Страницы

29.05.2011

Hansı kolbasaları yemək olmaz?


Örtülü bazar dostluğu pozar. Yazıma bu atalar sözləri ilə başlamağımın səbəbi bəzən nə yediyimizi bilməməyimizdir.Məsələn, hələ iki il bundan əvvəl Londonda olan bir əməkdaşımız burada marketlərin geniş kolbasa seçiminə malik olduğunu deyir:
“Burada 4 funtluq və ondan iki dəfə baha kolbasalar satılır. Amma kolbasa və sosisin üstünə tərkibində nə qədər ət və digər qatqılar olduğu yazılır. Məsələn, 4 funtluğun üstünə yazılır ki, 20 faiz ətdir, qalanı ədviyyat, dəri və başqa şeylərdir. Sən ziyan olsa da, pulun az olduğundan 4 funtluq kolbasanı ala bilərsən. Amma nə aldığını əvvəlcədən bilirsən və heç kim səni aldatmır”.
Azərbaycanda isə kolbasa məmulatlarının tərkibi naməlum olaraq qalır. Mağazalarımızda apardığımız qısa monitorinq belə deməyə əsas verir. Satılan kolbasa və sosisin üstündə məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə heç bir məlumat yoxdur. Bircə o yazılır ki, kolbasanın tərkibi mal və yaxud qoyun ətindəndir və yaxud hansı ədviyyat məhsulları vurulub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Azərbaycanda qəbul olunmuş standartlar ümumi tələbləri əhatə edir.
“Hər bir kolbasa istehsal edən müəssisə texniki şərtləri hazırlayanda rəhbər şəxs onu təsdiq edərək Səhiyyə Nazirliyinə göndərir. Nazirlik də bu texniki şərtlərin insan orqanizmi üçün təhlükəli olub olmamasına qərar verir. Əgər heç bir təhlükə yoxdursa onu gigiyenik sertifikatla təmin edir və bundan sonra həmin məhsulun uyğunluq sertifikatı ilə bazara çıxarılmasına icazə veririk”.
Belə çıxır ki, Azərbaycan qanunlarına görə, istehsalçı şirkət kolbasanın üstündə tərkibi ilə bağlı konkret məlumatlar açıqlamağa məcbur deyil… Bir şey də var ki, tərkibində məsələn, cəmi 15 faiz ət olan kolbasa bəlkə də insan sağlamlığı üçün təhlükəli olmasa da, xeyirli də ola bilməz axı.
Üstəlik, Azərbaycan bazarında 4 manatdan başlayaraq kolbasa tapmaq mümkündür. Mal ətinin 1 kq-ı isə 6-7 manat arasında dəyişir. Qiymətlər arasındakı fərq də insanda kolbasanın tərkibi barədə şübhə yaratmaya bilməz. Onu da nəzərə almaq lazımdır ki, mal əti sümüklə birgə satılır. Kolbasa məmulatında isə sümükdən istiadə olunmur, üstəlik kolbasa məmulatına müxtəlif ədavalar vurulur, istehsal prosesindən keçir ki, bu da kolbasa məmulatının qiymətinin əslində nisbətən baha olmasını şərtləndirir. Bu kimi bir sıra məsələləri araşdırmaq qərarına gəldik.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, kolbasanın ətdən ucuz olması qatqı üçün Azərbaycana gətirilən ət məhsulunun maya dəyərinin ucuz olması ilə bağlıdır: “Bizə çoxlu sayda şikayət olur ki, kolbasa ətdən hazırlanırsa, bəs niyə qiyməti ətin qiymətindən ucuzdur? Bildirmək istəyirik ki, istehsalçılar xammalı əsasən ucuz olan Hindistan, Pakistan və sair bu kimi ölkələrdən gətirirlər. Və bu səbəbdən qiymət ucuz olur”.
Amma Hindistan və Pakistandan gətirilən ətin keyfiyyətinə kim zəmanət verə bilər? Necə deyərlər, ucuz ətin şorbası olmaz. Bir ara hətta Azərbaycana Hindistandan ət gətirilməsinə qadağa da qoyulmuşdu. Amma sonradan Azərbaycan mütəxəssislərinin Hindistanda həmin ət satışını həyata keçirən şirkətlərə səfəri reallaşdırıldı. Və bundan sonra Hindistan ətinə qoyulan qadağa aradan götürüldü. Məlum oldu ki, Hindistan şirkətləri azərbaycanlı mütəxəssisləri tam qane edib. Amma nə bilmək olar? Azərbaycan mütəxəssisləri hər dəqiqə hindistanlı həmkarlarının yanında deyillər və Azərbaycana satılan ət məhsullarının, daha dəqiq desək, heyvanların necə kəsilməsi, bu zaman gigiyenik qaydalara riayət olunması bizim üçün naməlum olaraq qalır.
Daha bir məqam isə Azərbaycanda satılan “halal” kolbasalardır. Görəsən, bu halal kolbasalar da Hindistandan və Pakistandan gətirilən ətlə hazırlanırlar? Və yaxud halal kolbasa nə olan şeydir?
İlahiyyatçı İsmayıl Əhmədov bildirir ki, əsas şərt kolbasa istehsalında donuz ətinin olmamasıdır. “Kolbasanın hazırlanması üçün kəsilən ət şəriət qanunları ilə kəsilməlidir. Yəni, 1-ci Bismillah deyilməlidir, 2-ci heyvanı kəsən şəxs müsəlman olmalıdır, 3-cü heyvanın üzü qibləyə tərəf olmalıdır, 4-cü kəsən alət dəmir olmalıdır, 4-cü heyvanın boynunda olan 4 damarın dördü də kəsilməlidir”.
İ. Əhmədov bildirir ki, bu şərtlərdən birinin bilərəkdən yerinə yetirilməməsi halı varsa, o zaman ət haram buyurulur. Yox əgər mal zəruri halda kəsilirsə və qibləni təyin etmək mümkün olmursa və yaxud bu şərtlərdən birinə bilmədən əməl edilmirsə bu halda da heyvanın əti halal sayılır. Halallığa dəlalət edən başqa səbəblər isə oğurluq halı ola bilər. Əgər onu alan adam bilirsə ki, mal oğurluqdur bu zaman o haramdır. Əgər bilmirlərsə, belə halda da mal haram sayılmır.
Hindistandan gətirilən ətlərə gəlincə ilahiyyatçı bildirir ki, ətin hansı ölkədən gətirilməsi əsas deyil.
“Mən bu prosesə necə riayət olunduğunu deyə bilmərəm. Amma bilirəm ki, halal kolbasa Türkiyə və İranda istehsal olunur. Orada bütün xammal öz ölkələrində müsəlmanlar tərəfindən kəsilir. Hindistandan gətirilən məhsullar isə o halda halal ola bilər ki, onların nümayəndələri buna əmin olsunlar”, deyə İ. Əhmədov vurğuladı.
Artıq Azərbaycanda iki müəssisə “halal” adı altında kolbasası istehsal edir. Həmin müəssisələrə də Qafqaz Müsəlmanları İdarəsi halallıq sertifikatı verib. Qurumdan isə ANS PRESS-ə bununla bağlı heç bir məlumat verilmədi. Yalnız halal nişanı verilən həmin şirkətlərlə əlaqə saxlamağımız məsləhət görüldü.
Qurumun halal sertifikatı verdiyi “Zəhmət-Ruzi” MMC-nin “Sab” şirkəti ilə əlaqə saxlayıb müəyyən suallar vermək istədik. Ötən həftənin ortalarında “Sab” şirkətinə zəng etsək də rəhbər şəxslərin hazırda xaricdə olduğu bildirildi və mayın 24-də əlaqə saxlamağımızı istədilər. Yalnız bundan sonra suallara mütləq cavab verəcəklərini bildirdilər. 5 gün gözləyəndən sonra bu gün yenidən Əlişir müəllimə zəng etdik. Yenə də eyni cavabı aldıq. Bu dəfə satış müdiri bildirdi ki, bizim suallarımıza cavab verə biləcək şəxs hazırda Türkiyədədir, “sabah zəng edin, mütləq danışarsınız”…
“Hacı Turqay” halal ticarət nişanı altında kolbasa istehsalçısı müəssisəsinin də iki telefon nömrəsinə zəng etsək də nömrələr hər dəfə məşğul oldu. Bir neçə gün ərzində iki nömrədən heç birinin boş olan vaxtı olmadı.
Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri isə  bildirdi ki, ümumiyyətlə, Azərbaycanda “halal” standartı yoxdur: “Bu barədə çox danışılıb, çox rəsmi şəxslər fikir söyləyib. Azərbaycan dövlətinin konkret olaraq səlahiyyətli orqanı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi normativ hüquqi sənəddir. Onun hüquqi olaraq qüvvədə olma müddəti var və qüvvədədir. Halal standartı isə yoxdur. Təkcə, Azərbaycanda yox, müsəlman dünyasında belə normativ sənəd yoxdur. Hazırda İslam Konfransı Təşkilatı xüsusi bir komissiya yaradıb ki, müsəlman dövlətləri üçün beynəlxalaq halal standartı hazırlasınlar. Orada bizim komitənin də nümayəndələri iştirak edir. Hazırda bu barədə layihə var. Lakin burada bir neçə bənd var ki, bir sıra dövlətin narazılığına səbəb olub. Burada ən mübahisəli məsələ heyvanın elektrik verilməklə və yaxud əllə kəsilməsi məsələsidir. Bəzi dövlətlər elektriklə kəsilməsinə tərəfdardırsa, bəziləri əllə kəsilməsinin tərəfdarıdır. Buna görə də bu standart hələlik qəbul olunmamiş qalır. Nə vaxt ki, bu qəbul ediləcək, onda biz də o standartı Azərbaycanda tətbiq edəcəyik. Qaldı ki, “halal” adı ilə satışda olan kolbasa məhsullarına, bu halallıq böyük bir məfhumdur, böyük bir anlayışdır. Sadəcə buna donuz piyi və əti vurulmayan kolbasa demək dana düzgün olar. Çünki, halallıq təkcə ona vurulan ətlə ölçülmür, ora vurulan xammalın da, ədviyyatın da, digər qablaşdırma materiallarının halallığı vacib şərtdir. Bundan başqa əti kəsən insana, ətin kəsildiyi alətə, məhsulun daşınmasına olan tələblər var. Halal sadəcə əmtəə nişanıdır. İstehsalçılar bu nişanla bidirirlər ki, bu kolbasaya donuz əti və donuz məhsulu vurulmayıb. Qaldı ki, bir daha qeyd edirəm ki, halal standartı yoxdur və o standart əsasında heç bir müəssisə sertifikatlaşdırılmayıb”.
Azərbaycanda bir çox istehlakçılar kolbasanın tərkibinə karton və başqa qeyri-ərzaq məhsulları qatıldığını bildirərək bu qidadan imtina edib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bunu qəti şəkildə təkzib edir: “Biz mütəmadi olaraq reydlər aparırıq. Bu sadəcə olaraq insanlar arasında yayılan şaiyədir. Heç bir kolbasa və kolbasa məhsullarına karton vurulması halına rast gəlinə bilməz”.
Orta və yaşlı nəslin nümayəndələri daha yaxşı xatırlayır ki, əvvəllər kolbasa məmulatlarını kəsəndə onun xoşagəlimli iyi ətrafa yayılardı. İndi isə demək olar ki, o qoxu ya yoxdur, ya da kolbasanı lap yaxından iyləyəndə gəlir. İmran müəllim bunu kolbasanın tərkibinin tədricən ceşidlənməsi və dəyişməsi ilə izah etdi: “Bu yəqin kolbasa məmulatlarının tərkibinin tədricən dəyişməsi, ona əlavə qatqıların vurulması və digər bu kimi hallarla bağlıdır. Əvvəl donuz ətindən hazırlanırdısa, indi digər heyvanların da ətindən istifadə olunur”.
Yuxarıda qeyd etdiyimiz kimi kolbasanın hazırlanması zamanı donmuş ətlərdən də istifadə olunur. Bunun insan orqanizmi üçün ziyanlı-olub olmamasına da münasibət bildirən müsahibimiz bildirdi ki, bunun insana ziyanı yoxdur: “Dondurulmuş ətdən standartlar çərçivəsində istifadə oluna bilər və bunun insana heç bir ziyanı yoxdur. Amma bu düzgün istifadə olunmalıdır. Yəni dondurulmuş əti bişmiş kolbasaya vurmaqda olar, vurmamaq da. Bu istehlakçının seçimidir. Hisə verilmiş kolbasaya isə dondurulmuş ət mütləq vurulmalıdır. Bu kolbasaların texnologiyası belədir”.
Sonda onu bildirək ki, İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, 2011-ci ilin yanvar-aprel ayları ərzində 8522.4 kiloqram kolbasa məhsulları satışdan çıxarılıb. Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində məhsulların yararlılıq müddətinin ötməsi, etiketlənməməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ texniki sənədlərin tələblərinə cavab verməməsi, müvafiq sənədlərin təqdim olunmaması, sertifikatlaşdırılmaması müəyyən edilib. Satışdan çıxarılan 6855,3 kiloqram kolbasa məhsulları məhv edilib. Yerdə qalanların bir hissəsi heyvanların yemlənməsinə verilib, bir hissəsi isə normativ texniki sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra yenidən satışına icazə verilib. Qalanı barədə isə araşdırmalar davam edir.
Əgər həqiqətən kolbasa sahəsində işlər yaxşı və deyildiyi kimi şəffaf olsaydı, bu qədər yararsız kolbasa məmulatı satışdan çıxarılmazdı. Deməli, işlər heç də yaxşı deyil, nəyisə dəyişmək, nəzarəti gücləndirmək lazımdır. Axı kolbasa əksəriyyət tərəfindən istifadə olunan qidadır və sağlamlığımız necə qidalanmağımızdan asılıdır…
anspress

Комментариев нет:

Отправить комментарий