Страницы

27.04.2011

LATVİYA NAZİRİNİN BAKI SƏFƏRİ İLƏ BAĞLI QALMAQAL

Kəmaləddin Heydərovun qonağını ölkəsində “topa tutdular”
Linda Murniesseni məxfi nümayəndə heyəti müşayiət edib; geri qayıdanda DİN başçısı Riqa aeroportunu arxa qapıdan şübhəli şəkildə tələsik tərk edib




Latviyanın daxili işlər naziri Linda Murniessenin Bakıya bu günlərdə baş tutan səfəri ilə bağlı qalmaqal yaranıb. Bu ölkənin LTV1 kanalının “De Facto” verilişinə istinadən bir sıra internet portallarda yer alan xəbərlərə görə, Murniesse Bakıya səfəri zamanı başçılıq etdiyi nazirliyin dörd əməkdaşını nümayəndə heyətinin tərkibinə daxil edib, lakin onların adları heç bir sənədlərdə yer almayıb.
Məlum olub ki, Murniesse ilə birlikdə Bakıya onun ştatdankənar müşaviri Xosam Abu Meri, nazirliyin dövlət katibinin müavini İnquna Ayre, Avropa işləri və ictimai əlaqələr Departamentinin direktoru Tiya Rinmane və ictimaiyyətlə əlaqələr şöbəsinin referenti Skaydrit Qarbare müşayiət ediblər. Lakin nazirlikdən nümayəndə heyətinə daxil edilən bu şəxslərin səfər zamanı funksiyalarının nədən ibarət olduğu haqda izahat verilməyib. Həmçinin nazirlik ona da izahat verməyib ki, Bakıya səfər zamanı miqrasiya məsələləri, yanğın təhlükəsizliyi kimi məsələlər müzakirə edilibsə, nəyə görə bu sahəyə cavabdeh şəxslər nümayəndə heyətində yer almayıb. “Tvnet” saytı isə xəbər verir ki, nümayəndə heyəti səfərdən qayıdanda nazir Riqa aeroportunda sərhəd-nəzarət prosedurlarının tələsik başa çatdırılmasını xahiş edib. Lakin bunun niyə lazım olduğu barədə izahat verilmir. Məlum olub ki, nazir Riqa aeroportunu VİP terminaldan yox, az adama məlum olan ehtiyat çıxış qapısından tərk edib. Bu hərəkət də Latviya mətbuatında şübhələrə səbəb olub. Bildirilir ki, nazirlik nümayəndə heyətinin səfəri üçün 1930 lat xərc çəkib, hotel xərclərini isə Azərbaycan tərəfi ödəyib.
Bildirilir ki, Linda Murniesse seçkilərlə əlaqədar ay yarımdan sonra istefaya gedəcək. O, “Birlik” koalisiyasının formalaşdırdığı hökumətdə yer alır. Bakıya səfər zamanı latviyalı nazir prezident İlham Əliyev, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşlər keçirib. Məlum olur ki, latviyalı naziri Bakıya da məhz fövqəladə hallar naziri dəvət edib. Latviyada Daxili İşlər Nazirliyi həm də fövqəladə halların qarşısının alınması funksiyalarını yerinə yetirir. Murniessenin səfəri ilə bağlı məsələləri K.Heydərov martın 29-da Latviyanın Bakıdakı səfiri Hardi Baumanislə müzakirə edib. Linda Murniesse hakim koalisiyanın tərkibində yer alan “Yeni zaman” partiyasının sədridir, onun partiyası parlamentdə yerlərin bir hissəsini tutur. Latviyada bu ilin yayında Seymə seçkilər olacaq və Murniesse bu seçkilərdə iştirak edib yenidən daxili işlər naziri postunda qalmaq niyyətini açıqlayıb. DELFİ portalı onun Bakıya səfərini “siyasi turizm” adlandırır. Latviyada hökumət rəsmilərinin, siyasətçilərin bütün xərcləri, eləcə də xarici səfərləri ictimaiyyətin nəzarətindədir. Görünür, Murniessenin Bakıya səfərinin bu cür təftiş edilməsinin səbəblərindən biri də bu Baltik ölkəsində mövcud olan yüksək şəffaflıq prinsipləri ilə bağlıdır. Bu baxımdan nazirin nümayəndə heyətinin tərkibini gizli saxlaması, geri qayıdanda isə Riqa aeroportunu “arxa qapıdan” tələsik tərk etməsi ölkəsində şübhələr yaradıb. Bakıya səfər edən xarici qonaqlar bir çox hallarda bahalı hədiyyələrlə geri qayıdırlar; ola bilsin ki, latviyalı nazir də K.Heydərovun verdiyi hansısa hədiyyəni gizlətmək üçün aeroportu tələsik tərk edib. Maraqlıdır ki, bundan az əvvəl-aprelin 19-da Litva daxili işlər naziri Raymundas Palaytis də Bakıda səfərdə olub.



musavat.com

Комментариев нет:

Отправить комментарий