Страницы

23.07.2011

NATO: ABŞ MÜSTƏMLƏKƏÇİLİYİNİN SON AKKORDU -1


Mayis Güləliyev           mayis_gulaliyev@yahoo.com

ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə rəsmi səfəri zamanı  iki senator Con Kil və Mark Kirk Dövlət Departamentinə və Pentaqona təkrar müraciət edərək Raket Hücümundan Müdafiə Sisteminin Türkiyədə deyil, Gürcüstanda və ya Azərbaycanda yerləşdirilməsinə çağırıblar. NATO-nun və ya ABŞ hərbi qüvvələrinin Cənubi Qafqazda baza yaratmasının Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu illər öncə politoloq Mayis Güləliyevin yazdığı bu məqaləni oxuyanda biləcəksiniz.   

I yazı: NATO ABŞ-ın hərbi təcavüzünün əsas icraçısıdır

1999-cu ildə NATO İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi əməliyyatı həyata keçirdi. Soyuq müharibə dövründə Şərqi Avropanın ən inkişaf etmiş ölkələrindən biri olan Yuqoslaviyanın paytaxtı böyük dağıntılara məruz qaldı. Yuqoslaviyanın bombardman edilməsinin humanitar müharibə olması haqqında ABŞ-ın və bəzi Avropa ölkələrinin KİV-lərində yayılan məlumatların ardınca Yuqoslaviyada mülki əhalinin ziyan çəkməsi ilə bağlı yayılan, hətta çox kiçik, məlumatlar bu müharibənin heç də humanitar müharibə olmadığından xəbər verirdi. ABŞ-ın Mərkəzi Amerika və Karib hövzəsi ölkələri üçün nəzərdə tutulan hərbi doktrinanın digər ərazilərə, o cümlədən Yuqoslaviyaya, Əfqanıstana, sonra isə İraqa genişlənməsi, xüsusilə NATO-nun Yuqoslaviyaya və Əfqanıstana qarşı hərbi təcavüzdə yaxından iştirakı hərbi zorakılığa qarşı beynəlxalq müxalifətin daha geniş təbəqəsini əhatə etdi. Dünyada genişlənən və NATO-ya qarşı yönələn Anti-müharibə mübarizəsinin ən böyük problemi ondan ibarət ola bilər ki, beynəlxalq anti-NATO alyansı faktiki olaraq təkcə konfliktin inkişaf etdiyi ərazilərdə deyil, həmçinin bu ərazilərdən uzaq coğrafi regionlarda da yayılmağa başlayır. Dünya əhalisi NATO-nun Yuqoslaviyaya hərbi təcavüzünə öz narazılığını bildirdi. Birləşmiş Ştatların NATO vasitəsilə Şərqi Avropanın bu bölgəsini də nəzarətə keçirə bilməsinə baxmayaraq dünyada yüz milyonlarla insan imperialist alyans tərəfindən bəşəriyyətin mövcudluğuna olan təhlükənin nə qədər ciddi olduğunu dərk etməyə başlayır.
 1991-ci ildə Sovet İmperiyasının dağılmasından sonra ondan formal olaraq asılı vəziyyətdə olan Şərqi Avropa ölkələri ABŞ-ın nəzarətinə keçməyə başladı. Keçmiş Sovet respublikaları, o cümlədən Azərbaycan qısa müddətdə həm Qərbi Avropadan, həm də ABŞ-dan asılı vəziyyətdə düşərək öz iqtisadiyyatını yeni müstəmləkəçilik üçün açıq etdi. Adətən belə hallarda ABŞ və aparıcı Qərb ölkələri bu ərazilərdə öz dominant rolunu dayanıqlı etmək məqsədilə NATO və Avropa İttifaqı ilə əməkdaşlığı və gələcəkdə daha sıx inteqrasiyası məsələsini gündəliyə gətirərək yerli siyasi elitanı ciddi nəzarətə almağa müvəffəq olmuşlar. Son 20 ildə baş verən hadisələr onun göstərir ki, bu ölkələrin ABŞ nəzarətinə alınması üçün çox hallarda hərbi təcavüzə ehtiyac olmamışdır. Belə ki, yerli siyasi elitanın müxtəlif yollarla “ələ alınması” imperiyaya öz məqsədinə “dinc yolla” nail olmağa şərait yaradır.
 Az hallarda isə siyasi elita bu fəaliyyəti davam etdirməkdən imtina etmiş və ya ABŞ-ın maraqları daha az nəzərə alınmışdır. Məsələn, Belarus siyasi elitası indiyə qədər öz iqtisadiyyatını yeni müstəmləkəçilik üçün açmaq istəmir və buna görə də ABŞ və Qərbi Avropa ölkələri tərəfindən ciddi təzyiqlərə məruz qalır. Seçkilərdə qərbyönlü siyasi qrupların maliyyələşdirilməsi, daxili sabitliyin pozulması istiqamətində təxribat xarakterli əməliyyatların aparılması, yerli QHT-in ictimai müqavimətinin təşkili və sair addımlar ABŞ-ın imperialist xarici siyasətinin anatomiyasından irəli gəlir.
 ABŞ xarici siyasətinin mahiyyəti ilə yaxından tanış olan hər kəsə bəllidir ki, qlobal nəzarətin və gücün hazırkı əsas yolu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı kimi çoxtərəfli institutların vasitəsilə həyata keçirilən iqtisadi yoldur. Siyasi ekspertlər 11 Sentyabr hadisələrinin səbəblərini tədqiq edərək belə nəticəyə gəlirlər ki, keçən əsrin səksən və doxsanıncı illərində Dünya Bankının və BVF-nun “struktur islahatlarının” və sonrakı dövrlərdə “azad ticarət” müqavilələrinin yayılması nəticəsində dünya elə bir nöqtəyə gəlib çatmışdır ki, “qloballaşmanın” təsirinin daha az olduğu Yaxın Şərq və Orta Asiyanın bəzi ölkələri istisna olmaqla, “qloballaşmaya” məruz qalmış Üçüncü Dünya ölkələrinin seçilmiş hökumətləri ilə müqayisədə ABŞ Xəzinədarlıq Departamenti, bu ölkələrinin iqtisadi qərarları üzərində daha çox nəzarətə malik idi. “Qloballaşmış” Üçüncü Dünya ölkələrinin çoxunda faktiki hakimiyyətin ABŞ-ın nəzarətində olan beynəlxalq strukturlarda olması kimin hakimiyyətə seçilməsini mənasız edir. Odur ki, belə ölkələrdə insanların rifahını inkişaf etdirmək məqsədilə hər hansı ciddi islahatların həyata keçirilməsi çətin problem olaraq qalacaqdır.
 Terrorun dialektikasını tədqiq edən Peter Mklaren haqlı olaraq qeyd edir ki, “Qloballaşma adlanan hadisə imperialist dövlətin tüfənginin lüləsindən inkişaf edən hadisədir. Xaricdə olan kapitalını gələcəkdə qorumaq üçün ABŞ və Avropa Birliyi onların iqtisadi maraqlarına təhlükə ola bilən ölkələrə qarşı Avropadan kənarda hücum xarakterli müharibələri qanuniləşdirən yeni NATO doktrinası yaratdılar... NATO Şərqi Avropada yeni “müştəri dövlətlərini” və keçmiş SSRİ respublikaları arasından yeni sülh tərəfdaşlarını öz sırasına daxil etmək üçün genişlənir. Başqa sözlə desək, Avropa və Birləşmiş Ştatların hər hansı hücumdan rəsmi müdafiəsinə əminlik üçün imperialist dövlətlərin hərbi alyansı daha çox ölkəni öz sıralarına daxil edir və əvvəlkinə nisbətən daha çox ölkənin strukturu cəlb edilir”
 Təəssüf ki, ABŞ-ın və Qərbi Avropa ölkələrinin Azərbaycandakı geniş iqtisadi maraqları imperialist dövlətlərin hərbi alyansı olan NATO-ya Azərbaycanın da müxtəlif strukturlarının cəlb edilməsini labüd edəcəkdir. Azərbaycan hökuməti ilə NATO arasında 1992-ci ildən başlanmış əlaqələr artan istiqamətdə davam edir. 1994-cü ilin 4 may tarixində Çərçivə Sazişini imzalayaraq Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan Azərbaycan sonrakı dövrlərdə NATO-nun tədbirlərində yaxından iştirak etməyə başladı. Son dövrlərdə həm müxalifət, həm də iqtidar partiyalarının nəzarətində olan KİV-də Azərbaycanın NATO-ya inteqrasiyasının zəruriliyi durmadan təbliğ edilir. Belə inteqrasiyanın Azərbaycanın təhlükəsizlik siyasətinin strateji məqsədi olduğu da qeyd edilir. İctimaiyyətə təlqin edilir ki, BTC neft boru kəmərinin qorunmasında və Xəzərin təhlükəsizliyinin təminatında NATO qüvvələrinin iştirakı məqbul ola bilər. Hərbi Alyans kimi formalaşmış NATO-ya “demokratiya keşikçisi” kimi yanaşanlar və NATO-ya “kollektiv müdafiə vasitəsi” kimi baxaraq Azərbaycanın gələcəkdə mümkün təhlükələrdən qorunması üçün ona qoşulmasının vacibliyini qeyd edənlər də az deyil. Mövcud hakimiyyət NATO-nun təcavüzkar funksiyasından ictimaiyyətin diqqətini yayındırmaq üçün NATO siyasətini dəstəkləyən siyasətçilərin və politoloqların təbliğatından mütəmadi olaraq istifadə edir.
 Təəssüf ki, Azərbaycan ictimaiyyətində NATO ilə bağlı məlumatlar hələ xeyli azdır. Azərbaycan mətbuatında bu mövzunun açıq müzakirəsi də demək olar ki, aparılmır. Bu da təsadüfi deyil. Belə ki, NATO regionun ictimai və siyasi həyatına ciddi təsir imkanında olan ABŞ-ın hərbi təcavüzünün əsas icraçısıdır və ABŞ-ın beynəlxalq miqyasda hərbi cinayətlərinin ört-basdır edilməsini və beləliklə, bəşəriyyət qarşısında məsuliyyətinin bölüşdürülməsini öz üzərinə götürmüşdür.
 Qeyd edək ki, XXI əsrdə bəşəriyyətin qarşılaşdığı əsas problemlərdən biri də ABŞ-ın təhriki ilə sürətli silahlanma tendensiyasıdır. ABŞ-ın “terrora qarşı müharibə” bəhanəsi ilə öz hərbi imkanlarını durmadan artırması onun hegemonluğunu qəbul etməyən digər ölkələrin varlığına ciddi təhlükə yaradır. Bu ölkələrin özünümüdafiə məqsədilə atdıqları hər hansı bir addım isə əhalinin sosial vəziyyətinin pisləşməsinə və regionda gərginliyin artmasına səbəb olur. ABŞ-ın hərbi xərcləri fantastik sürətlə artaraq dünyanın digər ölkələrinin hərbi xərclərinin cəminə təqribən bərabər olmuşdur. Belə ki, Birləşmiş Ştatların Hərbi Büdcəsindəki satınalmaları 2003-cü ildə ümumi miqdarı 956 milyard dollar olan dünya hərbi xərclərinin 47% təşkil etmişdir. Bundan başqa, İraq kompaniyasını aparmaq qərarından, yəni 83 milyard dollar əlavə xərclərdən başqa, əsas xərc 3.5% artmışdır. Adətən bu xərc artımı digər ölkələr tərəfindən də təkrarlanır. Müqayisə üçün qeyd edək ki, Fransanın, Almaniyanın, Böyük Britaniyanın və İtaliyanın hərbi büdcələri birlikdə 120 milyard, Rusiyanınkı isə cəmi 13 milyarddır. ABŞ-ın dünya üçün təhlükə hesab etdiyi ölkələrin hərbi büdcəsi ABŞ-ın, Qərbi Avropa ölkələrinin və NATO-nun hərbi büdcəsindən müqayisə edilməz dərəcədə kiçikdir.
 2007-ci il üçün Birləşmiş Ştatların Müdafiə Departamentinin federal büdcədə nəzərdə tutulan xərcləri təqribən 439.3 milyard dollardır. Buna əlavə olaraq, Enerji Departamenti 2007-ci maliyyə ilində nüvə başlıqlarının istehsalına, saxlanmasına və inkişafına 23.4 milyard dollar xərcləyəcəkdir. Stokholm Sülh Tədqiqatları İnstitutunun illik hesabatına əsasən NATO üzvləri tərəfindən hərbi məhsulların satınalma miqdarı artmaqda davam edir. Bu rəqəm 2002-ci ildə 6.5%, 2003-cü ildə isə 11% olmuşdur. ABŞ-ın dünyanı sürətli silahlanmaya təhrik etməsi bəzi ölkələrdə hərbi məhsulların əldə edilməsi üçün nəzərdə tutulan büdcə vəsaitlərini Soyuq Müharibə dövründəki səviyyəyə qədər artırmışdır.
 NATO tərəfindən daha çox ölkə strukturunun, maliyyəsinin və insan resurslarının cəlb edilməsi ABŞ-ı digər ölkələrə qarşı hərbi təcavüz zamanı daha çox insan itkisindən və məsuliyyətdən azad edir. NATO-nun genişlənməsi isə yeni ərazilərdə ABŞ-ın iqtisadi maraqlarını qorumaqla yanaşı həmçinin potensial hərbi toqquşmaları ABŞ sərhədlərindən daha da uzaqlaşdıraraq “potensial düşmənin” sərhədlərinə yaxınlaşdırır.
 Şimali Atlantik Müqaviləsinin 10-cu maddəsində deyilir ki, “Tərəflər, yekdilliklə razılaşdırıldığı kimi, bu Müqavilənin prinsiplərini inkişaf etdirmək və Şimali Atlantik regionunun təhlükəsizliyinə tövhə vermək məqsədilə hər hansı Avropa ölkəsini bu Müqaviləyə qoşulmağa dəvət edə bilərlər. Dəvət edilən hər hansı ölkə öz daxilolma avadanlığını Amerika Birləşmiş Ştatları Hökumətinə təhvil verərək Müqavilənin Tərəfi ola bilər. Amerika Birləşmiş Ştatları Hökuməti Tərəflərin hər birini belə daxilolma avadanlığının hər birinin təhvil verilməsi haqqında məlumatlandırır”. Bu maddə imkan verir ki, qeyri-üzv ölkələr NATO-ya qoşula bilsinlər. Belə əməkdaşlıq müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Belə proqramlardan biri də Azərbaycanın qoşulduğu “Sülh naminə Tərəfdaşlıq” Proqramıdır. Qeyd etmək lazımdır ki, bu maddə qeyri-üzv ölkələr üçün iki əsas məhdudiyyət qoyur: 1) yalnız Avropa ölkəsi üzvlük hüququna malikdir və 2) bu ölkələrin üzvlüyü üzv ölkələrin hamısı tərəfindən bəyənilməlidir. İkinci meyar nəzərdə tutur ki, hər bir üzv dövlətin üzvlüyünün müzakirəsi üçün elə meyarlar təklif edə bilər ki, dövlət onu yerinə yetirməyə məcbur olsun. Məsələn, Türkiyə Kiprin üzvlüyünə mane olduğu kimi, hər hansı Avropa dövləti də Azərbaycanın qarşısına ciddi tələblər qoya bilər.

                                  (Ardı var)

Комментариев нет:

Отправить комментарий