Страницы

30.04.2011

MÜXALİFƏTÇİ QADINLAR HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ ETİRAZ EDİR

“Onlar müraciət olmadan zorakılıqları araşdırmaq istəmirlərsə, heç etməsinlər”



Qəzetimizin ötən sayında hüquq müdafiəçilərinin müxalifətçi qadınlardan ərizə gözlədiyi barədə yazmışdıq. Hüquq müdafiəçiləri bu fikirdədir ki, aksiyalar zamanı və aksiyadan sonra qadınların üzləşdikləri problemlərin araşdırılması üçün onların rəsmi şəkildə müraciət etməsi vacibdir. Bunu “Yeni Müsavat”a D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Novella Cəfəroğlu demişdi.
Bakıda keçirilən son aksiyalar zamanı və ondan sonra zorakılığa məruz qalan qadınlar isə hüquq müdafiəçisinin bu fikrinə etiraz edir. Onların sözlərinə görə, hüquq müdafiəçiləri qadınların, ümumən vətəndaşların zorakılığa məruz qalmasını müraciət olmadan da araşdırmağa borcludur. Müxalifətin 17 aprel aksiyası zamanı saxlanılan və 5 sutka həbs cəzası alan AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, hüquq müdafiəçiləri 17 aprel aksiyasında qadınlara təzyiqlərdən xəbərdardır: “Novella xanım qadın hüquqlarını müdafiə cəmiyyətinin rəhbəridir, bu sahədə böyük xidməti, rolu var. Amma Novella xanım həmin gün orada idi, xanımlara hansı təzyiqlərin olduğunu özü də gördü. Bunu araşdırmaq üçün onlara müraciət etməyə, ərizə yazmağa ehtiyac yoxdur. Təzyiqə, zorakılığa məruz qalan, haqqı tapdanan vətəndaşı müdafiə etmək hüquq müdafiəçisinin borcudur, onun bilavasitə vəzifəsidir. Onlar da mitinq günü monitorinq aparıb, sonra polis idarəsinə gediblər. Baş verənlər barədə bu qədər mətbuatda gedib, hər şey göz qabağındadır, şəkillər və məlumatlar var. Mən niyə müraciət edim? Müraciət etməyi doğru hesab etmirəm və belə bir niyyətim yoxdur. Əgər hüquq müdafiəçiləri onlara müraciət olmadan hər hansı zorakılıq faktını araşdırmaq istəmirlərsə, heç araşdırmasınlar”.
İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı açılan cinayət işinə görə polisə aparılmış Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayeva da eyni fikirdədir. O da bildirdi ki, hüquq müdafiəçisi vətəndaşa qarşı edilən zorakılıq və təzyiq faktını ona müraciət olmadan araşdırmağa borcludur: “Bu, sözsüz ki, onların borcudur”.
Bununla belə D.Cərullayeva hüquq müdafiəçilərinə müraciət edəcək: “Artıq ərizə üzərində işləyirəm. ərizəni tezliklə hüquq müdafiəçilərinə çatdıracam, şəkillərimi verəcəm. Baş verənlər barədə mətbuatda məlumat gedib, bunu da onlara göstərəcəm”.

R.RƏFİYEVA             "Yeni müsavat"

Комментариев нет:

Отправить комментарий