Страницы

28.05.2011

Ərəb dünyasında kosmetik təmir


image
Beynəlxalq sistem ciddi dəyişikliklər ərəfəsindədir


Bütün dünyanın diqqəti Misirə yönəldiyi zaman, ərəb ölkələrində gedən köklü dəyişikliklər nəzərdən qaçırılır. Tunis və Misir inqilablarından sonra ərəb diktatorları təlaşa düşüb. Son günlər bir sıra ərəb ölkələrində demokratik islahatlar aparılmağa başlayıb. Yaxın Şərqdə avtoritar rejimləri böhranla üzləşiblər, artıq gecikmiş islahatların tələm-tələsik aparılması isə, ərəb liderlərini gülünc vəziyyətə qoyur. Tunis inqilabından sonra ərəblərin diktatorlar qarşısında qorxusu sanki itdi, diktatorlar isə, əksinə, xalqdan qorxmağa başladı. 

Hələ sovet dönəmində osetin yazarı Fazil İsgəndər “Dovşanlar və boalar” əsərini yazarkən, yəqin təsəvvür edə bilməzdi ki, onun böyüklər üçün nəzərdə tutduğu bu nağıl XXI əsr beynəlxalq siyasətin mahiyyətini ortaya qoyacaq. Beləki, uzaq bir məmləkətdə dovşanlarla boalar yaşayırdı. Dovşanların şahı hakimiyyətdə qalmaq üçün öz təbəələrinə gül-kələm əkdiyini deyirdi. Adi kələm yeməkdən bezən dovşanları üsyandan saxlayan bircə şey görmədikləri gül-kələmli işıqlı gələcək arzusu idi. Dovşanların ən birnci düşməni isə qonşuluqda yaşayan yırtıcı ilanlar idi. Dovşanlar şahı bildirirdi ki, boalar gipnoz gücünə malikdir və hamı buna inanırdı. Heyvanlar bu yalana o qədər inanırdılar ki, ilan görəndə yerlərində donub qalırdılar, boalar da onları gəlib yeyirdilər. İlan şahının hakimiyyəti isə qorxu üzərində qurulmuşdu: hər kim şaha qarşı üsyan edirdisə şahın əlaltıları tərəfindən öldürülürdü. İlan şahı öz təbəələrini məcbur edirdi ki, gündə ona tərif yağdırsınlar, bununla da onlara öz qüdrətini təlqin edirdi. Nağılın sonunda məlum olur ki, heç demə dovşanların və ilanların şahları əlbir imişlər və siyasi proqramlarını məsləhətləşərək həyata keçirirdilər. Bu nağıl Sizə heç bir şey xatırlatmırmı?

Tunis hadisələrinin böyük partlayışa təkan verəcəyi aydın idi. Lakin bu təkanın Misirə təsir edəcəyi gözlənilməz idi. Hərbi rejim bəlkə hər bir vətəndaşı nəzarət altında saxlayır və dissidentləri heç kəsin xəbəri olmadan aradan götürürdü. Misirin Qərb üçün strateji əhəmiyyəti isə Mübarək rejiminə istənilən inqilabdan immunitet verirdi. Odur ki, misirlilərin qiyamı bütün regiona siqnal oldu: heç kəs inqilabdan sığortalanmayıb. Sarsılmaz Mübarək hakimiyyəti saxlamaq üçün ən iyrənc yollara (mülki geyimli polisləri etirazçıların üstünə göndərmək kimi) əl atsa da, xeyri olmadı - Təhrir meydanında aksiyalar bu günə kimi davam edir. Şokdan sonra özünə gələn ərəb liderləri öz hakimiyyətlərini qorumaq üçün həyəcanla çıxış yolu axtarmağa başladılar.

Ən birinci təlaşa düşən İordaniya kralı II Abdullah oldu. Iki min nəfər küçəyə çıxmışdı ki, kral hökuməti istefaya göndərdi. Hələ, II Abdullahın vəziyyəti nisbətən yaxşı idi. Beləki, Məhəmməd (s) peyğəmbərin mənsub olduğu Haşimi soyundan olan kralı heç kəs devirmək fikrində deyil. Lakin hər halda, ehtiyat igidin yaraşığıdır. Xalqın səsini eşidən növbəti diktator Yəmən prezidenti oldu. 1978-ci ildən hakimiyyətdə olan Əli Abdullah Salehin, iordaniyalı həmkarlndan fərqli olaraq, müqəddəslik oreolu yoxdur. Yoxsulluqdan əziyyət çəkən xalq da prezidenti istefaya çağırır. Traybalizmin hökm sürdüyü bir ölkədə prezidentin hakimiyyətdə qalmaq şansı olduqca azdır. Əlcəzair prezidenti Butefliqə xalqın səsini eşitməkdə bir az geciksə də, etiraz aksiyalarından sonra söz verdi ki, 19 il davam edən fövqəladə vəziyyət dayandırılacaq, müxalifətə də azadlıq verilicək. Bir-birinin dalıca ərəb ölkələrində korrupsiya ilə mübarizə sərtləşdi, əhaliyə iqtisadi imtiyazlar verildi, söz azadlığı ilə bağlı vəziyyət yumşaldı. Lakin ərəblər bir şeyi başa düşmür ki, xalq artıq müftə və minnətli çörək istəmir, azad yaşamaq istəyir. Hələ iki ay öncə Beynəlxalq Valyuta Fondunun rəsmiləri Misir iqtisadiyyatının uğurlarından danışırdı, Hüsnü Mübarəkin islahatlarını təqdir edirdi. İndi isə dünya mətbuatı Misirdə yoxsulluq və işsizliyin tüğyan etdiyini yada salıb islahatçı-Mübarəki qaniçən diktator adlandırır. Sanki, üsyanın kökündə xalqın aclığı durur. Lakin, problem işsizlikdə deyil, insan ləyaqətinin alçaldılmasındadır. On illərlə diktatorlar məhz bununla məşğul olublar – millətlərini mənəvi cəhətdən aşaqlayıblar.

Daxili siyasətdə aparılan islahatlar gecikdiyindən ərəb diktatorları Qərbdən dəstək almaq üçün islamçı təhlükəsini qabartmağa başladı. Qeyd olunmalıdır ki, bu siyasi şantaj keçmişdə effektli olub. 1991-ci ildə İslami Nicat Cəbhəsi Əlcəzairdəki seçkiləri udduqdan sonra Fransa hərbi çevirilişə dəstək verdi. 2006-cı ildə Fələstindəki seçkiləri HƏMAS qazandıqdan sonra Qəzzada müharibə başladı. Səud xanədanının orta əsr feodal üsul-idarəsinə isə beynəlxalq icimaiyyət göz yumur. Çünki, kral, digər diktatorlar kimi dini radikalizm kartından məharətlə istifadə edir. Qəribədir, müsəlman ölkələrində əhalini sosial durumdan narazılığını bildirən kimi, dərhal islamçı təhlükəsi yada düşür. Hətta Qırğızıstanda inqilab başlayanda Qərb mətbuatı az qala Oşu talibanın düşərgəsi adlandıracaqdı. Hüsnü Mübarək də Amerikanın “ABC” kanalına müsahibəsində bildirmişdi ki, hakimiyyətdə qalması üçün bu qədər israrlı olması “İxvanul-muslimin” təhlükəsi ilə bağlıdır. Lakin elə Misir inqilabı bu mifləri darmadağın etdi.

Burada iki məsələyə diqqət yetimək lazımdır. Birincisi, ərəb ölkələrində islamın nüfuzu islamçıların nüfuzu demək deyil. Tunis və Misir inqilblarının baş verməsində islamçıların rolu olub, amma digər siyasi qrupların rolu qədər. Həmin qiyamlarda islamçı ilə millətçi, müsəlmanla xristian, sağçı ilə solçu eyni nüfuza malikdir. Narazılıq hakimiyyətin qeyri-islamiliyindən deyil, rejimlərin dözümsüzlüyündən idi. Zeynəlabidin ibn Əli və Hüsnü Mübarəkin diktaturası əhalinin bütün təbəqələrinin narazılığına səbəb olmuşdu, odur ki, indiyədək bu inqilabların konkret lideri yoxdur. “İxvanul-muslimin” lazım olan nüfuza malik olsaydı, onun liderləri çoxdan Təhrir meydanını ələ almışdı. İkinci məsələ isə ondan ibarətdir ki, dini dəyərlərə əsaslanan hökumət taliban rejimi deyil. Almaniyada Xristian-Demokrat İttifaqının, Türkiyədə islamçı AKP-nin hakimiyyətdə olması bu ölkələrdə demokratiyaya xələl yetirmir. Myanmada buddist rahibləri üsyan edəndə Qərb bunu demokratiyaya təhlükə adlandırmırdı. Həmçinin Qərbin Tibetdə buddist teokratiyasını dəstəkləməsi demokratiyasevərlərdə bir o qədər təəccüb doğurmur. Bir sözlə, daxili islahatların vaxtı ötdüyü kimi, islamçı təhlükəsi ilə şantaj dövrü son anlarını yaşayır. İndidən sonra Qərb liderləri islamçılara mane olmaq bəhanəsi ilə diktaturaları dəstəkləməklə özlərini pis vəziyyətə qoyacaqlar.

Tunis və Misirdə hakimiyyətə kimin gələcəyindən və ərəb ölkələrindəki islahatların nə ilə nəticələnəcəyindən asılı olmayaraq, dünyada ciddi dəyişikliklər başlayır. Berlin səddinin aşırdılması və ya 11 sentyabr hadisələri kimi Tunis inqilabı da beynəlxalq sistemdə yeni dövrün başlanğınc simvoluna çeviriləcək. Çünki, son olaylar siyasi səhnədən daha çox təfəkkürlərdə inqilab yaradıb. Ona görə də ərəb liderlərinin kosmetik təmirə bənzəyən islahatları müvəqqəti olaraq status quo-nu qorusada da, gec-tez fundamental dəyişikliklər həyata keçirilməli olacaq. Yaxın və Orta Şərq kimi dünyanın neft anbarında siyasi dəyişikliklər isə qlobal beynəlxalq sistemə də təsir edəcək. Qərb ölkələrini narahat edən də budur - digər regionlarla paritet münasibətlər. Birinci və ikinci dünya müharibələri nəticəsində formalaşan və Qərb dəyərlərinə əsaslanan müasir beynəlxalq sistem çökmək üzrədir. Ayrı-ayrı ölkələrdəki diktaturalardan daha çox Qərb hegemonluğu süqut təhlükəsi ilə üzəlişib. Artıq Qərb təbliğ etdiyi liberal-demokratik dəyərləri iqtisadi maraqlara qurban verməkdədir. Bu günə kimi zahirən də olsa insan haqları ilə bağlı diktatorlar tənbeh olunurdusa, indi ucuz neft müqabilində avtoritar rejimlər aşkarcasına strateji tərəfdaş adlandırılır və maddi cəhətdən dəstəklənir. Ona görə də Yaxın Şərqi bürüyən etiraz dalğası anti-amerika xüsusiyyəti daşıyır. Özüdə bu dalğa ərəb dünyasının ən qərbləşmiş ölkəsi – Tunisdən başladı və Qərblə ən sıx əlaqədə olan Misirdə davam etdi. Bundan sonra hadisələrin necə cərəyan edəcəyini heç kəs proqnozlaşdıra bilmir. Qorxulu olan da bu müəammalıqdır. 
 
Hüseyn Abbasov                                               salaminfo.az

Комментариев нет:

Отправить комментарий