Страницы

02.07.2011

İKİ ƏLƏK

Araz Gündüz. Novella

            Ötən çağlarda Yurdumuzu basqıda saxlayan Rus Çarizmi, Azərbaycanın bütövlüyündən qopardığı Quzey parçasını, necə olursa-olsun əlində saxlamağa çalışırdı. Bunun yanısürə, xalq—düşdüyü geriçilikdən qurtulmasın deyə, onun yerində sayıb qalmasına yarayan iyrənc qurğulara da əl atılırdı; Bu geriçiliyi bir yerdə “qandala” çevirib—xalqı gündəlik yaşamında əl-qol açmağa qoymurdularsa, başqa yerdə “buxova” çevirib—xalqın gəlişməsinə doğru yerişini əyləyirdilər; Bir sözlə, xalqın geriçilik bataqlığına düşüb, ondan çıxa bilməməsi, onu basqıda saxlamaq üçün çox əlverişli idi! Xalqı—özünə yaraşan böyüklüyünə doğru aparan—düz yoldan sapdırmaq! Onu, bir yığın—dargözün, alçağın, pozğunun, istəklərinə yarayan sürüyə çevirmək! Yurdumuzda buçağacan olmuş, bu gün də varlığını sürdürən, bütün yaramaz ağalıqların çalışıb-çabaladıqları da elə bunun üçün deyildimi?!.. Sözün qısası, quduz it sayağı Yurdumuza soxulmuş Rus Çarizmi, bir yandan xalqın mentalitetində onu gücsüzləşdirəcək qaynaqları tapıb, onları bütünlüklə, biryolluq—xalqın anlağına calamaq üçün əlləşib-vuruşurdusa, başqa yandan xalqın gücünü artıra biləcək qaynaqları qapayıb, örtbasdır eləyir, toplumun “özünə gəlməsinin” qarşısını almaq üçün, dəridən-qabıqdan çıxırdı. Bütün bu deyilənlərin baş tutması üçün ən qolay yol isə, öz  xalqının “üz qaraları” olan kimsələrə girəvə verib, onların əli ilə xalqı basqıda saxlamaq, soyub talamaq idi. Necə deyərlər, “İlanı Seyid Əhmədin əli ilə tuturdular”, ancaq elə Seyid Əhmədin də “ilan tutmağın” qazancı olan bir “tulapayında”  gözü vardı!.. Onu düz deyirlər, xalqın gözünün ölçdüyü oyan-buyanlıq olmur, ondan nəsə yayına bilmir. Götürün elə, o çağlarda yaranan bu iki sözü: “dərəbəylik” ilə “qolçomaqlığı”. Çarizmin girəvə verib, öz xalqını qorxu içində saxlamağı tapşırdığı adbatıranları, xalq içində belə çağırırdılar; Bu anlayışların içəriki(məzmunu), daşıdığı anlam yükü: onları düzüb-qoşan, dilə-ağıza salan xalqın, yan-yörəsində nə baş verdiyini bütün incəliklərinə kimi anladığını göstərmirmi?
 
            Dünəndən bugünə körpü salan, belə bir pritça var: Qanmazlar ölkəsinin “başbiləni (müdriki)” öz öyrəncisinə deyir: danışılan istənilən sözü—ayıq-sayıq yanaşmadan, dərindən incələyib-araşdırmadan, düzgün qavramaq olmaz. Sonra onu “yoxlamaq” üçün soruşur: “Bax, mən sənə deyirəm, ay işığının saçağından(şüasından) tutub göyə qalxmalısan, sən nə deyirsən?” Öyrənci bir az düşünüb, deyir: “Mən bu saçaqla yuxarı dırmaşanda sürüşüb, yıxıla bilərəm!” “Başbilən” deyir: “Düz tapmadın, sən deməli idin, mən yuxarı dırmaşa bilmək üçün, ayın saçağını kərtib, ayağımı ilişdirməyə basamaqlar(pillələr) yonmalıyam.”  Kommunistlərin “dərin elmi araşdırmalardan” doğulmuş “amaclarına” aparan yolları da elə, toplumu ayın saçağı ilə göyə dırmanmağa qısnamaq sayağı, bir qanmazlıq deyildimi? İş burasındadır, kommunistlər də öz xalqının “üz qarası” olan kimsələrə arxalanmağa üstünlük verirdilər: Xalqın içində az-çox baş qaldıran, onlarla dirəşən, başıtərpənənləri qırıb-tökür, “anlayanlara”—“anlaşanlara” isə, yanında yavanlığı da olan çörək girəvəsi verib, xalqın üstünə qısqırır, topluma qorxu gücünə: “zülümlə allahü-əkbər” dedizdirirdilər. Ancaq ötən yüzilliyin 60-cı illərində, “yuxarılar” da, “aşağılar” da, “ayın saçağı ilə” göyə dırmanmağın baş tutmadığını anlayanda, “yuxarılar” toplumu yönətmək üçün geriyə, artıq sınanmış, əski yola qayıtdılar: kommunistlər hamısı ucdantutma qolçomaqlaşdılar, yönətimlərində isə, dərəbəylik yolunu seçdilər... 

            1965-ci ilin sentyabrında orta məktəbin birinci sinifinə gedərkən, çoxları kimi mən də, kitab cırmağın öyrənciyə yaraşmayan bir iş olduğunu bilirdim. Ancaq günlərin bir günü, hamımızın bərk qorxduğu məktəb direktoru dərs otağımıza girib, Əlifba kitablarının vərəqlərini cırmağa başlayanda, bizim uşaq anlağımızın necə sarsıldığı dillə söylənəsi deyildi!.. Axı, nə baş vermişdi?.. Sovet dönəmində dərs kitabları çatışmadığından, dərs ilinin sonunda dərslikləri toplayar, sonra, gələn il bu sinifdə oxuyacaq öyrəncilərə paylardılar. Deməyəsən, “yuxarıdan”— ötən illərdə çap olunmuş Əlifba kitablarından Xruşşovun şəkillərini cırıb atmaq tapşırığı gəlibmiş. Ancaq burada olduqca ağlamalı-gülməli görünən bir durum da yaranmışdı: cırılası vərəqin bir üzündə Leninin, o biri üzündə Xruşşovun şəkli verilmişdi. Uşaqlıq çağında görülənlər, eşidilənlər unudulmur deyənlər, düz deyirlərmiş: bizim müəllimlə direktorun bir üzündə Leninin şəkli olan vərəqi cırmağın düşər-düşməzi ola biləcəyindən yana necə özlərini itirdikləri, indiyəcən gözümün önündən getməyib...

            Azərbaycanda müharibədən sonra başlayan amansız aclıq, qıtlıq  XX yüziln 60-cı illərində də səngiməmişdi. Çörək korluğu, ərzaq çatışmazlığı sanki adamlara isnişmiş, öyrəşmişdi: onları ölümcül bir istəklə bağrına basıb, sıxdıqca sıxır, buraxmaq istəmirdi. Dolanışığın ağırlığı—dabanqırma, adamların ardınca düşüb gəlir, addımbaşı özünün pis üzünü onlara göstərir, sanki adamlara bunu aşılamaq istəyirdi: göydə oturub onlara nə iləsə köməyi dəyməyən gözəgörünməz Tanrıdan da güclüdür, adamlara ondan qat-qat yaxındır… Bir yandan da toplumu dargözlük, görməmişlik düşkünlüyü qapsamağa başlamışdı, sanki hamı ovcunu bərk-bərk sıxıb durmuşdu, yıxılana əl uzatmaq, bir-birinə əl tumaq, əliaçıqlıq, gözütoxluq kimi dəyərlər adamların gündəlik yaşamlarından çıxıb çox uzaqlara: keçmişin yaxşı günlərinin başagəldilərinə köçmüşdülər. Qardaşın qardaşdan çörək  istəməyə üzü gəlmirdi...

            Sözün düzü elə mən də, bir çoxları kimi, bu aclığı,—xalqın bütünlüyünü, özümlüyünü sarsıtmağa yönəldilmiş bir iyrənc qurğu olaraq, sovet hökümətinin özünün törətdiyini düşünürəm. Axı, bu aclıq, adamları öz doğma yurd-yuvasını atıb qaçmağa sürükləyir, onlar arasında bütün doğmalıq tellərini qırıb tökürdü; adamlar güclə tapdıqları bir tikə çörəyə, əllərinə düşən sonuncu girəvə kimi baxır, bu çörəyin qonşusuna, doğmasına, başqasına yox, onun özünə çatmasından dolayı, az qala öyünürdülər. Üstəlik çörəyin adamlar arasında bölünməsində yaradılan ayrıseçkilik də onları biri-birinin yağısına çevirir, yağlı tikə ala bilmək üçün başqasının başını batırmaq, evini yıxmaq çabalarına kimi alçaldırdı. “Çörəyin harda—Yurdun orda” “yavalar sözü” də (Buna birilərinin Atalar Sözü dediyini eşitmiş olarsınız!) o çağların dönə-dönə zorlanıb, alçaldılmış, pozğunlaşmış  anlağından  törəmişdi. Bir sözlə, yaranmış durum dövlətə gərək olana,—xalqın birliyini sarsıdıb, onu qarınotaranlar sürüsünə çevirmək işinə, bütünlüklə yarayırdı.

            İş elə gətirmişdi, mənim uşaqlıq çağlarım 60-cı illərin başlanğıcına düşmüşdü. Atam müəllim işlədiyindən, bizim dolanışığımız  başqalarından bir az  yaxşı idi. Buna baxmayaraq, dolanışıq ağırlığının—atamızın aradabir üzümüzdə yeri qalan müəllim şapalağından da qat-qat ağrılı olan izi—əyin-başımızda, qarnımızda vaxtaşırı özünü göstərməkdəydi.

            O çağlar, bizim kəndimizdə,  kiminsə dolanışığının  yaxşı, yoxsa pis olması  onun evində neçə ələk olmasından bilinirdi.   Kəndimizdə evlərin çoxunda bir ələk, yanılmıramsa, iki-üç evdə, o sıradan  bizdə də iki ələk vardı. Soruşa bilərsiniz, bir evdə iki ələk nəyə gərək idi,  iki ələyin olmasının yaxşı dolanmağa nə isti-soyuğu vardı? İş burasındadır, bu ələklərdən, “irigözlü” deyilən biri: unun zir-zibilini buraxmır, ancaq onu  kəpək qarışıq ələyib tökürdü; belə undan bişən çörək qap-qara olur, bir az boyatlaşan kimi boğazdan keçmirdi. İkinci ələk, narın “gözlü” olduğundan, kəpəyi buraxmırdı, ona görə də ələnən unun ağappaq, yumşaq çörəyi çıxırdı. Sizə deyim, narın ələyimizin, yerini o biri ələyə verib, aylarla işsiz-gücsüz , mıxdan asılı qaldığı, divar yaraşığına döndüyü də olurdu...

            Sizə çöçün (təəcüblü) görünməsin, ancaq mənə elə gəlir, yaşadığımız ömürü də bir ələyə oxşatmaq olar; Ömür dediyimiz bu ələklə, yaşadığımız illərin qazancını: oxuduqlarımızı, eşitdiklərimizi, görüb-götürdüklərimizi ələyib, anlağımızı doyurmaq üçün “anlam çörəkləri” bişiririk. Belə yanaşarsaq, onda, bu “çörəklərin” bişdiyi təndir də, duyğularımızın od qalayıb, qızdırdığı ürəyimiz olacaqdır. Dediyim sözlər könlünüzə yatdısa, onda,  sizdən bir umacağım da var: çalışın, ömür deyilən “ələyiniz” narın olsun. Sizi bilmirəm, ancaq mən anamın—ələnməmiş, kəpəkli unu isladıb toyuq-cücəyə tökdüyünü, ya da yoğurub, təndirdə itimiz üçün küt  bişirdiyini öz gözlərimlə görmüşəm...

Комментариев нет:

Отправить комментарий