Страницы

23.07.2011

SUFİLƏRDƏN QALMA PRİTÇALAR

  AĞCAQANADLARLA MİLÇƏKLƏRİN ASLANLA QOVĞASI

Yer üzündə bir Aslan yaşayırdı. O, təkcə özü Aslan olsun deyə yox, bir də: körpə aslanlara, desən elə böyük aslanlara da, gerçək aslanlığı öyrətmək üçün yaradılmışdı.

Ancaq onun başına doluşmuş, dincliyini pozan, bir yığın milçəklərlə ağcaqanadlar,  yanlışa qapılıb: Aslan bizlərin istəyinə, gərəyinə görə yaradılıb, deyə düşünürdülər.

Aslan başını səyrididr, quyruğu ilə tolamazlanır, onları başından eləməyə çalışırdı, ancaq di gəl, bunlar təpkidən hürküb qaçsalar da, sonradan onun baş-gözünə daraşmaq üçün sanki bir az da artıq çılğınlaşırdılar. Beləliklə də onlar: Aslanın başına doluşmaqdan, ona daraşmaqdan əl çəkməyin ən düzgün yol olduğunu anlamırdılar; eləcə də onları gördükləri işə yönəldən istəyin içdən gəlmədiyini, bu anlarındakı ötəri bir kükrəmədən, yanlış bir alışqanlıqdan törədiyini də qanmırdılar.

Günlərin bir günü Aslan öldü. Öz ölümü ilə ağcaqanadlarla milçəklərin yeyib-içib-oynayıb-əylənməsi üçün bir ortam yaratdı, biriləri isə onun sür-sümüyündə binə qurub uzun bir sürəcdə yaşadılar da.

Aslan öldüyündən onlara qarşı təpkisi də kəsilmişdi, bunlar isə olayı başqa yerə yozurdular: Biz Aslanı yenmişik, deyirdilər. Axı onların anlağına görə Aslan elə onlar üçün yaradılmışdı. Bundan sonra onlar,  bütöv bir biliklər toplusu yaratdılar: Burada onların ölü Aslanın üzərində apardıqları sınaqlardan qavradıqları bilgilər yer tuturdu, bu öyrətmələrində  onların qavramına görə, gerçək Aslanın nə demək olduğu anladılırdı.

Aslan öldüyündən, onun hayqırtıları da kəsilmişdi deyin, indi artıq onların səsi-sözü eşidilən olmuş, elə buna görə də bunların gerçək aslanlığın özlüyünün, dəyərinin nə olduğunu anladan incələmələri də doğru sanılmağa başlanmışdı.

Bax elə buna görə də aslanların çoxu öz uşaqlarını dolandırmaqla günlərini keçirib, gerçək aslanlıqlarını üzə çıxarmaq istəmirlər. Görünür haçansa, qoy bu, lap uzaq gələcəkdə olsun, milçəklərlə ağcaqanadlar Aslanın başına doluşub onun dincliyini pozmaqdan əl çəkəcəklər, yüngül ələ gələn yemlərin, öz yaşayışlarına uyğun gələn oylaqların yerini tapıb, bunun Aslanla qovğa etməkdən , onun sür-sümüyündə binə qurmaqdan yaxşı olduğunu anlayacaqlar. Axı, birincisi, Aslanın ölümünü uzun-üzücü bir sürəcdə gözləməlisən, ikincisi, bu ölümdən sonra ələ gələn ət də günlərin birində tükənir.

Ölümündən sonra, böyük sufi başbilənlərinin də başına buna oxşar olan bir iş gəlir: cılız, yarımçıq öyrətmənlər onları üstələdiklərini düşünürlər...

          İNƏKLƏ DONUZ

Donuz acı-acı sızıldayır, işlərinin gətirmədiyindən inəyə gileylənirdi: “Nədənsə hamı səni öyür, elədiyin yaxşılıqlardan ağızdolusu danışırlar, mənim adımı isə söyüş yerinə işlədirlər. Düzdür, sən onlara ətdən başqa ağartı: süd-qatıq, yağ da verirsən, ancaq mənim verdiklərim qat-qat artıq deyilmi?—ətimlə, piyimlə, dərimlə sayı bilinməz yararlarım var, mən hələ rəssamların tükümdən özlərinə fırça düzəltdiklərini demirəm...”
        
İnək bir az düşünüb, birdən donuzdan soruşdu: “Necə bilirsən, insanların mənimlə belə davranışı, onlara sənin kimi, təkcə ölümümdən sonra yox, elə sağlığımda da yaxşılığımın keçməsinə görə ola bilərmi?”

                                                        SINAQ
       
-Mən indi yaman yoxsul, gücsüz bir durumdayam,--deyə sufi başbiləni öz öyrəncilərinə üz tutdu,--siz isə gəncsiniz. İstəyirəm, pul-para tapıb məni dolandırmaq yolunu sizlərə öyrədim.
-Biz nə edə bilərik?—öyrəncilər soruşdular.—Axı bu şəhərin adamları ucdantutma elə dargöz, əldənbərk kimsələrdir, onlardan diləyib nə isə almaq baş tutan iş də deyil.
-Oğullarım, pul-paranı  dilənmədən də ələ gətirmək olar, onu eləcə çalıb-çapıb götürmək də olar. Bizə oğurluq eləmək suç sayılmaz, üstündə yaşadığımız torpaqdan bizə də pay düşür, bizim də pulumuz olmalı deyilmi? Ancaq, nə yazıq, mən belə qoca, gücsüz olduğumdan indi oğurluq eləmək əlimdən gəlmir.
-Bizə nə gəlib?—biz gəncik, demək oğurluğu bacararıq! Sənin yolunda baş qoymaqdan qorxub-çəkinməyimiz yox! Sən ancaq bizi başa sal, nə eləyək, necə eləyək?
-Siz güclüsünüz, hansısa varlının pul torbasını tutub almaq əlinizdən gələr. Yaxşısı belə eləyin: sizi bir kimsənin görə bilməyəcəyi dalda bir yerdə gizlənin, oradan keçənin tutub pulunu alın, ancaq onu döyüb-əzişdirməkdən çəkinin.
-Haydı, getdik,--deyə öyrəncilər çığır-bağır saldılar.
Ancaq nədənsə, öyrəncilərdən biri gözlərini yerə dikərək, yerindən tərpənmirdi. Başbilən ona baxıb dilləndi:
-Bütün öyrəncilərim qorxub çəkinmədən mənə yardım etmək üçün əlləşib-vuruşmaq istərkən, sənin bu saymaznalığına: mənim ağrı-acılarıma  barmaqarası baxmağına nə ad vermək olar?
-Suçumdan keç, ey ulu Bilgə!—deyə gənc dilləndi.—Axı sən bizi baş tutmayacaq bir işə göndərirsən, mən də ona görə susub durmuşam.
-Necə yəni baş tutmayan iş?
-Axı mənliyi olan insan, kimsənin görmədiyi yerdə ola bilməz,—deyə öyrənci dilləndi. –Mənim olduğum yerdə  başqası yoxsa da mənim kimliyim ordadır, orada məni bir kimsə görməsə də, mən özüm oarada baş verənləri  görürəm. Ona görə də, mən özüm özümün oğurluq eləməyimi görməkdənsə, yaxşısı gedib dilənçilik eləyərəm. 
Bu sözü eşidən sufi başbiləninin sevincdən üzü güldü, çiçəyi çırtladı:
-Mən indi artıq özümə ağgünlü deyə bilərəm, öyrəncilərimdən biri mənim öyrətdiklərimi bütünlüklə anlaya bilmişsə, bundan gözəl nə ola bilər!

Qalan öyrəncilər sınaqdan çıxa bilməməyin utancından başlarını aşağı saldılar. Ancaq bundan sonra haçansa başlarına yaramaz bir düşüncə gələrdisə, o andaca öyrənci yoldaşlarının sözünü anardılar: Mən özüm özümü görməkdəyəm...

                         ÖLÜMDƏN QAÇMAQ  QANMAZLIĞI

Başdan qıvraq olduğu bəlli olan birisi Tanrı elçisi Süleymanın yanına gəlmişdi.
-Nə istəyirsən ay qara günlü adam?—deyə Süleyman soruşdu.
-Ulu xaqan, ötən gecə Əzrayıl yuxuma girmişdi, nədənsə mənə uzun uzadı, çox pis-pis baxıb sonra getdi!
-Mənim sənə nə köməyim dəyə bilər?—deyə,  Süleyman şaşqınlıq içində  soruşdu.
-Ey başımın ağası, deyirlər Tanrı küləyi sənin qulluğuna verib, ona buyuruq ver, qoy məni götürüb uzaq Hindistana aparsın, mən də o yamanlıq dağarcığı Əzrayıldan gizlənə bilim,--deyə başdan qıvraq kimsə, dil töküb, Süleymana yalvar-yaxar elədi.
Süleyman küləyə bu adamı götürüb Hindistana aparmaq üçün buyuruq verdi. Bir neçə gün keçmiş Əzrayılla üz-üzə gələn Süleyman ondan soruşdu:
-Ey Tanrı qulluqçusu, niyə o qaragünlü kimsəyə yamanlıq eləmək istəyirsən? Yazıq sənin əlindən yaxınlarını, doğmalarını atıb, baş götürüb Hidistana qaçıb getdi!      
-Düzünü desəm, mən özüm çaşqınlıq içindəyəm,--deyə Əzrayıl dilləndi.—Tanrı mənə onun öpözünü(ruhunu) Hindistanda alıb cəhənnəmə atmağı buyurmuşdu, mən də ha baxıram, görürəm bu, sənin şəhərində yaşayır. O günləri  görürəm bu yaramaz özü öz ayağıyla gedib çıxıb Hidistana, mən də girəvəyə salıb, Tanrının buyuruğunu, necə demişdisə, eləcə yerinə yetirdim.

Ey İnsan, bir anlıq yoxla gör, özün özündən qaçıb gizlənə bilərsənmi? Yox?!.. Onda bu, Tanrının baxışlarından yayınmaq çalış-çabaların nə üçündür?!

ARABA İZİNDƏ İLİŞƏN QURBAĞA

 Palçıqlı kənd yolunda bir qurbağa necə oldusa araba təkərinin saldığı dərin izə düşdü, ha çalışıb-çabaladısa oradan çıxa bilmədi. Bütün yaxınları, doğmaları onun hay-harayını eşidib, yığışıb köməyə gəldilər, ancaq ha əlləşib-vuruşdular onu çıxara bilmədilər. Qaranlıq düşəndən sonra, yığışanlar yorulub əldən-dildən düşdülər, bezikdilər,  qurbağanı qaçılmaz ölümlə üz-üzə qoyub dağılışdılar...
Ertəsi gün yaxınları, doğmaları onun ölüsünüsə də dartıb çıxarmaq üçün yenidən ora gəldilər. Nə görsələr yaxşıdır, qurbağa yolun qırağındakı çəmənlikdə atılıb düşür, oynayır. Onlar bir ağızdan soruşdular:
-Bu nə görkəzmədir(möcüzədir) belə? Sən bu palçıqdan necə çıxa bildin?
-Anlamıram, niyə şaşırırsınız? Gördüm yolla, düz mənim üstümə, yüklü bir araba gəlir, belə olanda sizcə mən nə etməliydim?

            Rus dilindən çevirdi: ARAZ GÜNDÜZ
                                                                                         ArazGunduz@yandex.ru

Комментариев нет:

Отправить комментарий