Страницы

02.06.2011

İqtisad Universitetində rüşvət “tarifləri”

“Təhsildə rüşvətə son!” kampaniyaları bitdiyi kimi, rüşvət də təhsili bitirmək üzrədir. Can verməkdə olan ali məktəblərimizin halı Azərbaycanın gələcəyinə bir güzgüdür. Beləliklə, biz yay sessiyasının başlanmasını nəzərə alaraq imtahanlarda və “diplom işləri”nin hazırlanmasında tələbələrin qarşısına qoyulan qeyri-akademik tələblərdən söz açmaq fikrindəyik. Təbii ki, söhbət rüşvətdən gedir. Ilk olaraq Dövlət Iqtisad Universitetindən başlayırıq. Beləliklə, pul qazanmaq ixtisasına yiyələnmək istəyən tələbələrdən pullar necə alınır? “Azadlıq”ın müxbirinin söhbətləşdiyi tələbələr vəziyyəti belə təsvir ediblər. Adlar isə məlum səbəblərdən çəkilmir...
Iqtisad Universitetində oxuyan 4-cü kurs tələbəsi deyir ki, imtahanlarda 3 almaq üçün 100, 4-5 almaq üçün 150 manatdan çox pul veriblər. Kurs işinə çıxan xərc isə 50-100 manat arası olub: “Diplom almaq üçün 2 qrup yoldaşım diplom işi yazacaq. Onlardan biri ”starosta" digəri isə pulla qiymət almış “əlaçı” tələbədir. Biz dövlət imtahanı verəcəyik. Hələlik dəqiq qiymət deməyiblər, amma 500-600 manatdan yuxarı olacaq".
“Bizdə 6-7 tələbə diplom işi yazacaq, qalanları dövlət imtahanı verir. Baxmayaraq ki, imtahana 150 sual düşəcək, bizə 500 sual veriblər hazırlaşmağa. Əllərindən gələni edirlər ki, imtahanı özümüz verə bilməyək. Pul verəsi olsam, 600 manatdan çox xərcim çıxacaq” - bunu isə başqa bir tələbə deyir.

Universitetin Əmtəəşünaslıq və Texnologiya ixtisaslarının yerləşdiyi korpusunda vəziyyət daha gərgindir. Burada oxuyan 4-cü kurs tələbəsi deyir ki, onların qrupunda hamı diplom işi “yazır”: “Ilkin qiymət kimi 1000 manat deyiblər. Mən dedim ki, özüm yazım. Başladılar ki, ”özün yaza bilməyəcəksən, filan vaxtı biri yazdı, qəbul eləmədilər" və s. Mən istəyirdim ki, diplom işini özüm yazım, müdafiəsinə pul verim. Sonra başa düşdüm ki, qəbul eləməyəcəklər. Ona görə də diplom işi və müdafiəsinə birlikdə 1000 manat çıxacaq. Kurs işlərinə 50-60 manat pulum çıxıb".
Həmin korpusun başqa bir tələbəsi deyir ki, rüşvətin yığışdırılması barədə deyilənlər yalandır: “Özü də ”Iqtisad"ın ən bərbad korpusu buradır. Həm təmir baxımından, həm də dərslərin keçirilməsi səviyyəsinə görə. Sinif otaqları kiflənmiş vəziyyətdə, partalar pis gündədir. Adam universitetə gəlmək istəmir. Bura uşaqların çoxu aşağı balla qəbul olur deyə, əksəriyyət pul verir. Tələbələri aldadıb “tədris planı” adıyla bir vərəqə görə 10 manat yığırlar. “Qaib” limitini keçdiyin halda 50-100 manat alırlar. Ən yaxşı oxuyan tələbələr də “əla” ala bilmirlər, ən yaxşı halda, 3-4-lə qiymətləndirilirlər. Formal “əlaçılar” isə ya tapşırılırlar, ya da 1000 manatdan çox pulları çıxır. Adətən isə “starosta”lar əlaçı olurlar. Hətta müəllimlər belə, şikayət edir ki, “bizim haqqımızı əlimizdən alırlar, uşaqlara bəzən istədiyimiz balı yaza bilmirik”. Müəllimlərimiz deyir ki, onlara göstəriş verilir ki, ən azı, 2 nəfər imtahandan kəsilməlidir. Onlar da məcbur qalıb kimisə “kəsirlər”. Hətta elə müəllimlər var, şikayətlənirlər ki, sizin qiymətinizi aşağı salırlar, oxumayanlar isə əlaçı olur, niyə bu vəziyyətə etiraz etmirsiz? Hərdən müəllimlərin yazdıqları qiymətləri dekanlıq özü istədiyi kimi dəyişir".
Tələbələrlə söhbətdən belə çıxır ki, Iqtisad Universiteti açıq bazar qaydalarına əməl edir. Tələbələrin öz aralarında “Pulxoz” adlandırdıqları təhsil müəssisəsində sözün həqiqi mənasında gələcək faciələrin şəxsi və toplum halında təməli qoyulur. Növbəti yazılarımızda başqa “rüşvət quruculuğu ocaqları”ndan bəhs edəcəyik.

P.S. İqtisad Universitetinin rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.

"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий