Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Страницы
▼
29.05.2011
NİHALƏ - TƏZƏ GƏLİN
Hamıyla dil tapıb, yola gedən, gülərüzlü Sara tələm-tələsik qabları yuyub çayı dəmlədi. Şəriflə yeni ailə qurmalarına baxmayaraq evləri daim qonaq-qaralı olurdu, nəfəsini dərməyə vaxt tapmırdı, amma öyrəşkəndi, rayondakı evləri də qonaq-qaradan əskik olmurdu. Qonaqlar da yad deyil, ərinin saysız-hesabsız qohumlarıydı, iki otaqlı, təmirsiz, mebelsiz evdə yaşamalarına baxmayaraq xoşbəxtdi, öz əli, öz başıydı, evdar, qabiliyyətli gəlin hamının rəğbətini qazanmışdı.
Əriylə tanışlıqlarına qardaşı səbəb olmuşdu, yəni Salman Şərifi gözaltılamış, evlərinə qonaq çağırıb bacısını dostuna təqdim etmişdi. Qız uca boylu, qədd-qamətli qonağı görən kimi hayıl-mayıl olmuş, əl-ayağa düşüb özünü şirin göstərməyə çalışmışdı. Şərifdən ilk baxışdan xoşu gəlmişdi. Şərif də azacıq aşın duzu deyildi, tez-tez otağa girib-çıxan Saranı arxadan süzərək koppuş baldırlarının heyranı olmuşdu, elə mənim malımdı, deyə sevdaya düşmüşdü.
Qarşılıqlı hisslərin tüğyanı toyla nəticələndi.
Qapının taqqıltısı Saranı elə bil yuxudan oyatdı, xoş əhvalla, gülər üzlə qapını açdı, iki-üç dəqiqə gözlətdiyi Camal az qala gəlini itələyib içəri girdi. Acından qarnı belinə yapışmışdı, cibindəki qəpik-quruş ucuz kafelərin birində gözünün qurdunu öldürməyə bəs etməzdi, həm də bayırda yağış yağırdı, inişil aldığı qırx altı ölçülü ayaqqabıları su buraxırdı, iri ölçüdə ona görə almışdı qışda isti olmaq üçün üst-üstə iki yun corab geysin, həm də geyəndə vaxt itirməsin.
– Ayaqyolundadır? Yəqin oturub mürgüləyir, elə bil bu həyətdə özündən başqa adam yoxdur, çətin oranı azad edə.
Camal oturan kimi oturmadı, yüz kiloluq yükünü sınıq divana çaxdı, divanın yayı ortadan qatlanıb oturacağını elə sıxdı, ufuldadı. Çay-çörək yadından çıxdı, Saranın ləngliyi, işvəsi səbr kasasını doldurub daşırdı.
–Yeməyə nə var?
Sara təhər-tövrünü pozmadı.
–İndi yeyib-yığışdırmışıq, dedik gecdir, indiyədək ac qalmazsan.
İstədi desin qulluqçun deyiləm, camaat kimi evə vaxtında gəl, hamıyla süfrə başında oturub zəhrimarını ye, dilini dişlədi, dədəsi evi deyildi, töhmətə, danlağa tuş gəlmək istəmirdi, Şərifin də dili acıydı, qardaşıyla didişsələr də, namını verən deyildi. Camal bir baş soğanı yumruqlayıb əzdi, çörəkqabından lavaş götürüb arasına pendir qoydu, iştahla gəvələməyə başladı, çeynədikcə qızarıb-bozarırdı, elə bil qarnı qazla dolmuşdu, sancılanmışdı, üz-gözünü turşutması Saranın diqqətini çəkdi, ixtiyarsız baxıb gülməyə başladı. Camal Saranın saxta gülüşünü görcək göyərdi.
–Az, sırtıq kimi baxıb nə hırıldayırsan, mənə çay gətir, səhərdən ciyərim yanır.
Söz yarası, güllə yarası, Saranın ürəyini deşib keçdi, təbəssüm üzündə dondu, gözlərindəki qəzəb, kin qığılcımları ətrafa səpələndi. Köhnə sobadan çıxan isti Saranın elə bil üzünü qarsdı, tərslikdən pəncərələr kip bağlanmışdı. Yayda, qışda qapı-pəncərəni səylə qapayıb boğulmağa, hisdən, qurumdan burnu tutulan sobanın yanında buğlanmağa adətkardılar. Dərhal çevrilib çayları süzməyə başladı. Şərif hamamdan çıxıb Camalla hal-əhval tutmağa, özünə haqq qazandırmağa başladı, bilirdi qardaşı axşam yeməyindən məhrum olmasını milli faciə kimi qarşılayacaq, bu görünməmiş hörmətsizliyi ona bağışlamayacaq, əsəblərini pozmamış əl çəkməyəcək. Çox sınanmış üsula əl atdı, araya söz qatdı.
–Bəh, bəh, bu hamam nə yaxşı şeydir!
–Nə tez-tez çimirsən.
–Mən suquşuyam, on gündən bir çimirəm, səni ayda bir dəfə hamama salmaq olmur.
–Bilirsən Ağarza kənddən gəlib, deyir oralara yaman qar yağıb.
Camal da təhlükəni belə dəf etdi, yaş corablarını çıxarıb sobanın altına, qardaşının corablarının yanına qurumağa qoydu. Kobudluq qanında olsa da, sadəlövhdü, kin-küdurət saxlamırdı. Sara ərinin qırmızı yanaqlarını məhəbbətlə süzüb uçan quşa döndü, konfeti, qəndi, qızının yerini şirin eləmək üçün anasının kənddən bankalayıb göndərdiyi mürəbbəni süfrəyə düzdü. Dolu fincan öncə Şərifin qarşısına qoyuldu, sonra Camala tərəf gələndə çayı qəsdən üstünə dağıtdı. Qaynar çay Camalın paçasını yandırdı, diksinib yerindən atıldı. Sara dəfələrlə üzr istəyib yalandan ağlamsındı. Bir-iki yağlı kəlmənin yeriydi, amma Camal bu dəfə boğula-boğula qaldı, bilirdu fürsət düşən kimi Şərif arvadının gözündə ucalmaq üçün kişilənərək gec gəlməsinin haqq-hesabını çəkəcək, ona görə olan-qalan bir şalvarının dərdini çəkirdi, kim yuyub, ütüləyəcək, Sarayla arası dəydi, səhərsə getməlidir.
Sara isə ürəyində bu sözlərə görə gələcəkdə Camaldan heyfini çıxmaq üçün yeni planlar cızırdı.
Комментариев нет:
Отправить комментарий