərinə görə, “qanuni oğru”nun ölümünə səbəb beyninə qan sızmasıdır. Məşhur avtoritetin Masallıda keçirilən yas mərasimində yüzlərlə şəxs iştirak edib.
“Masallı Mamed” ləqəbi ilə tanınan “qanuni oğru” Məmməd Hüseynov ilk cinayətini 1978-ci ildə törədib. Şahidlərin dediyinə görə, Azərbaycan Xalq Təssərüfatı İnstitutuna imtahan verib Masallıya qayıdan Məmməd rayona getdiyi “İkarus” markalı avtobusda cavan bir qıza sataşan bir nəfərlə mübahisə edib. Qıza qarşı təhqirlərə yol verən həmin şəxsi bıçaqlayan Məmməd həbs edilib.

Cəza müddətini Rusiyada çəkən gənc elə “qanuni oğru” adını da orada alıb. Ona “qanuni oğru” adının kriminal aləminin nəhəng simalarından olan Lotu Bəxtiyar tərəfindən verilməsi barədə də söhbətlər gəzir.
“Masallı Mamed” iki ildən sonra azadlığa çıxmağa nail olur. Amma çox keçmir ki, qanunsuz silah gəzdirdiyinə görə yenidən həbs edilir. 1984-cü ildə həbsdən çıxandan sonra isə o, artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən birinə çevrilir.
1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Amma bu həbs müddəti də çox çəkmir. Məmməd Hüseynov tezliklə azadlığa çıxır.
Onun 90-cı illərin ortalarında Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Dilrubə Camalovanın oğurlanan oğlunun azad edilməsində köməkçi olması barədə də söz-söhbət gəzir. Deyilənə görə, D.Camalova hüquq-mühafizə orqanlarının bu işdə aciz olduğunu başa düşdükdən sonra, kömək üçün məhz “Masallı Mamed”ə müraciət edib. Mamedin köməkliyindən sonra Camalovanın oğlu sağ-salamat geri qaytarılıb.
O vaxtdan bəri Rusiyada yaşayan “Masallı Mamed” sonuncu dəfə Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlib. Amma deyilənə görə, o zaman Moskvadan dəfnə gələn kriminal avtoritetlərə mərhum Hikmətin 7 mərasimini gözləməyə də imkan verilməyib. Həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib.
2006-cı ildə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Masallı Mamed” Füzuli Qulamhüseynov adlı şəxslə birlikdə həbs olunub. Rəsmi versiyaya görə, M.Hüseynovun üzərindən “Makarov” tipli tapança, F.Qulamhüseynovun üzərindən isə narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.
Əməliyyatçılar onları “Neolit” restoranı yaxınlığında həbs ediblər. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Sonuncu dəfə isə 2010-cu ildə ”Masallı Mamed” Masallı Rayon Məhkəməsində hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M.Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.
M. Hüseynov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.
Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
Məşhur avtoritet cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib.
Masallı Mamed öldürülüb, Lotu Quli və Fərhad Əliyev döyülüb?!
Masallı Mamedin ölümündən sonra XuralTAC-a daxil olan informasiyalar rəsmi məlumatları təkzib edir. Bu informasiyalar görə, əslində Masallı Mamed öldürülüb, ölməyib. Bizim çıxdığımız xəbər mənbələri də əslində bu cür informasiyaların dolaşdığını, amma bu xəbərin hələ təsdiqlənmədiyini bildirirlər. Penitensiar Xidmətə yaxın mənbələrimizin dediyinə görə, bu hadisə birbaşa yeni rəis Mədət Quliyevin vurulmasıdır. Mənbə Masallı Mamedin bıçaqla vurulduğunu və bunun nəticəsində həyatını dəyişdiyini deyir.
Amma hadisələrə başqa baxış bucağından yanaşan və Masallı Mamedin ölümünə fərqli münasibət bildirən, eyni zamanda adının çəkilməsini istəməyən sabiq Penitensiar Xidmət işçisi isə bizə bunları söylədi: «Bu, Mədət Quliyevin vurulması deyil. Əksinə, Mədət Quliyevin yerini daha da möhkəmlətməsidir. Mədət Quliyev yeni təyinat alan gündən türmələrdə başqa ab-hava hökm sürür. Birbaşa yeni rəisin özü kolonlara nəzarəti əlinə götürüb. İçəridə məlumatlar dolaşır ki, Mədət Quliyevin iştirakı ilə cəzaçəkmə müəssisələrinə reydlər təşkil edilir. Lotu Qulinin və Fərhad Əliyevin zonlarda yaşadıqları fərqli yaşam tərzinə görə cəzalandırıldıqları, hətta döyüldükləri bildirilir. Məlumatlarda o da bildirilir ki, bu məşhur dustaqlar indi sıravi dustaqlardan da ağır şəraitdə yaşayırlar.»
Mənbə diqqətimizi bir məqama da çəkdi: «Diqqət etsəniz, görərsiniz ki, bu ölkədə hansı məşhur qətl, ya da həbs hadisəsi olursa, istirahət günləri ərəfəsində baş verir. Bu ölüm hadisəsində də belə oldu. 20 mart gecəsi Masallı Mamed «öldü». Həmin gün ölkə mətbuatı 9 günlük uzun bir tətilə çıxırdı və tətilin sonunda artıq bu hadisə böyük bir ehtimalla gündəmdən çıxacaqdı. Elə də oldu. Liviyada, Yaponiyada baş verən hadisələr onsuz da miqyasına görə bu hadisəni sıxışdırıb sıradan çıxaracaqdı, çıxardı da. Nəticədə nə oldu? Hər şey unuduldu…»
Biz hansı versiyanın həqiqət olduğunu dəqiq söyləyə bilmərik. Dəqiq versiyanı zaman və aparılan araşdırmalar ortaya qoyacaq.
Bizə isə zamanı gözləmək qalır…
XuralTAC

Комментариев нет:

Отправить комментарий