Страницы

26.05.2011

ABUTALIBOVA 10 MİN HEKTAR TORPAQ VERİLDİ

Bakının ərazisi genişlənir; Abşeronun ərazisi BŞİH-in idarəetməsinə keçdi



Prezident İlham Əliyevin fərmanı ilə 10 min hektar ərazi Abşeron rayonundan alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilib. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmisi mətbuata açıqlamasında deyib. Hazırda BŞİH həmin torpaqları bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinə ayırmaqla məşğuldur.
Qeyd edək ki, Abşerondan alınan torpaqlar Xətai, Suraxanı, Binəqədi və Xəzər rayonlarının ərazisindədir. Yeri gəlmişkən, fərmanla uzun müddətdən bəri davam edən mübahisəli məsələyədə son qoyuldu. Məsələ ondadır ki, Abşeron rayonu vaxtilə Sumqayıt və Bakı şəhərlərini meyvə-tərəvəzlə təmin etmək üçün yaradılmış rayon olub. Bundan əlavə, yerli təsərrüfatlarda heyvandarlıq və gülçülük də inkişaf etdirilib. Bu səbəbdən Bakı və Bakıətrafı qəsəbələrin kənd təsərrüfatı üçün yararlı əraziləri 1963-cü ildə yaradılmış Abşeron rayonunun balansına verilib. Amma müstəqillikdən sonra həmin ərazilərdə aqrar sahə ilə bağlı işlər demək olar ki, dayandırılıb. Sovxoz və kolxozlara məxsus mülkiyyətin bir hissəsi əhali arasında bölünüb. Amma məsələ bununla yekunlaşmayıb. Eyni zamanda həmin ərazilərin Abşerondan alınıb Bakının digər rayonlarına verilməsi gündəmə gəldi və beləliklə də arada ciddi mübahisələr yarandı.
Onu da qeyd edək ki, bu mübahisəli məsələ uzun müddət mətbuatda aparıcı mövzulardan olub. Belə ki, müstəqillik zamanında fəaliyyəti dayandırılmış sovxoz və kolxozlarda çalışan insanların qeydiyyatı və mülkiyyəti ilə bağlı çətinliklər üzə çıxıb. Söhbətləşdiyimiz sakinlərin sözlərinə görə, hazırda Bakıətrafı qəsəbələrdə minlərlə insan var ki, onlar Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Xətai rayonlarında pasport qeydiyyatlarında olsalar da, onlara məxsus həyətyanı torpaq sahələri hələ də Abşeron rayonunun balansındadır və mülklərinin özəlləşdirilməsi ilə bağlı bu rayonların yerli qurumlarına müraciət etməli olurlar. Bundan əlavə, həmin qəsəbə sakinləri işlətdikləri qaz, su və işıq pullarını da Xırdalan şəhərindəki idarələrə keçirməli olurlar. Halbuki inzibati baxımdan onlar Xəzər rayonunda yaşayırlar. Bu da bir sıra problemlər yaradır.
Deyilənlərlə bağlı dəfələrlə redaksiyamıza şikayətlər daxil olub. Apardığımız araşdırmalar zamanı məlum olub ki, həqiqətən Maştağa qəsəbəsinin yaxınlığındakı tərəvəzçilik sovxozunda yaşayanlar tələb olunan sənədi almaq üçün Xırdalan şəhərinə getməlidirlər. Bu da əlavə vaxt itkisi deməkdir. Həmin sənədləri Maştağa qəsəbəsinin nümayəndəliyi də verə bilər. Amma qanundakı boşluqlar buna imkan vermirdi.
BŞİH-in balansına verilən 10 min hektara yaxın əlavə torpaq sahəsi ilə bağlı apardığımız araşdırmalar bir sıra maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, Bakı və Sumqayıtın meyvə-tərəvəz ehtiyacını ödəmək üçün yaradılmış kolxoz və sovxozlar ləğv edildikdən sonra həmin torpaq sahələri bəzi məmurlar tərəfindən pay-püş edilib. Daha dəqiqi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həmin məmurlara 99 illiyə icarəyə verilib. Ərazinin bir qismi isə kolxoz və sovxozlarda işləyən işçilərə pay torpağı kimi satılıb.
Həmçinin torpaq sahəsinin bir qismi bölgələrdən gələn ayrı-ayrı şəxslərə satılıb və hazırda bu proses davam etməkdədir. Bununla belə, bəzi hökumət rəsmiləri iddia edir ki, məhz bütün bunlara son qoymaq məqsədilə Abşeronun 10 min hektar torpaq sahəsi BŞİH-in idarəetməsinə verilib. Amma bir məsələ var ki, həmin torpaq sahələrinin verildiyi rayonların başçılarının da bu sahədə kifayət qədər “təcrübəsi” var. Daha dəqiq desək, onlar torpaq satmaqda heç də Abşeron İcra Hakimiyyətindən geri qalmırlar.

MƏHƏBBƏT                        musavat.com

Комментариев нет:

Отправить комментарий