Страницы

02.07.2011

"Ramiz Tağıyevin səhhəti pisləşib"

\
Ramiz Mirzəyev: "Bir neçə xəstəlikdən əziyyət çəkməsi ona problemlər yaratmaqdadır"

Məlum olduğu kimi, Milli Azadlıq Hərəkatının liderlərindən biri, "Sərhəd Hərəkatı"-nın ideya müəllifi, "Millətim" qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev artıq 13 aydır ki, məhbəs həyatıyaşamaqdadır.
Ramiz bəyin hazırki durumu ilə bağlı məlumat almaq üçün, vəkili Ramiz Mirzəyevə müraciət etdik. Vəkil Ramiz bəyin səhhətində problemlərin yenidən yarandığını bildirdi: "Ramiz bəylə hər həftə görüşmək imkanım olur. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onunla rəftarından narazıçılığı yoxdur. Ramiz bəyin əsas çətinliyi səhhətində yaranan probelemlərin günbəgün artmasıdır. Bildiyiniz kimi, o hazırda üç xəstəlikdən-şəkərli diabet, qan təzyiqi və ürək xəstəliklərindən əziyyət çəkir. Qapalı saxlanma şəraiti isə səhhətinin ağırlaşmasına səbəb olub.
Görüşdüyümüz zaman Ramiz bəy bildirdi ki, artıq ayaqlarında da problemlər yaranıb. Bunların hamısı qapalı və hərəkətsiz şəraitdə olmasının fəsadlarıdır.
Ona da deyim ki, tam ədalətsiz və qurama ittihamlarla həbs edilməsi, hədsiz haqsızlığa məruz qalması Ramiz bəyi məyus edib. O, müstəqilliyi uğrunda bu qədər əziyyət çəkdiyi Azərbaycan dövlətinin rəsmiləri tərəfindən məruz qaldığı bu haqsızlığı həzm edə bilmir. Bütün bunlar onu əsəbi gərginlik vəziyyətinə də gətirib çıxarıb".
R.Mirzəyev Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin ədalətsiz qərarından Apellyasiya şikayəti verdiklərini söylədi: "Hazırda Apellyasiya şikayəti vermişik. Guman edirəm, iyul ayının ortalarına qədər məhkəmə prosesi başlamalıdır. Biz ümid edirik ki, Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin ədalətsiz qərarına öz layiqli cavabını verəcək. Bizim əlimizdə olan subut və dəlillər Ramiz bəyin ittiham olunduğu maddələrlə hec bir bağlılığının olmadığını sübut etməyə kifayət qədər yetərlidir. Hər halda Ramiz bəyin günahsızlığını sübut edəcəyimizdən əminik və bunu artıq etmişik də. Bir o qalır ki, işə ədalətli baxılsın. Əgər Azərbaycan məhkəmələrində buna nail olmasaq, istəməsək belə haqqımızı Avropa Məhkəməsində arayacağıq. Bu qurama və həddindən artıq gülüc ittihamların Avropa Məhkəməsinə qədər gedib çıxması isə, Azərbaycanın imicinə çox böyük ləkə olacaqdır. Hər halda biz bunu istəmirik".
Xatırladaq ki, Ramiz Tağıyev 2010-cu il iyun ayının 4-də Respublika Prokurorluğu tərəfindən həbs edilmişdir. Onun üzərinə qaldırılmış cinayət işinin tam qurama və siyasi sifariş olduğu isə dəfələrlə qəzetimizdə işıq üzü görən yazılardan hər kəsə məlumdur. Qeyd edim ki, R.Tağıyev 2010-cu il dekabr ayının 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Azər Orucovun verdiyi ədalətsiz qərarla 8 il azdlıqdan məhkum edilmişdir.

Комментариев нет:

Отправить комментарий