Страницы

27.07.2011

«Elçin Əlibəyli publisistikamızın Rəqsanəsidir» (II hissə)

«Ədəbi gənclik mənim yerimdə olsaydı, İlqar Fəhminin başına güllə çaxardı»
«Yaxın gələcəkdə dünya özünün ədəbi zövqünü bizim yazarların əsərləri ilə kökləyəcək»
Yazıçı-publisist Hafiz Mirzə imzasıyla çoxdan tanışam. Bəzi yazılarını öz saytından, bəzilərini ədəbi saytlardan oxumuşdum. Amma ilk dəfə diqqətimi ATV-nin aparıcısı Elçin Əlibəyli ilə qalmaqalı çəkdi. Bəziləri kimi studiyada ələ salınmağına imkan verməyən Hafiz Mirzənin mövqeyi bəzilərini qane etməsə də, zaman onun haqlı olduğunu sübut elədi. Daha sonra yazıçı həmkarımın “Son və başlanğıc” adlı romanının çap olunması diqqətimi çəkdi. Romanın maraqlı xüsusiyyətləri, ədəbiyyatımızda bir ilk olması əsl hadisə idi. Üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti haqqında obyektiv tənqidi məqalələr yazmaqla bəzilərinin “keyfinə soğan doğrayan”, hazırda Lənkəranda yaşayan həmkarım müsahibə təklifimi razılıqla qarşıladı. Xülasə, dəyərli oxucularımızı daha bir maraqlı müsahibə ilə baş-başa buraxıram. Buyurun tanış olun: yazıçı-publisist Hafiz Mirzə!
- Bir müddət öncə ATV-nin “El içində” verlişinin aparıcısı Elçin Əlibəyli ilə skandal yaşadınız. Bundan bir neçə ay sonra E.Əlibəyli ATV-dən uzaqlaşdırıldı. Sizin bu məsələ ilə əlaqəniz var idimi?
- Bunu ifadə etmək yekəxanalıq olar, amma etiraf etməsəm də yalançı çıxaram. Elçin rəzillik elədi, cavabını mərdi-mərdanə aldı. Onu ATV-dən itirməsəydilər, bu xəmir çox su aparacaqdı. Onun əsl layiqli işi “Halal” kolbasaları reklam etməkdir. Boş vaxtı olanda qoy gedib toylarda bizim “Sarı gəlin” xalq mahnımızı ermənicə oxusun! Azərbaycan xalqının musiqi və ədəbi zövqünün korlanmasında adamın mühüm xidmətləri var. Publisistikamızın Rəqsanəsidir də.
- Çağdaş romançılığımızla bağlı düşüncələriniz maraqlı olardı. Yeni yazılan romanları oxuyursunuzmu?
- Hazırda Sabir Rüstəmxanlının mənə hədiyyə göndərdiyi “Difai fədailəri” romanını oxuyuram. Gözəl bir əsərlə ünsiyyətdən yüksək estetik zövq alıram. Roman barədə yazılarım olacaq. Eyni zamanda, Yunus Oğuzun “Əmir Teymur” romanının 2-ci kitabını redaktə etməyə başlamışam. Bildiyiniz kimi, bizim çox uğurlu əməkdaşlığımız və dostluğumuz var. Yunus bəy çox istedadlı nasirdir. Onun bütün romanları cümləbəcümlə həm də mənim düşüncəmdəki süzgəcdən gəlib keçir. Növbədə lənkəranlı yazarların daha 4 kitab da var ki, onların redaktə işlərilə sentyabrda məşğul olmağı planlaşdırmışam. Hamısı gözəl əsərlərdir!
- AYB-ni daima tənqid edən, nöqsanları üzə çıxaran gəncliklə aranız necədir?
- AYB üzvü olsam da, bu məsələyə mərkəzçi mövqedən yanaşmağa çalışıram. AYB-ni mənim də tənqid etdiyim “Ədəbi gənclik qiyam edəcək!”, “Ziyalısı kitab oxumayan zamanə”, ”Bizə tilov verin – balıq turmağa”, “Ədəbiyyatın İnkişafına Dövlət Dəstəyi Fonduna təşəkkürlər” və “Necəsən, Azərbaycan ədəbiyyatı?” adlı tənqidi məqalələrim dərc olunub. Amma özümə qarşı heç bir əks reaksiya, sərt mövqe-filan hiss etməmişəm. Düşünürəm ki, bu mənim qərəzli olmamağımdandır. Amma gənclərin bir çoxu qərəz və təhqir dolu hədyanlar yağdırmaqla guya ki, tənqid edirlər, amma əslində bir çoxları bu yolla diqqəti cəlb etmək və tanınmaq istəyirlər. Mən belə yolları məqbul hesab etmirəm. Bu yaxınlarda İlqar Fəhmi Azərbaycan nəsrinin son 5 illik vəziyyəti barədə hesabat təqdim elədi. Son 5 ildə mənim 5 kitabım nəşr olunub ki, onun da 3-ü nəsr kitabıdır, romanlardır. Onun məruzəsində mənim yaradıcılığım barədə bir cümlə də yox idi. Mən onun məruzəsini asanca darmadağın edə bilərdim. Amma eləmədim, sadəcə, son 5 ilə aid olan həmin 3 nəsr kitabımı bağlama ilə İlqar bəyə göndərdim. Ola bilər ki, adamın pulu olmayıb və oxuya bilməyib. Ya da ola bilər ki, mənim kitablarım mükafat alıbsa da, onun nəzərində heç bir iz saxlamayıb. Amma ədəbi gənclik mənim yerimdə olsaydı, “pişdoyu” götürüb, tində gizlənər və qəfil çıxıb İlqarın başına bir güllə çaxardı.
- Sonuncu əsəriniz barədə danışardınız. Xüsusi ovqat musiqiləri tövsiyə olunan ilk əsərdir məncə. Bu ideya necə yarandı?
- “Son və başlanğıc” adlı bu roman dünyanın İsa Məsihin(ə) doğulmasından ta 3750-ci ilə kimi davam edəcək böyük bir dövrünü əhatə edir. Roman zahirən daha çox bədii və tarixi məziyyətlər daşısa da, fəlsəfi, siyasi, elmi, fantastik, dini və psixoloji yükü daha ağırdır. 70 x 100-ə formatında 600 səhifəlik bir kitabın oxunması da var axı. Romanın I hissəsi bir ideya ətrafında, amma tamam fərqli dövrləri, məkanı və hadisələri əhatə edən povestlərdən, oçerklərdən ibarətdir. II hissə isə Kosmosda, Tibetdə, Qahirədə, Nyu-Yorkda, Məkkədə, metaqalaktikalarda, Naməlum Uçan Obyektin içərisində cərəyan edən bitkin parçadır. Oxucunun işini asanlaşdırmaq və ideya yükünü daha düzgün çatdırmaq üçün musiqi parçalarından istifadə etməyi qərara aldım. Müvafiq bədii parçaların ovqatını tam və dolğun əks etdirə biləcək əsərlər tapmaqdan ötrü 3 mindən çox klassik və müasir musiqi əsərlərini dinləyəsi oldum. Bu mənə həm də böyük zövq verdi. Arasından cəmi 59 müvafiq əsər seçə bildim. Azərbaycan bəstəkarlarından 3 nəfərin əsəri düşdü. Hətta montaj və kompozisiyalar da qurmuşam. Siz Şubertin “Ave Mariya” əsəri ilə bizim “Azan”ın sintezinə qulaq asın – tükləriniz biz-biz olsun. Təkcə bu parça 3 həftə vaxt aparıb. Deyim ki, bu mənim ilk musiqili romanım deyil. Hələ 1995-ci ildə bitirdiyim “Kişi adam” romanım da musiqilidir və onun bütün musiqilərini şəxsən özüm uydurmuşam. Roman Böyük Şah İsmayıl Xətai barəsindədir. Amma təəssüf ki, maliyyə sıxıntısı ucbatından və digər səbəblərə görə o roman hələ nəşr olunmayıb. “Son və başlanğıc” kitabına romanın bu musiqiləri, rəsmləri, hadisələrin cərəyan etdiyi yerlərin foto-şəkilləri və romanın 2 proqramda elektron variantları daxil edilmiş CD əlavə olunub. Düşünürəm ki, mənim romanımın hesabına o əsərləri dinləməyin özü də oxucuya yüksək estetik zövq aşılayacaq.
- Müasirlərimizdən kimləri oxuyub bəyənirsiniz?
- Vaxtım çox məhdud olduğu üçün daha əvvəlki kimi dəlicəsinə oxuya bilmirəm. Amma məşhurlardan tutmuş ta müasirlərə – Yunus Oğuza, Rasim Qaracaya, Həmid Herisçiyə, Seymur Baycana, Aqşinə, Tərlana, Anar Həbiboğluna və digərlərinə qədər imkan daxilində oxuyuram. Mənim üçün köhnələr və ya təzələr anlayışı yoxdur. Mənim üçün keyfiyyət anlayışı var. Bu isə əvvəl də vardı, indi də var. Eləcə də, keyfiyyətsiz əsərlər əvvəl də çox idi, indi də çoxdur.
- Ədəbi gəncliyə münasibətiniz?
- Ədəbi gəncliklə heç bir ədavətim yoxdur. Hər 2 tərəfdə kifayət qədər dostum var. Özümü bu tərəflərin heç birində görmədiyim üçün hər ikisinə “n” qədər iradım və hər iki tərəfdə razılaşdığım məqamlar çoxdur. Hamı özünü dahi hesab edir. Təkəbbürdən sökülürlər. Amma heç biri ortaya dünya ədəbiyyatını lərzəyə sala biləcək, hətta tükünü tərpədəcək əsər qoya bilməyib. Ancaq əminəm ki, yaxın gələcəkdə ədəbi gənclik və ya orta nəsil nəhayət ki, bunu bacaracaq. Azərbaycan ədəbiyyatı mənim nəzərimdə vulkanın püskürmədən əvvəlki durumunu xatırladır. İnanın inandıqlarımıza, yaxın gələcəkdə dünya özünün ədəbi zövqünü bizim yazarların əsərləri ilə kökləyəcək!
Cəlil CAVANŞİR             merkez.az                                      Yazının I hissəsi

Комментариев нет:

Отправить комментарий