Страницы

27.04.2011

MƏMURLAR ASTARANI ÜSYANA SÜRÜKLƏYİR

Rövnəq Abdullayev sakinlərin torpağını əlindən alıb helikopter meydançası tikmək istəyir, torpaq sahələrini əhalidən zorla, dəyər-dəyməzinə alırlar...



Neft gəlirlərini mənimsəyərək kasıb təbəqəyə sadəcə qəpik-quruş ayıran ölkə məmurlarının rayonlarda əhalinin torpaq sahələrini də əlindən alması barədə yüzlərlə fakt var. Məmurlar kəndlərdə əhalinin son ümid yeri olan əkin yerlərini də mənimsəyərək ölkədə narazılığı məqsədli şəkildə artırmaqdadır.
Astara rayonundan redaksiyamıza verilən məlumata görə, son zamanlar bu rayonda narazılıq üsyan həddinə çatmaqdadır. Belə ki, onsuz da əkinə yararlı torpaq sahəsi az olan rayonda ərazilər müxtəlif bəhanələrlə sahiblərindən alınır. Sakinlər deyir ki, yol və yüksək gərginlikli elektrik xətləri çəkmək adı ilə xeyli torpaq sahələri sıradan çıxarılıb. Üstəlik, torpaq sahibindən soruşmadan onun əkin sahəsindən elektrik xətti və yol çəkirlər. Sonra da onları şantaj edirlər ki, dövlət əhəmiyyətli tədbirlərdir. Beləliklə, torpağı sahiblərindən su qiymətinə alırlar.
Astara rayon sakini Elçin İbrahimli deyir ki, torpağın alınması ilə bağlı onunla heç bir danışıq aparılmayıb. Sadəcə, deyiblər ki, onun 32 hektar pay torpağına 230 manat ödəniləcək: “Bu ərazilər həm də çay kənarında yerləşir. Ancaq həmin ərazidən yol keçəcəyini deyirlər”. Bildirilir ki, torpaq bazarında kənd yerlərində bir sot torpağın qiyməti 700-800 manat, Astara şəhərində 1000-1500 manat olduğu halda, “dövlət” adı ilə əhalidən torpağın sotunu 50-70 manata alırlar, ya da bu pulu heç vermirlər. Əkinə yararlı torpaqlar bu yolla sıradan çıxarılıb.
Rayonun 176.00 kv.km əkinə yararlı torpağından çox az hissəsindən əkin üçün istifadə edilir. Demək olar ki, əkinə yararlı torpaqların hamısında yüksək gərginlikli elektrik xətləri çəkilib. Adamlar bu elektrik xətlərinin altında işləyə bilmirlər.
Rayondan verilən məlumata görə, Astara şəhəri ilə Suparbağ və Seləkəran kəndləri arasında yeni qaz xətti çəkirlər. Bu xətt əkinə yararlı ərazidən keçir. Astara şəhər sakini Beytulla Tarverdiyev deyir ki, qaz xətti 10-dan çox adamın payı torpağından keçir. Bu xətt torpaq sahibləri ilə razılaşmadan çəkilir, adını da qoyublar ki, İlham Əliyev buna icazə verib.
Rayonda tikilən qaz kompressorun ərazisi də əkinə yararlı torpaq sahələridir. Qaz kompressoruna çəkilən yüksək gərginlikli elektrik xətti də əkinə yararlı torpaqlardan keçir. Sakinlər deyir ki, həmin xətti geniş torpaq sahələrinə ziyan vurmadan da çəkmək mümkün imiş. Torpaq sahiblərinin şikayətlərinə baxmayaraq xəttin yeri dəyişdirilməyib.
Rövnəq AbdullayevAstaradan gələn başqa bir xəbərdə deyilir ki, ARDNŞ 4 ailəyə məxsus olan torpaq sahəsində helikopter meydançası inşa etmək istəyir: “Torpaq sahiblərindən tələb edirlər ki, torpağın sotunu onlara 70-80 manatdan satsınlar. Bundan imtina edənləri məhkəmə ilə hədələyirlər. Dövlət orqanlarının heç birində torpağın bazar qiyməti öz əksini tapmayıb. Bundan istifadə edən yüksək vəzifəli məmurlar torpağı dövlətin adı ilə kəndlilərdən aşağı qiymətə alırlar. Məlumatlı mənbənin iddiasına görə, Astara rayonunda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin də xeyli torpaq sahələri var. Demək olar ki, dağ yamaclarında torpaqları Abdulbari Gözəl alıb, sahilyanı torpaqları isə İqbal Məmmədov ələ keçirdib", - deyə, mənbə bildirir.
Gələn məlumatlara görə, Astaradakı İstisu ərazisində mini su-elektrik stansiyasının inşası da planlaşdırılır. “Bura isə rayon sakinlərin istirahət etdikləri ərazidir. Su elektrik stansiyasının isti su quyularının üstündə tikilməsi planı hamını heyrətləndirib. Halbuki bu stansiyanı yuxarı və yaxud aşağı ərazilərdə inşa etmək olardı. İstisu ərazisində Paşayevlər üçün inşa edilən katejlər də var. Astara torpağını bu yolla əkinçilərin əlindən alırlar. Edilən şikayətlərə də əhəmiyyət verilmir”, - deyə, narazı sakinlərdən başqa birisi bildirir .
Məlumatlarda o da deyilir ki, ARDNŞ və Nəqliyyat Nazirliyi torpaq pullarını ödəsə də, alqı-satqını bu təşkilatların sifarişi ilə tamamilə başqaları həyata keçirir: “Məsələn, yol pulunu ”Azəryolservis" ödəyir, qaz xətləri ilə bağlı məsələləri “Azəriqaz” İhtehsalat Birliyi həyata keçirir. Qiymətləndirməni isə hansısa PSG LLC aparır. Halbuki qanunda torpağın qiyməti bazara uyğun müəyyənləşdirilməli və mülkiyyət sahibi ilə razılaşdırılmalıdır. Əhalidən torpaqları almaq üçün “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması qaydası”na əlavə hazırlayıblar. Bu əlavə ilə də torpaqları ələ keçirirlər. Belə getsə kənlilər torpaqsız qalacaqlar".
Müxbirimizə o da məlum olub ki, aprelin 15-də dövlət başçısı İlham Əliyev Astara rayonuna səfər edərkən əhali onunla görüşüb torpaqla bağlı şikayət etmək istəyirmiş. Əhalinin ciddi narahatçılığından yerli hakimiyyət də kifayət qədər məlumatlı olduğundan rayonda faktiki olaraq fövqəladə vəziyyət tətbiq edilibmiş. Belə ki, şikayətçilərə evlərindən çıxmaq belə yasaq edilib və yalnız 5-10 nəfər öyrədilmiş adam prezidentlə görüşə aparılıb. Ancaq yerli sakinlər çox ciddi şəkildə narazı olduğundan etirazlara başlamağı planlaşdırır.
Yazıda adları çəkilən məsul şəxslərin mövqeyini dərc etməyə hazırıq.

M.HÜSEYNLİ                        musavat.com

Комментариев нет:

Отправить комментарий