"Nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə sistemi olmayacaq, hələ çox Savalanlarımıza gülünc hökmlər oxunacaq". İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı "Media forum"a açıqlamasında belə deyib
Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsində gənc fəal Cabbar Savalanlıya hökm oxunub. Hakim İlqar Məmmədov AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bununla 2011-ci ildə cinayət məsuliyyətinə alınan ictimai-siyasi fəallar və onların yaxınları silsiləsindən ilk hökm oxunub. Cabbar Savalanlı ilə birgə onların sayı 29 nəfərdir. Səidə Qocamanlı bildirib ki, Cabbar Savalanlı hüquq müdafiəçilərinin siyasi məhbus siyahısına daxil edilib: “Bizim siyahıda 19 siyasi məhbusun adı var idi, təəssüf ki, Cabbar da ora daxil oldu. Hüquq müdafiəçiləri Cabbar Savalanlının son məhkəmə iclaslarını müşahidə edib. “Məhkəmənin hökmündən utandıq” desək, bu söz münasibətimizi bütünlüklə ehtiva edə bilməz. 19 yaşlı gəncə qarşı bu cür amansızlığa yol verən prokuror və hakimi anlamaq mümkün deyil. Dindirilmə zamanı tibbi ekspertizanın nümayəndəsi öz dili ilə etiraf etdi ki, bu gənc nə narkomandır, nə də haçansa narkotikdən istifadə edib. Çox məntiqsiz çıxarılan qərarlar əsasında bir Azərbaycan balasının həyatını sındırmaq heç bir çərçivəyə sığmır. Məhkəmədə o qədər özü-özünü rədd edən sübutlar gətirildi ki, məəttəl qalmamaq mümkün deyildi”. Hüquq müdafiəçisi qeyd edib ki, Cabbarın işindən apellyasiya şikayəti verildikdə ədalətli qərar qəbul edilməsinə nail olmaq üçün hüquq müdafiəçiləri və beynəlxalq təşkilat nümayəndələri bütün lazımi addımları atacaq: “Biz hüquq müdafiəçiləri olaraq bir həftə ərzində müəyyən dövlət strukturları ilə görüşlər keçirəcəyik. Amma hər şey qalıb hüquq mühafizə orqanlarının vicdanına. Bu gün hakim qərarını açıqlayanda iclas zalında əyləşən hər kəs utandığından başını endirdi. Biabırçılıq oldu. Azərbaycan xalqının ən böyük bəlası olan azad və müstəqil məhkəmə sisteminin yoxluğu nəticəsində gənclərimiz həbslərə atılır. Hələ çox gəncimiz qanunsuz hökmlərlə həbsxanalara düşəcək”. |
Комментариев нет:
Отправить комментарий