Страницы

30.04.2011

NAZİR ƏLƏKBƏROVUN ŞOK MAXİNASİYASI

Bir məmurun “Aldanmış kəvakib” hekayəti
Çernobıl əlillərinə telekameralar qarşısında verilən maşınlar sonradan geri alınıb; tədbirdə təqaüdçü qadın “pulumu verin” çığırmaqla naziri pis duruma salıb




Aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Çernobıl əlillərinə avtomobil paylanıb. Bir sıra məmurların və telekanalların iştirakı ilə keçirilən tədbir biabırçı olaylarla yadda qalıb. Nazir Fizuli Ələkbərovun çıxışı zamanı yaşlı bir qadın ona yaxınlaşmaq istəyib. Nazirin mühafizəçiləri qadının qarşısını kəsərək, ona sözünü deməyə imkan verməyiblər. Vəziyyətin belə olduğunu görən qadın “pulumu verin, məni qəbul edin” deyərək çığırıb-qışqırmaqla israrla nazirlə görüş tələb edib.
Nazirin göstərişi ilə telekanalların kameraları söndürülüb və qadını mühafizəçilər sürüyüb aparıblar. Bundan sonra heç nə olmamış kimi nazir yenidən çıxışına davam edib. Çıxışdan sonra 10 avtomobilin açarları əlillərə təqdim olunub. Daha böyük biabırçılıq isə məhz bundan sonra baş verib: “Çernobıl əliliyəm. Dünən bizi çağırıb yığdılar nazirliyə. Dedilər ki, sizə maşın verəcəyik. Şərt irəli sürdülər ki, siz bizim dediyimizi telekanallarda deyin. Naziri pis vəziyyətdə qoymayın. Tərifləyin, biz də sizi razı salacağıq”, deyə Çernobıl əlili müxbirimizə söyləyib. Onun sözlərinə görə, nazirlik rəsmiləri əvvəlcədən onlara deyiblər ki, avtomobili sürüb getsinlər:"Bizə açarları verəndən sonra dedilər maşınınızı sürün gedin. Hamınız bir yerə gedin ki, bız çağıranda gələ biləsiniz. Dedikləri kimi etdik. Getdik “Nizami” metrosunun qarşısında dayandıq. Biz nazirliyə qayıdanda orda kənar adam qalmamışdı. Hamısı nazirliyin əməkdaşları idi. Dedilər açarları qaytarın verin sənədləşmə işlərini həll edək, gəlib götürərsiniz. Biz də qaytarıb verdik, amma maşınımızı qaytarmadılar. Keçən il də bu cür olmuşdu. Digər əlil yoldaşlarımızın da başına bu cür oyun açmışdılar. Bir nazir əlilin maşınına göz dikirsə, daha mənim sözüm yoxdur".
Qeyd edək ki, Füzuli Ələkbərovun bu cür oyunları dəfələrlə baş verib. Nazir özünü o qədər arxayın hiss edir ki, hətta prezidentə belə yalan satmaqdan çəkinmir. Belə ki, ötən il oktyabrın 15-də ƏƏSMN xətti ilə Hövsan qəsəbəsində II dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 7 mərtəbəli, 3 bloklu bina təntənəli şəkildə sakinlərin istifadəsinə verildi. Tədbirə dövlət başçısı İlham Əliyev də qatılmışdı. Təqdimat mərasimində nazir dedi ki, güya sakinlər üçün komfort şərait yaradılıb. Binanın qaz, işıq, su, mebel təchizatı lüks səviyyədədir, bütün mənzillərə telefon çəkilib və s. Lakin sonradan məlum oldu ki, binada vəziyyət acınacaqlıdır. Sakinlər binaya köçəndən sonra problemləri bitib-tükənmir.
Üstəlik, prezidentin baxışı üçün hazırlanmış otağın aksesuarlarını da sonradan daşıyıb aparıblar. Bu barədə qəzetimiz həmin vaxt təfsilatlı yazı dərc etmişdi.Müxbirimiz həmin binada olaraq, sakinləri danışdırmış, şəkillər çəkmiş və onların dilindən biabırçılıqları, nazirin yalanlarını ifadə etmişdi. Nadir adlı bina sakini həmin vaxt müxbirimizə deyib ki, prezident binanın açılışında iştirak edərkən ona xüsusi hazırlanmış bir-iki mənzil göstərilib: “Həmin mənzillərə mebel də düzmüşdülər. Ancaq sonradan gəlib apardılar. Deməli, bunu özlərini prezidentə şirin salmaq, əslində onu aldatmaq üçün ediblər. Mətbəxdəki şkafın içinə qaz balonu qoydular ki, prezidentin gözü qabağında qazı yandıranda o, mənzillərə hətta qaz da çəkildiyini görsün. Guya bina standartlara uyğun tikilib”. Qalib Cabbarov adlı sakin isə deyib ki, binada qaz yoxdur, işıqlar tez-tez sönür; üstəlik, onun özündən bu binada mənzil almaq üçün 5000 manat rüşvət alıblar. Digər sakinlər də bu cür iddialarla çıxış edib.
Qeyd edək ki, ölkə insanlarının ən narazı qaldığı və xalqın sadə kütlələrinə yönəlik maxinasiyaların baş verdiyi nazirlik də ƏƏSMN-dir. Son vaxtlarda prezidentin başlatdığı antikorrupsiya prosesi çərçivəsində aparılan yoxlamalar da göstərfi ki, Füzuli Ələkbərovun rəhbərlik etdiyi sahədə vəziyyət bərbaddır, dözülməzdir və sadə xalq kütlələrini narazı salmaq baxımından yetərincə qüsurludur.
Bu baxımdan, hətta YAP rəhbərliyində, hakimiyyətin üst qatında olan bəzi şəxslər də nazir Füzuli Ələkbərovun vəzifədən götürülməsinin tərəfdarıdırlar. Böyük ehtimalla, bu, belə də olacaq. Siyasi hakimiyyət anlayır ki, ölkədə total narazılıq yaradan ocaqlar söndürülməsə, kimlərsə cəzalandırılmasa, rejimin təhlükəsizliyinə ciddi xələl gələcək. Hətta bütün müxalifət susdurulsa da, xalqın narazılığı və bu narazılığı yaradan köklü səbəblər aradan qaldırılmayınca, iqtidarın bu ölkədə rahatlığı və təhlükəsizliyi aradan qalxmayacaq.

T.T.BƏŞİR    musavat.com

Комментариев нет:

Отправить комментарий