Страницы

30.04.2011

“OĞUZ-BAKI SU KƏMƏRİ İLƏ BAĞLI SENSASİON FAKTLAR

“Boru 2-3 ilə yararsız hala gələcək”
Mirvari Qəhrəmanlı: “Bu uğursuz layihədən yerli əhali də əziyyət çəkir”




Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı “Oğuz-Qəbələ-Bakı” (OQB) su kəməri tikintisinin icrası zamanı yaranmış problemlərin həllini tapmamasından və kəmərin təhlükəsizliyinin təmin olunmamasından narahatdır. Bununla əlaqədar təşkilatın sədri Mirvari Qəhrəmanlı mətbuat konfransı keçirdi və NHMT-nin aprel ayında apardığı monitorinqin nəticələrini açıqladı.
Xatırladaq ki, OQB su kəməri layihəsinin idarə edilməsi və sifarişçi funksiyası Nazirlər Kabinetinin sərəncamı ilə «Azərsu» Səhmdar Cəmiyyətinə həvalə edilib. Layihənin icrasına 01.03.2007-ci ildə başlanıb, açılışı isə 28.12.2010-cu ildə baş tutub. M.Qəhrəmanlı bildirdi ki, layihənin 14 ay ərzində 480,0 mln. manata başa gəlməsi planlaşdırılsa da, tikinti 45 aydan çox vaxta və 747,0 mln. manat vəsaitə başa çatıb. 2011-ci il üçün isə daha 33,4 mln. manat vəsait ayrılıb ki, bu da 1 kilometrə təxminən üç milyon manat edir.
Təşkilat rəhbəri dedi ki, tikintinin sifarişçisi olan Azərsu ASC NHMT IB-nin sorğusuna cavab olaraq kəmər üçün 3257 nəfər xüsusi mülkiyyətçidən 975,99 ha torpaq sahəsinin alındığını bildirib: “Aprelin 20-də növbəti monitornq-müşahidəsi Qəbələ rayonu Şamlı kəndi və Oğuz rayonu Bayan kəndlərində aparılıb. Su kəmərinin və bununla əlaqədar digər qurğuların altına düşən xüsusi mülkiyyətdəki torpaqların sahibləri ilə görüşlər keçirilib, eləcə də su kəməri keçən ərazilərə baxış keçirilib. Su kəmərinin ”açılışı" 28 dekabr 2010-cu ildə ölkə ictimaiyyətinə təqdim edilsə də, orada yaranmış problemlər qalmaqda davam edir. Belə ki, dövlət tərəfindən torpaq mülkiyyətçilərinə ödəniləcək kompensasiyalar və itirilmiş faydalar hələ də ödənilməyib. Mülkiyyətçilərə adekvat torpaq sahələri təklif olunmayıb. Şifahi şəkildə kəndlilərə təklif olunan torpaqlar isə xeyli uzaq sahədə yerləşir və münbitliyi onlardan alınan torpaqlardan aşağıdır. Mülkiyyətçilər 4 ildir ki, torpaqların becərilməsi ilə məşğul ola bilmir".
M.Qəhrəmanlı su kəmərinin tikintisinin çox yararsız və səliqəsiz aparıldığını da vurğuladı: “Oğuz-Qəbələ-Bakı su kəmərinin təhlükəsizliyi təmin olunmur. Kəmər və qurğular üzərində heç bir nəzarət yoxdur. Kəndlilərin torpaqları da demək olar ki, yararsız vəziyyətə düşüb. Tikinti şirkətləri kəmərin tikintisindən sonra heç bir bərpa işləri aparmayıb. Bayan kənd sakinlərinin kompensasiya haqqında Nazirlər Kabinetinə etdikləri müraciət yenidən Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinə ünvanlanır. Hüquqları pozulan mülkiyyətçilərdən biri artıq məhkəməyə müraciət edib, onun xeyrinə 40 min manat kompensasiya ödənməsi barədə qərar verilib, digərləri də məhkəməyə müraciət edəcəklər”.
M.Qəhrəmanlı NHMT-nin illik hesabatındakı ekspert rəyini də açıqladı: “Bölgənin ildə 160 milyon kubmetr su verməyə imkanı yoxdur. Su tədricən azalacaq. 2-3 ildən sonra isə bölgənin su ehtiyatları tükənməyə başlayacaq. Nəticədə layihə iqtisadi cəhətdən yararsız vəziyyətə düşəcək. Sudan düzgün istifadə edilməməsi isə ekoloji fəlakətə səbəb olacaq. Ərazidə səhralaşma prosesi başlayacaq. Bu isə artıq müşahidə olunmaqdadır”.
Təşkilat sədri sonda onu da bildirdi ki, jurnalistlərdən ibarət qrup yaradılıb və sözügedən kəmərlə bağlı yaranan problemlərə yerində baxış keçiriləcək: “Deyirlər ki, Bakıda su var, qoy mənbədən mənsəbə kimi bu jurnalistlərin şahidliyi ilə müşahidə olunsun”. M.Qəhrəmanlı hesab edir ki, jurnalistlərin obyektiv baxışı aidiyyəti dairələri də məsuliyyət qarşısında qoyar ki, bu da baş verən saxtakarlıqların aradan qaldırılmasına kömək edər.

S.HİLALQIZI          musavat.com

Комментариев нет:

Отправить комментарий