Страницы

29.06.2011

Nişan üzüyü

Şahnaz Kamal. Hekayə



-Apar mənim bu üzüyümü sat!
Anamdan bu sözləri eşidəndə yaman təəccübləndim, qızıl sarıdan onun mücrüsü dolu deyildi. Üzüyü görəndə isə heyrətimi heç gizlədə bilmədim-nişan üzüyü idi! Dediyim kimi, anamın elə də çox qızıl bəzək əşyası yox idi. Bir sırğası vardı ki, onu bacım itirmişdi. Bir də boyunbağısı və üzüyü var. Amma nişan üzüyünün yeri həm anam, həm də bizim üçün bir özgə idi. Çünki üzüyün iç üzündən divarına anamla atamın adı yazılmış, aralarına isə «+» işarəsi qoyulmuşdu. Romantika! Amma bu romantika hamımızın xoşuna gəlirdi. Anamın məhz bu üzüyünü satmaq istəməsini bir yana yoza bilmədim. Pula ciddi ehtiyacımız yox idi. Əslində, pula hər zaman ehtiyacımız olub və elə indi də var, ancaq nişan üzüyünün satılmasına gətirib çıxarda biləcək hadisə xoşbəxtlikdən hələ ki, baş verməmişdi. Bəs nədən, hansı səbəbdən anam üzüyü satmaq istəyir? -Ay ana, niyə nişan üzüyünü satırsan? Bəlkə pula ehtiyacın var, nə lazımdırsa de mən edim, işləyirəm, pulum da var. -Yox, pula ehtiyacım yoxdur, amma apar sən bu üzüyü sat, neçəyə olur-olsun, sat! -Axı o sənin nişan üzüyündür, orada atamla sənin adın yazılıb. -Bunun daha mənası yoxdur. Anamın danışıq tərzindən onun atamdan incik olduğunu duydum, ancaq bir incikliyə görə üzük satmazlar ki. Azmı olub savaşıb günlərlə küsülü gəzdikləri? Əslində, atam heç küsülü qalmazdı, günah onda da olsa, anamdan küsməzdi. Sinəsini deşən sözü deyib ürəyini boşaldardı, anamsa ondan inciyib günlərlə küsülü qalardı. Axırda da barışmaq üçün bir bəhanə axtarardı. O bəhanə də qardaşımın məktəbdən gətirməyə vərdiş etdiyi “2”, bacımın dostluq etdiyi “çənədən boş” rəfiqələri, ya da işdə baş verən hər hansı bir qəribə, yaxud da qəribə təqdim olunmağa çalışılan hadisə olardı. Atamsa heç nə olmayıbmış kimi deyilənlərə öz fikrini bildirər, ara-sıra bığının altından eyhamla qımışardı. İndi nə olmuşdu bunlara? Düzünü deyim ki, anamın küsüb-barışmaq prosesinə alışmışdım və onun sifətində incik olduğu zamanda yaranan cizgiləri artıq tanıyırdım. İncikliyin hansı mərhələdə və nə dərəcədə olduğunu da atam qədər olmasa da, təyin edə bilirdim. Bu dəfə onun üzündə inciklik cizgi yox qırış salmışdı. Atam da əvvəlki halda deyildi. Bu üzük satmaq məsələsi ortaya çıxanda sanki ayıldım, bir müddətdir evimizdə tüğyan edən soyuq münasibətin daha ciddi əsaslara söykəndiyi, gərginliyin ciddi bir partlayışla sonuclanacağı fikri ürəyimə soyuq tər gətirdi. Bu dəfə səbəb nədir, bilmirəm. Amma bu dəfənin öncəki dəfələrə bənzəməməsi mənə artıq aydın idi. -Amma yox, satmayacam, əritdirib sırğa düzəltdirəcəm. Bu dəfə artıq anam üzünü mənə deyil, qeyri-müəyyənliyə tutub danışırdı. -Mən sənə sırğa alaram, maaşımı alan kimi gedib alacam, satma nişan üzüyünü. -Sənin zərgər tanışın var? -Yox, kasıbın zərgərlə nə dostluğu? Zarafatla gərginliyi yüngülləşdirməyə cəhd etdim. Amma anam deyəsən mənim təkcə “yox” sözümü eşitdi. -Özüm soraqlaşıb bir zərgər taparam. Deyirlər zərgərlərin çoxu qızılı əridəndə içinə titan qatırlar. Məndə təmiz rus qızılıdır, heyifdir. Anam çox güman ki, xəyalən hər hansı bir zərgər tanışı ola biləcək rəfiqə araya-araya öz otaqlarına keçdi. Anamın halı heç fikrimdən çıxmırdı. Bilirdim ki, onun ki ağlına bir şey batdı, edəcək. Üzüyü də əritdirəcək. Amma niyə? Məni hər şeydən çox bu sual düşündürürdü. Axşam üstündə Qot fotoları olan çantasını sürüyə-sürüyə məktəbdən gələn qardaşımdan ümumi bir hal-əhval olmaq istədim: - Anam gözümə birtəhər dəyir, sən nəsə etmisənmi? Sözüm ağzımdan qurtarmamış qardaşımın hay-küyü evi başına götürdü: - Bilmirəm bu xarabadan başımı götürüb hara gedim? Bu evdə məndən başqa adam yoxdu? Hamınız aydan arı, sudan durusunuz. İçinizdə zay elə bircə mənəm. Şkafın qapısı qırılıb, Zəki edib, güldan sınıb, Zəkinin işidir, yeməyin soğançası yanıb, şübhəsiz ki, günah Zəkidədir. O, təzə biologiya müəlliməsinə deyib ki, “Cenefer Lopezə oxşayırsınız”, bu da qızın xətrinə dəyib, gedib anaya şikayət edib, o da evdə də fikirli olub və soğançanı yandırıb. Hər şeydə Zəki günahkardı. Sənin maaşını gecikdirən də Zəkidir, Nərgizin başına biti də Zəki salıb. Qardaşımın yaralı yerinə toxunmuşdum. Başqa vaxt olsa Cenefer Lopez söhbətini ətraflı öyrənərdim. Balaca bacımın başında bit olduğunu da bilmirdim, yeri gəlmişkən, gərək ehtiyatlı olam. Amma indi fikrim anamın yanında idi, Zəkini söylətməyə halım yox idi. - Yaxşı, yaxşı, peşiman olduq də bir kəlmə söz soruşduq. - Mən də peşiman olmuşam ki, bu yaxşı dünyaya sizin kimilərin arasında gəlmişəm. Doqquzuncu sinifdə oxuyur, hələ müəyyən edə bilməz ki, yaxşıdır, nə pisdir. Zəkidən nə vaxt kimsə xeyir görmüşdü ki, indi də mən xeyir görəm. Onunla yersiz mübahisəyə girişmədim. Sonuncu ümidim Lalə idi-bacım. Bələ o ailəmizdə hökm edən bu gərginliyin gerçək səbəbini bilmiş olaydı. Lalə danışdı Azər məndən anamın əhvalının niyə pozuq olmasını, nişan üzüyünün niyə gah satmaq, gah əridib sırğa düzəltdirmək istəyinə düşməsininin səbəbini soruşanda, dərhal mənə hər şey aydın oldu: -Doğrudan üzüyü satmaq istəyir? Əhsən ana, mən elə bilirdim illər onun qüruruna çoxdan “fatihə” verib. Sən demə hələ nəsə qalıbmış. Azərin təəccübünü və hiddətini görmək üçün xüsusi istedada ehtiyac yox idi-gözləri əməlli –başlı böyümüşdü. - Deyəsən bu evdə normal söhbət ediləcək, söz soruşulacaq bir adam yoxdur daha. Səndən soruşdum ki, anaya nə olub, sən də başladın …. - Sən canın əsəblərini qoru, onun sənə çox lazım olacağına əminəm. Anaya gəlincə, o olub ki, rəfiqələrinin, bacısının, dünyanın ən güclü xəbər portallarından operativ və çevik işləyən qonşu arvadlarının aylarla onu inandırmağa çalışdığı fakta inanıb. İnanıb ki, atam onu onu dəyişir-qardaşımın tum gözləri daha da böyüdü və hər birində bir sual işarəsi peydah oldu. Həə, özü də xəyanəti kiminlə eləsə yaxşıdır? Anamın bayramlarda ilk paxlavasını yeyib, ilk şəkərburasıyla çay içdiyi adamla. Gələndə Çexski servisində çay süzüb, az qala ayağının altına döşəkcə qoyduğu bir xanımla. Artıq izaha, ad çəkməyə ehtiyac qalmamışdı. Anamın uzaq qohumu, yaxın rəfiqəsi hesab etdiyi bu göyçək xanım çox tez-tez bizi gəlişilə sevindirərdi, ələxsus da anamı. Atam özünü elə aparırdı ki, guya Qızılgülün bizə gəlməyinin ona bir isti-soyuğu yoxdur. Əslində yox idi də… Yaxşı ki belə oldu, yaxşı ki, anam ayıldı. Yazığım gəlir ona, halına çox, həm də çox acıyiram. Anamla atam bir məhəllədə böyüyüb, eyni məktəbdə, eyni Universitetdə təhsil alıblar. Sonra da evləniblər. Anam gözəl imiş, çox gözəl. İndi siz onu görsəniz məni yalançı hesab edərsiniz, amma buna şəkillər və balaca bacım şahidlik edə bilər-Nərgiz anama çox bənzəyir. Atamsa elə gözəgəlimli olmayıb, amma indi hər şey əksinədir. Anam atama sevib ərə getməyib, təsəvvür etmirəm ki, bu necə ola bilər, amma o bunu edib, sözəbaxan bir qız olduğu üçün valideyinlərinin sözündən çıxmayıb. Bu azmış kimi, arada bir neçə il məsafə gözləməklə atama dörd övlad da bəxş edib. Dörd haa. Bax bu əsil axmaqlıqdır. Özün birotaqlı evdə yaşayasan, yanında da ərinin yetim bacı –qardaşı ola, həm onların nazını götürəsən, həm körpəyə baxasan, arada da analıq məzuniyyətinə çıxan zaman verilən pula görə məktəbə işə gedəsən. Bundan betər özünə hörmətsizliyi ağlıma gətirə bilmirəm. Anamın təzə dəbə minən hər bir paltara, ayaqqabıya necə həsrətlə baxdığı, bu baxışda kədər, həsəd, təssüf qarışıq bir hiss mənim gözlərim və xəyalım qarşısındadır. O zaman yumşaq xəzdən boyunluğu olan plaşlar dəbdə idi. Anam çox istəyirdi ki, onun da belə plaşı olsun. Hərdən bədənnüma güzgünün qarşısında özünə qəribə nəzərlərlə baxa–baxa fırlananda hiss edirdim ki, o özünü bu plaşda təsəvvür edir. Buna çox pis olurdum. O isə dodağını qəribə tərzdə büzərək “lama-layka, lama-layka” deyə-deyə güzgünün qarşısında fırlanırdı. Sonralar bildim ki, bu “lama-layka” nə imiş, o zaman isə bunu anamın həyata keçməsi müşkül olan arzusu başa düşürdüm. Özümə söz vermişdim ki, böyüyəndə anma “lama-layka” alacam. Otən il onun yeganə qızıl sırğasını itirəndə də özümə söz verdim ki, sırğa da alacam. Amma inanmıram ki, ala biləm. Anamın bəlkə də özünə normal əyin–baş almaq imkanı vardı, amma o özünə pul qıymırdı sanki. İşi–gücü texnikumda oxuyan bibimi bəzəmək idi – “o adam içinə çıxır, yetimdi, qoy pisikməsin”. İndi bibim beş ildir ki, anama salam vermir. Deyəcəksiniz ki, “qiybətə başladı”. Yox. Sadəcə mən anamın necə sadəlöhv, özünə qiymət verməyən, hörmət qoymayan adam olduğunu göstərmək istəyirəm. Bu gün başına gələnlərin yeganə səbəbkarı o özüdür. Anamın ali təhsili olmasına, şəhərdə yaşamasına baxmayaraq məndə və ətrafında olan digər insanlarda hər şeydən xəbərsiz, bu dünyada ev yığışdırıb yemək bişirməkdən başqa bir istəyi olmayan əyalət qadın təsuratı yaratmışdı. Dəfələrlə anamdan səkkiz yaş kiçik olan xalamın ona öyüd–nəsihət verdiyinin şahidi olmuşdum: - Bəsdir daha özünə pal-paltarı metro keçidlərindən aldın. Saçına, üzünə, geyiminə diqqət et. Müəllimsən, amma mən səndə hələ bir normal kosmetika, ətir görməmişəm… Bər-bəzəkli xalamın fonunda Kozettanın qocalığına bənzəyən anamın isə bu deyilənlər eyninə belə deyildi. Yenə də beş il bundan qabaq aldığı jaketini çox zövqsüz dərzi tərəfindən tikilmiş donunun üstündən əyninə keçirib işə gedərdi. Saçını isə, həmişə olduğu kimi, iki dəmir sancaqla başının ortasına bənd edərdi. Odur ki, atamın telefonunda müxtəlif qadın adları ilə qeyd olunmuş nömrələri görəndə onu çox da qınaya bilmirdim. Bəlkə də heç vaxt da qınamazdım. Hansı ki, bu günahdan uzaqdır ki? Atam adi bir firma işçisidir, amma dünyanın ən böyük dövlətlərinin ən məhşur başçıları belə-belə macəralardan uzaq deyillər. Amma son hadisəni ona heç cür bağışlaya bilmirdim. Anamın ən çox inandığı iki şəxs tərəfindən aldadılması mənə çox yer edirdi. Danışanda səsi bütün evi başına götürən xalamın sayəsində mən də atamın eşq macərasından agah olmuşdum. Anamın rəqibinin özünə ən yaxın rəfiqə bildiyi Qızılgül olması da mənə az yer etməmişdi. Və anamdan fərqli olaraq xalama inanmışdım. Xalam danışanda mən həmişə “Kəlilə və Dimnə”ni xatırlayardım. Çünki onun da hər öyüdünün ya əvvəlində, ya da sonunda bir həyat hekayəsi olardı. -Yadındadır bizim məhəllədən olan Rəna müəllimə? Onlar ərilə bizim məhəlləyə gələndə iki çemodandan başqa heç nəyləri yox idi. Sonra zülümlə ev tikdilər, üç qız böyütdülər. Rəna müəllimə toyda da, vayda da qızlarından danışır, fəxrdən ürəyi köksünə sığmırdı. Bəs necə, üç qızından ikisi dövlət hesabına xaricdə təhsil alırdı. Biri də orta məktəbin son sinifini Amerikada oxuyurdu. Mən gözümü açandan o Rənanı bir göy donda görmüşdüm. Əri isə hər qalstuka uyğun bir kostyum geyinirdi, bu bədbəxt qızı özünə bir dəst paltar almağa qıymırdı ki, “uşaq oxuduram”. Axırda nə oldu? Qızların ikisi ərə gedəndən sonra kişi gəlib dedi ki, “bağışla, arvad, mənim katibəmdən doqquz yaşlı oğlum var, onlara da Yasamaldan ev alıb vermişəm. İndi uşağın yetkinlik dövrüdür, gərək həmişə nəzarətdə saxlayam, mən getdim”. Ömrü boyu özü geyinməyib, özü yeməyib, özü gəzməyib ömrünü ərinə və balalarına həsr edən qadın qaldı damın altında tək-tənha. Balaca qızı da Amerikadan gələndə gedib atasının evində qalır ki, “ora daha rahatdır”. Sən də elə olasan, bütün qazandıqlarını ərinə və uşaqlarına sərf et,bir gün ayılasan ki, bu dörd divar arasında tək, ən yaxşı halda Azərlə bir yerdə qalmısan. Xalamın bu öyüd–nəsihətlərinə anam bir cavab verərdi: - Mən ona inanıram! Xalam da əlini stola çırpıb qalxar, ağzına atdığı qoz-findiği çeynəyə-çeynəyə mətbəxdə var-gəl edərdi: -Daha sənə sözüm yoxdu, sənə nə olacaqsa haqq olacaq. Qoy o q….. sənin ərinin pulu ilə gedib özünə “Sabina”dan kosmetika, ətir alsın, sən də burda bozbaş qazanının qırağında soğança iyi verə-verə inamdan dəm vur. O kişi sənə nə edirsə haqq edir. Belə gərgin söhbətdən sonra xalam qapını çırpıb çıxıb gedərdi, üç gün də telefonumuz susardı, dördüncü gün dözməyib zəng edərdi. Anamdan fərqli olaraq mən xalama inanırdım. Çünki elə yenə də anamdan fərqli olaraq hər gün atamın telefonuna baxardım, elə bir gün olmazdı ki, ya atam Qızılgülə, ya da Qızılgül atama zəng etməyəydi. Onları hansısa restoranda bir yerdə görən qonşu Əsmərin də hövlnək anama çatdırdığı xəbərlər anamı ayıltmamışdı. İndi kim nə demişdi ki, ya özümü nəsə görmüşdü ki, anam belə əminliklə nişan üzüyü satmaq fikrinə düşmüşdü? Azər danışdı Lalədən eşitdiklərim məni dəhşətə gətirsə də, inanmamağa haqqım yox idi. Əvvala Lalə yalana aşiq biri deyildi, ikincisi də, Qızılgülü mən də görmüşdüm, adı özünə yaraşirdı. Qızılgülün gözəlliyinə, cazibədarlığına baxmayaraq, gərək atam bunu etməzdi, anamı dəyişməzdi onunla. Bunu ona görə demirəm ki, anam məhz mənim anam idi və tərəf tuturam. Xeyir. Sadəcə, anamın cavanlığı Qızılgüldən də gözəl olub və o gözəlliyin solması üçün anam dan çox atam “əmək sərf edib”. Anam özünə baxan, sığal verən qadın deyildi, gözəl idi, amma bu gözəlliyini heç dəyərləndirməzdi.Yaxşı geyinib saçlarını ona yaraşan formada yığmaq, üz-gözünə azacıq əl gəzdirmək onun nəzərində “özünü kiməsə göstərmək” idi və o da bunu namusdan uzaq bir şey hesab edirdi. Çürük təfəkkürdü! Əslində bizim yaşadığımız mühit özü belə çürük təfəkkürlərin təməli üzərində qurulduğundan zaman-zaman üfunət iyi cəmiyyəti başına götürmüşdü. İndi insanlar da şaşqın qalmışdılar, bilmirdilər, nə yaxşıdır, nə pis. Özünə diqqət ayıran bir qadına küçədə zillənən baxışlar, onun saç sancağından tutmuş alt paltarına qədər təhlil edən nəzərlər, bu balaca şəhərə az qala külək vasitəsi ilə yayıla bilən pıçhapıçlar çox ailələri dağıdıb, təmiz ailənin yerində iki bədbəxt, tək insanın qalmasına səbəb olmuşdu. Odur ki, bu şəhərdə insanların çoxu özü üçün deyil qonşusu, ətrafı üçün yeyir, geyinir, yaşayır və hərəkət edirdi. “Görən nə deyər” prinsipini mənasını bilmədən dəbə çevirdikləri mentalitet sözünün ayağına yazırdılar. Bu stereotipi qırmaq isə çətin idi, çox çətin idi. Gənclik də, orta nəsil də nəyin yaxşı, nəyin pis olması üzərində sonsuz və nəticəsiz mübahisələr edirdi. Nəticədə elə şərqliliyində qalan bir təbəqə, Avropalaşmaq istəyi ilə bayağılaşan bir təbəqə ilə üz-üzə qalırdı və hər iki tərəf bir-birinə ikrahla baxırdı. Cırıq cins geyinib saqqız çeynəyə-çeynəyə ingiliscə danışan gənc, anasının toydan toya gözəllik salonlarına getməsinə, ildə bir dəfə manükür etdirməsinə, pedikürün isə ümumiyyətlə nə olduğunu bilməməsinə gülürdü. İstəyib-istəməməsindən asılı olmayaraq, qonşuların nəzərindən düşməmək üçün uzun ətəkli yubka geyinən ana isə qulağına sırğa taxan oğluna “narkoman”, “mavi” deyiləcəyindən ehtiyat edirdi. Nəsillər arasında kəskin fikir ayrılığı yaranmışdı. Biri digərini anlamağa cəhd belə etmirdilər. Oğlunun azad seks haqqında danışdıqları ataya dəhşət görünürdü, amma o özü qadınını az qala hər qısa yubkalıya dəyişirdi. Bizim ailəmizdə heç vaxt belə söhbətlər açıq şəkildə müzakirə olunmazdı. Hərdən Zəki televizorda görünən qadın müğənnilərə baxıb ağzını mırçıldadanda, ya həyətimizdəki qəşəng gəlinlərə gözlərini qıyıb bic-bic baxanda anam hövsələdən çıxar, “bilmirəm kimə oxşadı bu, belə əlləm-qəlləm? Korlanıb, şəhər tamam korlanıb” deyərdi. Ancaq o yenə də Zəkinin Lalə ilə Şakiranın bədən qurluşundan danışmağa mane ola bilməzdi. Anam belə ana idi. Bəlkə də o bu vaxta qədər bilirdi ki, atam onu dəyişir, gecələr onunla, gündüzlər başqaları ilə yatır. Amma buna göz yumardı. “Bircə mən özüm gözümlə görməyim, nə edir etsin”. Özü-özünü aldadan qadın, yaxud da aldanmağına şərait yaradan binəva! Bizim qadınların canında bir qorxu var - tərk edilmək qorxusu, tənha qalmaq qorxusu. Odur ki, ailələrini qoruyub saxlamaq üçün yeri gəldi gəlmədi, daha çox qurbanlar verir və demək olar ki, əvəzində heç bir şey tələb etmirdilər.Yalnız ailəmiz olsun, vəssalam. Onlar elə güman edir ki, evliliklərinin onuncu ilindən sonra ailədə sevgidən ümumiyyətlə danışmağa dəyməz. Daha uşaqlar haqqında, onların gələcəyi haqqında düşünməlidirlər. “Qızın oldu qırmızı donunu soyun” təfəkkürü onların əqillərinin çox dərin qatlarında özünə yuva qurmuşdu. Hansısa bir kişinin evliliklərinin on beşinci il dönümündə qadınına üç qızılgül alması mənim heyrətimə səbəb olardı. Kişi almazdı, alsa da qadın deyərdi –Pulu belə şeyə heyif etmə, yığaq, uşaqları bir yana çıxardaq. Başqasında bilmirəm, hər halda bizim ailədə belə idi. Neçə dəfə təsadüfən şahidi olmuşdum ki, anam ad günündə ona hədiyyə almadığı üçün əri ilə dava edən xalama öyüd –nəsihət verirdi: -Cavan qızsanmı hədiyyə üçün dava edirsən? İnsandı da,o qədər problem olur ki,unudub. Dünya ki dağılmayıb. Atamı qınasam da onun anamı dəyişməsinin səbəbi məhz anamın belə təfəkkürdə olması idi. Amma mən Lalə kimi “anaya yaxşı olur” deyə bilmirdim. Axı anam atam üçün hər şey etmişdi. Özünü unudub onun həyatını yaşamışdı, öz ömrünü onun ömrünə qurban vermişdi. Atamı da məhz buna görə qınayırdım, gərək o belə qurbana razı olmayaydı. Gəncliyini və gözəlliyini ona həsr etmiş bir qadını bu gün onun pulundan istifadə edən başqa bir qadının ayaqları altına atmayaydı. Afət danışdı. Əlli altı ildə hələ bu dəfəki kimi sarsıldığım, özümü aciz, gücsüz, gərəksiz hiss etdiyim olmamışdı. Atamı, anamı itirəndə balalarımla, ərimlə təskinlik tapmışdım. Arifin varlığı məni dözümlü etmişdi. Onunla sevib ailə qurmasam da illər keçdikcə öyrəşmişdim, evliliyimizin ilk illərində məndə ikrah doğuran adətlərinə elə alışmışdım ki, o bir müddət evdə olmayanda onun çay içəndə qəribə tərzdə udqunmağından, dişinin dibində qalan xörək qalıqlarını çırthaçırtla çıxartmağından ötrü darıxırdım. Halbu ki, əvvəllər buna səbrim çatmazdı. İndi o qədər də asan keçirmədiyimiz bu otuz beş ilin aşırında o mənim bütün ömrümü mənasız keçirdiyim fikrinə gəlməyə vadar etmişdi. Onu qədər heç kimə inanmırdım, etibar etmirdim. Bacımın, qonşuların dediyini də şayə hesab edirdim. O, məni dəyişməzdi, ömründə dəyişməzdi. Yüz gözəl, cavan qadın olsa da xəyanət etməzdi mənə. Özümü buna elə inandırmışdım ki… Çoxdan idi ki, özümə yeni nəsə almırdım. Maddi durumumuz pis olmasa da, ağır günlərin pis adəti canımda qalmışdı, özümə nəsə almağa qıymırdım. Bu gün axır ki, qərara gəlmişdim ki, mağazanın vitrinində gördüyüm donu alım. Bəlkə daha normal geyinməyin vaxtıdır? Donu aldım, amma satıcı ilə belə şərt kəsdim ki, ola bilsin ki, bir saata qaytardım, geyinib rəfiqəmlə məsləhətləşməliyəm. Qız da razılaşdı. Heç vaxt öz zövqümə tam əmin olmamışam, vücudum da elə gözəl deyildi ki, nə geyinsəm yaraşaydı. Odur ki, məsləhətsiz bir dona bu qədər pul verməyə cəsarət etmirdim. Elə mağazada qərara gəldim ki, Qızılgülgilə gedim. Bazar günüdür, evdə olar, donu göstərib ondan məsləhət alaram. Qızılgül mənim uzaq qohumum idi. Otuz iki yaşında yaraşıqlı və zövqlü bir qadın idi. Nəyi necə, nə vaxt, nə ilə geyinməyin lazım gəldiyini ondan yaxşı kimsə bilmirdi, əla məsləhətçi idi. Mağazadan Qızılgülün evinə qədər olan 500 metr məsafəni əlimdəki don haqqında, ona bu qədər pul verməyə dəyib-dəyməməsi haqqında elə düşüncəyə dalmışdım ki, mənzil başına nə vaxt yetişdiyimdən xəbərim belə olmamışdı. Belə tez çatmağıma nə qədər təəccübləndimsə də, Arifin maşınının mənimlə eyni anda həyətə çatmağına da o qədər məətəl qaldım. Axı o Qızılgülün evini tanımadığını deyirdi. Maşının qapısı bir qədər gec açıldı, maşının ön şüşəsi içəridə nələr baş verdiyini görməyimə bir maneə törətmirdi. Arifin məni belə ehtirasla nə vaxt öpdüyünü xatırlamırdım, necə ki, indi Qızılgülü öpürdü. Hər şey əvvəlcə gözlərimdə böyüdü, sonra balacalaşdı, daha sonra bəzəkli sabun köpüyünə dönüb göyə uçdu. Çılpaq dünyada həqiqət və mən üz-üzə qaldım. Sonra nələr olduğunu xatırlamıram. Bilmirəm ki, məni Qızılgülün bahalı Fransız ətrinin iyi çəkilməmiş maşının salonuna necə oturtdular, necə evə gəldim, evdə nələr oldu. Heç bir şeyi xatırlamıram. Xatırladığım yalnız aramsız təkrar etdiyim “məni niyə aldatdınız?” cavabsız sualı idi. Aldandım, ömrümü aldandım. İnandıqlarım məni arxadan vurdu. Neyləyəcəm indi? Ərimin bəlkə yüz dəfə təkrarladığı “bağışla” sözü onun xəyanətini bağışlamağa yetərlidirmi? O, hər şeyi etiraf edib, pencəyini götürüb evi tərk etsə mən nə edəcəm, bundan sonra necə yaşayacam? Getməsə belə etibarımı, inamımı itirmiş bir insanla ömrümün qalanını necə yaşayacam? Hər dəfə məni öpəndə bu dodaqların daha ehtirasla başqa bir qadını öpməsi fikri məni məhv etməyəcəkmi? Mənə toxunan əllərinin daha nəvazişlə başqa bir qadının bədənində gəzməsi fikri məni çılğınlara döndərməyəcəkmi? Nə olacaq, ilahi, necə yaşayacam bundan sonra? Axı olanlar, yaşananlar nişan üzüyü deyil ki, satasan, ya da əritdirib başqa bir formaya saldırasan. Axı niyə belə oldu, axı onlar məni niyə aldatdı? İndiyə qədər dözdüyüm bütün əzabların bir bəhanəsi vardı - inam. İndi o inam ölmüşdü, daha nədənsə danışmağın, nəyəsə ümid olub yaşamağın bir mənası yox idi. Nişan üzüyümü əridib sırğa düzəltmək üçün zərgərə verdim. Azərin xeyir işi üçün yığdığım pulları götürüb əvvəlcə gözəllik salonuna, sonra isə “XL” mağazasına getdim. Boşanmaq istəyimi bildirən ərizəni isə məhkəməyə çoxdan təqdim etmişdim, elə hadisənin səhəri günü.
    

Комментариев нет:

Отправить комментарий