Страницы

27.06.2011

Sima Ənnağı "Əjdahanın rəddi" (Esse)





Həmişə kütlədən, izdihamdan qorxmuşam. Özümü pis hiss etmişəm külli-aləm içində.

O insanlar az-çox tanıdıqlarım olsalar da, onların söhbətlərindən, hətta sözlərindən, jestlərindən yorulmuş, darıxmışam.

Bəlkə buna görə adam arasına çıxmağı, mənə ruhən yad olan insanlarla ünsiyyətdə olmağı sevmədim heç vaxt.

Buna görə “yekəxana, təkəbbürlü, özündən razı” damğaları vuruldu mənə.

Vecimə deyil. Nə vaxtsa insanların dayaz fikirləri ucbatından yanlış nəticələrə gəlməsi ürəyimi incidər, məni sarsıdar, üzər, ağladardı. Amma indi böyümüşəm.

Çox ağıllanmasam da, hər halda qəbul edə biləcəyim yaxşını, rədd edə biləcəyim pisi ayıra bilirəm.

Öyrəndim bunları. Ağlaya-ağlaya, iyrənə-iyrənə, ürəyimin, hisslərimin bahasına öyrəndim.

Kütləni anlamağı, kütləni qəbul etməyi, onunla barışmağı öyrənə bilmədim.

Kütlə (insanlar toplusu) qorxutmaqda davam edir məni. İnanmıram kütləvi eşq namələrinə, kütləvi etiraflara, etirazlara, ehtiraslara. Hamısı yalan.

Onda nədir bu kütləvilik? Niyə kilsələrdə, məscidlərdə ruhanilər, meydanlarda siyasətçilər məhz kütləviliyə meyl edir? Bəlkə təki, fərdi idarə etmək asan gəlmir onlara?

Kütləni isə idarə etmək asandır, çünki kütlə amorf bir varlıq – birliyində mənfi enerjili, xaosla dolu, fərdiliyi olmayan, kor-təbii, heyvani instinktli bir canlıdır.

Hara getdiyini, nə etdiyini bilməyən cılız iddialı adamlardan daha nə gözləməli. Onlar yalnız bir yerə yığılanda güclənir, bir-birindən enerji alır və dağıdırlar.

Qurmaqla, yaratmaqla kütlənin arası olmaz, çünki yaradıcılıq – individual, intim prosesdir, burda bir sən varsan, bir də sənin fikirlərin, hisslərin, münasibətin.

Yaradıcılıq – yalnız sənin anlaya biləcəyin keçmişin, gələcəyin təzahür formasıdır.

Çox müşahidə etmişəm kütləvi nümayişləri. Uşaq olarkən, atam əlimdən tutub, keçmiş Qaqarin körpüsündən mərkəzi Lenin meydanına qədər piyada aparardı.

Mən, əllərində mənasız saxta sözlər yazılmış transparantlar tutmuş kişilərin arasında sanki başqa planetdən uçub gəlmiş kimi özümü hiss edərdim – nə transparantlardakı sözləri, nə də kişilərin həmin sözlərə tamam zidd olan fikirlərini anlamazdım.

O uzaq illərdən yaxşı yadımda qalan elə o yadlıq hissi idi. Mən yad idim, özgə idim bu kütlə içində.

Sonralar bir neçə dəfə müxtəlif nümayişlərdə qeyri-ixtiyari iştirak etməyə məcbur oldum və yenə də anladım – mənlik deyil bu insanlar, bu kütlə, bu etiraz, bu nümayişlər. Qınayın məni.

Pis vətəndaş olduğum üçün, siyasi rejimə sözümü deyə bilmədiyim üçün, gücsüz olduğum üçün qınayın.

Əlinizdən bundan başqa nə gələr ki... Qınamaq asan. Ancaq məndən bir yazar kimi ictimai mövqemi bildirməyi tələb etməyin.

İctimailik elə kütləviliyin bir forması olduğuna görə mənim təbiətimə xas deyil. Mən ancaq yazılarımla öz dünyagörüşümü, hisslərimi, fikirlərimi açıqlaya bilərəm.

Bu fikirlər indiki zaman kəsiyində aktual görünməsə də, mənim üçün vacib və bəlkə də həyatda qalmağım üçün bir çıxış yoludur.

Güman edirəm ki, hər bir yazar – pafosdan, mənasız iddialardan, pul-para naminə ədəbiyyat işbazlığından uzaq və azad olan hər yazar öz iç dünyasını, fikirlərini açmaqla ictimaiyyətə bilavasitə təsir etmiş olur.

Kütləvilik hər bir insanın fərdiliyini, fərqliliyini məhv edir.

Kütlədə özünəinam yaranır, axı ətrafındakılar da sənin kimidir – eyni emosiya, eyni fikir, eyni münasibət... Emosiyalar, içdən gələn xaos hissi kütlədə olanları fiziki-mənəvi-sosial-psixoloji və s. məhvə aparır.

Nəticədə birgə edilmiş azğınlığa cavabdeh tapılmır.

Axı konkret ad, sima, insan yoxdur, kütlə var! İnformasiya şouları, media-məzhəkələr insanların şüurunu idarə etməklə yalnız bir məqsəd güdür – kütləni genişləndirməklə insanın fərdiliyini və fərqliliyini məhv etmək, insanın insan və dövlət tərəfindən istismarının yeni – media, virtual, qeyri-şüuri təsir formalarını yaratmaqla yeni kölələr səltənətini qurmaq.

Məhz kütləpərəstlər maraqlıdırlar ki, kütlə genişlənsin, böyüsün, sıraları sıxlaşsın, əjdahalaşaraq, fərdləri udsun.

Məhz ictimaiyyət (kütlə) hər bir fərqli fərdi məhv etməyə yönəlibsə, yazarın ictimai fəaliyyəti nə qədər səmərəli olur, bilmirəm... Bu məni düşündürməkdədir.

Cəmiyyət özü mənəvi inkişafdan geri qalıbsa, bu cəmiyyəti təşkil edən insanların mənəvi tənəzzülü danılmazdır.

Kütlədə hər insan bir element kimi “birlik hissi” ilə zəncirlənsə də, əslində özünü bir şəxsiyyət kimi itirmişdir.

Bəlkə buna görə sənətkar tək olsa yaxşıdır... Nəyisə görmək üçün kənardan və uzaqdan baxmaq gərəkdir, məncə...

Odur ki, gəlin özümüzü aldatmayaq. Millət naminə atılan “addımlara”, qardaşlıq və bərabərlik haqqında nağıllara uymayaq.

Olmayacaq. Tarixən bu mümkün deyil. Nə qədər ki insan kütləni seçəcək, nə qədər ki, kütləvi münasibətləri dəstəkləyəcək, - o vaxta qədər nağıllarda və nağıllarla yaşayacağıq.

Təəssüf...

Комментариев нет:

Отправить комментарий