Страницы

30.04.2011

Bizim Ştirlits

Həmid HERISÇİ           



 Ştirlitsin qap-qara, son model BMV-si Koroğlunun Qıratı kimi irəli cumub qarşımda dayandı. “Sonbala” BMV-nin parıltılı səthi üzərində əvvəl Bakı gecələrinin dəli füsununu gördüm, sonra öz əksimi, lap axırda bəyin zəif kölgəsini. Adətən, Hollivud filmləri bu cür gecə kadrlarıyla başlar.


Sonra tədricən kinokadrın dəqiqliyini artırıb, miqyasını genişləndirər-reklamlardan sızan əlvan neon parıltılarını, evinə tələsən ən son piyadaları, metrostansiyalarından eşiyə vuran tüstü-buxar sütunlarını da əlavə edər bu uzun kinokadrlarına. Susqun kinoqəhrəmanlarından əvvəl yağışa, küləyə, göydələnlərin hündürlüyünə, gecənin hüdudsuz şeriyyətinə verər ilk sözü. Bəli, peşəkar Hollivud kinokamerası Ştirlitslə mənə əvvəlcə kənardan baxar bir, üzümüzü yox, profilimizi göstərər yavaş-yavaş, aramla. Söhbətimizin ancaq, yalnız ən həlledici anında öz düz baxışını sifətimizə tuşlayar.


-Buyurun içəri. - Reklam parıltılarının solaxay şüaları altında gözlərim qamaşır. Ştirlitsin tanış simasını sonradan sonraya görüb azca rahatlanıram.
- Hara gedək?-onun qalın səsi qulağımda cingildəyir.
- Gecənin dərinliyinə. İstəyirəm sizi orda həm tapım, həm də itirim.
- Yaxşı, bu imkanı sizə indi yaradaram.

SİRR

- Nə vaxt dünyaya gəlibsiz?-ilk sualım biixtiyar dilimdən qaçır. Hardasa Azneft meydanı tərəflərdəyik. BMV-nin rahat sükanını sola burub düz yola çıxınca Ştirlits sualımı cavablandırır:

- 17 rəqəmi mənim numeroloji sirrimdir. 17-sində doğuldum, 17-sində həbs olundum, 17-sində toyum olub. 17-sində Konstitutsya Məhkəməsi deputatlığımı təsdiqləyib. - Ştilirsin qalın, qaltanlı səsi bircə anda tez də dəyişib azca yumşalır. - 17 ay…bəli, 17 ay qazamatda yatdım. Təkadamlıq kamerada. Oranın əvvəlki sakini Əlikram Hümbətov idi. Divarlarda cızdıqlarını mən gələndə suvaqla örtmüşdülər. Tək-tük hərfləri seçmək olurdu ancaq.
Söhbətimizi lentə alan xəyali Hollivud kinokamerası bu an azca titrədi sanki. Ştirlitsin qolundakı saat, üzündəki donuq təbəssüm kinokadrı bəzədi.
-17 rəqəmi Ştirlitslərin rəmzidir. Döyüşə hazırlaşan gizli, məxfi adamların numeroloji rəqəmi sayılır. Çe Qevara son döyüşünə17 döyüşçüylə qatılb. İmam Cəfər Sadıq 17 əsgər toplasa üsyana başlayacaqmış. “17” kabusu, diqqət edin, 17-ci il, 7 noyabrda inqilab etmiş Leninlə Trotskinin də alnına yazılıb. Ən vacibini, səbr edin, deyim indi sizə.
BMV-nin özü də sanki cana gəlib bizə qulaq asmaq istəyir. Hər ikisinin səbrini azca imtahana çəkib astaca pıçıldayıram:
- 1908-ci il Təbriz inqilabının ən həlledici 3 iyul döyüşləri zamanı Səttərxan 17 fədai ilə meydana atılır. Alaqapıdan Əmirxizədək olan uzun məsafədə təslimçilərin asdığı bütün ağ bayraqları vurub yıxır. Fədailərin qırmızı bayrağı ilə bəzəyir bütün Təbrizi. Demək istəyir ki, İmam Cəfər Sadığın arzuladığı 17 əskər artıq ixtiyarımdadır, gəlin qoşulun mənə…Mirzə Ələkbər Sabir rəhmətlik, Səttərxanın bu şücaətinə məşhur “Afərinim Səttərxanədir” şerini qələmə alıb haa, biləsiz. Mən uşaqlıq vaxtı Moskvadaykən Səttarxanın təsbehini, Tudə partiyası rəhbəri İrəc İskəndəridə görmüşəm. Bu təsbehin 17-ci daşı xüsusi işarəylə nişanlanmışdı.
- Nəydi bu işarə?- Ştirlits, bizi əhatə edən sükutu pozmamaqçün sısini alçaldır.
- Vaxt vədəsi gələndə yadıma düşər yəqin. - deyib, əyləşdiyim kreslonun dərinliyinə çökürəm. - Nağılların 7 samurayı hələ romantikdi. Siyasətin 17 samurayı isə nağdı, tam məxfi qəhrəmanlardı. - cümləmim axırını lap qəlizləşdirirəm.
- Həəəə. - Ştirlitsin cavabındakı son incə səs çox uzanır. Lap çox…Bakı gecələrinin son nöqtəsinədək. BMV-nin ön faralarından irəli şığıyan işıq həmləsi, yolboyu gizlənmiş ac pişiklərin gözlərində əks olunur. Sonra parıltıyla geri qayıdır.
Mövzunu davam edirəm:
- Bu 17 rəqəminin sirriydimi, deyin, 16 oktyabr 2003 tarixində sizi Azadlıq meydanına çıxaran? ANS-in çəkdiyi məlum kadrlarda siz əlinizi havada yelləyə-yelləyə xalqı salamlayırsınız, eləmi? Daxilinizdə isə, o dediyiniz 17 rəqəmini salamlayırdınız, məncə.
- Bəli. Bu belədi. 17 aydan sonra həbsdən qurtuldum. Görürsüzmü, nə mən o 17 rəqəminə xain çıxdım, nə də ki, o mənə.
-Gülər Əhmədova, mətbuatda səs-küy doğuran “Bizə inqilab lazımdır” məqaləsində deyir o vaxt meydandakı bir dostuna zəng edib, deyib getmə meydana, bu tələdir. Səni də həbs edəcəklər. -“Səni də “ ifadəsini bir başqa ahənglə səsləndirib onu ayrıca işarələyirəm.
BMV gəlib çıxıb Bayıl tərəflərə. Yuxarı, Badamdara doğru qalxırıq. Döngələrdə diqqətli olmaq lazımdır deyə, Ştirlitsin cavabları vaxtaşırı gecikir.
- Gülər xanımın bu zəngi vicdanın səsiydi məncə. Özü də tək mənə deyil, meydandakıların hamısına bir çağırış idi bəlkə. Ancaq, mən də, başqaları da orda olmalıydıq. Siz demiş “vaxt vədəsi” buna köklənmişdi həmin o dar məqamda. -Dərin “ah!” nidası salonu doldurur. - İntiqam hissindən uzağam. Məncə, müxalifət də ağlını gərək yığsın başına, Səyavuş Novruzovlarla bayağı söhbətini bitirib Ramiz Mehdiyevin, Rəbiyyət Aslanovanın konservativ bəli, fəqət elmi əsərləriylə müzakirələrə girsin. Bu halda biz cəmiyyətimizdəki qarşıdurmaya elmi məzmun vermiş olarıq.
Növbəti yol döngəsini arxada buraxıb sükanı düzəldən Ştirlits qəfil:
- Gedəkmi Azadlıq meydanına? Ora bir də baxmaq istərəm. Özü də sizin sərrast ovçu baxışlarınızla - deyir. Qorxmur, nə qədər təhlükəli olsa da bu, gözlərini yoldan çəkir bircə an. Üzümə zillənir.
Heç nə demədən bu təkliflə razılaşıram.

BİZİM ŞAHMAT MEYDANÇASINDA

Azadlıq meydanına yaxınlaşdıqca fikirlərimi sürətlə ona çatdırmağa tələsirdim. İstəyirdim məhz orda davam etdirək açdığım təzə mövzunu:
- Yaxşı, numerologiyanı qoyaq bir kənara. Vəzityyət ağırdı. Azərbaycan uğrunda Amerika demokratlarıyla respublikaçılar arasında amansız savaşı başlayıb. Respublikaçıların nəzarətindəki senat komissiyası, Obamaya 2 ildi icazə vermirdi Azərbaycana öz səfirini təyin etsin. Sanki Azərbaycan, işə bir bax, respublikaçıların halal ata malıdı…Axırda Obama öz president səlahiyyətlərindən istifadə edərək Brayzanı bizə səfir təyin etdi. Döyüş başladı…
BMV-nin bircə həmləsiylə tam irəli şığıyıb qatı zülmətdən canımızı qurtardıq. Meydanın gur işıqları gözlərimizi qamaşdırdı ilk dəqiqələrdə. Mühərriki söndürüb, açarı yuvadan çıxaran Ştirlits, qısa fasilədən sonra söhbətimizi əvvəlki axarına qaytardı:
- Respublikaçılar həssas bölgə bildikləri yerlərə demokratları yaxın buraxmaq istəmir. Brayzanın da, Obamanın da cəmi 1 illik vaxtı var Azərbaycanda. 1 ildən sonra senat,- o, azca duruxub səhvini düzəldir, - yox, respublikaçılar işə qarışıb Brayzanı geri çağıra bilər. Amerikanın “Yeni Orta Doğu” lahiyəsini hər iki partiya dəstəkləyir. Lakin fərqli şəkildə onu həyata keçirmək istəyirlər. Hə, bu bir il çətin, ancaq maraqlı olacaq bizimçün. YAP-la respublikaçılar…
Cümlənin sonu “Azadlıq” meydanının genişliyində itdiyinə görə onu eşitmirəm. Ştirlis məni irəli aparır-yəqin, 2003-də qərar tutduğu bəlli nöqtəyə.
- Demək, “Yeni Orta Doğu” projesi uğrunda Senatdakı iki zidd qüvvənin davası bu meydana da sıçradı - deməyimlə, onun tanış baxışları tam dəyişir. O, özünə qapanıb bir müddət susur. Sonra yenə baxır gözlərimin düz içinə. Yenə qayıdıram mövzumuzun əzəl mübtədasına:
- Dünya internet provayderləri, Facebook, Tvitter, Google nəhəngləri, Mikrosoft kimilər, bilgisayar istehsalçıları Orta Doğu hadisələrində fəal iştiraklarıyla öz səhmlərinin qiymətini birə on artırdılar. Facebookun kapitallaşmağı yaxın zamanda 1 trillionu ötəcək. Amerika iqtisadiyyatının bu yeni qanadı Demokrat partiyasının, Barak Hüseynoğlunun siyasətinə güvənərək öz gəlirlərini artırır. Bəli, Obama çox bacarıqlı maliyyə meneceridir onlarçün. Misir hadisələrinə söykənərək o, həm iqtisadi, həm siyasi qələbələrini qazandı…İndi qalır postsovet məkanı, o cümlədən Azərbaycan. Yeni inqilab dalğasını elə bu şirkətlərdir də bizdə körükləyən. - deyib, bom-boş Azadlıq meydanına gözdolusu baxıram.
- Respublikaçıların güvəndiyi sənaye sahələri isə artıq köhnəlib Amerika üçün…Facebook olan yerdə, düşünün, respublikaçılar yanlısı ənənəvi mass media, TV-lər kimə lazımdı ee. Bizdəkilər də eyni durumdadır. Mass-mediya, TV-lərimiz facebookla rəqabətə dözməyərək özlərini hakim radikal iqtidarın ağuşuna atır. - o, tunc heykəllərdəki Lenin kimi əlini cibində saxlayaraq, sinəsini önə verir. Bircə qalıb Lenin kimi, sağ əlini tam irəli uzadaraq, əsl həqiqəti demək anı…
Əvvəlcə, Azadlıq meydanındakı qara kölgələrimiz, sonra özümüz gəlib bir nöqtədə qərar tuturuq.

- 2003 faciəsi vaxtı bax burdaydım. Mənim evimə hücum çəkdilər. “Bandotdel” də işgəncələrdən keçdim. Liderlərin izində yalnız mən təkadamlıq kamerada qaldım. Düz 371 gün. 600-dək kitab oxudum həmin vaxt. Əvvəlcə, əsəblərimiz gərginkən, dedektivlərdi istərdi ürəyim. Sonra gəldi daha dərin məzmunlu kitablar…Bir də, Quranın 17-ci “əl-Üsra” surəsi…
Bizi izləyən xəyali Hollivud kinokamerasına məsləhət görərdim kinokadrın miqyasını dəyişsin indi. Bizi kadrda saxlasa da, sürətlə burdan uzaqlaşsın. Uzaq məsafəsədən çəksin meydanda gəzişən bu iki narahat kölgəni. Arada, uzaq Xəzərdə üzən gəmilərin sayrışan işıqlarını da əlavə etsin bu bədii kadra. Durdurumuz yerdə, ümudvaram, nə vaxtsa daha bir kimsənin qolları qandallanmayacaq.

Qalustukda yanılmamaq 

- Cənab Ştirlits, bir tanışım var, hakim radikal iqtidar nümayəndəsidir. Azərbaycan-Amerika əlaqələrini indiki düyünə salan vacib şəxslərdən biridi. Respublikaçılar kimi, fil nişanlı qalstuk taxar. Görəsən, siz belə seçim qarşısında qalsaz nə edər, hansı qalstuku seçərdiniz?
- Qalstukumun əsiri olmaq istəməzdim, vallah. - o, bu nidasını xüsusən vurğulayaraq, vaxtiylə qandallandığı yerdən uzaqlaşmağa başlayır. Məni də çəkib aparır özüylə. - Siyasətə atıldınmı, gərək bəli, qalstukunun növünü düz seçib, düyününü çox dolaşdırmayasan. Belə incə məqamlarda səhv etmək sonra çoxlarına baha başa gəlib. Hətta qalstukun belə, düz seçim etmədiyini göstərirsə, onda heç nə, götür bu qastukunu dar ağacına bağışla.
- Hələ qalstukunuzu seçməyibsiniz?- sualıma cavabını heç gözləmirəm. Bu bədii ricət mənə imkan verir ki, bir başqa mövzunu da qabardım söhbətimizdə.

Aerokratiya 

- Konspirolgiya elmi, tarixin tellurokratiya, yəni torpaq dövrünü türk, müsəlman xalqlarının quru əraziləri işğal etdiyi zamanla bağlayır. Bəli, bizlər vaxtiylə dünyanın əsas strateji yollarını ələ keçirib Qərbi çıxılmaz vəziyyətə salmışdıq. Qərb buna cavab olaraq talasokratiya dövrünü başlayır, yəni dəniz yollarını işğal edib Şərqi mühasirəyə alır. İndiki dövr isə aerokratiya zamanıdır. - deyib, gözlərimi dikirəm Azadlıq meydanı üzərindəki ulduzlu səmaya.
- Demək istəyirsiz, indi ölkələrin göy səmalarını nəzarətə almaq daha sərfəlidir Qərb üçün, nəinki…
-Bəli. Biz öz quru ərazimizdəki Qarabağ savaşını tam uduzduq. Dava indi ölkəmizin hava ərazisi uğrunda şiddətlənib. Onu da uduzarıq, yaxud artıq uduzmuşuq… İtkilər də var… Rail Rzayev kimi. - gözlərimi hələ də ulduzlu Bakı səmalarından ayırmamışam.
-Pessemizim siyasətdə yolverilməz haldır, deyərdim. Bədbin sifətlərdən, düyünlü qaşlardan yaradılan azərbaycanlı simasına, Azərbaycan siyasətçiləri sırasına qatılmıram. Bizim siyasətçilərin üzündə xoş təbəssüm əskik olub həmişə. “Böyük dayaq” filminin qara qaşlı, zəhrimar sifətli qəhrəmanları artıq keçmişdə qaldı. Mən siyasətdə təbəssümlərin tərəfdarıyam. Məncə Mehriban Əliyeva simasında ilk dəfə xarici siyasətimiz məhz mədəniyyət bazisi üzərində qurulubsa, bunu da alqışlamaq gərəkdir. Göyümüzü, səmamızı da uduzmarıq inşallah. - Ştirlis də mənə qoşulub bir müddət gözünü ulduzlu asimandan ayırmır.
-Rusiya, Azərbaycan, İran hava-quru ərazisi Avrasiya qitəsini tam ortadan yaran bir xətt yaradır müasir geopolitika xəritəsində. Hitler bu xətt uğrunda Stalinqrad savaşını aparıb. Ona siyasətdə “Hausxofferin qövsü” adını veriblər. 3-cü Dünya savaşı yenə o döyüşün bir başqa davamı olacaq. NATO-nun Avrasiyanı yarıb Əfqanıstana gedən yeganə hava dəhlizi Azərbaycan səmasından keçir. Ölkəmiz həmişə bu Hausxoffer qövsünün qurbanı olub, elə indi də bu təkrarlanacaq.- qəmli gözlərimi uzaq, nəhayətsiz səmalardan nəhayət ki, ayırıb Ştirlisin üzünə zillənirəm.
-Məhbəsdən evimə 300-ədək məktub yazdım. Onların birində belə siz qədər pessimist olmadım.
-Demək, bu ulduzlu səmaya yenə inanaq?
-Başqa çıxışımız yox, inanmalıyıq zatən.
Uzaqdan komandalı açarının düyməsi basılırr. BMV-nin qapılarımı açılır, yoxsa gələcək xoş günlərin paslı qapısı? Deyə bilmərəm. Ancaq bir an çaşıb elə bilirəm Ştirlitsdə belə bir sirli açar var. Optimizm acarı…Özüm də sevinirəm bu xəyalıma.

***
Yenə bahardı…Yenə baharın 17 anını yaşayırıq…Demək, Ştirlits yenə də iş başındadır…Rabitəçisini itirib, izlənildiyini bilir, dostları bircə-bircə dənlənir…son gülləsini özüyçün saxlayıb…Ancaq, Ştirlits udur. Baharla qoşadır axı onun bütün addımları…
Eşitdiyimə görə, “Baharın 17 anı”nı yüksək dramatik ifada yaşayan “Ştirlits”lər, əslində öz adlarında “strelets”, yəni “oxatan, atıcı” mənasını gizləyirmişlər.
Bizim Ştirlitslərə bunu xatırlatmağı özümə borc bilirəm.



marakaqol@rambler.ru

1 комментарий:

  1. O, indiyə kimi Azərbaycanda çoxlarının yazmağa cürət etmədiyi problemləri gətirib ədəbiyyata.

    ОтветитьУдалить