Страницы

29.05.2011

Eyvaz Zeynalovun "Uşaq hekayələri və nağıllar" kitabından BAHALI ŞOKOLAD QUTUSU


Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhva­latı da­nışaca­ğam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gə­tir­mişdilər...
Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız göz­­dən oğur­la­nıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutula­rı­­nın ara­sında bahalı şoko­lad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını aç­dı. İçin­dəki şokoladlardan birini götü­rüb yedi. Çox dadlı, ləzzətliydi...
Qız elə bildi ki, şoko­lad qutusunu gö­rən kimi ata-anasının da ağzının suyu axa­­caq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fi­kir­dəydilər. Anası ba­halı şokolad qutusunu tərifləyə-tərifləyə dedi:
- Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...
Atası qutunu o tərəf-bu tərəfinə çevirdi, altına baxdı. Saxlama müddəti ya­zıl­mış yazı yaxşı oxunmurdu.
- Bəlkə köhnədi, - dedi, - çox saxlamaq olmaz?..

- Filankəslər bizə köhnə şokolad gətirməzlər, - anası dedi.
Sonra qutunun içindəkilər tərpənib səs-küy salmasın deyə nisbətən ucuz şo­ko­lad­lardan bir dənəsini qızın yediyi bahalı şokoladın yerinə qoydular. Ağzını əv­vəl­ki kimi səliqə ilə ya­pış­dırdılar. Açıldığı qətiyyən bilinmirdi...
Günlərin bir günü bahalı şokolad qutusunu təzə mənzilə koçmüş dostlarının evgörmə­si­nə apardılar... Bax, elə həmin gündən də bahalı, qəşəng şokolad qutusu­nun qara günləri baş­lan­dı. Ev-ev gəzir, əldən-ələ keçirdi. Hər dəfə də gözləyirdi ki, ucuz konfet qu­­tuları ki­mi onun da ağzını açacaq, içindəki dadlı şokoladları ləzzətlə yeyəcək­lər. Lakin ba­­halı olduğuna görə heç kəsin buna əli gəlmirdi. Ötür-ötürə sal­mışdı­lar. Təkcə ona bükülən qəzet və kağızlar, torbalar dəyişirdi...
Artıq soyuducuların da köməyi dəymirdi. Şokoladlar yavaş-yavaş keyfiy­yə­­tini iti­rib qurtlamağa başlamışdı. Bahalı şokolad qutusu indi onu evdən-evə ötürən, hər şey­dən xəbərsiz adamların əvəzinə xəcalət çəkirdi. Onların üzünü ağarda-ağarda özü üzüqara olmuşdu...
İş elə gətirdi ki, bahalı şokolad qutusu tamam başqa bir ra­yona, başqa bir şə­­hərə səyahətə çıxdı. Amma onu oralarda da dinc dayanmağa qoy­madılar... Bahalı şokolad qutusu hərlənib-fırlanıb günlərin bir günü təzədən geri qa­­­yıtdı. Əvvəlki rayona. Hətta əv­­vəlki evə...
O vaxtdan düz bir il keçmişdi. Balaca, qə­şəng qız bir yaş böyümüşdü. Ba­ha­lı şo­kolad qu­tusu saysız-hesabsız evlər, müx­tə­­lif markalı soyuducular gəzmiş, ye­ni­dən həmin qəşəng qızın ad gününə gəlmiş­di...
Qız bahalı şokolad qutusunu görən kimi tanıdı. Qaçıb anasına dedi:
- Ana, xəbərin var, bizim şokolad qutusu qayıdıb!..
Valideynləri bu işə mat qaldılar. Nəhayət, qutunu açdılar. Təəccüblü idi, qurt­lar bahalı şo­koladların hamısını gəmirib yemiş, bircə sonradan qoyulmuş ucuz şo­ko­lada dəyməmişdilər. De­mə, onlar da ağızlarının dadını bilirmiş...

Комментариев нет:

Отправить комментарий