Страницы

28.06.2011

Çempionun ad günü

               İndi onun medalları sinəsinə sığmır


Bu günlər gənc idmançı, Ərkivan qəsəbə orta məktəbinin X sinif şagirdi Məmmədli Fərhad Həmid oğlunun 16 yaşı tamam olur. Bir çox yaşıdlarından fərqli olaraq Fərhad yeniyetməlik yaşına bir sıra uğurlarla gəlib. 2007-ci ildən karate ilə məşğul olmağa başlayan Fərhad bu adı təsadüfən daşımadığını dəfələrlə sübut edib. 2007-ci ilin dekabrında Bakıda keçirilən Sindo-ryu və Peçak Silat Federasiyasının keçirdiyi VI Azərbaycan çempionatında o, 3-cü yeri tutmağa nail oldu. Bundan 6 ay sonra yenə həmin federasiyasının növbəti yarışmasında 2-ci pillədə, qaliblər sırasında yer aldı. Yüksələn xətlə uğurlarını davam etdirən Fərhad 2009-cu ilin may ayında artıq qızıl medala sahib oldu. Belə ki, o, yuxarıda adı çəkilən yeniyetmə və gənclər arasında keçirilən ölkə çempionatında qızıl medala layiq görüldü. Bütün bunlar Fərhadın uğurlarının hamısı deyil. Təkcə bir faktı deyək ki, qısa zaman kəsiyində yaşıdları arasında karatenin Sindo-ryu və Peçak Silat növü üzrə Fərhad Məmmədli 4 dəfə Azərbaycan çempionu adını qazanıb. Bir az mübaliğəli olsa da, indi Fərhadın medalları onun sinəsinə sığmır. Onun təltiflərinin toplandığı çanta isə günbəgün ağırlaşır.
Fərhad Məmmədli beynəlxalq turnirlərdə də uğurla çıxış edir. Belə ki, Fərhad 2009-cu ilin sentyabr ayında Ukraynada keçirilən Beynəlxalq turnirdə qızıl medala layiq görüldü. Bundan 3 ay sonra isə Moskvada keçirilən Beynəlxalq turnirdə gümüş medalla kifayətləndi. Fərhad sonuncu uğurunu isə 2011-ci ildə Təbriz şəhərində qazandı. Belə ki, burada yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə yenə də birinci yeri tutub, qızıl medala sahib oldu.
Fərhad təkcə qolunun gücünə güvənmir, dərslərini də yaxşı və əla qiymətlərlə oxuyur. Hələlik arzusu bədən tərbiyəsi üzrə mütəxəssis olmaqdır.
Biz də gənc çempionu kollektivimiz adından təbrik edir, qarşıdakı yarışmalarda ona daha böyük uğurlar arzulayırıq. 

Ülvi
 Məmmədli

Комментариев нет:

Отправить комментарий