Страницы

21.04.2011

Oralarda kimlər var:BÖYÜKXAN BAĞIROV-1


Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan, yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş. Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir termin də var və onlar bu filiallarda birləşirlər.İndiki kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini itirmiş kimidir və internet dünyası o filialların yaradıcılarını və günlük qəzet yazarlarını daha yaxına çəkib gətirmişdir. İnternet-sorğu deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox yaxınlaşdırıb. Həmin sıradan bu günkü qonağımız yazar Böyükxan Bağırovdur. Bəyəfəndiylə söhbətimiz Özü və Ədəbiyyat haqqındadır.

–Bəlkə bir az geniş tanış olaq.Təbii ki, Böyükxan Bağırov imzasıyla indiki gənc yazarlar çox az tanışdı və çoxdan tanış olsaq da mən də sənin biyoqrafiyana çox az bələdəm.Elə bir rayondansan ki,orada ədəbiyyat mən bilən bir o qədər də populyar deyil : məsələn Qazax kimi, Tovuz kimi, lap elə Səlyan kimi …bu rayonlardan ən azı bir neçə ədəbiyyatçı-yazar adı çəkmək mümkündü.Amma sənin doğulduğun yer bir az başqa səpkidə bir yerdir.

NECƏ OLDU Kİ,JURNALİSTİKANI VƏ YAZARLIĞI SEÇDİNİZ? DOĞRUDUR YAZARLIQ SEÇİLMİR.BUNU HAMIMIZ BİLİRİK.

–Mənim yazı-pozuya meylim içində boya-başa çatdığım mühitlə bağlıdır. Gözümü açanda ətrafımda nağılçıları, avazla qəsidə oxuyan dərvişləri, el arasında “Lotu” adlandırılan xalq məzhəkəçilərini, növbə ilə uzun qış gecələri ayrı-ayrı məhəllələrdə haqq aşiqləri barədə dastanlar söyləyən telli saz ustalarını, ilaxır çərşənbə gecələrində çillə çıxaran, dilək tası quran sevdalı qızları, Kərbəla müsibətindən əhvalatlar söyləyən rövzəxanları, bekarçılıqdan kəndin o baş, bu başında şayiələr yayan, hədəfə gələn, tilova düşən, “zır kəndçi” deyilən müəyyən avam, suyu şirin adamlar barədə söz çıxardıb belələrini bir günün ərzində dəli eləyib çöllərə salan baməzələri, yazda havalar qızanda ilan tutan ovsunçuları, düyün çalanları, tas quranları, divara arpa yeridən cadugərləri, hoqqabazları…görmüşəm. Bütün bunlar zəngin bir aləm idi. Mənim uşaq təsəvvürümdə bu tiplərin hər birinin öz rəngi, öz çaları, öz səsi,ritmi var. Aradan uzun illər keçməsinə baxmayaraq, uşaq vaxtı gördüyüm bu adamların səsləri, sözləri hələ də qulağımdadı. Onların görünüşü, jesti gözlərimin önündədir. İlan tutan ovsunçu Yarpaq nənənin ontaxda qanovuz tumanının xışıltısını indi də eşidirəm. Yaxud nağılçı Cullan dayının əvvəl-əvvəl “nağıl-mağıl bilmərəm, bilsəm də, söyləmənəm…” deyə özünü mazata qoyması, masqurada gətirilən sarı nehrə yağını yeyib bığını sığallayandan sonra “Hə…Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, bir qoz ,bir girdəkan” deyə qızışar, sicilləmədən sonra keçərdi nağıla. Keçən əsrin əllinci illərinin əvvəllərində, kəndimizdə handa bir adamın evində radioqəbuledici olduğu bir dövrdə rəhmətlik Cullan dayının nağılları qaranlıq mühitə işıq saçır, xüsusən uşaqların xatirində silinməz izlər buraxırdı. Biz bu nağıllarla yaşayır, bu nağıllarla böyüyür, qol-qanad açırdıq. Yadımdadı, 1952-ci ildə qarlı-şaxtalı bir qış gecəsində, kəndimizi gəzib dolaşdıqdan, əzik-üzük səhifələri yaman günə düşdükdən sonra bizim evə qara meşin cildli bir kitab gəlib düşmüşdü. “AŞIQLAR” kitabı. Latın qrafikalı bu kitabı bizə onun içindəki dastanları əzbər bilən Qaraxan adlı yaxın qohumumuz gətirmişdi. Həmin dövrdə gənclik illərini yaşayan Qaraxan bibioğlunun yaxşı səsi vardı. Bal kimi şirin, lirik tenor səsiylə “Kərəm gözəlləməsi” üstündə xırda-xırda gəzişər, yeddilik lampa ətrafına toplaşan qohum-əqrəbanı feyziyab eləyərdi.

–Maraqlısı budu ki,nə yaxşı o dastanlar səni poeziyaya yox,məhz nəsrə dartıb?

–Həqiqətən də elədi.1954-cü ildə Alar kənd yeddiillik məktəbin birinci sinfinə gedəndə bu kitabdakı bütün dastanları, demək olar ki, əzbər bilirdim. Latın qrafikasını da öz-özümə öyrənmişdim. Məktəbimizin müəllimləri məni ayrı-ayrı siniflərə aparıb “Aşıqlar” kitabını, “Koroğlu” dastanını oxutdurardılar. Bir az sonralar əsgərlikdən qayıdan və Mingəçevirə gedib orada fəhlə işləyən böyük qardaşım Əliheydərin bir payız axşamı Ordubadinin “Qılınc və qələm” romanını özü ilə evimizə gətirməsi heç yadımdan çıxmaz.Həmin payız axşamının dadı, təmi hələ də damağımdan çəkilməyib. O axşam qardaşım qaz kəsdi, anam boranıplov bişirdi, manqalda çay dəmlədi. Süfrə hələ hazır olmamış bir də gözümüzü açıb gördük ki, evimizə xeyli qonaq gəlib. Hamısı da öz yaxınlarımız idi. Sən demə, kimsə Əliheydər qardaşımın qoltuğunda “Qılınc və qələm”i görübmüş və ilmə də ondan keçibmiş. Həmin dövürdə, ucqar bir kənddə “Qılınc və qələm” romanı böyük bir qənimət idi. Hamı bu əsərdən danışırdı. Bu kitabdan, deyirdilər ki, kənd kitabxanasına cəmi bir nüsxə göndəriblər, onu da müharibə veteranı olan kənd sovetinin sədri aparıb qoymuşdu evinə…Müxtəsər, həmin payız axşamı qardaşımla Məzahim dayım növbə ilə romanı oxuyurdular. Anam iki dəfə lampaya nöyüt tökdü. Beləliklə, kitabın oxunuşu bir həftədən çox çəkdi. Müharibədən baş leytenant rütbəsində orden-medalla qayıtmış Zöhrab əmim əlini əlinə vurub deyirdi: “Pah atonan sənin arvad yiyəsi, bu Qətibə (romandakı Qətibə surətini nəzərdə tuturdu) gör nə işlər gördü, nə oyunlar çıxartdı!… Allah bizi məkri-zənənnən qorusun…”0 zaman mən qonaqlar gedəndən sonra yorğanı çiynimə çəkib, yalan olmasın, ta sübhə kimi bu romanı ayrı bir gözlə, xüsusi bir ləzzətlə oxuyar, şagird dəftərimə özümçün qeydlər edərdim.
O ki, qaldı sualınızın “NECƏ OLDU JURNALİSTİKANI VƏ YAZARLIĞI SEÇDİNİZ” cavabına, doğrusu, durum deyim ki, mən nəsə düşünüb-daşınıb seçim eləmişəm, belə şey olmayıb, həyatın öz axarı məni gətirib yazı-pozu işinə çıxarıb. Yəni bu, sümüyümdə olub. Hacı Qaranın sözü olmasın, mən yazı-pozunu yox, onnar məni əyləyib. 1962-ci ildə 8-ci sinfi bitirəndən sonra yaşlı valideynlərimə kömək məqsədi ilə kəndimizdəki Əzizbəyov adına kolxozda işə düzəldim. Arıq, cılız, təcrübəsiz bir yeniyetmə olmağıma baxmayaraq, yaşca məndən böyük olan iş yoldaşlarımla ayaqlaşmalıydım ki, onlar məndən briqadirlərə, baş aqronoma şikayətlənməsinlər. Biz su arxlarını təmizləyir, tirə çəkir, dəmiryolu stansiyasından pambıq çiyidi, dərman preparatları, müxtəlif mal-material daşıyırdıq. Sonra məni taxıl xırmanına göndərdilər, burda elevatorla taxıl təmizləyirdik. Səhərdən axşamadək tozun-torpağın içindəydik. Payıza dönəndə məni elevatordan ayırıb kolxozun ağır işlərinə göndərdilər. Odur ki, işə çıxmadım. Kolxozda əkin texnikasının taxıl səpininə hazır olmaması barədə tənqidi məqalə yazıb, Biləsuvarda çıxan rayonlararası “Məhsul”qəzeti redaksiyasına göndərdim. Məqalə tez çap olundu. O, kənddə bərk səs-küy salmışdı, məni kolxoz sədrinin yanına çağırdılar. Getdim. Sədrin yanında ucaboy, orta yaşlı, saçları seyrəlmiş, səliqə sahmanlı bir kişi əyləşmişdi. İti baxışları diqqəti cəlb edirdi. Öyrəndim ki, bu adam Astraxanbazar ( indiki Cəlilabad) Rayon Partiya Komitəsinin məsul işçisidir. O, birdən yumruğunu stola vurub məni hədələdi: “Cavan oğlansan, –dedi.-indidən demaqoqluq edirsən”.
Mən təmkinimi pozmadan sakit bir tonda cavab verib dedim:
– İndidən eləməyim, sonraya saxlayım, yəni deyirsiz hələ tezdir?!
Kişini gülmək tutdu.. “ Ə, sən yaxşı kişinin oğlusan,- dedi- otur izahat yaz, məqalənə düzəliş ver. Yaz ki, cavan olmuşam, səhv eləmişəm…”
– Siz Lenin komsomolçusuna –dedim,- belə tərbiyə verirsiniz, onu bu sayaq əyri yola çəkirsiniz?! Yaxşı olar ki, düzəlişi mən yox, kolxoz rəhbərliyi eləsin, texnikanı əkinə vaxtında hazırlatdırsın…
Əlbəttə, bu həngamədən sonra mən kolxozda işləyə bilməzdim, işdən çıxdım. Oturub “Anbardar” adlı bir pərdəli, iki şəkilli komediya yazdım. Kənd Mədəniyyət evinin direktoru, rəhmətlik Tarverdi Əliyevin xeyir-duasıyla bu komediyanı kənd cavanlarının-həvəskar aktyorların ifasında tamaşaya qoyduq. Özüm baş rolda oynayırdım. Tamaşa kənd klubunda göstərilərkən, yalan olmasın, iynə atsaydın yerə düşməzdi. Klub ağzınacan adamla doluydu. Tamaşa böyük uğur qazanmışdı. Kənddə hamı ondan danışırdı. Sorağı bütün rayona yayılmışdı. Həvəskar rejissor Əlifağa Həsrətovun verdiyi quruluşda bu tamaşa rayonun bir çox yaşayış məntəqələrində nümayiş etdirildi. Bundan sonra kolxoz sədri məni yanına çağırıb dedi: qayıt işinə. Razılaşmadım, əvvəla, kolxozda əmək haqqını gec, bəzən ilin yekunlarına görə verirdilər, ikincisi, özümə yaxşı iş tapmışdım.

İLK QƏLƏM MƏHSULUNUZ?

BannerPuşkin rayon (indiki Biləsuvar) Mexaniki Suvarma İdarəsində maşinist vəzifəsində çalışırdım. Həm də müəssisə rəhbərliyinin, ictimai təşkilatlarının orqanı olan “İrriqator” divar qəzetinin müəlliflərindən biri kimi tanınmışdım. Bir gün, səhv etmirəmsə, bu, 1964-cü ilin noyabr günlərindən biri idi, idarəmizin rəisi İmran Məmmədov məni kabinetinə çağırtdırıb dedi: “Oğlum,” “İrriqator”da məqalələrinizi oxuyuram, sən bizə yaxşı kömək edirsən. Qorxma, heç kimdən çəkinmə. Gördüklərini yaz. Mexaniki yığma sexindən yazdığın tənqidi məqaləni yoxlatdırmışam, düz yazıbsan, onu müzakirə eləyəcəyik. İndi isə get “Məhsul” qəzetinin redaktoru Həmdulla Əzizovun yanına. Demişəm, o səni qəbul edəcək. Məqalələrinin çap olunmasına köməklik göstərəcək.Həmdulla Əzizov xeyirxah, qayğıkeş bir insandı. O, mənə yaxşı tövsiyələr verdi, əlindən gələn köməyi etdi. Sonralar isə bu kişinin, eləcə də istedadlı jurnalistlər Əlövsət Bəşirovun və Dilarə Vəkilovanın zəmanəti ilə SSR Jurnalistlər İttifaqına üzv qəbul olundum…

(Davam edəcək)                   Tofiq ABDİN

Комментариев нет:

Отправить комментарий