Страницы

24.04.2011

SABİRABADDA İKİ KƏND AYAĞA DURUB AKSİYA KEÇİRDİ

Xankeçən və Çığırğan əhalisi yolların bərbad vəziyyətdə olmasından şikayətlənir



Sabirabadda etiraz aksiyaları geniş vüsət almağa başlayıb. Rayonun Kür daşqınlarına məruz qalmış iki kəndinin sakinləri dünən etiraz aksiyası keçiriblər. Xankeçən və Çığırğan kəndlərinin əhalisi sel fəlakətindən sonra yolların bərbad vəziyyətdə olmasından şikayətləniblər.
Bu barədə “Yeni Müsavat”a hüquq müdafiəçisi Azad İsgəndərli məlumat verib. O bildirdi ki, seldən zərərçəkənlər Şirvan-Salyan yolunun (Noxudlu yolu) daşqınlardan sonra yararsız hala düşdüyünü, müraciətlərinin isə nəticəsiz qaldıqlarını deyiblər: “Məni də aksiya yerinə dəvət etmişdilər. Bu aksiyaların davamlı olacağını dedilər. Yolsuzluqdan əziyyət çəkirlər, insanlar kənddə xəstəni, hamilə qadını xəstəxanaya çatdıra bilmir. Dövlət orqanlarının məsuliyyətsizliyindən gileyləndilər. Ərazidə hərəkət etmək çətindir və narazı sakinlər yaxınlarda Prezident Administrasiyasına şikayətə getmək niyyətindədir”.
Kənd sakini Bəhruz Qocamanov isə “Azadlıq” radiosuna deyib ki, daşqınlar zamanı istifadə etdikləri magistral yolun çox hissəsi su altında qalıb, baxımsızlıqdan pis vəziyyətə düşüb: “Bizim ağır xəstələrimiz var, əlillərimiz var. Birinin ağrıları tutanda zülm çəkirik. Heç bir yerə çıxışımız yoxdur. Bütün müraciətlərimizə baxmayaraq bu günədək hələ heç bir iş görülməyib. Nə rayon icra aparatı tərəfindən, nə Nəqliyyat Nazirliyi tərəfindən, nə də başqa aidiyyəti təşkilatlar tərəfindən. Camaat da yığışıb, bizim tələbimiz budur ki, yol problemi həll olunsun”.
Digər kəndli Xaləddin Əhədov bildirib ki, yolsuzluqdan bu yaxınlarda bir xəstə dünyasını dəyişib: “Su basmış əraziyə ağır maşınlar gəldi, material apardı-gətirdi, yol bərbad idi, sudan sonra lap yaman günə qaldı. Ağır xəstə olur, hamilə qadın olur. Xəstəxanaya çatdırmaq olmur. Bir neçə gün bundan qabaq biri yolda keçindi”.
Sabirabad Rayon İcra Hakimiyyətindən isə “Azadlıq” radiosuna bildirilib ki, kəndarası yolların təmiri istiqamətində işlər mərhələli şəkildə aparılır. Hazırkı mərhələdə Şirvan-Salyan yoluna (Noxudlu yolu) asfalt örtük çəkilməsi üçün vəsait ayrılmayıb.

Emil SALAMOĞLU

Комментариев нет:

Отправить комментарий