Страницы

01.04.2011

Obyekti sənədləşdirmək onu tikməkdən baha başa gəlir

"Yeni xəbər"in poçtundan

Əyalətdə bir qrup xırda sahibkarın obyektlərinin sənədləşdirilməsi sahəsində üzləşdiyi problemlərlə bağlı məktubunu sizin də nəzərinizə çatdırırıq.

 Deyəsən ölkədə yavaş-yavaş haqq-ədalət öz yerini tapır. İllərdən bəri sahib olduğu kresloların sayəsində özünü xalqdan xeyli ucada görən məmurlar onların canına vəlvələ salan məlum müşavirələrdən sonra artıq xalqa başqa cür yanaşma sərgiləyirlər.
 Gözlənildiyinin əksinə olaraq yeni şəraitə xalq daha tez adaptasiya olunmağa başladı. Onlar korrupsiyada yaranmış bu boşluqdan maksimum yararlanmaq üçün əl-qolunu çırmayıb işə girişdi. Kimisi mənzillə bağlı problemlərini həll edir, kimisi qonşu Gürcüstandan avtomobil alıb gətirməklə, onun bir qədər əvvəlki ilə müqayisədə ikiqat ucuz başa gəlməsinə nail olur. Kimisi də illərlə yığılıb qalan digər problemlərin həlli üçün məqam yetişdiyini anlayıb hərəkətə keçir. Acı reallıq ondan ibarətdir ki, müstəqillik yarandıqdan sonra ölkəmizdə illərlə ağrılı-acılı üst-üstə qalanan sosial problemlərdən xali bircə dənə də olsun ailə tapmaq mümkün deyil. Odur ki hamı qolunu çırmayıb maneələrin aradan qaldırılmasına girişib.
 Bu yazımızda regionlarda başağrısına çevrilmiş, məmurlar üçün yağlı gəlir sahəsi olan, rayon yerlərində əsas korrupsiya mənbəyi rolunu oynayan obyekt sənədləşdirilməsindən söz açmaq istəyirik. Həmin sahədə olan qüsurlar, qanundakı boşluqlar o qədərdir ki, saymaqla qurtaran deyil. Dərd burasındadır ki, rayon yerlərində fəaliyyət göstərən ticarət obyektlərinin əksər hissəsinin lazımi sənədi yoxdur və məhz bu da onları bir çox məmurlar üçün yağlı tikəyə çevirir. Dövlət idarələri sənədləşmə işində əhaliyə böyük başağrılar yaradırlar. Bu siyasəti qəsdən həyata keçirilən, əhalinin maddi vəziyyətini ağırlaşdıraraq genosidə uğratmaq üçün təşkil olunmuş məkrli bir kompaniya hesab edənlər də var.
 Rayonlarda minlərlə ailə vardır ki, hətta həyətində min bir zülm və əcrə ilə, halal alın təri ilə tikdiyi xırda obyektini belə sənədləşdirə bilmir, məmur özbaşınalığından və nomenklatur süründürməçilikdən əziyyət çəkir. Məlum olur ki, dövlət orqanları özləri obyektlərin sənədləşdirilməsində o qədər də maraqlı deyillər. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır ki aşağıda aydınlıq gətirəcəyik. Vətəndaş həyətində tikdiyi xırda köşkə belə yerlərdəki icra hakimiyyətindən sərəncam ala bilmir. Əyalətdəki demək olar ki bütün çayxanalar, ət dükanları qeyri-leqal fəaliyyət göstərir. Pulsuzluqdan içinə mal yığılmayan obyektlər var ki, sənədləşmə üzündən yuxarı instansiyaların təzyiqinə məruz qalır və fəaliyyətini dayandırmalı olur. Gəlin görək kənd yerlərində çayxanadan sahibkar- əgər ona sahibkar demək düzgündürsə!- nə qazanır ki, onun sənədləşməsinə də bir ətək pul versin? Biz bu məsələ ilə bağlı bir çox yerlərdə olduq və vətəndaşların şikayətlərini dinlədik. Kənd yeridir, günə maksimum 10-12 çaynik çay satılır. Qaz pulu, quru çayın pulu və sair xərcləri çıxanda kənd yerində aya bir çayxanadan 80-85 manat qazanc əldə etmək mümkündür. Bu çayxanalar Bakıda məmurların işlətdiyi milyon yarım dollarlıq çayxanadan deyil ki, aya milyonlarla qazanc gətirsin. Kənd yeridir, səhərdən axşama kimi it kimi işləməyin müqabilində cəmi 80 manat qazanc verir. Ancaq gəlin hesablayaq görək vətəndaş həyətində açdığı bu çayxananın ticarət obyekti kimi sənədləşdirilməsi üçün nə qədər pul sərf etməlidir və cəhənnəm əzabına qatlaşaraq neçə instansiya keçməlidir? Yuxarıdan hansısa gizli bir əl yerlərdə obyektlərə sərəncam verilməsinə qadağa qoyub. Nə veriblər bu məmurlar xalqa, indi də ala bilmirlər? Gündə bir dəstə adam tökülüb gəlir ki, bəs filan obyekt sənədsizdir, sənədləri təqdim edin! Maraqlıdır, məgər vətəndaş bir xaraba çayxananı sənədləşdirmək üçün öz evinimi satmalıdır? Dövlətimizin başında duranlar bu barədə fikirləşdimi?
 Hörmətli redaksiya, biz yerlərdəki xırda sahibkarlar sizin qəzet vasitəsilə hökumətdən soruşuruq, bu qədər pulu, rüşvəti haradan (və nə səbəbə!) tapıb verməliyik? Biz hamımız hərbi xidmət keçmiş adamlarıq, bəzilərimiz Qarabağ müharibəsində yarımçılıq olub gəlib. Qarabağ müharibəsində olmayanlarımız da (cavanlarımız) NATO-nun hərbidə əsgərlərimizə yedizdirdiyi xəstəlik yaradan ətdən virus qazanıb, demək olar ki potensial xəstələrdir. Məgər ona görə vətən yolunda canımızı yarımçılıq eləmişik ki, bizə həyətimizdə obyekt açmağa da qoymasınlar? Bir qrup boynuyoğun məmur əhalini niyə çapıb talamalıdır? Ət dükanı açmışdıq, işləməyə imkan vermədilər. Gündə bir təşkilatdan qolu sarıqlı bir dəstə adam gəlirdi ki, sənədlərinizi verin. Saymışdıq, düz 13 təşkilat vardı ki, yoxlamalar aparırdı. Axırda onların əlindən, həm də kənd camaatının əti nisyə alması ucbatından ət dükanını bağlamalı olduq. Bu əsl genosid siyasətidir! Yoxlayıcı təşkilatların sayı-hesabı bilinmir. Sanki Hitler Almaniyasında yaşayırıq. Biri deyir qaza baxıram, biri deyir suya baxıram, biri deyir xalata baxıram, biri deyir tərəziyə baxıram... Bakıda hər məmur bir çamadan pulu aparıb qoyur Milli Məclisin qabağına, bir qanun keçirtdirir, deyir ki, məsələn, yaz ki obyektlərdə havanın temperaturu bu qədər olmalıdır. Vəssəlam! Bundan sonra qanımız getdi! Bankda şot açdırır, bir-iki qolu sarıqlı tutub salır bu millətin canına. Daha cana yığılmışıq. Bunlara bir deyən yoxdur ki, ay qardaşlar, bir gözünüzü açıb baxın ey! Bizi niyə qırırsınız? Biz erməni deyilik e! Biz də sizinlə eyni qandanıq. Axı sizin harada gizləndiyiniz bilinməyəndə biz səngərlərdə canımızı qoyurduq!
 Bu adamlar Vəzirovun vaxtında vəzirovçu idilər, Mütəllibovun vaxtında döndülər oldular mütəllibovçu, sonra AXCP dövranı gəldi, splaşnoy dönüb oldular elçibəyçi, indi də cildlərini dəyişib olublar əliyevçı. Sabah Ter-Petrosyan gəlsə, Ter-Petrosyan partiyasına üzv olacaqlar. Biz həqiqi inamlı, səmimi qəlbli insanlar, heç bir məqsəd güdməyən sadə vətəndaşlar isə qalmışıq kənarda matdım-matdım baxa-baxa. Niyə insanları dövlətdən döndərib narazılar ordusunu artırırlar?
 Tikdiyimiz çayxana tipli obyektlərdən qəpik-quruş qazanırıq. Sabah başımıza nə iş gələcək- bilmirik. Yeni gələn İcra hakiminin rəhm və mərhəmətinə sığınmalıyıqmı? Təzə gələn İcra hakimi həmişə olduğu kimi bir ekskovator salacaq yanına, yenə də düşəcəklər bu millətin canına ki, qanunsuz obyektləri sökürük. Gəncədə, Bakıda olduğu kimi yenə də camaatın halal əmlakını vurub dağıdacaqlar, yerini isə daha baha qiymətə daha çox pul verənə satacaqlar. Beləcə bu cəhənnəm çarxı qiyamətədək davam edəcək. Çünki tikilən obyektlərin çoxu doğrudan da qanunsuzdur. Birinin sərəncamı yoxdur, birinin torpaq kadastrı, o birinin Memarlıqdan kağızı. Sizin xəbəriniz varmı ki, bizdə obyekti sənədləşdirmək onu tikməkdən baha başa gəlir? Bu maxinasiyalara son qoymaq lazımdır. Birdəfəlik bir komissiya yaradılmalıdır, düşüb bütün obyektləri yoxlamaq, sənədləşdirməyə start vermək lazımdır. Təkcə qanuni dövlət rüsumu köçürməklə əhalinin obyektlərinin sənədləşdirilməsi prosesinə başlanmalıdır. Yoxsa məmurların zəli kimi qanımızı içməsi illərlə davam edəcək, xalqı əldən salacaq.
 Prezident hər 5-6 aydan bir televiziyada çıxış edərək bildirir ki, xırda sahibkarlığa qayğı göstərilsin. Yenə sağ olsun ki deyir. Xəbəriniz varmı ki, biz məhz onun bu sözlərinə görə duruş gətirə bilirik? Yoxsa dərə xəlvət tülkü bəy məmurlar qanımızı içərlər. Heç olmasa yoxlamaya gələnlərə bir sözümüz bu olur ki, axı Prezidentimiz deyir sahibkara qayğı göstərin! Xırda sahibkarlığın nəfəsi az-çox bu cür xırda detalların sayəsində gedib gəlir. Yaxşı, gəlin görək sabah hakimiyyətə natarazın, qəlizin biri gəlsə onda bu sərəncamsız, kadastrsız obyektlərin taleyi necə olacaq? Qanunçuluqdan gecə-gündüz dəm vuran biri durdu dedi ki bəs qanunsuz sahibkarlığa son qoyulsun- bəs onda nə olacaq? Axı bizdə həmişə belə olub- qanunçuluqdan dəm vururlar, amma qazanc naminə hərəkət edirlər. Heç kəsə sirr deyil ki, hakimiyyətə diş qıcatmış xarici ölkələrə agent işləyən çoxlu kadrolar var. Məgər həmin xarici təşkilatlar öz adamlarına “xırda sahibkarlığa kömək elə” deyəcəklərmi? Əlbəttə ki yox! Xarici düşmən təşkilatların nəyinə lazımdır ki, Azərbaycanda xırda sahibkarların obyektləri sənədləşdirilsin?! Əksinə əhalinin axırına çıxmaq üçün bu da bir bəhanə olacaq, qazanc sahələrinin sayını azaltmaq üçün həmin obyektlərin fəaliyyətini dayandıracaqlar. Nə qədər ki korrupsiyaya qarşı kompaniyaya başlanıb, bu obyektlərin sənədləşdirilməsi prosesinə də start verilməlidir. Heç olmasa rayon, kənd yerlərində çayxana, ət dükanı kimi xırda ticarət sahələrinə sərəncam verilsin. Xalqın maddi genosidinin tərkib hissəsi olan bu siyasətə son qoyulmalıdır. Milli Məclisdən bu cür əcaib qərarların keçirilməsini təşkil edənlər üzə çıxarılmalıdır. Niyə bu qədər nomenklatur qanun sistemləri hazırlanır? Vətəndaş öz qapısında çayxana açmaq üçün bilirsinizmi nə qədər instansıya aşmalı, kağız-kuğuz hazırlamalı, nə qədər hazır yeyib-yatan məmurun bığının altından keçməlidir? Hörmətli millət vəkilləri bu qədər zülmü xalqa niyə edirlər? Əgər öz həyətimdə 2 metr eni, 3 metr uzunu olan tualet açmaq istəsəm, sərəncam almalıyam, Layihələşdirmə İnstitutundan 2 nəfər gəlib baxmalıdır, sənədim gedib Bakıda 2-3 ay oturmalıdır, Memarlıq xəritə çəkməlidir, Torpaq şöbəsindən kadastr almaq üçün cəhənnəm əzabı çəkməliyəm. Hər məmura da bir ətək pul verməliyəm. Əgər İcra başçısı gözütox və rəhmdildirsə, demək bəxtin gətirib. Yox, əgər ziyana düşüb gəlibsə, onda itirdiyi pulları bu obyektlərdən çıxaracaq- yazılmamış qanun belədir. Obyektlərin sənədləşdirilməsi işi sadələşdirilməlidir. Rusiya, İran kimi sivil ölkələrdə olduğu kimi sadə mexanizm hazırlanmalıdır. İkinci qrup əlil olan sahibkar nəyə görə min instansiya keçməlidir ki? Bilirsinizmi necə olmalıdır? Gəlib yerindəcə baxmalıdır, ölçüb biçməlidirlər, soruşmalıdırlar: “Narkotik satmayacaqsan ki?” Yox. “Silah alveri ilə məşğul olmayacaqsan ki?” Yox. Onda buyur gəl sənədini apar. Və bütün bunları bir idarə etməlidir, daha 10 idarə yox! Doğrudan da həyətimdə ət dükanı açıramsa nəyə görə 6-7 instansiya keçməliyəm? Doğrudan da anekdotvari bir situasiyadır. Bu mason mexanizminə son qoyulmalıdır.
 Biz artıq az qalırıq xarici ölkələrdən sığınacaq istəyək. Amma hara gedək? Gəlmə-gəlintilər gen-bol yaşadığı halda biz öz yurdumuzda səfil-sərgərdan gününə salınmışıq. Əhali acından qırılır. Heç olmasa imkan versinlər, xaraba kökündə olan obyektlərimizi işə salaq, sənədləşdirməyə şərait yaratsınlar. Heç olmasa imkan versinlər dilənçiliyi rahat eləyək, çünki kənd yerində çay satmaq elə dilənçiliyin bir növüdür, camaat çay içməyə belə pul tapa bilmir.
 Bu gün rayonumuza təşrif gətirən qaçqınlardan başqa heç kimin obyekti normal sənədləşdirilməyib. Bircə onlar yağ-bal içində yaşayırlar, gözün üstə qaşın var deyən yoxdur. Gəlin baxın, dövlətin zavod və fabriklərinin ərazisində məskunlaşıblar, camaatın torpağına giriblər, heç kim bir söz demir. Halbuki hamısının bir neçə yerdə evi var. Biz isə öz həyətimizdə 2-nin 3-ə obyekt tikəndə üstümüzə elə gəlirlər ki, elə bil erməniyik, bunların torpaqlarını tutmuşuq. Bu cür sosial ədalətsizliyə, kasta ayrı-seçkiliyinə son qoyulmalıdır. Qanunlar təkmilləşdirilməlidir. Bizi məmurların əlində yemə çevirməyin qarşısını alın. Öz həyətində obyekt tikirsən, o qədər instansiya keçirsən ki, az qalırsan intihar edəsən.
 Sərəncam, sərəncam, sərəncam! Sərəncama qoyulan tilsimi qırın! Yuxarıdan sərəncam verilməsinə qadağa qoyan, limit qoyan adamı tapın, cəzalandırın. Bizi öz ölkəmizin qanunsuz vətəndaşlarına, “Sion müdriklərinin protokolları”nda qeyd olunan qoyun sürüsünə çevirməyin.
 Bu sərəncam məsələsini hər gələn məmur özündən sonrakına yağlı tikə kimi, gəlirli miras kimi saxlayır. Hər yeni başçı gələn kimi verdiyi pulu çıxarmaq üçün düşür obyektlərin canına ki, sərəncamınız varmı, sənədləriniz qaydasındadırmı? Nəyə görə? Bu pərakəndəlikdən istifadə edib orta əsrlərdə olduğu kimi töycü yığırlar. Normal dövlətdə ilk növbədə maraqlanırlar ki, hansı sənədlər qaydasında deyilsə qaydasına salaq, bizdə isə ilk növbədə maraqlanırlar hansı obyektin sənədi qaydasında deyilsə, tutub o obyektdən pul alaq, qanunun adından istifadə edib irəli düşək. Bu ötür-ötür oyununa son qoyulacaqmı? Bütün bunlar ağızdolusu danışdığımız dövlətçilik prinsipləri ilə bir araya sığırmı? Dövlət öz vətəndaşlarını iştahasının ucu-bucağı olmayan məmurların ümidinə niyə buraxmalıdır ki?
 Bu məktubu imzalayanlar vətən yolunda sağlamlıqlarını qoyublar, sübut ediblər ki çətin anlarda xalq yolunda canlarından və qanlarından keçməyə hazırdırlar. Amma içimizdə nəinki həyətyanı torpaq, heç əkin üçün pay torpağı almayanlar da var. Neçə illər əlləşsək də, torpaq vermirlər, çünki bütün torpaqlar bir qrup məmurun əlində cəmləşib. Amma maraqlıdır ki bu məmurlar əgər vətənin başının üstünü təhlükələr alarsa, bizimlə bir səngərdə olacaqmı? Demək müharibə vaxtı biz həmişə öndə olmalıyıq, əmin-amanlıq vaxtı isə bizə heç nə düşmür, eləmi? Qarabağda vuruşanlarımız belə özünə torpaq ala bilmir, vətənə xidmətdə sağlamlığını itirənlərə pay torpağı vermirlər, xəstəmiz pensiya ala bilmir. Çünki hər yerdə boynuyoğun bir məmur əyləşib, torpaqlara öz şəxsi əmlakı kimi baxır, istəyənlərə qanı qiymətini oxuyur.
 Rayonda ali təhsilli ziyalılar işsiz gəzdikləri, bir tikə çörəyə möhtac olduqları halda Nazirlər Kabineti qərar çıxarır ki, bütün iş yerlərinə qaçqınlar götürülsün. Onların hamısı xarici maşınlarda gəzir, qanunsuz zəbt etdikləri torpaqlara və obyektlərə müxtəlif yollar və üsullarla sənədlər düzəltdirirlər. Qalmışıq biz öz doğma yurdumuzda qaçqın vəziyyətində!
 Məmurların ticarət obyektlərinə təzyiqi həmişə olub, yəqin ki bundan sonra da davam edəcək. Sənədlərimizə sərəncam verilməsinə start verin ki, biz hər çapanoğlunun cənginə düşməyək. Hər İcra başçısı gələn kimi verdiyi pulu çıxarmaq üçün ilk növbədə xırda sahibkarların obyektlərindən yapışır. Hər dəfə sənəd-sünəd lixoradkası başlayır, hər yeni icra başçısı yanına bir ekskovator alıb düşür rayonun canına. Camaatın min bir zülümlə tikdirdiyi tikililər yenidən sökülür, pay-püş olunur. Sənəd düz deyil, düzəlt, elə deyil? Sərəncam yoxdur, heç olmasa qanunu pozmayanlara, öz həyətində tikənlərə sərəncam ver. Onsuz da camaat acından qırılır. Qoy heç olmasa sadə vətəndaşların içərisindən bir neçə nəfər dövləti ürəkdən dəstəkləyən olsun. Rusun vaxtında bu cür soyğunçuluq yox idi. İndiki məmurlar nə fikirləşirlər? Bu adamlara pul verməsən, heç bir problemi həll etmək istəmirlər. Qarabağ veteranı olmursan, lap Allahın bacısı oğlu ol, bunlara girmir, təki pul ver, probleminə diqqətlə yanaşsınlar.
 O gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov televizorda şəstlə bəyan edir ki, qanunsuzluqla məşğul olan işçilərimiz cəzalandırılıb. Ramiz Həsənov, bəs sənin işçilərinin infark etdiyi, xəstəxanaya düşmək həddinə gətirərək soyub taladığı adamlara mənəvi və maddi kompensasiyanı kim ödəyəcək? Məgər sənin xəbərin yox idi ki, işçilərin vaxtı çıxmış mallardan tutmuş kassada çek vurmağa kimi bütün məsələlərə girişiblər? Öz kompetensiyalarına aid olmayan, kommersiya obyektləri ilə bağlı nə qədər xırda məsələ varsa, hamısına qarışaraq qaz vurub qazan doldururdular. Kassada çek vurulmasına, vaxtı çıxmış ərzaq məhsulunun yoxlanmasına bilinmirdi İqtisadi İnkişaf Nazirliyi baxır, Vergilər Nazirliyi baxır, yoxsa Standartlaşdırma Patent Komitəsi. Əhali bilmir ki hansına inansın, çatdıra bilmir ki hansını razı salıb yola salsın. Əgər bir funksiya bir idarəyə həvvalə edilibsə, nəyə görə başqa idarə həmin səlahiyyətə qarışmalıdır? Bunlar hamısı qanunlarımızın boşluğundandır. Biz tələb edirik ki, Ramiz Həsənov əhaliyə dəyən külli miqdarda maddi və mənəvi ziyanı, xəstəxana xərclərini öz cibindən ödəsin!
 İldə bir dəfə Vergilər Nazirliyinin Departament işçiləri kənd mağazalarından 10 min manat, rayon mağazalarından isə 35-40 min manat reket pulu yığırdı. İndi deyəsən bu yığışdırılıb. Amma biz bunu yazanda bizi əlli yerə çəkdilər, çoxlu sorğu-sual etdilər, əsəb xəstəliyinə düşdük.
 Uzun illər işlətdiyi, öz halal obyektinə sərəncam ala bilməyən 40-a yaxın sahibkar tanıyırıq ki, Sənədləşdirmə adlı Böyük Oyunun, Nomenklatur Tələnin içinə salınıblar. Əgər bu məktubumuza baxılmasa, dövlət orqanlarına və beynəlxalq təşkilatlara kütləvi şəkildə müraciətlər etmək zorunda qalacayıq.  

Dövlətov Z.
Məhərrəmov A. və b.

Комментариев нет:

Отправить комментарий