Страницы

28.06.2011

«Mən də istəyərəm ki, bir yox, beş kastyumum olsun, bağım olsun, oğlumun altında bahalı avtomobil olsun…»


«1500 şer yazan olsa da, özüm də içində olmaqla Azərbaycanda cəmi 15-20 şair var»
Adil Mirseyid: «Tənha adam-Robinzon Kruzo kimi yaşayıb xoşbəxt ola bilərəm»
Bir çox həmkarlarından fərqli olaraq, nə bağı, villası, bahalı avtomobili var, nə də başından aşan var-dövləti. Amma çoxunun xəyal edə biləcəyi, pulla alınıb-satılmayan çox qiymətli xəzinəsi var. O xəzinənin açarını ona Tanrı nəsib edib. Bu xəzinə onun üstündə əsə-əsə içində qoruyub saxladığı mənəviyyatı, mələk misallı uşaqlığı və bu uşaqlığın simasında bərq vuran saflığı, paklığı, təmizliyidir. Bəlkə elə buna görədir ki, qızmar yayın boğanağında dünya malında gözü olmayan bir ruh adamıyla-rəsam-şair Adil Mİrseyidlə söhbətləşdikcə, ruhama da bir sərinlik yayıldı. Həm də bolluca oksigen aldım.
- Haralardasınız Adil Mirseyid, çoxdandır görunmürsünüz?
- Fiziki məkanda mən elə buralarda-Bakı şəhərindəyəm. Amma ruhən royalarla gerçəkliyin arasınday çarpışıram. Elə ruh kimi də insanların arasında gəzirəm. Tənhalığımla, yazılarım, rəsmlərim, bir də əxlaqıına və dostluqlarına inandığım beş-altı adamlar var ki, onlarla bir yerdəyəm. Düzü, adamların çox olduğu yerdən qaçıram.
- Bəs özünüz-özünüzdən necə qaçmaq istəmisinizmi?
- Cavanlıqda dəfələrlə olub ki, özümdən qaçmaq istəmişəm. Elə bir neçə dəfə qaçmışdım da. Əmək kitabçamda ilk iş yerim Azərbaycan da olmayıb. O vaxtlar ümumittifaq tikintilər olurdu…
- BAM?.
- Yox, oralar çox soyuqdur, mən soyuqdan qorxuram (gülür). 3 illik müqavilə ilə Rusiyaya getdim, amma ilyamımdan sonra darıxdım; Bakının «Torqavı»sından keçmək üçün, doğma dilimdə danışmaq üçün… Müqavilə bitmədiyindən məni buraxmaq istəmədilər. Getdim həkimə, bir rus qadın vardı, rüşvət olaraq konyak hədiyyə etdim, arayış verdilər ki, güya Rusiyanın havası mənə düşmür. Bir müddət Priibaltikaya, daha sonra, Frunze şəhərinə qohumlarımın yanına (indiki Bişkək-C) qaçdım. Onda heç evlənməmişdim də. Orda kinostudiyada işə düzəldim. Amma bir aydan qonra qayıtdım yenə Bakıya. Oralar mənə poetik gəlmədi, çox az şer yazdım onda. Deməyim odur ki, cavan vaxtlarımda elə bilirdim ki, başqa ölkələrə getməklə özümdən qaça biləcəyəm. Ona görə də səyahətlər etməklə bunu reallaşdırmağa cəhd edirdim. Amma yenə də görürdüm ki, özümdən qaça bilmək cəhdim boşa çıxır.
- İndi bu hisləriniz yenə də öz qüvvəsindədir?
- Yox. Cavanlıq fərqlidir, məsələn onda hər kəs Həccə getməyi, mən də rəssamların Məkkəsi-Mədinəsi olan Parisə getməyi çox arzulayırdım. Heç arzuma çatmadım da. Amma indi fərqli düşünürəm, heç yana qaçmadan da tənha adam-Robinzon Kruzo kimi yaşayıb xoşbəxt ola bilərəm. Buludlara, ağaclara baxıb yaşamaq mənə çox daha rahatdı, nəinki insanlar.
- Mənə çox maraqlıdır, sizin xoşbəxtlik düsturunuz necədir?
- Mənim düşüncəmə görə, xoşbəxtlik insanların uydurduğu təsəllidir. Əvvəllər belə deyimlər vardı ki, insan bu dünyaya xoşbəxt olmaq üçün gəlib. Kim özündən çıxarıb bu sözləri. Sadəcə anlar var ki, həmin vaxt ruhumuzla harmoniyadayıq və özümüzü çox rahat hiss edirik. Adını da qoyuruq xoşbəxtlik. Bir vaxtlar hamı məni qınayırdı ki, Adil Mİrseyid bədbin şəkillər çəkir, bədbin şerlər yazır. Mənəvu sözlər çatmırdı ki, necə yəni, insan bədbir olmamalıdır, nikbin olmalıdır. Xoşbəxtlik nədir e, insanın şansının gətirməsi. İnsanın şansı gətirməyə gə bilər və o özlüyündə çox xoşbəxt ola bilər. Məsələn, Van Qoq, yaxud digər məşhur rəssamların əksəriyyətinin həyatı faciə içiərisində keçib, amma onlar çox xoşbəxt insanlar olublar. Pirosmani olan var-dövlətini satıb sevdiyi qadının pəncərəsi altında güllər alıb düzüb. Yəni qıraqdan dəli, sərsəri, bədbəxt kimi görünən bir rəssam bəlkə də dünyanın ən xoşbəxt adamı idi. Rassional dünyada insanlar istəyir evi, villası, var-dövləti olsun. Amma o rəssamın öz dünyasında çox qiymətli xəzinəsi vardı ki, onu kətan üzərinə köçürürdü.
- Demək istəyirsiniz ki, əsas insanın özü-özünün xoşbəxt hiss etməsidir?
- Bəli. İnsan necədisə elə də görünməlidir, ona başqasının bədbəxt, ya xoşbəxt söyləməsindən asılı olmayaraq. Mövlana deyirdi ki, ya olduğun kimi görün, ya da göründüyn kimi ol.
- Siz həmişəmi olduğunuz kimi görünürsünüz, ya həyat bəzən sizi bunun əksini göstərməyə məcbur edib?
- Yəqin ki, ola bilməmişəm. Cəmiyyətə inteqrasiya baxımından çətinliyim olub.
- Məsələn?
- O yerdə başqa cür özümü apara bilsəydim, bəlkə də şan-şöhrətim, var-dövləti olardı. Amma mən bunu bacarmamışam, yəni bu dünyanın adamı ola bilməmişəm.
- Yəni zəmanə adamı ola bilməmisiniz…
- Toplum, kütlə adamı ola bilməmişəm. Cəmiyyət kütlələrdən ibarətdir, amma mən müəyyən mühitlərdə daha rahatam. Məsələn, rəssam mühitində özümü daha rahat hiss edirəm, nəinki şairlər mühitində.
- Niyə?
- 14 yaşımda Mircavad, Camal Əhməd kimi rəssamları gördüm, onlar öz dünyalarının adamları idi. İçindən, ruhundan gələni kətana köçürürdü, heç o şöhrət, para gətirmirdi.
- Amma yaşamaq üçün para da lazımdır axı. İqtisadi baxımdan asılı olan adam sizcə, ruhən azad ola bilərmi?
- Düzdür, bu mənada, dünyada çox az adam tapılar ki, tam mənada, özünü azad hiss etsin. Hansısa cəmiyyətdə yaşayan adam tam azad ola bilməz.
- Bəs özünüz necə azad insansız?
- Hər halda, sübutlar var. Azad olmağın bədəllərini də ödəmək lazımdır. Azadlıq havayı verilmir. Heç istedad da havayı verilmir. Bu da mütləq faciylə nəticələnir.
- Sizin bədəlləriniz nə oldu?
- Uzun müddət işsiz qaldım… Elə şeylər var ki, mən onu bacarmadım yox, sadəcə istəmədim.
- Niyə?
- Mən hələ gənclik illərimdən Allahımdan onu istəmişdim ki, Paqanini kimi olum.
- Yəni, necə? 
- Rəsm çəkim, ilham pərim məni heç vaxt tərk etməsin.
Paqanini insanlar arasında yarımələk idi. Allah yüz, bəlkə də min ildə bir dəfə milyonlardan birini belə yaradır. Paqanini telləri sınmış skripkada virtioz bir musiqi ifa edir, bu hər adama nəsib olmur. Allahın sevimlisi idi o. Amma nə olsun, Paqanini də cəmiyyətin içində yaşayırdı. Cəmiyyətin öz qanunları var…
- Siz özünüzü daha çox şair sayırsınız, yoxsa rəssam?
- Mən özümü rəssamlıq təhsili almış şair hesab edirəm. Bizdə əvvəllər belə idi də, o vaxt yaşıdlarım Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb rəsmi şəkildə şair olurdular. Əslində isə poeziya insanın ruhi vəziyyətidir. Ədəbiyyat, ya filologiya faküliəsini bitirməklə insan şair ola bilməz. Konkretləşdirsək mən şairəm. Mən şərqliyəm, şərqlilərdə Tanrı ilə insanlar arasında bağ, ünsiyyət yalnız sözlə baş tutur. Amma təsvir, rəssamlıq qərblilərdə daha güclüdür.
- Ruhunuz hansı vəziyyətdə daha rahat olur; şer yazanda, yoxsa rəsm çəkəndə?
- Rəsm çəkəndə mən daha özümü daha rahat hiss edirəm. Amma şer yazmaq mənim üçün daha ağır, faciəlidir. Sizə bir sirr açım ki, bir müddət mən ümumiyyətlə, insan obrazı çəkmədim. Mənzərələr çəkdim.
- Nİyə, insan obrazı sizi yorduğu üçün?
- Ona görə ki, insanlar mənə əzab verir. Güllər, çiçəklər, ağaclar, buludlar çox rahatlıq gətirir.
- Bu sizin fikrinizdir ki, şairi rəsam, rəssamı da şair qədər anlayan heç kim olmaz… Bir-birinizlə yola getmədiyiniz məqamlar olmur heç?
- Çox rahat yola gedirik. Başqa cür mümkün də olmayıb, çünki bir əlim rəsm çəkib, bir əlim şer yazıb, bir üzüm şairdir, bir üzüm rəssam.
- İnsanlardan yorulanda yorğunluğunuzu necə çıxarırsınız?
- Vallah nə gizlədim uzun illərdir ki, yorğunluğum heç canımdan çıxmır. Yuxudan da yorğun ayılıram. Çox yorulmuşam, mənə elə gəlir ki, həddən artıq uzun bir ömür yaşamışam. Amma bir vaxtlar elə bilirdim ki, mən çox gənc öləcəm, heç otuz yaşa çatmayacam. İndi isə baxıb görürəm ki, 50-ni arxada qoymuşam və dəhşətə gəlirəm ki, nə uzun ömür yaşadım mən.
- Yaşamaqdan bezirsiniz?
- Yox bezmirəm e, mənə bu ömür yolçuluğı sadəcə, çox uzun gəlir. Görünür dünyadan çox şey istəyənlər uzun ömür yaşamaq istəyirlər. Maddiyyata o qədər bağlıdırlar ki, dünyadan əl çəkmək istəmirlər. Amma özünü ifadə üçün insana o qədər də uzun ömür lazım deyil axı.
- Sizcə, bunun üçün neçə il kifayətdir? 
- 30 il… Mən 30 yaşa qədər özümü artıq ifadə etmişəm.
- Bəs sonrakı yaşamınızın missiyası nə olub bəs?
- Əvvəlki təcrübənin davamını yaşayıram. Düzdür, zamanında mən uzun illər etiraf olunmadım…
Zamınında etiraf olunmadım. Bəhanə gətirdilər ki, durğu işarələrinə əməl etmir, həm şeirlərim, həm rəsmlərim sovet sosialist realizminə yaddır, bir sözlə, qəbul olunmadım. Amma uzun illər keçdi, 1980-ci illərin əvvəllərində məni etiraf etdilər. Hansı ki, həmin şerlərdən ibarət qovluğu mən «Yazıçı» nəşriyyatına verəndə cəmi 22 yaşım vardı. Mən baxıb görürəm ki, nə 22, nə 32, nə 42, nə də 52 yaşımda mənim ruhu müvazinətim dəyişməyib, necə varsa, eləcə də qalıb. Buna sevinirəm ki, ötən illər ərzində ruhum deformasiyaya uğramayıb. Baxıram ki, 22 yaşımda yazdığım şeirlərim 52 yaşımda antalogiyaya qoyulub. Bir dəfə cavan vaxtı gəldim «Ulduz» jurnalına, Tofiq Bayramın yanına. Onda da cavan vaxtlarım idi, uzun saç saxlayırdım, cins şalvar geyinirdim, Tofiq Bayram mənə baxdı , Səttar Bəhlulzadəyə həsr etdiyi şerlərindən danışdı və dedi: «Sən yaxşı rəsm çək, şairlər sənin rəsmlərindən ilham alıb şer yazsınlar». Və mənim şerlərimi oxumadan özümə qaytardı. Uzun muddət depressiya düşdüm və 5 il redaksiyalara getmədim.
- Sizcə, həyatda insanı, bax elə sizin özünüzü həyatda nə sındıra bilər?
- Bi mahnıda deyilir e, «Zindanda divar olsaydı, yenə sevərdinmi məni»? Yəni bu dünya mənə «zindanda divar olsa da» mən mütləq sevəcəydim. Dəfələrlə məni sındırmağa çalışıblar, ancaq bacarmayıblar. Başqa bir söz də var ki, hər divar bir qapıdır. Mən hər divarın bir qapısı olduğuna həmişə inanmışam.
- Yəni sınmazsınız, o qapılardan çıxarsınız?
- Yox, sınmazdım, rahatlıqlda ölərdim. Ölüm də sınmamaq üçün açılan qapılardan biridir. Sınmadım işsiz qaldım, amma deyən olmadı ki, bu insan hara getdi, niyə gəlmədi və s.
- «Kaş mən də yaxşı yaşamaq dan ötrü çox şeyi qurban verərdim»-deyə içinizdə peşmançılıq hissi olur?
- Yox, yox… Əbəttə bu təbii hisdir; mən də istəyərəm ki, bir yox, beş kastyumum olsun, bağım olsun, oğlumun altında bahalı avtomobil olsun…
- Yeri gəlmişkən, həmkarlarınız çox yaxşı yaşayır, sizdə maddi dolanışıq necədir? 
- Bəzi qəzetlərə yazılar verirəm, əvəzində simvolik qonorar alıram. Uzun müddətdir ki, əsərlərimi sata bilmirəm.
- Niyə?
- Görünür bu sahədə də bir monopoliya var. Deyim sizə ki, əvvəlki iləlrdən fərqli olaraq, indii rəsm əsərləri dəb xatirinə də olsa alınır. Kİmisi mənasını qavramasa da, prestij xatirinə alıb evindən asır. Keçən il sərgimin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Rəsmlərimi də aparmışdım. Üstündən 3-4 ay keçəndən sonra mənə qayıtdılar ki, sponsor tap, sərgini keçirək. Dedim axı mən niyə sponsor tapmalıyam? Bax bizdə belədir; bir qrupp adamlar üçün hər cür şərait yaradılır, bir qrup adamlar oturub gözləyir. Mən də nə qədər ki, gənc idim dolanışıq üçün ev də təmir etmişəm, malyar işi də görmüşəm. Onda fiziki gücüm buna imkan verirdi. Amma indi fiziki imkanım və sağlamlığığ bunlara yol vermir.
- Hə sizi hönkür-hönkür ağladıb?
- Dostum Vaqif Bayatlının bir misrasını xatırladım:
Çox nahaq deyiblər ağlamaz kişi,
Kişi də insandır, qəlbi, gözü var.
Bizə də uşaqlıqdan çox yanlış olaraq belə öyrədiblər. Amma mən ilk dəfə bir pişik üçün dəli kimi hönkürtü çalıb ağlamamışam. Qonşuluğumuzda Vova adlı özümdən 5-6 yaş böyük dostum yaşayırdı, sonradan köçüb getdi. Onda beş yaşım vardı. Mən də öz pişiyimin adını Vova qoydum. Vova öləndə mən ağlım kəsəndən ilk dəfə dəli kimi ağladım və ölümün nə olduğunu dərk etdim. İlk dəfə pişiyin ölümünə, sonra ana nənəmin ölümünə hönkürtüylə ağlamışam. Çünki indinin özündə də mənə elə gəlir ki, bu dünyada məni o qoca qarı qədər istəyən və mənim özümün o yaşlı qarı qədər sevdiyim ikinci bir qadın olmayıb. Bir var ağlamaq, bir də var kövrəlmək. Ölümünə kövrəldiyim adamlar olub. Bir il öncə yaşca məndən kiçik qardaşım dünyasını dəyişdi, amma mən ağlaya bilmədim.
Ürəyimdə ağlamaq istədim, amma bacarmadım.
- Niyə?
- Çox qəribədir pişiyin ölümünə hönkür-hönkür ağladım, amma bircə qardaşımın ölümünə ağlaya bilmədim. İstəklə bunun heç bir əlaqəsi yoxdur ha. Səbəbini özüm də bilmirəm. Məsələn, mən «Əhmədli» metrosunun yanında şikəst olmuş bir Qarabağ əlili var, həmişə onu görəndə gözümdən yaş axır. Atilla İlhan var türk şairi, bir axşam oturub onun şerlərini oxuyurdum, Türkiyənin «D» kanalında onun məşhur kepkalı bir şəkli var, onu göstərdilər və öz əsiylə şerini efirə verdilər. Sən demə, dünyasını dəyişibmiş, bax mən onda dayanmadan dəli kimi ağladım. Onda onun səiylə səslənən şerdən bir misra indii də yadımdadır: «An olur duyarsınız ki, Atilla İlhan da ölür». Burda qəribə bir mistika vardı. Ümumiyyətlə, mənim həyatımda belə mistika ilə müşayiət olunan hallar olub.
- Mistikaya inanarsınız?
- Əlbəttə. İslam adamıyıq və içimizdə bir şamanlıq var. qədərə-taleyə çox inanıram və bilrəm ki, kodlaşdırılmış bir ömür yaşayırıq.
- Cəmiyyət tərəfindən anlayışlmayan adamlara həmişə dəli deyibər. Qorxmamısınız belə çağrılmaqdan? 
- Vaqif Baytlının bir sözü vardı ki, uşaqlıqdan qohum-əqrəba mənə həmişə dəli deyiblər, mənə dəli deyəndə fəxr edirəm.
- Sizdəmi fəxr edirsiniz?
- Salvador Dalinin bir sözü var; «Mənim dəlidən bir fərqim var ki, mən dəli deyiləm. Neyləyək ki, cəmiyyət həmişə ağıllı insanları dəli kimi qiymətlənlrib. Orta əsrlərdə də belə olub. Bəlkə də Füzli rüşvət almadığı üçün ona da dəli deyiblər.
- Məsələn, Vaqif Bayatlı Önər deyir onun üçün məkan-zaman anlayışı yoxdur. Bəs sizdə necədir?
- Əlbəttə var, bu reallıqdır. İnsanın o halı artıq patologiyadır.
- Belə deyirlər ki, şairlər, rəssamlar tez-tez vurulurlar. Sİz dəmi?
- Mən həyatda bir qadını sevə bilərəm. Bilmirəm bu pisldir, ya yaxşı, amma mən ömrü boyu bir qadını sevmişəm. O da mənim həyat yoldaşımdır. 30 ilə yaxındır bərabərik, artıq yekə uşaqlarım da var.
- Fiziki yaxınlıq, məişət qayğıları bu hissi korşaltmayıb bəs?
- Mən hiss eləməmişəm. Hiss etmək də istəmirəm. Mənim bir şeirim də var:
Başım cəllad kötüyü altında olsa,
Son dəfə səni görsəm,
Gülümsəyəcəyəm gülüm…
Bir şeirimdə də demişəm:
Sağlığımda sevgilimin bir telindən asmışdım dünyanı mən.
Mən o kişilərdənəm ki, bütün dünyanı sevdiyinin bir telindən asa bilərəm.
- İndiki gənc yazarlardan kimləri bəyənirsiniz?
- Aqşin, Natiq Şahverdiyev, Ay Xan, zahir Əzəmət… bəzilərindən fərqli olaraq mən çağdaş Azərbaycan ədəbiyyatına bədbin baxmıram.
- Nəsillərarası mübarizədə kimin tərəfindəsiniz-gənclərin, yoxsa yaşlı nəsil yazarların?
- Zaman-zaman mübarizələr olub, mən istedadlıların tərəfindəyəm.
- Sizcə, günah kimdədir-cavanlarda, yoxsa yaşlı nəsildə?
- Hər iki tərəfdə. Yaşlılar yaşlı kimi yaşaya bilməyiblər, gənclərin də iddiaları çox böyükdür. Yazıçılar Birliyinin deyilənə görə 2000-ə yaxın üzvü var. 2000 şair də ola bilərmi? Qafiyə qoşa bilənlərin hamısının adını şair, yazıçı qoyublar.
- Sİzcə, o birliyin qalmasına ehtiyac var?
- Qalsın, nə ziyanı var. Yazıçılar bəs onda hara yığışsınlar.
- Özünüz ora tez-tez gedirsiniz?
- Mən ora gedib elə adda şair-yazıçı görürəm ki, məəttəl qalıram. 1500 şer yazan olsa da, özüm də içində olmaqla Azərbaycanda cəmi 15-20 şair var.
- Söhbətin tamamında bir söz də soruşmaq istəyirəm; çox sorğu-sual etdim, məndən yorulmadınız ki? Axı, siz insanlardan tez yorulursunuz?
- Yox, mən adamlardan yoruluram, insanlardan yox…
Cəvahir SƏLİMQIZI                              merkez.az

Комментариев нет:

Отправить комментарий