Страницы

11.10.2011

“ABŞ-ın süqutundan nə fayda?”


image
Yoxan Qaltunqun “Russia Today”ə müsahibəsi


Əziz oxucular! Məhşur amerikalı alim, ictimai xadim professor Yoxan Qaltunq Rusiyanın ingilisdilli “Russia Today” kanalına müsahibəsində qlobal siyasətlə bağlı öz proqnozlarını açıqlayıb. Müsahibəni kanalın Vaşınqtondakı müxbiri Dina Qusovski alıb. Müsahibənin tam mətnini diqqətinizə çatdırırıq. 



- Deyəsən çaşqınlıqla üzləşmişik. Amerika mətbuatının baş səhifələri ölkə iqtisadiyyatında artım barədə yazılarla doludur. Bundan belə nəticə əldə edə bilərik ki, hökumətin planı işlək oldu və biz böhrandan çıxırıq. Hətta iqtisadiyyatın bərpası üçün nə qədər vaxt tələb olunduğu barədə düşünürlər. Yazıçı və alim Yoxan Qaltunq (Johan Galtung) isə başqa cür düşünür. Onun yeni kitabı “Amerika imperiyasının süqutundan nə fayda?” (“The Fall of the US Empire – and then what?”) adlanır. O, indi studiyamızdadır.

Gəldiyinizə görə təşəkkür edirəm. Beləliklə, Siz öz kitabınızda şok iddia irəli sürürsüz. Siz yazırsız ki, dünya Amerika imperiyasının süqutuna şahidir. Bu necə olur?

- Həmin kitabda yeni bir şey yazmamışam. Dünya Britaniya, Fransa və Sovet imperiyarının süqutuna şahid olub. Mən Sovet imperiyasının süqutu barədə 10 il öncədən - 1980-cı ildə xəbər vermişdim, elə də oldu. 2000-ci ildə isə bildirdim ki, 2025-ci ildə Amerika imperiyaı süqut edəcək. Ancaq prezident olaraq Corc Buş seçildi. Sonra belə qənaətə gəldim ki, o, süqut prosesini sürətləndirəcək. Beləliklə, mənim proqnozum – 2020-ci il.

- Ancaq eyni zamanda Siz təkid edirsiz ki, Amerika imperiyasının süqutu baş verərsə, ABŞ respublika olaraq daha güclü və effektiv olacaq. Bu necə mümkündür?

- Bəli, tamamilə düzdür. Bunun böyük üstünlükləri var. Rusiya Sovet imperiyasının, İngiltərə Britaniya imperiyasının, Fransa isə Fransa imperiyasının süqutundan uddu. Üzərkən boynunuza albatros otursa pis üzməyə başlayacaqsız. Albatros – imperiyadır. Dünyada 243 hərbi müdaxilə etməyə, siyasi səbəblərdən kimisə cəzalandırmağa, hər yerdə hərbi baza yaratmağa borclu olduğunu hiss etmək həddən artıq ağırdır. Bundan əlavə, bütün bunlar böyük vəsait tələb edir. Hətta bütün bunlara yuxarıdan icazə verildiyini hiss etsəniz belə (ilahi missiyaya işarə - tərc.), bu ağır yükdür... Yuxarıdan icazənin olmasına isə dünyada heç kəs inanmır. Beləliklə də, belə hərəkətlərdə legitimlik yoxdur, möcüzəli bəhanələr isə yararsızlaşıb.

Fikrimcə, hər şey Koreya müharibəsindən başladı. O zaman 1812-ci ildən başlayaraq tarixdə ilk dəfə ABŞ müharibəni udmadı. Həmin vaxtdan hər şey tənəzzülə uğrayır: Vyetnam müharibəsi, İraq müharibəsi, Əfqanıstan müharibəsi. Unutmayaq ki, Fransa imperiyası Əlcəzairdəki müharibəni uduzması ilə süqut etdi, Britaniya imperiyası isə - Mau-Mau hadisələrindən sonra. Özüdə həmin müharibədə britaniyalılar 30 nəfər itki vermiş, minlərlə inasanı isə öldürmüşdülər. Bu sonluq idi.SSRİ üçün bu sonluq Əfqanıstan idi. Təzəlikcə bir köynək görmüşəm, onun üzərində yazılmışdı: “Əfqanıstana xoş gəlmisiz. İmperiyalar bura məhv olmaq üçün gəlirlər”.

- Bəs süqutun qarşıını almaq mümkündürmü? ABŞ bunun üçün nə etməlidir?

- Əlbəttə mümkündür. Bu sualın cavabı olduqca konkretdir: bazaları yığışdırmaq lazımdır, ABŞ-ın 170 ölkədə mindən artıq bazası var. Britanıyanın 1965-ci ildə etdiyi kimi, onları sadəcə olaraq geri çağırmaq lazımdır. Münaqişə vəziyyətini daha yaxşı yollarla həll etmək lazımdır, hərbə əl atmaq lazım deyil.

- Siz İran ətrafında cərəyan edən hadisələri nəzərdə tutursuz?

- Əlbəttə. Obama etiraf etdi ki, 1953-cü ildə qanuni yolla seçilmiş baş naziri ABŞ devirmişdi (İranda – tərc.). Obama bundan təəssüfləndiyini bildirsəydi, hətta üzr istəsəydi daha yaxşı olardı. Ancaq, düşünürəm ki, belə bir etirafın edilməsi artıq yaxşı bir haldır. Milyonlarla işləri bu ruhiyyədə görmək olar. Siyasi baxımdan sıxışdırma əvəzinə danışıqlar yolu, mədəni baxımdan – sırıma əvəzinə dialoq yolu seçilməlidir.

- Bütün vasitələrə əl atıldıqdan sonra nə etmək lazımdır? Dialoq nəticə vermirsə nə edilməlidir?

- Dialoq davam etdirilməlidir. Dialoqa başqa tərəfdaşlar cəlb olunmalıdır. Məsələn, İsraillə Fələstini götürək. Yaxşı bir misaldır. İnanmıram ki, orada dialoq var. Orada sıxışdırma var – fələstinlilərin sıxışdırılması.

Fikrimcə, Avropa birliyi (ittifaq nəzərdə tutulmur – tərc.) misalında Yaxın Şərq birliyi təsis etmək olardı. 1958-ci ildə Almaniya və onun qonşuları, cəmi altı ölkə bir araya gəldilər. İsrail və onun beş qonşusu – Livan, Suriya, İordaniya, Fələstin və Misir də belə edə bilərdi. Məncə bu səmərəli olardı. Əlbəttə, Fələstin beynəlxalq normalara uyğun olaraq sərhədlərə malik olmalıdır, 1967-ci ildəki sərhədlərə. İsrail ekspansiyadan əl çəkməli və təhlükəsizliyə sülh yolu ilə çatmalıdır. Bu yeganə yoldur.

- İnanıram ki, hamı sülh istəyir, hərçənd bunu istəsək də, bəzən bu real görsənmir. Təşəkkür edirəm.


salaminfo.az 

Комментариев нет:

Отправить комментарий