Emil Salamoğlu salamoglu@gmail.com
“Əqidə-insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsidir”.
Əqidə haqda bu tərifi heç də Nitsşe, Hegel və yaxud Tolstoy verməyib. Bəlkə də əqidənin düsturunu onlar belə ifadə edə bilməzdilər.
Lakin onların əsərlərini mənimsəyən, təhsilli indisə yoxsul, səfil həyatı sürən pinəçi Əfidən bu cümləni eşitmişəm. Məkan-Astara. Zaman-aprel.
Kiçik köşkdə illərdir ayaqqabı təmir edən pinəçi deyir ki, hökumət də bütün işlərə belə yamaq vurur. Ancaq Əfinin təmir etdiyi ayaqqabı cırılmır, təzə təmir olunan yollar isə bir yağışa dözmür. Rayondakı kasıb bir kafe söhbətləşirik, təsadüfən burda tanış oluruq.
Ramin Deko, rayonun solçularından olan Vaqif Əhmədoğlu ilə söhbətimizə Əfi də qoşulur. Onu deyim ki, Astarada sol əqidəli insanlar yaşayır və bu mənim üçün böyük tapıntı idi.
Ümumiyyətlə, cənub zonasında millətçilik yoxdur. Rəhmətlik Novruzəli Məmmədov haqda çoxlu dəyərli fikirlər eşitdik, “Tolışi-Sədo” qəzetinin hansı ağır şərtlər altında çap olunduğunu öyrənirəm.
Pinəçi Əfi “Men” arağından içdikcə dərdi təzələnir, hakimiyyətin nadan siyasətindən danışır, Heydər Əliyevin leyhinə yazılmış şüarları cıranda həbs olunmasını yada salır.
Və danışdıqca gözləri dolur, üzündə qırışlar əmələ gəlir, fikrə gedir, Şota Rustavellidən sitat gətirir və daha bir qədəh içib kövrəlir – bu mübarizənin sonunun məğlubiyyətlə başa çatmasına görə. Məğlubiyyət həmişə yetimdir və biçarə Əfi də bu yetimxanaya qoşulub.
Onunla danışdıqca yadıma tullanmış köhnə-köşkül ayaqqabıları yamayıb qəpik-quruşa satan fağır bir pinəçinin başına gələnləri Ə.Haqverdiyevin necə təsvir etdiyi yadıma düşdü. Növbəti alış-verişdə alıcı pinəçiyə elə qiymət təklif edir ki, pinəçinin içi göynəyir və dilindən çıxan “ay zalım” sözü ətrafındakı lağlağı uşaqların dilinə düşür.
Pinəçi günlərlə evinə qapanıb qalır. Axır ki, qorxa-qorxa bir də bazara çıxanda bu dəfə bazar lağlağıları “ay zalım, gəldin” - deyə, fağır pinəçinin mallarını götürürlər. Acından ölən pinəçinin meyitini evindən çıxaranda, uşaqlar “ay zalım, bizi qoyub hara gedirsən” - deyə ağlaşaraq bağırırlar.
Əfi sistemin dağılacağına inamlıdır. Ancaq sistemin çox insanların ömrünü ət maşını kimi doğradığını söyləyir. O həyatını rejimə qarşı mübarizəyə sərf edib və indi bu dəyərli insan ölkədən mühacirətə gedib - ayaqqabı dükanına!
İndi bu pinəçi dükanı müxaliflərin qərargahıdır.
Ümumiyyətlə, bölgələrdə çox savadlı, müdrik, ziyalı insanlarımız unudulub, həyatları məhv edilib. Azərbaycanın hər yerində Əfi kimi rejimin qurbanlarına rast gəlirəm. Onlar qorxmazdır, döyüşkəndir və paytaxt fədakarlarından daha iradəlidir.
Əfi ölməyə hazırdır və yaşadığı həyatı mövcudluq adlandırır: “Sadəcə mövcuduq və quru nəfəs alırıq. Sabah da xalqdan hava pulu istəyəcəklər. Ən çox narahat olduğum insanların əqidəsini satması, əxlaq dəyərlərini aşmasıdır. Bu hakimiyyətin işini asanlaşdırır”.
Kafedən çıxıb ayaqqabı köşkünə gəlirik. Bu darısqal, sıxıcı otaqda azadlıq eşqi ilə qəlbi döyünən Əfinin ürəyi çox genişdir, lap Azərbaycan boyda...
Bizimlə xatirə rəsmi çəkdirir.
Göz yaşları içində qucaqlayır ikimizi də( Deko və mən) sanki Yer kürəsi ilə vidalaşan adamlar kimi. Xudahafizləşib geri dönürük. Astaraya səfər etsəniz, yolunuzu pinəçi Əfinin - əqidə adamının dükanına salmağı unutmayın.
abzas.net
Комментариев нет:
Отправить комментарий