Страницы

29.05.2011

Yeganə Kərimzadə - Uşaqlığımın son yayı,beşdaş, və ya...


                   Nənəm Bibixanımın əziz xatirəsinə...



İllər keçəndən sonra anladım ki, həqiqətən də o yay uşaqlığımın son yayı oldu. Böyüdüm . Boyca böyüməsəm də fikirlərim, düşüncələrim, dünyaya baxışım uşaq təxəyyülü nə qədər uzağı görə bilərsə o qədər böyüdü, lal-dinməz oldum. Əlifbanı öyrənməmiş kitabları sevdim, şəkil şəkməyə meylləndim ki, onların da bir mövzusu vardı- ata, ana bir də balaları şən xoşbəxt yaşayırlar ətraf gül-çiçək, həmişə yay fəslidi və o yaydan beynimin bir küncündə qısılıb qalan  boyumdan böyük borular...

Bakı-Qazax yolu üstə ətrafa səpələnmiş kiçik kəndlərdən biri də anamın doğulduğu  yer idi. Həmin, birinci sinifə gedəcəyim il anam məni nənəmə verib, kəndə yola saldı.Uşaqlar adətən harasa gedəndə sevinər, mən isə kədərlənmişdim. Başımı elektirik qatarının sürətindən soyumuş, soyuq pəncərəsinə söykəyib, göz yaşı tökürdüm. Nənəmin fikirləri isə hardasa uzaqlarda olduğundan mənə fikir belə vermirdi. Yüz iyirmi kilometrlik yol  mənim üçün nağıl dili ilə desək gedər-gəlməz  yolçuluq idi. Birdə həsrət vardı bu yolda. Atamın qəfildən evdən uzaqlaşması, həmişə bizimlə balaları ilə məşğul olan anamın işə düzəlməsi, evimizin düzənini pozdu. Bacım qardaşım uşaq baxçasına mən isə kəndə gedəsi oldum. Bu ayrılıqların səbəbini başa düşmədən  əvvəlki , gözəl günlərimizin həsrətini çəkə-çəkə  axıtdığım göz yaşları yanaqlarımı yandırırdı. Nənəm axır ki, bu halımı görüb, başını buladı: Olmaz, belə getməz, narahat olma, atan da qayıdacaq, anan da əvvəlki kimi sizi başına yığacaq hələ qoy sənin dərslərin başlasın, görərsən hamını başına yığacaqsan, görərsən. Yaydı da hərə bir yerə qaçır. Fikir eləmə, sənə şor çörək verim?

Başımı buladım. Gözlərimi nənəmnən çəkmədim.İlk dəfəydi ki, kimsə mənimlə böyük adam kimi danışırdı. Fikrimi soruşmasa belə danışırdı və dodaqları pıçıldaya-pıçıldaya yuxuya getdi nənəm. Gözləri yumulsa da “fikir eləmə, gözlərini sil”,  -dedi.

Axşamtərəfi kəndə çatsaq da yay günündə canıma gələn titrətmə məni yatağa saldı. Babam,  dayım, xalam hamısı əl-ayağa düşdülər. Nənəm qulağımın dibində dilində qəribə sözlər deyə-deyə kürəyimi ovur, qarnıma nanəcövhər çəkirdi. Xalamın gətirdiyi qatıq canıma necə yayılmışdısa gözlərim xumarlanırdı. Birdə onda ayıldım ki, artıq səhərdi. Hamı yatsa da nənəm oyaq idi  çünki səsi tövlədən gəlirdi, o,  inəyi oxşaya-oxşaya  sağırdı. Məni görüb gülümsədi: Deyəsən indi yaxşısan, şükür, min şükür...

Yenə də məndən cavab almamış özü təsdiq etdi ki, yaxşıyam. Sonra tövlənin içində yuva quran qaranquşları  göstərdi. “Baaaxx, quş quşdu, amma özünə yuva tikir, doğur, törəyir, balasını qoruyur... ehh, nə deyim, görürəm bu dünyanın tarazdığı pozulub bala, nəsə, hər şey yoluna düşər inşəAllah...

Tövlədən heyvan sidiyinin iyi gəldiyindən orada dayana bilməyib  çölə  çıxdım. İlk gözümə dəyən uzaqdan görünən dəyirmi, sira- sıra düzülmüş borular oldu. Babamgilin evindən  Haramı dağına  uzanan yol  çollük-biyaban idi. Bizim ev kəndin  sıraca  ən sonuncu evi sayılırdı. Elə o səbəbdən də  bağımız hamı kimi bir neçə sot yox, bəlkə də bir neçə hektar idi. Babam bu bağda nələr əkməmişdi. Bağ  bir neçə hissəyə ayrılmışdı  Narlıq, albalı bağı, almalıq, üzümlük, qızılgüllük, əkin sahəsi də ayrı idi. Bu bağda hər meyvədən bir neçə növ vardı. Yay-qış  evimizdə də bu bağın meyvələri olardı. İndi isə kəndin ən sonuncu evinin eyvanında dayanıb, bağa yox, düzəngaha səf-səf düzülmüş borulara baxırdım. Uzaqdan adamlar, bir də vaqona bənzər səyyar ev görünürdü. Maraq məni ora aparsa da  bilirdim ki, nənəm məni ora, borulara baxmağa aparmaz. Birdən şaqqanaq  səsi eşidildi. Gülənin kimliyi mənə məlum olsa da o qonşu qadını heç sevmirdim. Sakitcə evə keşmək istəyəndə məni adımla səslədi, məcbur olub cavab verdim. Sübh tezdən olmasına baxmayaraq Kifayət yenədə qara qır saqqız  çeynəyirdi və hə dəfə saqqızı ağzında  çevirdikcə  dodaqlarının kənarı köpüklə dolurdu. – Ora baxırsan, ay bəxtəvər, bunan sonra Bəkidə əyləşib, evüzdə Kür suyu içəcəksüzzz... Bəkililərin əlü bala batub dəəə...

 

  Kifayət  tövlədən əli vedrəli çıxan nənəmi görüb, çəpərin dibindən uzaqlaşdı. Özü də hiss edirdi ki, nənəm onu sevmir. Mən nənəmi başa düşmürdüm. O Kifayəti sevməsə də bişirdiyi yeməkdən  hər gün bir qazança onların payını göndərər, qızı  Gülayəni isə  dizinin dibində oturdub, özü yedirdərdi. Kifayət  isə bütün olanları adi qarşılardı. Nənəmin bir baxışından gizlənən Kifayət  həmin anlarda həyətdə vurnuxur, amma hiss olunurdu ki,  bu biri həyətə qızını doydurmağa çalışan  qonşusuna minnətdarlıqla baxır. Nənəm də qonşu qızını yedirib, doyurandan sonra əlini onun  bozarmış  siçan  quyruğuna bənzər saçlarına çəkər, - ağıllı qızım, anava oxşama ,-deyərdi  ki, bu  söz də mənim xoşuma gəlməzdi. Gülayə anasının qızı idi  axı o kimə oxşamalıydı ki?

Nəsə, bu anlarda mənim fikrimi məşğul edən başqa məsələ  vardı ki, bu da  Bakıya doğru uzanan  su  borularını yaxından görmək. Fikrimi nənəmə deyəndə o bir an susdu, sonra  “bazar günü  dayınla, xalanla gedərsən, indi ora adamla doludu, iş gedir bazar günü heç kim olmur, gedərsən gözünün qurdu ölər”.

Səbirsizliklə o günü gözləyirdim.Belə günlərdə  bağa girmək istəsəm də  onun  taxtadan olan iri qapısını qıfıllı görürdüm. Hər dəfəsində də nənəm deyərdi ki, baban bağı sulayır. İlan  çıxar  belə vaxtda bağa girməzlər. Babam gecələr  bel götürüb,  bağın  arxa tərəfinə keçər,  hardansa gələn suyun bəndini bağa tərəf yönəldərdi. Gecələr bağ sulanır, gündüzlər qapısı  qıfıllı  olardı. Bu vəziyyət  məni haldan çıxarsa da  bilmədiyim səbəblər  içimi üzsə də  dözməliydim. Sentyabıra kimi dözməliydim. Məndən üç yaş böyük xalam  hər dəfə əlinə kitab alıb, mənə hərifləri öyrətmək istəyəndə kitabı onun əlindən alıb, tam sərbəst  oxumağa başlayırdım. Babam sanki musiqi dinləyirmiş kimi  məni susmağa qoymur, “oxu” deyir. Üçüncü sinifin ana dili kitabındakı  hekayələri, nağılları oxuyuram. Xalam hardansa  “Kommunist”  qəzetinin  köhnə, saralmış nüsxəsini tapıb gətirir. Ona elə gəlir ki, kitabdakıları əzbərləmişəm ona görə də belə sərbəst oxuya bilirəm. Qəzet mənə sarı uzadılır, onu alıb, balaca bir yazı oxuyuram: “ Bu il zəhmətkeş pambıqçılarımız  söz veriblər ki, hər hektardan ...”

Babam xalamı danlayır, ”görürsən, səndən neçə yaş kiçikdi, hələ bu il məktəbə gedəcək, amma Kommunisti  su kimi oxudu”...

Xalam məni tələyə salmaq istəsə də özü ora düşmüşdü.

 

Axır ki, arzuladığım gün gəldi. Sübhtezdən  eyvana çıxanda ilk gördüyüm Kifayət oldu. O, harasa tələsirdi. Deyəsən məni görmədi, yoxsa yenə söz xatirinə nəsə deyəcəkdi. Nənəm ocaqda nəsə bişirirdi. Yanına qaçdım, indi hiss etdim ki, süd plovun  ətri aləmi bürüyüb. Kifayətin də çəpərin dibi ilə niyə sivişib keçdiyini  indi anladım. Nənəm ona heç nə deməsə də baxışı o qadını əzirdi. Aş qazanının yanında  hazır dayanmış  qazançanı görəndə  yenə də nənəmə  daxilimdə hirsləndimmi, qısqandımmı bilmirəm. Mənə elə gəldi ki, nənəm daxilində o qadını sevir, lakin nəyi isə ona bağışlamır, amma nəyi?

Sakitcə  eyvanın pilləkənində əyləşdim. Nənəm yenə də mənə baxıb gülümsədi. – Sabahın xeyir, durmusan nənə qurban?

Bir anın içində yerimdən durub, nənəmə sarı qaçdım, onu qucaqladım, anamın ətrini nənəmdən almaq istədim. Nənəmdən  süd  qoxulu ocaq ətri gəlirdi. O vaxtlar nənəmin qirx- qırx beş yaşı ancaq olardı, amma mənə elə gəlirdi ki, nənəm  dünyanın ən yaşlı və müdrük insanıdı. Artıq söz danışmaz, daima  iş-güclə məşğul olar, hər kəlməsi isə nağılvari  musiqi idi... Bəstə boylu, ağ bənizli, biçimli  əndamı olan  şəhərli qızı  babamın qarşısında  olsa-olsa  hərdən çay içərdi.Onun nə vaxt yediyini, yatdığını  heç birimiz görməzdik. Ərinə-babama  ağa  deyərdi, oğullarının qarşısında başıaçıq gəzməzdi.O mənim mələk nənəm idi. Getdiyi evlərə  çörək alıb gedərdi. Kim təzə ev alırdısa  ora çıraq  yandırıb aparardı. Övladı olmayanlar onun köynəyini geyərdilər ki, bəlkə Allah  onlara da  bir övlad verdi. Olurdu. Doğulan uşağın adını ona qoydururdular ki, uşaq salamat olsun. Belə idi mənim nənəm.

Hıçqırığımı  boğa bilmirdim. Nənəm əllərini uzun hörüklərimdə gəzdirib, alnımdan öpdü. Birdən mənə qəribə sual verdi;  süd plov bişirməyi anan sənə öyrədib? Niyə elə baxırsan, gözlərinə qurban, nənə sənə yeməklərin sirrini öyrədəcəm.Bakıya gedəndə  atan anan məttəl qalacaqlar ki, bu qız nə çox  iş öyrənib, nənəsinə halal olsun... Həə.. balam  deməli, bir ləyən düyü üçün...

 

Bu günlərimdə  hər yemək bişirəndə nənəmə rəhmət oxuyuram. Elə həmin gündən  üzümdəki həsrət gözlərimə çöksə də sıxıldığımı, ailəmizin həsrətini çəkdiyimi nənəmdən belə gizlətməyə çalışdım,  özümə qapıldım.

Kiçik dayım, xalam və mən nənəmin bizimüçün  hazırladığı  şor çörəklərini əlimizə alıb, yola düzəldik. Eyvanımızdan yaxın görünən borulara yaxınlaşdıqca heyrətlənməyə bilmirdik. Ən azı iki metr hündürlüyündəki boruların içinə yüz mənim kimi uşaq yerləşərdi. Kiçik dayım qürrələnirdi ki, o boruların içinə girib, mən isə dayım da olsa ona hirsləndim ki, “necə adamsan, axı onun içindən su axacaq, sən ayağını necə ora sala bilmisən?”

Dayım gülürdü. Məndən beş-altı yaş  böyük  olmasına baxmayaraq  “uşaqsan” – deyirdi. Ondan incimişdim deyə bir az onlardan aralaşdım. Boruların yaxınlığındakı  barak evə tərəf getdim.Barakın  açıq qapısından  içəridə  gördüklərim  ayaqlarımı yerə mıxladı. Səs, o səs mənə tanış idi... Yekəpər ayıya bənzər lüt kişi və o Kifayət. Kifayət yumulu gözlərini bir anlıq açdı və ona zillənən gözlərimi gördü. İki gözün toqquşmasında birdən-birə  yana-yana  qışqırdım. Gülayənin, Kifayətin dəmir yolunda fəhlə işləyən çəlimsiz ərinin, balaca  oğlunun əvəzinə  qışqırdım. Dayım mənə tərəf qaçdı, barakdakı  hadisəni  o da gördü tez gözlərimi  balaca hələ bərkiməyən əlləri ilə qapadı, bizə sarı gələn xalama  sarı qışqırdı ki, gəlməsin. Əllərini gözlərimdən  çəkmədən səmtimi geri, evə sarı döndərdi. Xalam dil qəfəsə qoymadan mənə sual versə də dayım ona çəmkirdi:- Kəs, uşaq qorxub, kəs!

Xalam məchul sual qarşısında susub dursa da  gözləri  mənə sual verirdi. Başımı aşağı dikib gedirdim. Birdən arxadan yenə o səs eşidildi:- Ədə, ədəəə Rasim...

Dayım geri dönmədən əlimdən tutub, məni aparırdı. Və...  bəlkə də onda ilk dəfə doğma əlin nə olduğunu  hiss etdim. O zaman gördüklərimi  dərinliyi ilə anlamasam da hiss edirdim ki, burada  insanların başı üstündə xəyanət  kölgəsi  dövr edir. Nənəm deyərdi ki, su aydınlıqdı, amma  çəkiləcək  bu su kəmərinə  marağım tamamilə söndü. Bakıya çəkiləcək  Kür  suyu  gözümdə  çirkaba  bulaşdı, dəyərini itirdi...

 

                                                              Beşdaş

 

Mən  daşları  sevirəm. Daşlar  haradasa  azıb  qalan  yaddaşdı  mənim  üçün. Bu  bugünkü  düşüncəm.  Amma  zaman  vardı  ki,  mənim və  dostlarımın  oynamağa  oyuncaqları  yoxdu. Bizim kimi  uşaqlar  oyunlarımızı  daşlarla,  yollardan yığdığımız  şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında idi.

 Bir az diqqətlə baxsan  hər daş nəsə danışır, lakin onu eşitmək lazım. Daş var ki, ortadan onu kəsən olsa içində  çiçək şəkli görər. Daş var yol daşı, daş var baş daşı. Hər necə olursa olsun onlar bizimlə yol yoldaşı...

Daşları yığıram. Qonşu  uşaqları ilə birgə beşdaş oynayacağıq. Qəribə oyundu beşdaş. Bəlkə də primitiv, sadə bir oyun. Əvvəl bir daşı boyundan uca atıb, yerdə qalanları tək-tək yığırsan, sonra iki-iki, sonra bir tək,  üçü cüt  beləcə oyun davam edir...

Elə daşlar seçməliyəm ki, hamar  eyni biçimli olsun, ələ yatsın  tapdığım daşları əzizləyə-əzizləyə  üfürüb, tozunu təmizləyirəm yenə axtarıram başımı aşağı salıb irəliləyirəm.Birdən başım bağın taxta qapısına dəyir, qapı açıqdı. Sevinirəm. Sanki babamın zəhməti ilə əmələ gələn bağa yox, Gülüstani-İrəmə  qədəm qoyuram. Bilmirəm nəyə baxım. Uzaqdan  sanki  “gəl, məni dər”,-  deyən  albalı ağacına sarı qaçıram bu an  babamın səliqə ilə açdığı  arxa düşürəm. Arx qannan doludu, çığırıram, mənə elə gəlir ki, qan gölündə üzürəm, ürəyim qalxır,başım gicəllənir. Nənəm özünü yetirir, qolumdan tutub, məni arxın içindən çıxardır.- Nənə, ora qannan doludu, nənə, qorxuram...

İlk dəfə nənəmin səsinin ucaldığını eşidirəm:- Ay ağa, ay ağa! Əttik tərəfdən gələn suyu bağla, uşaq qorxdu, bağla!

 

Bağın içində işləyən babamı indi görürəm.O, işarə ilə başa salır ki, bağdan çıxaq. Nənəm deyinir: - Bu harda görünüb ki, bağı qannan suvarasan. Heyvanların ahı tutar adamı. Bir dənəsinə də əl uzatmaram. Elə bilərəm  əttikdəki heyvanların qanını içirəm. Əlimi vurmaram...

Yadımda ilişib qalan bir söz oldü  “torpağı qannan suvarmaq”. O zamanlar üçün bu sözlər bizə yad idi, amma illər keçəndən sonra bunun da şahidi olduq ki, torpaq  uğrunda  çox qanlar töküldü. Bu sonra oldu. Onda isə hər şey başqa idi.

Evimizin arxasında  ət tədarükü kombinatı vardı. Bu kombinat,  olkənin ən iri  ət  daşıyıcısı idi. Gündə bəlkə də yüzlərlə üstü yazılı  maşınlar buradan mal daşıyırdılar. Kombinat tərəfdən daima  mal  böyürtüsü, qoyun  mələməsi  eşidilərdi. Kəsilən heyvanların qanı  yuyularaq  konalizasiya sistemi olmadığından  sadəcə  çölə  axıdılardı ki, orda da  qanlı iyli gölməçə əmələ gəlmişdi. Yerli  camaat  bağı suvarmağa  su tapmadığından  bu, qan qarışıq  suyun bəndini  bağlarına sarı açardılar.Onu da danmaq olmaz ki, qanlı su həqiqətən də torpağı cana gətirirdi.

Bütün bunları  babam mənə izah etsədə ondan yaman incimişdim.O-babam bilə-bilə bizə qan içmiş meyvələr yedizdirirmiş. Ən əsası isə sevə-sevə topladığım daşlar qanlı suya bulaşmışdılar. Həmin daşları sadəcə yerə atmadım, onları torpağın altında basdırdım. Bunu xalam görmüşdü qəribədir ki, o heç nə demədi, susdu ilk dəfəydi ki, susdu...

Həmin  yaydan sonra mənim meyvələrə olan məhəbbətim də söndü. İndinin özündə belə nadir hallarda meyvə yeyirəm.

 

                                                          Və ya ...


Sözlərin  bitdiyi yerdə nöqtələr danışar. Nöqtələr nələr danışmaz ki...

Həmin yay  ortancıl dayımı öz dayısı qızı  ilə  küçədə özü də mənim yanımda  söhbət   edərkən görənlər söhbəti böyüdüb, o həddə gətirdilər ki, babam evə hirsli-hikkəli gəlib, nənəmə əl qaldırmaq həddinə çatdı. Düzü, özümü nənəmin üstünə atdığımdan babam etmək istədiyi hərəkəti etmədi. Nənəm başını belə qaldırmadan babama bircə sual verdi:

-Nə olub ağa?..

Babama da bu lazım imiş. Ağzı od püskürürdü, nənəmi günahlandırırdı ki, oğluna düzgün tərbiyə verə bilmədiyindən, o da küçədə qızla söhbət  edir. Bunun altından çıxmağın bir yolu var dedi:- Oğlun  Şərəfxanımla evlənməlidi, vəssalam!

Gözlərim böyümüşdü, hadisənin necə olduğunu babama danışdım.Əslində qız bizi saxlamışdı, əqrabaydıq axı. Məni öpmüşdü, dayıma;-necəsən bibioğlu, - demişdi. Sadəcə bu. Nöqtələr isə danışır... Dayımı zorla sevdiyi qızdan ayırıb, öz dayısı qızına  təcili nişanladılar. Səbəbsiz nəticə... Bir həftə keçməmiş toy çalındı. Anam da toya gəlmişdi. Sübh tezdən eyvanda  nənəmlə söhbət edirdilər. Onların söhbəti  mənim dərrakəm səviyyəsində deyildi. Mən anama baxırdım. Anam, o vaxt çox dəbdə olan krimpilin  kostyum geyinmişdi, ayağına geydiyi yay çəkmələri süd rəngli geyiminin davamına bənzəyirdi. Ağappaq  barmaqlarında  nişan üzüyü vardı, başqa heç nə. Hələ ki, məni görmürdü. Anası ilə söhbət edirdi. Anam təlaşlı idi. Vaxtsız çalınacaq toyun sədası onu sarsıtmışdı, çünki anam da bilirdi ki, dayımın sevdiyi qız var. Nənəm isə bircə cavab verdi: “Atanız belə məsləhət bildi...”

Sakitcə arxadan gəlib, anamın belini qucaqlayıram. Anamın gözləri dolur, mənə sarı dönüb, gözlərimə baxır, sonra alnımdan öpür. Nənəm üzünü çevirir ki, anam sıxılmasın məni bağrına bassın. Valideyin yanında balasını öpmək bu yerin adətlərinə zidd idi. Anam anasına baxıb, mənə sarı dönür, boyun-boğazımı iyləyir, nəfəsini içinə çəkir, gözləri dolsa da yaşları kiprikləri ilə  çəpərləyir. Sonra... sonra səsinə ahəng verir:- Nə yaman böyümüsən, nənən sənə yaxşı baxır,-deyir.

 

Toyun səhərisi, mən yuxudan duranda artıq anam getmişdi. Anamın aldığı təzə paltarı geyib, özümü təzə gəlinə göstərmək istəyirəm. Atası ət kombinatının müdiri olan gəlin mənə tərəf baxmaq belə istəmir.

Ümumiyyətlə, o yay mənim böyüməyimə səbəb olan hadisələrdən biri də təzə gəlinlə bağlı oldu.

Üç gün evin içində vurnuxan gəlin yanına gələn  ana qohumları gedəndən sonra xeyli dəyişdi. Qapısının ağzından belə keçəndə mənə çımxırdı ki;- nə vaxt evinizə çıxıb gedəcəksən?!

Əmirlə deyilən söz uşaq olsam belə məni tutsa da sərt cavab verdim:- Nənəm nə vaxt lazım bilsə, onda!

O, mənə tərs-tərs baxdı, baxdı: Onda sakit otur, dur, elə eləmə ki,..

-Mən sənə nə eləmişəm ki?..

 hiss edirdim ki, səsim titrəyir, hər an ağlaya bilərəm, lakin qəhərimi boğub, gəlinə baxırdım.

O isə sakitcə məni süzür sözün ən yaralısını deməyə çalışırdı: - Atan sizi atıb gedib, həə...

Sanki içimdə nəsə qırıldı. Bu bir anlıq oldu.Yox! Yox!- dedim. Dayım sənə görə öz nişanlısını atıb! Atam qayıdacaq, dayım isə heç vaxt səni istəməyəcək, heç vaxt!

Bu sözləri deyib, qaçırdım. Hara gedəcəyimi bilmədən qaçırdım. Sora  sakitcə həyətə dönüb, orda heç kimin olmadığını gördükdə bağa tərəf getdim. Axır vaxtlar bağın qapısı açıq  olurdu. Təzə gəlinin dedikləri  içimi yandırırdı ona görə də  kişmiş  üzüm  kolunun yanında yerə çöküb, yana-yana ağlayır, varlığından xəbərsiz olduğum  Allaha yalvarırdım ki, atam evimizə dönsün, yenə hər şey əvvəlki kimi olsun. Bu an ayaqlarımın üstü ilə asta-asta  sürünüb gedən  ilan belə məni çalmasa da  dilim qəfildən tutulmuşdu.  Hadisəni kənardan izləyən babam  mənə tərəf qaçdı, dayımı səslədi ki, -bel gətirin! xalam əlinə daş alıb qaçdı, nənəm qatıq gətirdi, təzə gəlin eyvanda dayanıb gülürdü. Bu gülüş nitqimi özümə qaytardı. Babama yalvardım ki, o ilana dəyməsin, mənə elə gəlirdi ki, həmin ilan ilanlar padşahının qızıdı elə o səbəbdən də məni vurmadı. Bu uşaq təxəyyülü idi, lakin özümü buna inandırmağa çalışırdım, sonradan  hətta ona ad da qoymuşdum: İlanlar padişahının qızı  Pərixan!

Qonşu uşaqları belə mənim bu sözlərimə inanıb, aləmə car çəkmişdilər ki, guya məni ilanlar qoruyur.Buna Kifayət də inanmışdı. Hər məni görəndə az qalırdı ki, əllərimi öpsün. Gülməli idi. Təzə gəlin də mənə qarşı münasibətini dəyişmişdi. O, sadəcə məni danışdırmırdı. İllər keçəndən sonra belə o, heç bir zaman məni sevmədi. Onların dörd övladı oldu.İki oğlan, iki qız. Oğlanların ikisi də Birinci Qarabağ savaşında şəhid oldular. Yas yerinə getmişdim. Dayımı tanıya bilmədim. Həmişə yaraşığı, şıxlığı ilə seçilən dayımı tanıya bilmədim. Bir ildə iki oğul itirən dayımın yerişi, duruşu itməklə bərabər bir gecədə saçları ağarmış, həmişə yana meyilli olan telləri isə biz-biz durmuşdu. Balalarının itgisi  saçlarından bilinən dayım, bir qızla söhbətin qurbanı dayım bu dünyada xöşbəxt ola bilmədi. Həmin gün yasda  ağlayan dayım arvadı  mənə baxıb, baxıb güldü.

Sadəcə güldü. Bir anda o, gözümdə şəhid anası yox, körpə uşağın hissləri ilə oynayan əcaib məxluqa çevrildi. O gəlinin ocağımıza ayaq basması ilə ailə ayrılıqlar yaşamışdı.Dayımı ana-atasından ayıran gəlin, heç kimi qapısına buraxmazdı. Atasının pulu ilə qürrələnərdi. Qohumlar arasına nifaq salardı. Sonda hamı onu tərk etsə də  uşaqlara - şəhidlərə görə yenidən o qapı açıldı...  Qeyrət ya qanla gələr ya da...  Şəhidlərin mübarək vətən torpağı!..

Nöqtələr yenə də danışır... O yay  Kifayətin qızı Gülayə öldü... Kifayət  iki balasını  günün günorta çağı  tək evdə qoyub,  yenə də harasa getmişdi. Gülayə evdə yatıbmış. Kiçik qardaşı isə həyətdə  oynayır, sonra  hardansa tapdığı  kibriti yandırıb, həyəti başdan- başa bürümüş  quru  saralmış otduğa atır.Həyət bir anda alışıb, yanır  od evə sarı gedəndə  hələ çətin danışan balaca Rüfət  yanlarını basa-basa  ağlaya-ağlaya ən yaxın qonşu olan bizə tərəf gəlir. Günortanın istisi olduğundan evdə  xalam və mən uzanmışdıq.  Qaz idarəsinin müdiri  olan babam işdə idi. Kiçik dayım, futbol oynamağa getmişdi. Təzə evlənən dayımgil artıq evi tərk etmişdilər qaynatası onlara  ev bağışlamışdı. Nənəm düşünə-düşünə  düyü təmizləyirdi. Deyəsən arada huş onu aparırdı. Birdən  Rüfətin ağlamaq səsi eşidildi. Nənəm narahat oldu: Ah, Kifayət, Allah bilir yenə də uşağı vurdu...

Yerindən durub qapıya tərəf getdi və birdən qışqırdı: - Yandılar, uşaqlar yandılar!..

Bir anda küçəyə qaçdıq.Rüfət ağlaya-ağlaya  evi göstərib; bacı... bacı... deyirdi...

 

Ev artıq alışmışdı. Nənəm ani olaraq evə sarı dönüb, bir vedrə  soyuq suyu başına töküb, irəli qaçdı. Həmişə asta-asta gəzən nənəmin hərəkətləri elə sürətli idi ki, xalam və mən  susub tamaşa eləyirdik. Bəlkədə uşaq olduğumuzdan fəlakətin ağırlığının fərqində deyildik. Birdən xalam qışqırdı;- məmə, ay məmə!..

Bu hal mənə təsir etdi, birdən nənəm yanar, ona nəsə olar mən xalamdan da bərk qışqırmağa başladım:-Nənə, ayyy nənə!..

Nənəm qucagında Gülayə, qapıdan sürətlə çıxdı, artıq qonşular köməyə gəlirdilər. Kimsə qızı nənəmin əlindən alıb, moskviçə  qoydu. Maşın sürətlə uzaqlaşdı. Nənəm dayanmadan  öskürürdü. Birdən Kifayət göründü: Daha deyün evim yıxılıb dənə!..

O, dizlərinə döyə-döyə gəlib, Rüfəti görəndə bir az sakitləşsə də qəfildən mənə baxdı;- Qızım, Gülayəm  hanı?!

O yay, ilk dəfə dost itgisinin nə olduğunu anladım.Ağladım. Hamının arsız kimi tanıdığı Kifayət  qəfildən yerə yıxıldı. Bir neçə saat sonra  xəstəxanadan xəbər gəldi ki, Gülayə vəfat edib. Nənəm onu odun içindən çəkib çıxarsa da zəif ürək yaralarının ağrısına dözə bilməmişdi...

Gülayənin yaşına görə ona yas düşməsə də el-gün hamı yanmış evin həndəvərinə yığışır, kimin nəyə gücü çatıdısa bu ailəyə kömək edirdi. Kifayət gah gülür, gah ağlayırdı.Deyirdilər ki, gəlin dəli olub. Amma o dəli olmadı sadəcə bir müddət övlad itgisini  özü bildiyi kimi yaşadı. Bir gün dedi ki, özümü asacam, mənim günahımdı, asacam özümü... Asmadı. Əri fağır-fağır ona baxıb, ağladı:-bizi yetim qoyma Kifayət,-dedi.

Onu Gülayəni  sevməsəm də darıxırdım. Nənəm onu yedizdirəndə elə qəribə olurdu ki, hətta az qala xalamnan mənə acıq da verirdi. Amma onun yaxşı beşdaş oynamağı vardı. Evlərinə gedəndə məni elə qarşılardı ki, sanki bir ev xanımı idi. Gözəl çay dəmlərdi, qazları otarmağa aparardı, qardaşına qulluq edərdi. Mənən soruşardı ki, sənin atan yazıçıdı? Deyərdim ki, həə! Bəs sən kim olacaqsan?

_Atam kimi,-deyərdim.

-Mənnən yazarsan?

-Həə, amma nə?

-Böyüyərik mən danışaram, sən də yazarsan, yaxşı?

-Yaxşı.

-Pioner qəzetinə verərsən.

-Yaxşı.

O vaxt gələcəkdə kim olacağımı belə bilmədən ona- Gülayəyə söz vermişdim.Yazdım.Amma mən böyüsəm də o böyümədi, sözləri ürəyində qaldı. Yenə də onun xatirəsinə yazdım.Ruhu şad olsun! Düz qırx bir il sonra yenidən yadıma düşən uşaqlıq dostu gözlərimdə bir damla yaşla yad edildi...

O ilin yayı uşaqlığımın son yayı oldu. Atam məni aparmağa gəlmişdi. Atamı yox, nənəmi öpmüşdüm, axı  o, demişdi ki, atan gələcək. Sevincimdən borulara sarı qaçmışdım.Elə hey qışqırırdım; Atam gəlibbb... Atam gəlibbb..

Bu ara nənəmin səsini eşidirəm:-Dur qızım, dur  elektirik qatarına gecikərik...

Sözün bitdiyi yerdə...

Atam qayıtdı. Onda mən artıq ikinci sinifə gedirdim. Bacım Qardaşım artıq evdəydilər, məktəbə gedəcəkdilər. Gülayənin ili tamam olmuşdu. Gələcəkdə şəhid olacaq  dayıoğlum dünyaya gəlmişdi. Ət kombinatının müdirini işdən azad eləmişdilər. Ən əsası isə Bakıya artıq Kür suyu çəkilmişdi. Həmin il Bakıya güclü sel də gəlmişdi. Həmin vaxt atam biz balalarını başına yığıb, nağıl danışırdı. Anam bizə baxıb gülümsəyirdi. Mən Pərixanı-ilanlar padşahının qızını yadıma salsam da artıq nağıllara inanmırdım, çünki o yay uşaqlığımın son yayını yaşamışdım sevgilər, ayrılıqlar, xəyanətlər, itgilərlə birgə...


Комментариев нет:

Отправить комментарий