Страницы

28.06.2011

“Günəşi gözləyənlər” yenidən işlənməlidir


Cavid Zeynallı və onun “Günəşi gözləyənlər” romanı
2010-cu ildə Cavid Zeynallının “E. L” nəşriyyatında “Günəşi gözləyənlər” adlı romanı çap olunub. Cavid Zeynallı bu kitabın nəşrinə qədər oxuculara hekayələri ilə tanış idi. O, 2010-cu ildə Nəsimi Ədəbiyyat mükafatının qalibi olub. 1986-cı ildə Cəlilabad rayonunda doğulub, BDU-da magistatura təhsili alır. AYB-nin üzvü və prezident təqaüdçüsüdür. Cavidin əvvəllər oxuduğum hekayələrində müasir nəsrin “qoxusu”nu duymaq mümkün olmasa da, mənə hədiyyə etdiyi kitabını, “Günəşi gözləyənlər” romanını rahatlıqla oxudum və müasir nəsr elementlərini gördüm. Əsərin sadə və axıcı dili, hadisələrin dinamikası və energetikası oxucu diqqətini çəkir. Roman birnəfəsə oxunur.
Kitaba tənqidçi Əsəd Cahangir “İnsan olmaq lazımdır!” başlıqlı ön söz yazıb. Romandakı boşluqları böyük ustalıqla sezən Əsəd Cahangirin roman haqqındakı fikirlərində ehtiyatlı yanaşma qabarıq şəkildə özünü göstərir. Mən isə “Günəşi gözləyənlər”i oxuduqdan sonra əsərdəki müəyyən çatışmazlıqları oxucularla bölüşmək fikrinə gəldim.
Əsərin mövzusu
Roman Bakıda universitet təhsili alan, universiteti bitirib hərbi xidmət keçən və yenidən Bakıya qayıdan əyalətdə doğulmuş Üzeyir adlı bir gəncin həyatından bəhs edir. Əsərin əsas qəhrəmanı Üzeyirdir. Üzeyir eyni zamanda bütün hadisələrin mərkəzindədir və əsərdəki bütün qəhrəmanlarla əlaqəsi var. Maraqlıdır ki, əsərin qəhrəmanları əsasən qadınlardır. Məhz qadın qəhrəmanların taleləri romanı rəngarəng edir. Təəssüf ki, “Günəşi gözləyənlər” süjet və struktur baxımından məhduddur. Əsəri xilas edən əsas iki səbəb – axıcılıq və səlis dil faktorudur. Üzeyirin zarafatla Əqrəb adlandırdığı sevgilisi onun hərbi xidmətdən dönməsini gözləmədən başqa birisi ilə (polis zabiti ilə) ailə qurur. Sonradan boşanan, Üzeyirlə görüşməyə davam edən Əqrəb, oxuduqları universitetdə xadiməlik etmiş Firəngiz xalanın günahkar ruhunun daşıyıcısıdır. Üzeyirin 10 manat üçün qarət elədiyi, onu polisə şikayət etdiyindən şübhələndiyi, sonradan xilas etdiyi və darısqal mənzilinə gətirib intim əlaqədə olduğu fahişə – Nərmin Firəngiz xalanın qızıdır. Anasının hansısa başqa bir kişi ilə görüşməsindən istifadə edən Nərmin fahişəliyə başlayır. Eyni zamanda, anasının aşnası olan professordan anasının evini tələb etdiyi üçün professorun adamları tərəfindən izlənilir. Çirkin, evdəqalmış, lakin imkanlı bir adamın qızı olan Qaragözlə tanışlığı, onun hesabına vəziyyətini bir az da olsa düzəltməsi, Qaragözə yalan danışdıqdan sonra vicdan əzabı çəkməməsi, yerli-yersiz and içməsi Üzeyirin uğursuz, mənasız, dünyagörüşsüz bir əyalət gənci olması təsəvvürünü yaradır. Əsərdə onun bütün yaşantıları realist üslübda qələmə alınsa da, dilənçi qızla qarşılaşmadan sonra mistik aləmə yolçuluğa çıxır. Müəllif müəyyən məqamlarda mistik detallara işarə vursa da, dilənçi qızın anası Yasəmənlə tanışlıq, Əqrəbin bədənindəki günahkar ruhun çıxarılmasına çalışması, Yasəmənin ona kömək etməyə çalışması, Şaman nənə haqqında Üzeyirə məlumat verməsi əsərin mistik qatını açır. Şaman nənə bir ritualla Əqrəbin bədənindəki günahkar ruhu çıxarır. Əsərin sonuna yaxın müəllifin tələskənliyi ucbatından Qaragözün, Əqrəbin sabiq ərinin, Yasəmənin taleyi oxucu üçün qaranlıq qalır. Bütün çətinliklərə baxmayaraq, əsər xoş sonluqla bitir. Əqrəblə Üzeyirin evlənəcəyinə oxucuda şübhə qalmır.
Diqqətçəkən boşluqlar
Əsərdə müəllifin demək istədiyi, aşılamaq istədiyi yüksək ideya yoxdur. Müəllif nəyi öyrətmək istədiyini tam olaraq özü də bilmir. Əsər heç bir təlqində bulunmur. Hadisələr sürətlə bir-birini əvəz eləsə də, oxuduqdan sonra düşünəcək bir hadisə, heyrətlənəcək bir məqam yox dərəcəsindədir. Eyni zamanda, posmodern yanaşma sərgiləməyə çalışan müəllifin müəyyən səhnələrin təsvirində qeyri-peşəkarlığı diqqət çəkir. Bəzi səhnələr olduqca iyrənc və ürəkbulandırıcıdır. Bu, əsərə müasir mətn ab-havası gətirsə də, təsvirlərin uğursuzluğu oxucu qənaətini dəyişir. Üzeyirin evin içində tualet ehtiyacını ödəməsi, hamamdakı iyrənc taraş olma səhnəsi, erotik səhnələr çox qeyri-estetikdir. Oxucu qəhrəmanın təsvirlərindən onun gah cılız, yapışıqsız və yöndəmsiz olması, gah da ucaboy, qüvvətli və yaraşıqlı olması qənaətinə gəlir. Bu isə müəllifin qəhrəmanın təsvirinə olan etinasızlığını və diqqətsizliyini göstərir.
***
Müəllifin şamançılığı lazımınca bilmədiyi, şamançılıq haqqında geniş araşdırma-filan oxumadığı da özünü göstərir. Üstəlik realist nəsrdə mistik elementlərin işlədilməsi də bu əsərdə uğursuzluğa yol açır. Şaman nənənin həyata keçirdiyi ritualın həqiqətdən uzaqlığı və gülünclüyü oxucunu inandırmır. Əksinə, bu səhnə oxucunu bezdirir. Müəllif şamançılıq elementlərini romanda lazımınca “əridə” bilmir. Mistik elementlərin təsvirində uğursuzluq nəzərə çarpır.
Qəhrəmanın heyvanlara qarşı vəhşi münasibətindən sonra onun it balalarına diqqət göstərməsi təsirləndirici olsa da, inandırıcı görünmür.
Əsərin xilası
Celil CavanşirQeyd etdiyim detallardan əlavə romanda vaxtla bağlı yanlışlıqlar da hiss olunur. Əsərin canlı və səlist dili, dramatizmi, təhkiyəsi boşluqlara diqqət etməyə imkan vermir. Hesab edirəm ki, bəzi qəhrəmanların naməlum taleyi və şamançılıqla bağlı məlumatsızlıq əsərin əsas çatışmayan cəhətidir. Müəllifin bu məqamları nəzərə alıb əsəri yenidən gözdən keçirməyinə ehtiyac var.
Cəlil CAVANŞİR

Комментариев нет:

Отправить комментарий