Страницы

24.04.2011

ŞAHBAZ XUDUOĞLU RƏSUL QULİYEVİN YENİ KİTABINDAN DANIŞDI

“Bu, bir siyasi xadimin bədii ədəbiyyata müraciət etməsi ilə bağlı presedentdir”



Eks-spiker Rəsul Bayramın (Quliyev) Bakıda yeni kitabı nəşr olunub. Müəllifin bu kitabı əvvəlkilərindən fərqli olaraq roman janrında qələmə alınıb. “Axına qarşı” adlanan roman bir kitabda həm Azərbaycan, həm də rus dilində nəşr olunub. Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır.
Müəlliflə onun kitabı barədə danışmaq imkanımız olmasa da naşiri söhbətə tutduq. “Axına qarşı”nı nəşr edən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə R.Quliyevin yazarlığı, əsərinin ədəbi dəyəri, bu kitaba görə mümkün ola biləcək təzyiqlər barədə danışdıq.

- Şahbaz bəy, kitab artıq satışdadırmı?
- Bəli, aprelin 21-dən satışdadır.
- Kitabın məhz sizin nəşriyyatda çap olunması təklifi kimdən gəldi?
- Əvvəlcədən bilmirdim ki, belə bir kitab yazılır və bizim nəşriyyatda çap olunması üçün müraciət ediləcək. Rəsul Quliyevin öz sifarişidir. Biz də onu nəşr olunası kitab hesab etdiyimiz üçün nəşr etdik.
- Romanı oxumusunuzmu? Necə təsir bağışlayıb?
- Axıra qədər oxumaq imkanım olmayıb. Ümumi göz gəzdirmişəm. Yaxşı təsir bağışlayıb. Romanın adı “Axına qarşı”dır və burada proseslər Orta Şərq, Yaxın Şərq, Əfqanıstanda cərəyan edir. Gənc bir oğlanın həyatından bəhs edir. Ümumiyyətlə, İslam dünyası ilə bağlı əsərdir. İslam dünyası, Avropa münasibətlərindən də bəhs edilən bədii əsər adlandıra bilərik. Romanda elə obrazlar, tarixi şəxsiyyətlər var ki, burda onların canlı simalarını görürük. Bəzi yerlərdə müəllif romançılıqdan çıxır, konkret hadisə və şəxslərdən danışır. Burda müsəlman dünyası ilə Avropanın münasibətlərindən bəhs olunur. Bəzən Rəsul Quliyevin bədii roman yazması birmənalı qarşılanmır. O, istənilən mövzuda əsər yaza bilər. Təbii ki, Azərbaycan barədə də yaza bilər.
- Romanda Rəsul Quliyev kimliyi görünürmü?
- Xeyr. Burada o, romançı, nağılçıdır, sadəcə hadisələri nəql edir. Hətta Rəsul Quliyev kimliyini ön plana çıxarmamaq üçün romanı Rəsul Bayram imzası ilə çap edib.
- Bu kitabı nəşr etdiyiniz üçün sizə hər hansı təzyiqlər ola bilərmi?
- Rəsul Quliyev bəlkə də bir siyasi xadim kimi Azərbaycan siyasi elitasında sevilməyən addır. Amma bu, onun bədii əsər yazmasına mane olmur, onun yayılmasına da mane olmasın gərək. Onun imzasına Azərbaycanda yasaq qoyulmayıb. Necə ki, qəzetlərdə imzası yayılır, onun da kitabı kitablar arasında olmalıdır. Bu, bir siyasi xadimin bədii ədəbiyyata müraciət etməsi ilə bağlı presendentdir. İstərdim ki, bunun davamı gəlsin. Həsən Həsənov, Vilayət Quliyev, Tofiq Qasımov də bədii əsər yazsın. O şəxslər ki, onların həyat təcrübələri çoxdur, siyasi oyunları və prosesləri yaxından izləyə biliblər. Məncə, ədəbiyyatımızın siyasi ədəbiyyat janrı tam formalaşmayıb. Azərbaycanda siyasi romançılıq janrında əsərlərin sayı azdır. Onların bədii imzalarının olmasını məmnuniyyətlə istəyərdim. Burada təhlükəli heç nə yoxdur. Siyasi hakimiyyət kitabdan ehtiyatlanmır.
- Rəsul Bayram imzasına oxucu marağı necədir? İlkin reaksiyalar, satış... nə deyir?
- Xeyli maraq var. Bütün elektron KİV-də bu məlumat gedib. Kitab artıq kitab dükanlarında satılır. Soruşub maraqlananlar var. Əsər həm rus, həm də Azərbaycan dilində olduğu üçün rusdilli oxucuların sayı da nəzərə alınmalıdır. Kitabın tirajı isə 2000-dir. İndi orta kitab tirajı 500-1000 tirajdır. O baxımdan da Rəsul Quliyevin kitabının tirajı kiçik sayılmaz. Oxunarsa, yaxşı fikirlər səslənərsə, ədəbiyyatda bir canlanma olarsa, təkrar çapı barədə düşünə bilərik. Kitabın qiyməti 5 manatdır.
- Bəs kitabdan gələn gəlir məsələsi necə tənzimlənəcək? Rəsul Quliyev kitabından da pul qazana biləcəkmi?
- Aramızda belə söhbət aparılmayıb. Son razılaşma olmayıb. Yəqin ki, olacaq. Hətta bu 2000 kitabın hamısı satılsa da mübahisələrə səbəb olacaq gəlir gəlməyəcək. Əgər təkrar-təkrar tirajlarla çap olunarsa, maliyyə məsələsi aramızda müzakirə ediləcək. Almaniya kanslerinin kitabı 200 min tirajla çap olunurdu. Barak Obamanın kitablarının ümumi tirajı milyonlara çatır. Onunla müqayisədə 2000 tiraj nədir ki?!
- Bir ara siyasi kuluarlarda Rəsul Quliyevin kitablarını özünün yazmaması, bunun üçün tanınmış yazarlara pul ödəməsi barədə şayiələr dolaşdı...
- Səhv etmirəmsə, bu şayiələr onun “Demokratiyaya gediləsi uzun yol” kitabı ilə bağlı yarandı. Şəxsən mən inanmıram ki, Rəsul Quliyev kimi köhnə dövrdə spiker olmuş və uzun müddət böyük vəzifələrdə çalışmış bir insan belə bir naşı iş görsün. Əgər onun yazmaq qabiliyyəti olmasaydı, yazmazdı. Bir müsahib kimi danışar, kimsə onun danışdıqlarını yazardı. Məsələn, Şevardnadze də öz xatirələrini yazır. Bəlkə də kiməsə danışır, həmin adam da bunu qələmə alır. Ədəbiyyatda buna “ədəbi fəhlələr” və ya “literaturniye neqrı” deyirlər. Dostoyevskinin də düşüncə sürəti əlinin sürətini geridə qoyanda öz fikirlərini başqasına diqtə edirdi. Ədəbiyyatda bu təcrübə var. Bundan da istifadə etsə, müsbət haldır. Bu fikirlərin kökü odur. Kitab yazmaq, yaratmaq, nəşr etmək fikri onun özündən gəlib. Ona görə də pul qarşılığında kiməsə kitab yazdırma söhbətini şayiə hesab edirəm.

Sevinc TELMANQIZI               musavat.com

Комментариев нет:

Отправить комментарий