Страницы

11.10.2011

Avropa tarixini qoruyan cökələr


image
Avropanın ən məşhur küçəsində azərbaycanlı izi


“Normal” küçələrin hamısında müəyyən ahəng və daimilik mövcuddur. Lakin bunu Berlinin əsas küçəsi Uunter-den-Lindenə aid etmək olmaz. Çaydakı su axını tək bu küçə rəngini, ruhiyyəsini, hərəkəti, hətta arxitekturasını dəyişir. Berlinə gələn hər xarici ilk baxışdan bu əsrarəngiz küçənin paradokslarını görür. Mark Tven vaxtılə yazırdı: “Unter-den-Liden bir küçədə cəmləşmiş üç küçədir”. Həqiqətəndə, cökə ağacları ilə məşhur bu küçənin quruluşu üç müstəqil yol təəssüratı bağışlayır. Digər cəhətdən də, Friderisianum Forumundan başlayan prospekt cökəli bulvara keçir və sonra Parij meydanı və Brandenburq Qapılarında bitir. Yenə də üç hissədən ibarət bir küçə alınır.

Yenidən tikilmiş şəhər

Bura gələn turistləri bir təəssüf gözləyir. Almaniya, bəlkə də bütün Avropanın tarixini özündə əks etdirən Çökəaltı (“Unter-den-Linden” almanca “cökələr altı” deməktir) küçə əslində heç də qədim deyilmiş. Burada yerləşən bütün binalar İkinci dünya müharibəsindən sonra yenidən tikilib. Lakin memarlar küçənin tarixi ab-havasını qoruya biliblər. Qədimdə bu küçədə krallar ovla məşğul olurdular, ov itlərinin üzərində qaçdığı körpüyə elə “itlər körpüsü” adı da qoymuşdular. Lakin indi Unter-den-Linden də heç bir heyvana rast gəlmək olmur – Berlinin mərkəzində heyvanla gəzinti qadağandır. Kralın vaxtılə gəzdiyi səkiyə el arasında “kral yolu” deyillər. 1871-ci ildə Fransa üzərində qələbə çalan I Vilhelm özünü imperator elan edəndən sonra bu hissəyə “kayzer”(“imperator”) yolu adı verdilər. Almaniya dövlətçilik tarixini əks etdirən əsas abidələr məhz bu küçədə yerləşir. Hər bir şey ya Prusiya dönəminin baş qəhrəmanı II Fridrix və ya vahid Almaniyanın ilk hakimi I Vilhelmin adı ilə bağlıdır. Nasist dövrünü xatırladan qorxunc arxitekturalı bir bina da qorunub saxlanılır – tarixi hadisələr başqa səmtdə cərəyan etsəydi bütün Almaniya bu cür tikililərlə dolu olardı. 
Brandenburq Qapıları 1791-ci ildə tikilib, daha doğrusu yenidən qurulub. Bu tikilinin tarixi daha öncəki dövrlərdən başlayır. XVII əsrin sonlarında 30 illik müharibədən məğlub çıxan Prusiya knyazlığı əhalisinin 1\3-ni itirmişdi. Ona görə də Avropanın bütün ölkələrindən müxtəlif millətlər Berlinə dəvət olunurdu. Şotlandiyadan qovulan katoliklər, Fransada sıxışdırılan protestantlar və Polşa yəhudiləri Brandenburq Qapılarından keçdikdən sonra berlinli sayılırdılar. Qapılardan başlayan küçə düz kurfüstun (knyazın) sarayına aparırdı. Bu, kurfüstun (sonralar Prusiya knyazları “kral” titulu alırlar) ova çıxdığı həmin küçə idi. Lakin, zəngin gəlmələr monarxa yaxın olmaq üçün bu küçədə saray tikməyə başladılar. Onlarla üzbəüz, yolun digər hissəsində isə “neqosiantlar”, bizim dillə desək alverçilər məskunlaşmağa başladı. Ona görə də “kral yolu” ilə üzbəüz “neqosiantlar yolu” gedir. Elə o zamandan Unter-den-Lindenin də tarixi başlayır – ov küçəsi paytaxt mərkəzinə çevirilir. Ən əsası gəlmələr bir biri ilə qarışdıqdan sonra sair almanlardan fərqlənən berlinlilər “növünü” yaratdılar. Həmin bu berlinlilər Prussiya elitasının əsasını təşkil edərək, gələcəkdə bütün milləti vahid dövlətdə birləşdirəcəklər.

Muzeylər adası

Böyük Berlin kilsəsinin yanında şəhərin ən qədim muzeyi “Alte Museum” yerləşir. Klassik üslubda inşa edilən bu binanın memarı Karl Şinkeldir. Köhnə Berlindəki bir çox abidələr bu böyük memarın əsəridir. “Altes Museum” (“Köhnə muzey”) binası arxasında daha dörd muzey var: Köhnə milli qalereya, Yeni Muzey, Bode adına muzey və Perqamon muzeyi. Ona görədə bu əraziyə “Museuminsel”, yəni “Muzeylər adası” deyirlər. Burada olduqca maraqlı eksponatlara rast gəlmək olur. Almanlar, britaniyalılar kimi Aralıq dənizi və Yaşın Şərq ölkələrinin tarixi irsini məharətlə öz ölkələrinə “gətirməyi” bacarırdılar. Berlin muzeyləri içində ən məşhuru Perqamonun olduğunu desək yanılmarıq. Dünya şöhrətli bu məkanda Zevs məbədinin mehrabı (Qədim Yunanıstan), Milet forumunun qapıları (Qədim Roma), İştar məbədinin yolu və qapıları (Babilistan) hissə hissə Almaniyaya qənimət kimi gətirilib və yenidən bu muzeydə yığılıb. Perqamon muzeyinin tərkibində İslam incəsənəti muzeyi də var. Burada müsəlman tarixinin VII-XIX əsrlər hissəsini əhatə edən və İran, Türkiyə, Misir, Suriya, Hindistandan olan əsərlər qorunur. Almanların müsəlman əsərlərini öz muzeylərində qorumasına baxmayaraq, son aylar ölkədə İslamın alman mədəniyyətində yeri olmaması barədə mülahizələr irəli sürülür. “Almaniya – xristian və yəhudi mədəniyyətinin əsasında formalaşıb” deyənlər digər yandan da müsəlman ölkələrindən gələn işçi qüvvəsinə möhtacdır. Axı almanlar qocalan millət sayılır və yerli gənclər iqtisadi yükü təkbaşına daşıya bilmir. Qocaların gənclərdən çox olması Unter-den-Lindendə gözə çarpan ilk məsələdir.

Tacirlərlə zadəganlar savaşı

Bu gün Unter-den-Lindendə demək olar ki, heç kəs yaşamır. Cökə altında berlinlilərdən daha çox turist gəzir. Yerli almanlarla tanış olmaq üçün velosiped sürücülərinə, yaxud berlinsayağı desək “velorikşa”lara müraciət etmək lazımdır. Dərsdən azad vaxtda pul qazanan gənc tələbələr (özüdə yaşıllar hərəkatının üzvləri!) velosipedlə “taksovatlıq” edirlər. Onlar həm şəhəri gözəl tanıdığından əla bələdçirlər, həm də yaşıllardan olduqlarına görə yolboyunca ekologiyadan danışırlar. “Velorikşa”a Rudi adlı bir tələbə idi. Dediyinə görə, valideyinləri ona bu adı 1968-ci ildə həlak olmuş inqilabçı tələbə Rudi Duçkenin adını qoyublar. Ekologiya problemlərinə necə can yandırdığını görəndən sonra, başa düşdüm ki, valideyinləri ona ad seçərkən yanılmayıblar. Tıxaca düşdük... “Cip” sürən rahibə “Yaquar”dakı biznesmendən yol verməyi tələb edir. Taksidə oturan Bundesverin iki zabiti general Zeydlisin dövründəki qusarları xatırladır, düzdü o vaxtdan bəri mundir bir az sadələşib. Bakıdakı kimi portağal rəngli formadakı fəhlələr yolu qazırlar. Yanımızdan keçən adi “Mersedes”də Bundestaqın üzvü oturub. Birdən ayıldım ki, tıxaca baxmayaraq heç kəs əsəbləşmir – nə kənara çıxan var, nə siqnal verən. Hamı sakitcə yolun açılmasını gözləyir.
“Neqosiantlar” və “kral” yolları uzun əsirlər boyu bir biri ilə rəqabət aparıb. Tarixin müxtəlif dövrlərində 1-ci nömrə ya birinci, ya ikinci yolda yerləşən binaya verilirdi. Bu isə Cökəaltı küçənin zadəganlar ya ticarətçilərə məxsus hissəsindən başlandığına işarə idi. Ölkədəki ideologiyadan asılı olaraq paytaxtın mərkəzi prospekti ya sadə insanların, ya “seçilmişlərin” evindən başlayırdı. Bu qarşıdurmaya 1936-cı ildə Berlin Olimpiadası öncəsi Hitler son qoydu, özü də problem “kral yolunun” xeyrinə çözüldü. Nasist lideri bu küçədə yeni Olimpiya stadionuna aparan “via triumphalis” geniş magistral yolu çəkmək fikrinə düşdü. Olimpiya oyunları zamanı tarixdə ilk dəfə Olimpiya atəşi təyyarə ilə Yunanıstandan Almaniyaya gətirildi və bu küçə ilə stadiona tərəf aparıldı. Təbii ki, diktator özü həmin hadisədə iştirak edirdi və “kral yolu” ilə kütlənin alqışı altında olimpiya məşəlini müşaiyət edirdi. Lakin Hitlerin “krallığına” bizim azərbaycanlılar son qoydu.

2 may 1945-ci il tarixində Qızıl Ordu xəfiyyələrinin Moskvaya göndərdiyi məlumata görə, səhər tezdən “günəşli Azərbaycan oğulları”ndan ibarət 416-cı atıcı diviziya Üçüncü Reyxin əsas küçəsini ələ keçirdi. “İtlər körpüsünün” qalıntıları üzərindən keçən polkovnik Səidbədəlovun 1373-cü alayı kapitan Əfəndiyevin artilleristlərinin yardımı ilə Hərbi Komendaturanı zəbt etdi. Küçədəki binaları ələ keçirən azərbaycanlılar 63 saylı binaya çatanda polkovnik Rəşid Məcidov əmr etdi: “Bir dənə də gülləi bura atılmamalıdır! Bura Sovet İttifaqının səfirliyidir”. Onda əsgərlər əlbəyaxa savaşa çıxdılar. Binanın pilləkanlarında, dəhlizlərində, otaqlarında əsgərlərimiz almanları qol gücünə məğlub edirdilər. Polkovnik Gülməmmədovun batalyonu Unter-den-Lindeni ələ keçirib Brandenburq Qapılarına hücum edərkən SS-in könüllü Azərbaycan bölməsi ilə üzləşdi. Yalnız bundan sonra sonra Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin keçmiş birinci katibi Məcidov səfirlik binasının damına SSRİ bayrağını sancdı. Bütün bunları general Fyodor Bokov öz memuarlarında təfərruatı ilə xatırlayır.

Keçmişindən utananlar

Hazırda “İtlər körpüsü” yerində “Saray körpüsü” inşa edilib. Bütün görüşlər burada təyin olunur, turist ekskursiyaları buradan başlayır. Rudinin dediyinə görə, Berlin kilsəsinin yanındakı boş ərazidə böyük beton “qutu” var idi. Onun damında altı metrəlik həriflərdən “ZWEIFEL” – “şübhə” sözü yazılmışdı. Bu yazı sanki Unter-den-Lindenin üstündə asılmışdı, onu hər yerdən görmək olurdu, hətta Brandenburq Qapılarından. Rudinin dediyinə görə, o, norvecli rəssam Lars Lamberqin konseptual əsəri idi. Rəssam öz şübhəsini keçmiş Almaniya Demokratik Respublikasının əsas binası – Respublika sarayı üzərində bərqərar etmək istəyibmiş. Bu bina alman kommunistlərinin yığıncaq yeri olub. Vaxtı ilə burada kral qəsri yerləşirdi, ikinci dünya müharibəsi zamanı qəsr dağıdıldı. Binanı bərpa etmək mümkün olsa da, başqa ölkələrdə olduğu kimi, alman kommunistləri də onun yerində sosialist erasının simvolu olacaq ebəcər bina tikmək qərarına gəldilər. Berlin səddinin aşmasından sonra Bundestaqın qərarı ilə bu bina sökülməli və kral qəsri yenidən qurulmalı idi. Lakin kommunistlərin varisi olan Demokratik Sosializm Partiyası özünü doğrultmamış sosializin simvolunu bütün gücü ilə qorumağa çalışırdı. Buna baxmayaraq 2008-ci ildə hökumət tarixi abidə olan bu binanı sökdü, yerində isə heç nə tikmədi. “Şübhə”nin də hara getdiyini öyrənə bilmədim.
Ümumiyyətlə almanlar keçmişlərindən sanki utanır və nasizmlə sozializm barədə bütün xatirələrdən tələsik yaxa qurtarmaq istəyir. Bunu hətta kayzer I Vilhelmin şəxsi mühafizəsi üçün tikilmiş “Yeni qravul” binasındakı yazılardan bilmək olur. Həmin bina hazırda Almaniya Federativ Respublikasının Mərkəzi Memorialıdır. Binanın üzərində “Müharibə və zor qurbanları xatirəsinə” yazısı həkk olunub. Kimin zorundan həlak olanların xatirəsinin yad olunduğu göstərilməsə də, xüsusi bir tabloda alman tarixinin bütün qurbanları sadalanıb. Qaraçılardan tutmuş homoseksualistlərə kimi hamı yad olunur, kommunistlərdən başqa. Hərçənd, ədalət naminə onların da adını yazmaq olardı. Yeri düşmüşkən, ikinci dünya müharibəsi zamanı bu memorialda nasistlər tərəfində vuruşan və həlak olan azərbaycanlıların da xatirəsi yad olunurdu. Düzdü, kommunistlər kimi, onlar da müasir almanların xatirəsindən silinir. Almanların digər milli xüsusiyyətini xatırladan nüanslardan biri də “Yeni Qravul” binası ilə Berlin Universitetinin qonşuluğudur. Təhsil və hərb həmişə Prusiya dövlətçiliyinin əsasını təşkil edib. Almaniya tarixini həmişə alimlərlə hərbçilər yazıb. Elə Avqust Bebel meydanı da bunu bir daha sübut edir. Friderisianum Forumunun mərkəzində yerləşən bu meydan o zamanın kralı tərəfindən salınarkən Berlini Sparta ilə Afinanın vəhdətinə bənzəməli idi. Bildiyiniz kimi bir biri ilə daim müharibə edən bu qədim yunan şəhərləri biri biliyin, digəri isə gücün simvolu idi. Yeri düşmüşkən, Berlin Universiteti müasir Avropa ali məktəblərinin “anası” sayılır. Avropada ilk dəfə 1810-cu ildə elm və təhsil bu bilik ocağında bir yerə gəlib. Düzdü bu söz bir qəribə səslənir, amma görünür avropalılar XIX əsrə kimi elmlə təhsili bir birindən ayırırdı.

Brandenburq Qapıları

Bax beləcə Unter-den-Lidenlə Qədim Afinadakı Akroplu xatırladan Berlinin əsas simvolu – Brandenburq Qapılarına doğru çatdıq. Vaxtı ilə kral Fridrixin çoxsaylı müharibələrinin sona bitməsi münasibəti ilə inşa edilən bu abidə sülh simvolu sayılırdı. Napoleon Prussiyanı işğal edərkən öz ordusu ilə bu qapılardan keçdikdən sonra abidə rəzalət rəmzinə çevirildi. Həmin zaman qapıların üzərindəki qədim yunan ilahəsi Nikanın heykəli Parisə qənimət kimi aparılmışdı. 1814-cü ildə Nikanın heykəli öz yerinə qayıtdıqdan sonra Brandenburq qapıları hərbi parad yerinə çevirildi. Nasistlər abidəni öz qələbələrinin simvolu sayırdı, çünki Hitler hakimiyyətə gələndə buradan keçmişdi. Lakin Almaniya iki hissəyə bölündükdə Berlin səddi məhz bu qaılardan keçirdi. Ona görə də sədd dağıdıldıqdan sonra Brandenburq Qapıları vahid və yeni Almaniyanı təcəssüm edir. 30 il öncə bunu heç kəs təxmin edə bilməzdi. O zaman bura dünyanın ən qorunan yeri sayılırdı. Və o zaman AFR-dən ADR-ə əxlaqsız jurnallar və İncil ötürülürdü. Bu da Soyuq müharibənin ideoloji savaşı. Avropa tarixini özündə əks etdirən cökələr küçəsinə səfərimiz burada bitdi.

Səbinə                                                      salaminfo.az

Комментариев нет:

Отправить комментарий