Страницы

29.06.2011

91

Ibo Sel
Provinsial sinema- 4

İbrahim Sel. Hekayə

Mən tənhalıq günbəzinə küləyin qondurduğu bir
xaşxaş dənəsiyəm,
Sən itələdin məni,
Nə qədər ki, havadayam
Uçuş çox gözəldi.
Hündürükdən həmişə qorxmuşam,
Və şərqə uçarkən əllərimi həmişə qərbə
uzatmışam mən,
Beləcə ayparaya və xaça oxşamışam mən.

            Georgiy Lobjanidze             

 Evimiz trass üstündə olduğundan Bakıya həmişə avtobusla gedərdim və bu sarıdan heç vaxt problem olmamışdı. Bir dəfə necə oldusa yola hazırlaşdığım zaman atamın dostu bizə gəldi. O, Novoqolovka stansiyasında yaşayırdı və təklif etdi ki, şəhərə qatarla gedim. Evləri dəmir yolunun yanında olduğundan məni yola salacağına söz verdi və onun maşınına əyləşib stansiyaya gəldim. Perronda gəzişərək boş-boş şeylərdən bir az söhbət etdikdən sonra Lənkəran-Bakı qatarı gəlib çıxdı və xudafizləşib ayrıldıq.
 Mən mindiyim vaqon plaskart idi, odur ki bir neçə vaqon irəliləyərək kupelər olan hissəni tapdım. Bələdçi ilə haqq-hesabı çürütdükdən sonra o, mənə: «Ürəyin hara istəyir, ora da keç, onsuz da bu gün o qədər də adam yoxdur» dedi və aralanıb getdi. Ağzından vuran qoxudan və aşa-aşa yeriməyindən hiss olunurdu ki, tini tarazdır.
 Yaxınlıqdakı qapılardan birini araladım. İstər-istəməz bir addım dala durdum. Cins şalvar və köynəkdə, başı keçəl qırxılmış bir oğlanla baxışlarımız toqquşdu. Bu cür geyinən adamlar əsasən Rusiyada uzun illər yaşayanlar olurdu. Qarayanız bir adamdı, sifətində hiyləgər bir təbəssüm görünür, sağ gözünün altında isə xırdaca bir çapıq vardı. Gödək boğazı qabağa elə uzanmışdı ki, adam onun qəfildən böyürəcəyindən şübhələnirdi. Xoşagəlməz bir hiss mənə hakim kəsilməyə başladı, əvvəl istədim ötüb başqa kupeyə keçim. Birdən ağlıma gəldi ki, sonra o elə başa düşər, yəqin mən ondan qorxdum. Əvvəl-axır kəndimizdə sayılıb seçilən oğlanlardan biri də mən idim, artıq üç ilə yaxındı ki, Bakıda təhsil alırdım və təcrübəm də artmışdı. Bir tərəfdən də bədii yaradıcılıqla məşğul olduğumdan, bu çox maraqlı şəxsi əlimdən buraxmaq istəmədim. Bu məqsədlə qapını açıb ötkəm addımlarla içəri daxil oldum. Demə kupe boş imiş, ondan başqa heç kim yox idi. Kupeyə girərkən lap onun yanından ötüb keçdim, o məni buraxmaq üçün lap küncə sıxılmağa məcbur oldu. Necə oldusa, üzümə gülümsər ifadə verməyə çalışdım, hətta salamlaşdım da, lakin oğlan salamıma cavab vermədi, deyəsən qaşqabağını da salladı.
 Qarşı tərəfdəki oturacağa o, öz idman sumkasını qoymuşdu. Bu sumkalardan biz tərəflərdə satılmırdı, mən ancaq Rusiyadan gələnlərdə belələrini görmüşdüm. Sumka böyük idi, yerin çox hissəsini tutmuşdu, odur ki, məcbur oldum oğlan əyləşən tərəfdə küncə oturum. Salam verdiyimə görə özümdən zəhləm gedirdi, çalışırdım ki, özümü etinasız, heç bir şeyi vecinə qoymayan, bir az da bərkgedən oğlan kimi göstərim. Çamadanım düz qabağımda, yemək üçün nəzərdə tutulmuş stolun üstündə idi. Əlimi ərkiyanə çamadanın üstünə qoyub barmaqlarımla döyəcləməyə başladım. Qatar mənim dınqıltıma bənd imiş kimi yerindən tərpəndi. 
 Yerimi rahatladım, ayaqlarımı oturacaq boyu uzatdım, az qaldı ki, onun böyrünə toxunsun. Özümü elə göstərirdim ki, guya kupedə təkəm, yanımda heç kim yoxdur, o isə dərin fikirlərə qərq olmuş adama oxşayırdı. Bir xeyli vaxtdan sonra, sumkasını yan cibindən dəri üz çəkilmiş bir qutu çıxartdı. Qutunun içində olan pas atmış saysız-hesabsız müxtəlif alətləri əlinə alıb, onları diqqətlə nəzərdən keçirdi. Bunlar çox əcaib-qəraib, əyri-üyrü alətlər idi; bəzisi yastı, bəzisi dəyirmi, onların içində yoğun və nazikləri də vardı. Diqqətlə nəzər salanda anladım ki, bunlar tam bir qapıaçan qarmaqlar dəstidir. Bu qarmaqların nəyə lazım olduğunu o, heç gizlətmək də istəmirdi. Əksinə, onların hər birini əlində o tərəf bu tərəfə elə çevirirdi ki, sanki qabağında qıfıl vardı və qıfılı açırdı. Hətta qarmaqların biri ilə mənim çamadanımı açmaq istədi. Tüklərim ürpəşdi, tez onun əlindən yapışıb geri itələdim. Gülümsündü, yenə də öz qarmaqlarına girişdi.
 Diqqət,- öz-özümə düşündüm,- yəqin mənə ilişmək istəyir, bu hərəkətlərin arxasında nə isə məqsəd gizlənir, bəlkə də məni döymək fikrindədir. Boy-buxunca məndən balaca idi, hardasa sinəmdən olardı, lazım gəlsəydi cavabını verəcəkdim.
 Durub idman sumkasının yan cibindən kiçicik bir yeyə də çıxartdı, burğu açanın ucunu yeyələməyə başladı. Hər bir aləti yeyələdikcə bir-bir öz yanında oturacağın üstünə düzürdü. İndi isə, xahiş eləyirəm mənim oturuşuma diqqət yetirin; pencərə tərəfdə idim, ayaqlarımı onun oturduğu yerə elə uzatmışdım ki, ayaqqabılarım az qalırdı onun köynəyinə dəysin. Heç bir dəqiqə keçməmiş, elə bil o, mexaniki olaraq təmizlədiyi qarmağı mənim ayağımın üstünə qoyur, yenisini götürürdü. Bəli, bu igid, qarmaqları ipək şalvarımın üstünə qoyurdu, qara rəngli şalvarımın üstündə səpələnmiş pas və yeyə tozunu ikrah içində seyr edirdim. Əsəbdən partlasam da, tərpənmirdim, gözləyirdim görüm sonu nə olacaq. Hə, necə baxırsız? Qıçımın üstünə qarmağın beşincisini, altıncısını düzür, nəhayət qıçlarımın üstündə ona yaxın qəribə, əyri-üyrü dəmir parçaları özünə rahatca yuva tapır!
 Axır ki hövsələm daraldı, çox sürətlə yerimdən qalxdım, yəni ki məni saxlamaq istəyənə kimi bütün qarmaqlar yerə töküldü. Bu vaxt yalnız bir şey haqqında düşünürdüm- onunla söhbətə necə başlayım ki, məni çək-çevirə salmasın. Qarmaqlar töküləndə bir söz demədi. Onları bircə-bircə yığmağa başladı.
 Bu vaxt vaqon bələdçisi kupeyə girdi. Təəccüblü bu idi ki, yol yoldaşım öz qarmaqlarını gizlətmək üçün heç bir cəhd eləmədi; nə qədər ki bələdçi kupedə idi, onlar göz qabağında düzülmüşdü. Hiss olunurdu ki, bələdçi də onunla ehtiyatla davranır; qılığına girərək «Nə lazım olsa, qulluğunda hazıram»- pıçıldadı, oğlansa bir söz demədi. Bələdçi gedəndən sonra o, rahatca qarmaqları qabına yığdı və yenidən sumkasına qoydu. Elə bil bütün hərəkəti ilə demək istəyirdi ki, mənim dünya vecimə deyil, mən heç kəsdən qorxmuram.
 Yarım saat beləcə keçdi. Çamadanımı açıb oradan jurnal çıxardım və oxuyaraq başımı qatmağa çalışdım, lakin bir azdan anladım ki, yırğalanan qatarda mütaliə mümkün deyil. Jurnalı stolun üstünə atdım. Özümü elə aparırdım ki, guya kupedə tək-tənhayam. Oturacaqda uzandım, bərkdən gərnəşdim. Arabir də dodaqaltı kəndimizdə modda olan «Bala, qonşumun qızı» mahnısını zümzümə eləyirdim ki, ona qarşı tam etinasızlığımı və nifrətimi nümayiş etdirim, o isə bunları elə bil heç görmürdü.
 Nəhayət, siqaret çıxarıb yandırdım və yanan kibriti onun əlinin üstünə atdım. Bu kibrit çöpünü ona tərəf elə saymazyana tulladım ki, sanki o küncdə heç kəs oturmamışdı. Gördüm ki, kibrit düz əlinin üstünə düşdü. Yenə də lal-dinməz dayanmışdı. Gözümün ucuyla hiss etdim ki, ağzını yavaşca tərpətdi, tez ona tərəf çevrildim, dedim bəlkə söyüş söymək istəyir. Adicə olaraq dodaqlarını büzdü, hətta gülümsəməyə də çalışdı. Sonra isə əvvəlki kimi lal-dinməz oturmağında davam etdi.
 Aha, bu cür çaşmağım heç xoşuna gəlmir! Qorxuram ki, o məni tamam çaş-baş sala, yəni, necə deyərlər, gözümü çəpləyə-çəpləyə axırda doğrudan da çəpgöz olam. Kənara baxır. Yerindən tərpəşmir. Mənim ona baxdığımı hiss eləyir.
 Gözlərimi yumdum, Bakıda kirayinişin qaldığım ev sahibəsinin toppuş topuqlarını yadıma salıb yenə də ehtiraslanmağa çalışdım.
 Beləcə xeyli vaxt ötdü. Birdən cəld yerindən qalxıb sumkasına yaxınlaşdı, oradan bir qutu «Belomor» siqareti və qəzetə bükülü nəsə tapıb çıxardı. «Belomor»dan bir gilə götürdü, ağzına yaxınlaşdırdı, var gücü ilə necə pilədisə, siqaretdəki bütün tütün yerə səpələndi, bircə boş borusu qaldı. Sonra kağız bükülünü açdı və oradakı quru ot parçalarını ovuşduraraq «Belomor»un borusuna doldurmağa başladı.
 Bu mənzərə mənə heç də yad deyildi; institutumuzda nəşə çəkən uşaqlar da vardı və mən onlara qoşularaq bir neçə dəfə dadına baxmışdım. Lakin «Belomor»un bir nəfəsə, momental olaraq boşaldılmasının ilk dəfə şahidi olurdum, odur ki təəccübümü gizlətməyərək bərkdən fit çaldım.
 Bir azdan siqareti artıq doldurmuşdu, ucunu səliqə ilə buraraq bükdü, ayağa qalxıb üst-başını çırpdı. Kağızdakı nəşəni sumkasına dürtərək otaqdan çıxdı. Qapını örtərkən kinayə ilə mənə baxdı.
 Gözəgörünməz bir qüvvə məni yerimdən tərpətdi və özümdən ixtiyarsız olaraq onun arxasınca cumdum. Tualetin yanından ötərək tambura çıxdıq. Oğlan o tərəf bu tərəfə boylanaraq tamburun qapısını açdı, içəriyə sərin yel əsdi. Külək mənim həyəcanlanmış ruhuma azca sakitləşdirdi.
 Baş-başa verib növbəylə nəşəni sümürməyə başladıq. Qaçağan atların dırnaqları altından fışqıran toz dumanına oxşar tüstünü içimizə çəkdik. Məntiq bu ki, ruh da, nəfəs də yalnız tüstüyə bənzədilə bilər, şair. Tüstü ruhun, nəfəsin fiqurativ gerçəklik obrazı deyilmi? Coşğun halda yol yoldaşıma baxaraq gülümsəməyə çalışdım, o isə baxışlarını yayındıraraq ehtiyatla gah o tərəfə, gah da bu tərəfə nəzər yetirirdi. Görünür ki, bu hala düşmək ona ləzzət eləyir, ona görə də həmin anı həsrətlə gözləyirmiş.
 Sifətində qəribə təbəssüm var, görünür, bu dünyada gördüyü şeylərin üzünə gülməkdən hələ bezməyib. İstəyir ki, dünyanı əldən-ayaqdan salsın. Bu rolu- arıq, həmişə yollarda vaxt keçirən müsafir rolunu xoşlayır. Bu cavan daha çox həmin o bərədəki qıza bənzəyir, qüssə ilə dayansa da, heç kəs gəlib onun şəklini çəkmir, çəkmir... Çatan kimi yazarsan bu barədə… Oldu? Ok.
 Ruhuma xoş bir gizilti yayıldı, bayırda kino lenti kimi ötüb keçən çölün mənzərəsinə hakim kəsildim.
 Udqunmaq istədim, nə qədər etdimsə, bacarmadım. Haradasa oxuduğum, xoşuma gəldiyi üçün əzbərlədiyim misralar yenidən beynimdə cövlan etdi:

     Necə ki ayağı çidarlı bir atın
     Astarında özgə bir at cıdırır
     Necə ki tamu tarlasıdır həyatın
     Hər nə əksən təkrar zəqqum bitirir...
 
 Qatar taqqatuk salaraq asta-asta gedirdi. Çalada batmış bir inək gördük. Dizəcən palçığın içində, başını və quyruğunu yuxarı dikərək durmuşdu, bu sərt, inadkar donuqluğu ilə heykələ də oxşayırdı. Uşaqlar onu daşa basırdılar, ağac tullayırdılar ki, sudan çıxsın. Ancaq inək yerindən tərpənmirdi ki tərpənmirdi, alınmaz qala kimi durmuşdu, heç səsini də çıxarmırdı, amma dəcəllər onu dinc buraxmırdılar. İstədim qışqıram: «Əl çəkin ondan, özü necə girib, elə də çıxacaq, əl çəkin!..» Amma qatar ötüb keçdi və gözlərimiz önündə yenə bomboz çöllük canlandı.
 Etiraf edim ki, öz həyatımı əksər hallarda yuxu kimi təsəvvür edirəm, bəzən xarici dünyanı daxili aləmimlə tarazlıqda, ahəngdarlıqda görürəm, belə məqamları yalnız sehr adlandıra bilərəm. 
 Qapı açıq qalmışdı, külək içəri püskürür, həyat davam edirdi. Yandakı dəmirdən tutub başımı çölə uzatdım. Qatar yelləndikcə sifətimə çırpılan hava axınından bolluca udurdum. Vətənimin ilan mələşən çölləri belə mənə ləzzət verirdi. Uzaqlarda görünən sınıq-salxaq komalar, küləyin biyan kötüklərini qabağına qatıb qovaladığı bu təpəliklər belə cənnət təəssüratı yaradırdı. Güzgüdə də belədir, göy üzü gümüşü rəngdədir, par-par yanır, amma pəncərədən baxanda, boz və darıxdırıcı görünür. Obraz qaçılmaz şəkildə fantaziyaya meydan açır. «Cənnət, heç şübhəsiz, düzgün adamın bura mənim öz yerimdir deyə bildiyi kəndə, təpəyə, evə bənzər bir şeydir və elə o rəngdədir, yüz faiz!»- bu arıq, bir az səliqəsiz, həyati təyinatının çox da solğun olmayan işartılarını hələ də öz sifətində qoruyub saxlamış qarşımdakı cüvəllağıya baxaraq sakit-sakit fikirləşirdim. Eyni anda səbrsiz ürəyimi nədənsə qorumağa, çəpərləməyə, hasara almağa çalışaraq yerimdə burcuxurdum.
 Qatar artıq kəndə girib çıxmışdı, önümüzdən kənd ətrafının miskin mənzərələri ötüb keçməkdəydi. Gözlərimi yumdum və: «Yaşa e, dünya, yaşşa!» qışqırmağa başladım.
 Arxaya dönüb vətən övladına öz təşəkkürlərimi yetirmək istədim. Lakin elə bu an… O yerində qıvrıldı, bir addım geri sıçradı, sonra var-qüvvəsi ilə irəli atılaraq sinəmə bir təpik ilişdirdi. Qışqırmağa belə macal tapmadım, müvazinətimi itirdim, sürətini artırmaqda olan qatardan uçub üzü aşağı dərəyə yuvarlandım…
 Yenə də peşəkar həvəskara uduzdu…
 Qalan heç bir şey yadımda deyil… Düzdür, arada bəzi fraqmentləri tutqun xatırlayıram… Düşüncə yavaşımağa başlayır. Quma girmiş təkər kimi yavaşıyır- sanki onu yavaşımağa məcbur edən müqavimət qüvvəsinin təsiri hələ oxa, arabanın özünə çatmayıb… Atam böyrümdə dayanmışdı, nəsə deyirdi; yəqin ki mən də ona cavab verdim, nəsə dedim. Hər halda qatırımızı arabaya qoşub şəhərə sarı çapırdım, bütün yol boyu ev sahibəmin çarpayıda uzanmış halı- azca dirsəklənərək, əlacsız ağrıdan çığıra-çığıra mələfəyə baxan sifəti xəyallarımdan çəkilmirdi. Çığırtıya bənzər yanıqlı səsi həm ehtiraslı, həm də acizanəydi…
 Düşüncə təkəri bir az da yavaşıyır, artıq müqavimət onun oxuna da çatıb, amma hələ arabanın özünə keçməyib… Bütün yol boyu, atam boynumu qucaqlayanda da, həkimlər əşyalarını yığışdıranda da gözüm önündə yalnız onu gördüm- Bakıda kirayə qaldığım evin sahibəsini. Qəlbimdə gizlənmiş o caynaqlı məxluq da öz işindəydi, məni sancaraq sızıldatmağa məqam axtarırdı. Düşüncə isə elə sürətlə qaçırdı ki, heç nə fikirləşə bilmirdim- həkimlə birlikdə komaya gəlib çatanacan bu cür də davam etdi. Və yalnız onda, komanın önündə dayanıb yaxınlarımdan kiminsə çığırtısını eşidəndə bədənimə nəsə dəhşətli bir istilik gəldi…
 «Mən özüm buna razı olmuşam,- sayıqlayırdım.- Özüm buna getmişəm. Ancaq yəqin ki, bundan başqa heç nə eləməmişəm. Allah özü məni bağışlasın». Aləm tamam qaranlığa qərq olub, artıq gecə düşüb. Sarınmış bədənim açıq pəncərə önündə öz tamlığını, formasını itirib; daş kimi tərpənməz qalıb, mələfənin üstündə uyuyan solğun əlim sanki havada buxarlanıb uçur, pəncərədən bayıra çıxır. Bu dəqiqə iki anla toqquşacağımı hiss edirəm: birində həyatımın yekunu cəmləşib, hər dəfə zülmət qaranlıqla alatoran arasındakı son məqamda yeniləşir, digəri isə durmuş, dayanmış bir andır, ondan hökmən nəsə doğmalıdır…
 Röya? Bəlkə. Lakin, heyhat, son hıçqırtı, qəhər… Otağın içində titrəşən qaranlıq nöqtəciklərin çölündədir artıq şeirli səhər…
***
 Qumdan qurtulan təkər kimi uzun, nəfəs almağa bənzər bir səslə irəli atıldım. Şüurumun anladığı ilk şey otaqlardakı əhəng iyi oldu. Sağ ayağım topuğa kimi və sol əlim gipsdə idi. Qonşu çarpayıda uzanmış qocanı görüb: «Mən hardayam?»- xəbər aldım. «Salyan mərkəzi xəstəxanası»- xırıltılı səslə cavab verdi. Saçları dağınıq idi, gözləri iki qara deşiyə oxşayırdı, dodaqları başının altındakı balınc kimi ağappaq; bu cür təlaşlı bir pozada incimiş kimi, yazıq-yazıq baxırdı. Divarlar pis gündəydi, qələm ilə, təbaşır ilə italyan millilərinin adlarını yazmışdılar. Qapının ağzında dayanmış tösmərək yaşlı bir həkim çevrilərək papruzumun olub olmadığını soruşdu. Nəsə hesablayırdı, tezcə nəyisə yadına salıb fikirli-fikirli başını bulayırdı; gözlərində təəssüfün işartıları...       
 Təəssürat əvvəl-axır yoxa çıxır, dağılıb gedir, ancaq işıq saçan dairə gözlərimin qabağından getmir ki, getmir, gözlərimin içində yuva salarq orada daim yaşamaq istəyir. 

Комментариев нет:

Отправить комментарий