Страницы

23.06.2011

Günel Xəzəl. Şüşə qanadlı qaranquşlar


cümlələrin bitdiyi yerdəyəm
burda rahatlıq var…
tükənib, yorulan sözlərdən
yarımcan təbəssüm cücərən,
firuzəyi torpaqlar…
İmtina edilmiş hərflərin səhrasında-
səssizliyin sözsüzlüyündəyəm.
Bu misraları 9 ( anadan oldugum tarix və ən sevdiyim rəqəm) gün öncə yazmışdım. Bu gün bunları yaşadım. Düzdür, torpaqlar firuzəyi yox, qara rəngdə idi, amma paltarım və çantam firuzəyi tonlarda idi. Bunda da mistik nəsə axtarmağım təsadüfi deyil. Sehirlənmiş insanam indi.
*
Qara rəngin sehrində görüntülər sözlərdən daha ağır və daha təsirli idi. Qadağan məhəbbətin dəhşətini insan mimikalarında, jestlərində izləmək ağlagəlməz dərəcədə məftun etdi. Hər şey o qədər azad və təbii idi ki, kim və harda olduğumu xatırlamırdım. Cümləsiz, sözsüz bir zamansızlıq. Səssizliyi sadəcə gah gur və atəşli musiqi, gah da “Ay sonatası” kimi melodik musiqilər bəzədi. Bəzi musiqilər ki var e, səssizliyi pozsa da, sükuta toxunmur. Bax o cür.
*
Məni məndən aldı bu gün Pantamima Teatrının aktyorları və “MASKA”sı.
Oyunçular çox içdən və doğal idilər. Özlərinə bir azcıq da enerji saxlamadan son nəfəsə, axrıncı tər damlasınadək səhnəyə can qoydular. DAİRƏ- Elnur İsmayılzadənin plastikliyi, adını AYRILIQ qoyduğum  DÖRDBUCAQ – Bəhruz Vaqifoğlunun jestlərlə  danişmaq bacarığı, yeganə xanım oyunçu, MASKA- Nargilə Qəribovanın hüdudsuz azadlığı və ÜCBUCAQ – Ceyhun Dadaşaovun artistlik bacarağı məni heyran etdi. Sadəcə qara, dekorasiyasız səhnə, bu dörd nəfər,  musiqili sükut və İNCƏSƏNƏTdən məst omuş tamaşaçılar.
Düşünə bilirsizmi abu-havanı?
*
Bu tamaşa mənə sevgidən qarnımızda doğulan şüşə qanadlı qaranquşları göstərdi. Onlar uçduqca biz ağrıdan iki bölünürük, qanımız ciyərlərimizə axır və nəfəs ala bilmirik.
İnsanlar ən dəyərlilərdən keçib, taleyə üsyan edəndə, birisi uğruna hər şeyə göz yumanda Tanrı qəzəbinə düçar olur. Bütün mənini və özünü sadəcə bir varlığa həsr edəndə sonda ətrafında böyük bir boşluq və sonsuz HEÇ NƏ qalır. Tamaşada qadın əzabı 3 dəfə kişi iztirabından çox yer alırdı. Bu da diqqətimi çəkdi. Həqiqətən yenə bir neçə gün öncə yazdığım bir şeirsən parça gəldi ağlıma, orda Tanrıya üsyanla tələblərimi deyərkən:
cənnətdən qovanda
Həvvanın ovcuna
təssəlli kimi gizlədiyin
məhəbbət adlı oyuncaqdan.
Sevgi qadınların  dünyadakı cəzalarındandır. Kişilərin cəzası isə sevilməkdir. Sevilən kişi  onun üçün  iztirab çəkən qadınıa görə vicdan əzabı çəkir, bu da onun cəzası olur.
SEVGİ Dünyada Allahın ƏDALƏT məhkəməsinin ən dəhşətli CƏZAsıdır.
Bu düşüncələr Pantamima Teatrindan evə gəlib çatana kimi ayaqlarımı yerə dəyməyə qoymadı. Bu fikirlərin qanadında kompyuterimin arxasında oturub, klavişaya baxsam da bayaq izlədiyim səhnələri görürəm indi və bu tilsimdən qurtulmaq istəmirəm. Evdə də kimsə yoxdu. Sanki İlahi bir qüvvə mənəvi qidamı həzm etməyim və bu yazını yazmağım üçün şərait yaradır.
İnsanların, ən əsas da incəsənətlə görünməz bağları olan hər kəsin bütün mənfəətlərindən doğan ehtiyaclarında mənəvi qidanın var olması da mütləqdir. Əgər ruh düşgünlüyünüz varsa, həyatda heç nə sizə zövq vermirsə, mənasını və səbəbini anlamadığınız bir boşluqdasınızsa deməli ruhunuz acıb. Hər gün eyni yeməyi yeməkdən bezdiyimiz kimi daim film, musiqi, kitab o aclığı doyuzdurmur. Mütləq heç olmasa ayda 2 dəfə teatra, rəsm qallereyasına, ya muzeyə getmək vacibdir. Görəcəksiz ki, ordan çıxanda anadan yeni doğulmuş uşaq qədər gümrah və təmizlənmiş olacaqsınız.
Siz də mütləq bir gün gedin və yeni gizli aşkarları özünüz üçün kəşf edin…
TEATR İNCƏNƏT ADAMI ÜÇÜN MƏBƏDDİR!
Sonda iradım: xanım aktrisa saçlarını yığmasaydı kaş….

Комментариев нет:

Отправить комментарий